Milli Məclisin payız sessiyası öz
işinə başladı
Deputatlar Avropa Parlamentinin qətnaməsinə
etirazlarını bildirdilər
Sentyabrın 30-da Azərbaycan Respublikası Milli Məclisinin
payız sessiyasının ilk plenar iclası keçirildi. Milli Məclisin
Sədri Oqtay Əsədov iclası açıq elan etdi.
Azərbaycan Respublikasının Dövlət
himni səsləndi.
Payız
sessiyasının başlanması münasibətilə deputatları
təbrik edən və onlara fəaliyyətlərində
uğurlar arzulayan Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə
parlamentin 2014-cü il yaz və növbədənkənar
sessiyaları dövründə görülən işlərlə
bağlı məlumat verdi. Bildirdi ki, Milli Məclis
2014-cü ilin yaz və növbədənkənar
sessiyalarını uğurla başa vurub. Bu
dövrdə parlamentin 12 iclası keçirilib, 131 qanun və
qərar qəbul edilib. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən dövlət siyasətinin
hüquqi bazası daha da möhkəmləndirilib və təkmilləşdirilib.
Bu dövrdə parlamentin beynəlxalq əlaqələri
də inkişaf etdirilib. Milli Məclisin nümayəndə heyətləri
beynəlxalq təşkilatların fəaliyyətində
yaxından iştirak ediblər. Yaz və növbədənkənar
sessiyalar zamanı və sonrakı dövrdə 38 ölkəyə
75-dən çox səfər həyata
keçirilib, Milli Məclisin deputatları Türkiyədə
prezident seçkilərini, Serbiyada parlament seçkilərini
müşahidə ediblər. Bu dövrdə
40-dan çox xarici dövlətin və beynəlxalq təşkilatın
67 nümayəndə heyəti Milli Məclisdə olub. Həmçinin Milli Məclisin xətti ilə 6 beynəlxalq
təşkilatın mötəbər toplantıları
keçirilib. Bakı şəhəri Avropa
Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin
iclaslarına, Türkdilli Ölkələrin Parlament
Assambleyasının 5-ci plenar iclasına, NATO Parlament
Assambleyasının 86-cı Rouz-Rout seminarına, ATƏT
Parlament Assambleyasının 23-cü illik sessiyasına
uğurla ev sahibliyi edib.
Oqtay
Əsədov dedi ki, payız sessiyasında bir sıra zəruri
aktların qəbul olunması nəzərdə tutulur. Həmin qanun layihələrinin bir hissəsi
qanunvericilik təşəbbüsü qaydasında, xüsusən
Azərbaycan Prezidenti tərəfindən təqdim ediləcək.
Bir sıra layihələr isə qanunvericilik
işləri planında nəzərdə tutulur.
Payız sessiyasında dövlət büdcəsi haqqında
qanun layihəsi və büdcə zərfinə daxil olan digər
sənədlər müzakirə və qəbul ediləcək. Milli
Məclisin payız sessiyasının səmərəli
olacağına əminliyini bildirən Oqtay Əsədov
deputatlara uğurlar arzuladı.
Gündəlikdəki məsələlərin müzakirəsinə
başlamazdan əvvəl Milli Məclisin rəhbərliyi və
deputatlar Avropa Parlamentinin sentyabrın 18-də Azərbaycanla
bağlı qəbul etdiyi qərəzli və qeyri-obyektiv qətnaməyə
dair fikirlərini bildirdilər. Milli Məclisin Sədri Oqtay Əsədov
dedi ki, Avropa Parlamentində hansısa qüvvələrin təzyiqi
ilə Azərbaycana dair qərəzli qətnamələrin qəbulu
adət halını alıb. "Bu, Azərbaycanla
bağlı qəbul edilən dördüncü qətnamədir"
- deyən Oqtay Əsədov əlavə etdi ki, qətnamənin "Cənub"
qaz dəhlizinin təməlinin qoyulması və Avropa
Şurası Parlament Assambleyası sədrinin Azərbaycana səfəri
ərəfəsində qəbul edilməsi Avropa Parlamentinin əsil
məqsədinin nə olduğunu göstərir. Milli Məclisin
Sədri dedi: "Avropa Parlamentinin qətnaməsinin qəbul
edilməsində cəmi 46 nəfər iştirak edib. Bunlardan 45 nəfəri Azərbaycanda heç vaxt olmayıb.
Bir nəfər isə vaxtilə Slovakiyanın
xarici işlər naziri olmuşdur. Onun
nazir olduğu vaxt Slovakiya Ermənistana hərbi təyyarələr
satmışdı. Belə qətnamələrin
qəbulunda əsas məqsəd Azərbaycana təzyiq etməkdir. Azərbaycana təzyiq
etmək isə mümkün deyil. Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasət çox
düzgündür. Azərbaycan bundan sonra
da öz müstəqil siyasətini yürüdəcək.
Heç bir kənar qüvvə bu siyasətə
təsir edə bilməz.
Milli Məclisin
Sədri Oqtay Əsədov onu da bildirdi ki, Avropa Parlamenti
qarşısında Azərbaycanın heç bir öhdəliyi
yoxdur: "Bizim yalnız əməkdaşlığımız
var. Əlaqələri genişləndirmək
üçün "Avronest" Parlament Assambleyasını
yaratdıq. Təəssüf ki, Avropa Parlamenti əlaqələri
inkişaf etdirmək əvəzinə öz qurumlarını
da kənara qoyub, qeyri-obyektiv qətnamələr qəbul edir.
Biz bu məsələyə öz münasibətimizi
bildirməliyik".
İclasda
Oqtay Əsədovun təklifi ilə Mill
i Məclis
Sədrinin müavini Valeh Ələsgərovun rəhbərliyi
ilə komissiya yaradıb Avropa Parlamentinə etiraz bəyanatı
hazırlamaq qərara alındı.
Milli Məclisin
Sədr müavini, Avropa İttifaqı-Azərbaycan Parlament
Əməkdaşlığı Komitəsinin həmsədri
Valeh Ələsgərov adıçəkilən təşkilatın
ikili standartlarla çıxış etdiyini dedi. O bildirdi ki, həmin
təşkilatın siyasəti Qarabağı bizə
unutdurmağa yönəlib: "Qurumun digər sənədlərində
də münaqişə ilə bağlı bildirilir ki, icmalar
görüşməlidir, vətəndaş cəmiyyətlərinin
əlaqələri qurulmalıdır və s. Yəni onu demək
istəyirlər ki, bu vəziyyətdə dostlaşın və
Qarabağı unudun". Valeh Ələsgərovun
sözlərinə görə, qarşı tərəf Avropa
İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı
Komitəsinin işinə də laqeyd yanaşır.
Təşkilatın iyun ayında Bakıda keçirilən
sonuncu iclasına komitənin həmsədri və bir
avropalı deputat gəlmişdi. Biz onlara bu haqda
etirazımızı bildirdik. "Biz
növbəti toplantımızda məsələni konkret
qoymalıyıq. Əgər qarşı tərəf
bu cür münasibəti davam etdirəcəksə, biz Avropa
İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı
Komitəsində və "Avronest" PA-da fəaliyyətimizə
yenidən baxmalıyıq"- deyə vitse-spiker
vurğuladı.
"Mən beynəlxalq
təşkilatlarda iştirak edən və ən yüksək
rəsmi şəxslərlə görüşən biri
olaraq deyə bilərəm ki, orada qırmızı xəttlə
keçən bir fikir var ki, Azərbaycan özündən
razı siyasət yeridir. Onlar bizim müstəqil
siyasətimizi özündən razılıq kimi qəbul edirlər
və kiçik dövlət kimi cəzalandırmaq istəyirlər".
Bunu isə Milli Məclis Sədrinin müavini Bahar Muradova dedi.
Onun sözlərinə görə, Azərbaycanın
tutduğu yolun doğruluğuna heç kimin şübhəsi
olmamalıdır: "Əgər şübhə olacaqsa, o
zaman biz onların torlarına düşmüş
olacağıq. Eyni zamanda beynəlxalq dairələrin
və oradakı zərərli fəaliyyətlə məşğul
olan bir sıra təşkilatların əlində alətə
çevrilmiş olacağıq ki, bunu da nə
xalqımız, nə də ölkəmiz istəmir".
Ölkədəki QHT-lərin maliyyə məsələləri
barədə hesabat verməsinin zəruri olduğunu deyən
Bahar Muradova bildirdi ki, biz Azərbaycanda vətəndaş cəmiyyətinin
inkişafı üçün bu və ya digər
nöqsanların aradan qaldırılmasında ancaq səbr və
təmkin nümayiş etdiririk. Təmkinli siyasətimizi
isə bizə qarşı olan təzyiqə dözüm kimi
qələmə vermək düzgün deyil.
Bahar
Muradova daha sonra dedi: "Biz Avropa Parlamenti və onun tərkibində
cəmləşmiş Azərbaycanda marağı olan dairələrin
əlində alət olan parlamentarilərin təsiri ilə
öz mövqeyimizi dəyişə bilmərik. Açıqlıq, şəffaflıq, hesabatlılıq
naminə cəmiyyətimizə və dövlətimizin həyatında
bizə mane olan cəhətlərin aradan
qaldırılmasında sona qədər məsuliyyətli
olmalıyıq. Bunu bizdən Azərbaycanın
mənafeyi və qarşımızda duran vəzifələr
tələb edir. Ona görə
sifarişli qərarlar qəbul edən qərəzli təşkilatların
şəffaflığın qorunması istiqamətində
bizim səylərimizi heçə endirməsinə, bu təzyiqləri
ilə Azərbaycanda bəzi QHT-ləri və onların rəhbərlərini
cinayətkar elementlərə çevirmələrinə
qarşı çıxmalıyıq".
Bahar Muradova onu da əlavə etdi ki, mövqeyimizi
açıq şəkildə ortaya qoymalıyıq, bəyanatımız
kifayət qədər sərt tonda olmalıdır.
"Bu kimi məsələlər Azərbaycan ictimaiyyətini
ciddi narahat edir. Son bir aya nəzər salsaq görərik ki, Azərbayacana
qarşı müxtəlif təzyiq metodları - bəyanatlar,
müraciətlər qəbul edilir. Hətta
"Human Rights Whatch" adlı qeyri-hökumət təşkilatı
növbəti qərəzli hesabatını yayıb.
Axı bu kimi təşkilatlara kim mandat
verib ki, ölkələrdəki vəziyyətlə
bağlı hesabat yaysın". Bunu isə
Milli Məclisin deputatı Siyavuş Novruzov bildirdi. Onun sözlərinə
görə, bir ölkənin ərazisində olan
qeyri-hökumət təşkilatı ayrı-ayrı dövlətlər
haqqında hesabat yayaraq şərtlər qoyur. Düzgün olmayan informasiya əsasında Azərbaycanla
bağlı həqiqəti əks etdirməyən hesabatlar dərc
edirlər. Bu baxımdan da mövqeyimizi sərt
şəkildə ortaya qoymalıyıq.
Siyavuş
Novruzov çıxışında beynəlxalq təşkilatların
fəaliyyətindəki ikili standartlardan bir misal da gətirdi:
"Avropa Şurası PA-nın sədrinə sual verdim ki,
Rusiyanın səsvermə hüququnu
dayandırmısınız, ancaq Ermənistana qarşı bu
sanksiya tətbiq olunmur. Mənə cavabı belə oldu:
"Ermənistan Azərbaycanın ərazilərini
işğal etdikdə 1992-ci il idi. Azərbaycan isə Avropa Şurasının
üzvlüyünə 2001-ci ildə daxil olub". Bu məntiqlə
hara qədər gedə bilərik?".
Siyavuş Novruzov da sərt bəyanatın qəbul edilməsinin
vacibliyini bildirdi. Onun sözlərinə görə, harada
görünüb ki, hər hansı bir QHT haqqında
böyük təşkilatlar bəyanat yaysınlar: "Biz
heç kimi girov götürməmişik ki, onlar qeyri-şərtsiz
azad olunsun. Girovu qeyri-şərtsiz azad edərlər.
Hesab edirəm ki, "Qeyri hökumət təşkilatları
haqqında" qanuna da bir daha baxmaq lazımdır. Xaricdən alınan qrantların böyük əksəriyyəti
dolayısı yolla siyasi partiya və ya bəzi mətbuat
orqanlarına göndərilir. Hesab edirəm
ki, gələcəkdə bu kimi işlərin
qarşısı qanunvericiliklə alınmalıdır".
Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynli dedi ki, iclasın gündəliyinə
salınan məsələlərdən bəziləri Avropa
İttifaqına daxil olan ölkələrlə əməkdaşlığa
aiddir: "Beləliklə görürük ki, Azərbaycan
Avropa İttifaqına üzv olan ölkələrlə
sıx əməkdaşlıq edir. Təəssüf
ki, Avropa Parlamenti Azərbaycanla bağlı qeyri-obyektiv qərar
qəbul edir. İclasda həmkarlarımın
səsləndirdiyi kimi, qətnamənin qəbul edilməsində
iştirak edən şəxslərin əksəriyyəti nəinki
Azərbaycanda olmayıblar, hətta onlar fəaliyyətə
yeni başlayıblar. Amma kimlərinsə göstərişi
ilə Azərbaycanın adına qərarlar
qəbul edirlər. Bu onun göstəricisidir ki,
əslində Avropa Parlamentarizmi çökməkdədir".
Əli
Hüseynli onu da qeyd etdi ki, Azərbaycanla bağlı qərarların
arxasında erməni lobbisi, digər hallarda isə Avropadan olan
bəzi qüvvələr durur: "Avronest" Parlament
Assambleyası ilə əməkdaşlığımıza
yenidən baxmalıyıq. Çünki, biz
işləri tamamilə başqa şərtlər çərçivəsində
başlamışdıq. Digər qeyd etmək
istədiyim məsələ isə həm ABŞ rəhbərliyi
tərəfindən, həm də Avropa Parlamentində Azərbaycanda
demokratiya və insan hüquqları ilə bağlı səsləndirilən
qeyri-adekvat fikirlərdir. Bunların bir hissəsi
QHT-lərlə bağlıdır. Belə
çıxır ki, Qərb dairələri barışıq
adı altında Azərbaycanın milli təhlükəsizliyi
əleyhinə fəaliyyət göstərən və erməni
xüsusi xidmət orqanları ilə əməkdaşlıq
edən qeyri-hökümət təşkilatlarını dəstəkləyir.
Bu dözülməz haldır".
Deputatlardan Zahid, Oruc, Qüdrət Həsənquliyev və
Fəzail Ağamalı da bu məsələ ilə
bağlı fikirlərini bildirərək eyni mövqedən
çıxış etdilər.
Daha sonra gündəlikdəki məsələlərin
müzakirəsi başladı. İlk olaraq Azərbaycan
Respublikası Milli Məclisinin 2014-cü il
payız sessiyasının qanunvericilik işləri
planının layihəsi müzakirə edildi. Qanunvericilik
işləri planına əsasən, payız sessiyasında Azərbaycan
Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin,
Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü
qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan
Respublikasının dövlət büdcəsi zərfinə
daxil olan qanun layihələri, "Silahlı qüvvələr
və başqa silahlı birləşmələr
haqqında", "Hərbi qulluqçuların statusu
haqqında", "Kənd təsərrüfatı
kooperasiyası haqqında", "Kənd təsərrüfatında
informasiya - məsləhətvermə xidməti
haqqında", "Elm haqqında", eləcə də Azərbaycan
Respublikasının inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər edilməsi haqqında və Azərbaycan
Respublikası qanunlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında qanun layihələrinin müzakirəsi
nəzərdə tutulur.
Müzakirələrin
yekununda Milli Məclisin 2014-cü il
payız sessiyasının qanunvericilik işləri planı təsdiq
olundu.
* * *
Günün ikinci yarısında Milli Məclis öz
işini davam etdirdi. Milli Məclisin Sədri Oqtay Əsədov
bildirdi ki, dövlətimiz bir çox ölkələrlə
Birgə Bəyannamələr, ikitərəfli sazişlər
imzalayıb və həmin sənədlər təsdiq
olunması üçün parlamentə göndərilib.
Sənədlərlə bağlı Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin üzvü Azər Kərimli və İqtisadi
siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat
verdilər.
Bu sənədlər
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının dördüncü Zirvə
Toplantısının Bəyannaməsinin təsdiq edilməsi
haqqında, Azərbaycan Respublikasının Prezidentinin və
Fransa Respublikasının Prezidentinin Birgə Bəyannaməsinin
təsdiq edilməsi haqqında,
"Azərbaycan Respublikası ilə İtaliya
Respublikası arasında strateji tərəfdaşlıq
haqqında" Birgə Bəyannamənin təsdiq edilməsi
barədə, "Azərbaycan
Respublikası Hökuməti ilə İtaliya Respublikası
Hökuməti arasında dəniz nəqliyyatı
haqqında" Sazişin təsdiq edilməsi barədə
qanun layihələri idi.
İclasda "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının İttifaqın proqramlarında iştirakının ümumi prinsipləri haqqında Çərçivə Sazişi üzrə bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu"nun təsdiq edilməsi barədə, "Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya"nın təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun layihələri də təsdiqləndi.
Deputatlar həmçinin "Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikasının Hökuməti və Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə müsbət münasibət bildirirək qəbul etdilər.
Bu sənədlər təsdiq edildikdən sonra spiker Oqtay Əsədov bildirdi ki, gündəlikdə olan 23 qanun layihəsinə ediləcək dəyişikliklər "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğunlaşdırma ilə əlaqədardır. Bu dəyişikliklərə əsasən, sahibkarlıq fəaliyyəti üzərində qanunsuz yoxlamalar aparan, o cümlədən yoxlamalar zamanı qaydaları pozan məmurlar cərimələnəcək, eləcə də sahibkarlara əlavə imtiyazlar, güzəştlər ediləcək. İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmayan yoxlamanın keçirilməsinə görə, vəzifəli şəxslər 1000 manatdan 5 min manata qədər cərimə olunacaqlar. Həmçinin bu yoxlamanın nəticələri barədə məlumatın tam, düzgün və ya vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə də, cərimə müəyyənləşdirilir. Yoxlayıcı orqan tərəfindən yoxlamanın dayandırılması və ya sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarla bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə də vəzifəli şəxslər 500 manatdan 1000 manata qədər cərimə olunacaqlar. Yoxlayıcı orqan və yoxlayıcı tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda yoxlamalarla bağlı müəyyən edilmiş tələblərin və prosedurların pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 1500 manata qədər cərimə ediləcəklər.
Sonra iclasda "Poçt haqqında", "Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında", "Fitosanitar nəzarəti haqqında", "Baytarlıq haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında", Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Sahibkarlıq fəaliyyəti haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Sığorta fəaliyyəti haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Qiymətli metallar və qiymətli daşlar haqqında", Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Standartlaşdırma haqqında", "Texniki təhlükəsizlik haqqında", "Valyuta tənzimi haqqında", "Yanğın təhlükəsizliyi haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə texniki dəyişikliklər edildi. Adları çəkilən qanun layihələrinin hamısı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunla uyğunlaşdırıdı.
Gündəliyin 36-cı məsələsi isə "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihə idi. Dəyişikliyə əsasən, bundan sonra bir şəxs bir və ya bir neçə partiyaya yardım edə biləcək. Lakin bu yardım ildə bir dəfədən artıq olmayacaq və 10 min manatla məhdudlaşacaq. Sənədlə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, siyasi partiyaların şəffaflığı məsələsi gündəmdədir: "Qanunun 19.7 maddəsində nəzərdə tutulan dəyişikliyə əsasən, şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianənin yuxarı həddi on min manatdan artıq ola bilməz. Qanunun 21.2 maddəsinə edilən dəyişikliyə əsasən, siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər ilin aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim edilməlidir. 21.6 maddəsinə edilən dəyişikliyə əsasən, siyasi partiyaların illik maliyyə hesabatları MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməlidir."
Müzakirələr zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev bu dəyişikliyi dəstəklədi və bildirdi ki, siyasi partiyaya bu miqdardan artıq maliyyə vəsaiti ayrıldıqda həmin o qurumun tapşırıqları yerinə yetirilir və burada dövlət maraqları arxa plana keçir. Deputat İqbal Ağazadə isə ayrılan vəsaitin məbləği ilə razılaşsa da hesabatın MSK-ya verilməsini qanunauyğun hesab etmədi. Onun fikrincə, hesabat Maliyyə Nazirliyinə təqdim edilməlidir. Çünki dövlət tərəfindən ayrılan vəsaitlə bağlı dövlət qurumuna hesabat verilməlidir. Deputat İlyas İsmayılov da həmkarının fikirlərini təsdiqlədi. YAP icra katibinin müavini Siyavuş Novruzov isə bildirdi ki, digər partiyalardan fərqli olaraq YAP özünün maliyyə vəziyyəti haqqında illik hesabatlarını açıqlayır: "Əsas məqsəd ondan ibarətdir ki, partiyanın maliyyə dövriyyəsində şəffaflıq olsun. İanələrin məbləğinə limit qoyulması tamamilə düzgün tələbdir. Ümumiyyətlə, ianələr bank vasitəsilə köçürülməli və ianəni köçürdən şəxs 18 yaşına çatmalıdır".
Bu məsələ ilə bağlı çıxış edən deputat Aydın Mirzəzadə, Zahid Oruc, Sədaqət Vəliyeva, Xanhüseyn Kazımlı dəyişikliyi müsbət qiymətləndirərək onun partiyaların fəaliyyətində daha şəffaflıq yaradacağını vurğuladılar.
İclasda Milli Məclisin Sədri Oqtay Əsədov bununla bağlı bəzi məsələlərə də aydınlıq gətirdi. Bildirdi ki, bu məsələ gündəmə gələrkən beynəlxalq təşkilatların tövsiyələri dinlənilib. Həmin qurumlar təklif ediblər ki, siyasi partiyalara ayrılan vəsaitə dövlət qurumu nəzarət etməsin. Səbəb isə bəzi dairələrin hökümətin partiyalara verdiyi vəsaitə dövlət qurumları vasitəsi ilə nəzarət etməsi ilə bağlı fikirlər söyləməsinə imkan yaradılmaması idi. MSK isə dövlət qurumu deyil.
Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul oludu. İclasda həmçinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə də təsdiqləndi.
Gündəlikdəki məsələlərin müzakirəsi bitdikdən sonra xüsusi komissiyanın üzvü Məlahət İbrahimqızı Milli Məclisin Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz bəyanatını səsləndirdi. Bəyanat qəbul edildi. (Bəyanat qəzetdə dərc edilir). Bununla da Milli Məclisin payız sessiyasının ilk plenar iclası başa çatdı.
Rəşad
CƏFƏRLİ,
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2014.- 1 oktyabr.- S.1-2.