Azərbaycan Prokurorluğunun müasir inkişaf dövrü

 

1 oktyabr prokurorluq işçilərinin peşə bayramıdır

 

"Əsas məqsədimiz-prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır."

 

İlham ƏLİYEV

 

Müasir qloballaşma dövründə hər bir ölkənin inkişafına ciddi təsir göstərən mühüm səbəb və şərtlər içərisində regional və planetar xarakterli amillər həyatın bütün sahələrinə nüfuz etməklə daha əhəmiyyətli rol oynayır.  Əksər dünya ölkələrini əhatə edərək zaman ötdükcə daha da sürətlənməkdə olan qloballaşma prosesi  özünün doğurduğu müsbət nəticələrlə yanaşı, müəyyən neqativ cəhətlərlə də xarakterizə olunur. Beynəlxalq səviyyədə baş verən hadisələr, bir çox ölkələri bürüyən maliyyə-iqtisadi böhranlar ictimai-siyasi və sosial-iqtisadi sahələrdə idarəetməni çətinləşdirir. Lakin, son illərin təcrübəsi bir daha təsdiq etdiyi kimi, müdrik və səmərəli dövlət idarəçiliyi, konseptual əsaslara malik uzaqgörən və sosialyönümlü dövlət siyasəti həyata keçirən ölkələr beynəlxalq aləmdə meydana gələn hər hansı mənfi təsirə baxmayaraq, ardıcıl surətdə inkişaf etməkdə davam edir.

Belə ölkələr sırasında tarixi nöqteyi-nəzərdən qısa dövr ərzində misli görünməmiş  tərəqqi yolu keçərək hüquqi dövlət quruculuğu prosesində,  ictimai-siyasi və sosial-iqtisadi sahələrdə böyük uğurlar əldə etmiş müstəqil Azərbaycan Respublikasında formalaşmış  milli dövlət quruculuğu modeli və inkişaf təcrübəsi dünya üzrə  təqdirəlayiq və digər ölkələr üçün örnək ola bilən yeni bir nümunə kimi qəbul edilməklə, dövlət idarəçiliyində istifadə olunan daha səmərəli və müasir vasitə və metodların tətbiqi nəticəsində əldə edilən yüksək göstəricilər baxımından önəmli yer tutur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi  hərtərəfli düşünülmüş və əsaslandırılmış strateji inkişaf konsepsiyasına uyğun olaraq onun layiqli davamçısı, müdrik dövlət başçısı İlham Əliyev tərəfindən beynəlxalq hüququn prinsip və normaları, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi  nəzərə  alınmaqla uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu prosesi və sosialyönümlü dövlət siyasəti nəticəsində ictimai həyatın bütün sahələrində  mühüm nailiyyətlər əldə edilməklə  davamlı iqtisadi tərəqqiyə nail olunaraq xalqın rifahının  daim yüksəldilməsi təmin edilmişdir.

Müstəqil Azərbaycan Respublikası bir çox dünya ölkələrinə sirayət edən maliyyə-iqtisadi böhrana, beynəlxalq aləmdə yaranan, ölkələrarası münasibətlərə xələl gətirməklə siyasi və iqtisadi sahələrdə problemlərə səbəb olan digər amillərə, Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyində olan və onun tərəqqisini istəməyən qüvvələrin hər hansı təsir cəhdlərinə, ölkə ərazisinin bir hissəsinin işğal altında olmasından irəli gələn çətinliklərə baxmayaraq, möhtərəm Prezident  İlham Əliyev tərəfindən inamla həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində ciddi uğurlar əldə edilərək sürətlə inkişaf etməkdə, irimiqyaslı uğurlara və əhəmiyyətli qələbələrə imza atmaqda, ölkənin beynəlxalq nüfuzu yüksəlməkdə davam etməkdədir.

Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında son dövrlər ərzində baş verən yeniliklərə nəzər salınması ardıcıl və davamlı, dinamik və hərtərəfli inkişafın təmin olunduğunu şəksiz təsdiq edir. Belə ki, əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin ötən ayları da müstəqil  Azərbaycan Respublikasının müasir tarixinin  daha yüksək inkişaf mərhələsinin bir hissəsi olmaqla ölkə həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm uğurlarla əlamətdar olmuşdur. Sistemli şəkildə həyata keçirilən sosial-iqtisadi islahatların daha yüksək keyfiyyət müstəvisində  reallaşdırılması,  hərtərəfli düşünülmüş dövlət siyasətinin həyata keçirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi nəticəsində ölkə iqtisadiyyatının dayanıqlı inkişafı təmin olunmaqla ümumi daxili məhsulun çox hissəsinin qeyri-neft sektoru hesabına formalaşmasına nail olunmuşdur.

Cari ilin ilk altı ayının göstəricilərinin  təhlili deməyə əsas verir ki, bu müddət ərzində ümumi daxili məhsulun artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi  7 faiz olmaqla qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatmış, 52 mini daimi olmaqla 65 min yeni iş yeri açılmış, ölkə üzrə orta aylıq əməkhaqqı artmaqda davam edərək 440 manat, yaxud 560 dollar təşkil etmiş, inflasiyanın səviyyəsi dünya miqyasında istənilən ölkə üçün arzuolunan həddə - cəmi 1,6 faiz olmaqla əhalinin pul gəlirləri inflasiyanı 3 dəfə üstələyərək 4,7 faiz artmışdır. Əhalinin pul gəlirlərinin artmasının nəticəsidir ki, cari il iyunun 1-nə əhalinin banklardakı əmanətləri ötən ilin eyni dövrünə nisbətən 12,8 faiz artaraq 6,6 milyard manata çatmışdır. Valyuta ehtiyatlarının artımı nəticəsində Azərbaycan Respublikası adambaşına düşən valyuta ehtiyatlarına görə dünya miqyasında ən qabaqcıl yerlərdən birini tutmuşdur.

Ölkənin sosial-iqtisadi inkişafında müşahidə olunan müsbət amillər mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən qeyd edilməklə, respublikamızda baş verən proseslər müsbət dəyərləndirilərək Azərbaycan Respublikasının bundan sonra çox illər ərzində uğurla inkişaf edəcəyinə dair  proqnozlar verilmişdir. Təsadüfi deyil ki, dünyanın ən nüfuzlu iqtisadi əlaqələr mərkəzi olan Davos Dünya İqtisadi Forumu ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini yüksək qiymətləndirməklə Azərbaycan Respublikasını dünya ölkələri sırasında 39-cu yerdə müəyyən etmişdir. Dünyanın "Fitch", "Standart and Poors" və "Moodys" kimi nüfuzlu beynəlxalq reytinq agentlikləri bir çox inkişaf etmiş ölkələrin reytinqlərini azaltdıqları halda ölkə iqtisadiyyatına investisiya səviyyəli kredit reytinqi verməklə Azərbaycanın kredit reytinqini yüksəltmişlər. Görülən işlərin, həyata keçirilən islahatların və qazanılan uğurların nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş, cari ilin iyul ayının 10-da keçirilən iclasında dediyi kimi: "Bu gün bizim dünyada oynadığımız rol çox önəmlidir. Azərbaycanın nüfuzu, önəmi, təsir imkanları gündən-günə artır".

Qazanılmış möhtəşəm uğurlarla kifayətlənməyərək qarşıdan gələn illər ərzində daha ciddi irəliləyiş yolu keçməklə ardıcıl inkişaf dinamikasını təmin edərək daha əhəmiyyətli nailiyyətlər əldə etmək, ölkəmizin gələcək inkişafının strateji istiqamətlərini müəyyənləşdirmək, irimiqyaslı sosial proqramların həyata keçirilməsinə nail olmaqla ölkənin yüksəkgəlirli ölkələr sırasına daxil olması və vətəndaşlara ən yüksək beynəlxalq standartlara uyğun layiqli həyat səviyyəsini təmin etmək üçün dövlət tərəfindən mühüm konseptual əhəmiyyətə malik proqram xarakterli layihələr həyata keçirilir. Bu qəbildən olan dövlət sənədləri içərisində Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli fərmanı ilə təsdiq edilmiş, başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olunması  olan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası digər dövlət təsisatları kimi prokurorluq orqanlarında  da inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva etməklə prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətlərinin müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir. 

Qeyd etməliyik ki, hərtərəfli və dinamik yüksəliş dövrünü yaşayan respublikamızda inkişaf etmiş ölkələrə uyğun keyfiyyətləri və milli xüsusiyyətləri özündə birləşdirən hüquq sistemi yaradılmaqla dövlət orqanlarının fəaliyyəti yüksək standartlar səviyyəsində qurulmuş, o cümlədən prokurorluq tam yenidən təşkil olunmaqla müasir dövrün tələblərinə cavab verən yüksək peşəkar bir orqan kimi formalaşdırılmışdır. Hazırda Azərbaycan Prokurorluğu inkişaf etmiş dünya dövlətlərinin bu qəbildən olan qurumlarına məxsus müsbət keyfiyyətləri özündə birləşdirən, prokurorluğun müasir dövrdə fəaliyyət istiqamətlərinə və roluna dair Avropa Şurasının, Beynəlxalq Prokurorlar Assosiasiyasının və digər nüfuzlu beynəlxalq təşkilatların müəyyən etdiyi standartlara cavab verən, dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının ən ümdə dəyər kimi qorunmasına xidmət edən, sıralarında öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirən, yüksək mənəvi, əxlaqi və peşə keyfiyyətlərinə malik olan, etik davranış qaydalarına riayət etməklə cəmiyyətin etimadını qazanan kadr korpusundan ibarət mühüm dövlət orqanıdır.

Ölkənin sürətli sosial-iqtisadi inkişafı ictimai münasibətlərin müvafiq dəyişikliyini şərtləndirməklə yanaşı, prokurorluq orqanlarının fəaliyyətində lazımi təkmilləşdirmə prosesinin müntəzəm olaraq aparılmasını zəruri edir ki, nəticədə  bu mühüm dövlət təsisatının  qarşısında dayanan vəzifələrin həcmi və məzmununa dair tələblər də adekvat dəyişikliyə məruz qalır. Təsadüfi deyil ki, prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi prosesi mütəmadi olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş, prokurorluğun daha da təkmilləşərək müasirləşdirilməsi dövrünün əsasını qoymuş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın  həyata keçirilməsi nəticəsində hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, insan hüquq və azadlıqlarının qorunması, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə edilməsi, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, prokurorluğun fəaliyyətinin bütün istiqamətləri üzrə peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması sahələrində ciddi uğurlar  əldə edilmişdir.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün qanunvericiliyin təkmilləşdirilməsi prosesində prokurorluq orqanları yaxından iştirak etməklə, fəaliyyətimizdə konsepsiya çərçivəsində müəyyən edilmiş hədəflərə çatmaq baxımından institusional potensialın gücləndirilməsini özündə ehtiva etdiyi üç əsas istiqamət olan: dövlət sektorunda insan resurslarının inkişafı, "elektron hökumət" fəaliyyətinin genişləndirilməsi və institusional islahatların davam etdirilməsi üzrə məsələlərə  xüsusi diqqət yetirilmişdir. Konsepsiyanın müəyyən etdiyi inkişaf siyasətinin əsas strateji hədəflərinə müvafiq olaraq prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulması, prokurorluğun fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, müvafiq dövlət orqanları ilə vahid infrastruktur əsasında təhlükəsiz informasiya mübadiləsinin aparılması, informasiya təhlükəsizliyinin yüksəldilməsi, əhalinin elektron vasitələrdən istifadə etməklə prokurorluğa müraciət etmək imkanlarının genişləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.

Artıq 16-cı ildir ki, prokurorluq işçiləri və geniş hüquq ictimaiyyəti oktyabr ayının 1-ni səbirsizliklə gözləyirlər. Hər il olduğu kimi, bu il də həmin tarixdə prokurorluq orqanlarının təsis edilməsi günü təntənəli şəkildə qeyd olunur. Məlum olduğu kimi, əsrə yaxın müddət ərzində mövcud olmasına və fəaliyyət göstərməsinə baxmayaraq prokurorluq orqanlarının təsis edilməsi günü uzun müddət yada düşməmiş və prokurorluq işçilərinin peşə bayramı təsis edilməyərək qeyd olunmamışdır. Prokurorluq işçilərinin peşə bayramının təsis edilərək qeyd olunması yalnız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə  həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyev prokurorluğun Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarına əsasən Bakı Dairə Məhkəməsinin nəzdində fəaliyyətə başladığını nəzərə alaraq  hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunması barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır. Peşə bayramı gününün təsis edilməsi dövlət orqanları sırasında xüsusi yeri olan prokurorluq orqanlarına böyük qayğının ifadəsi olmaqla yanaşı, prokurorluq işçilərinin fəaliyyətinin layiqincə dəyərləndirilməsinin təzahürü olmuşdur.

Prokurorluq işçilərinin peşə bayramının qeyd olunmasına xüsusi hazırlıq işləri görülməklə, hər bir prokurorluq orqanı və prokurorluq işçisi bu tarixin, eyni zamanda, ənənəvi olaraq ötən bayramdan sonrakı bir il ərzində özünəməxsus hesabat dövrü olduğunu nəzərə alaraq dövlətin müəyyən etdiyi inkişaf perspektivlərinə əsasən prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulması, şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması istiqamətində lazımi işlər görməklə müvafiq tədbirlər həyata keçirirlər. Bu "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş məqsədlərlə yanaşı, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə  təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə  dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda müəyyən edilmiş,  dövlət orqanlarının fəaliyyətində "şəffaflığın artırılması" və "hesabatlılığın təmin edilməsi" kimi əsas prinsiplərdən irəli gəlir.

Şəffaflıq və açıqlıq prinsiplərinin təmin edilməsi prokurorluq orqanlarında fəaliyyət sahələrindən asılı olaraq müvafiq  üsul, vasitə və metodlardan istifadə edilməklə qanuna əsasən həyata keçirilir. Prokurorluq orqanlarının kadr təminatında bu prinsiplərin ardıcıl olaraq həyata keçirilməsinin əhəmiyyəti xüsusilə önəmlidir.  2002-ci ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, çoxsaylı hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatların, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə indiyədək keçirilmiş 13 müsabiqə nəticəsində  627  gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilmişdir ki, bu da prokurorluq işçilərinin 58 faizini təşkil etmişdir. O cümlədən Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 509 nömrəli fərmanı ilə təsdiq edilmiş "Prokurorluqda işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə müvafiq olaraq 16 avqust 2013-cü il tarixdə  100 vakant ştat vahidi üzrə elan edilmiş müsabiqənin ixtisas imtahanları (test imtahanı və yazılı imtahan) və müsahibə mərhələlərinin  keçirilməsi nəticəsində 71 gənc hüquqşünas müvafiq keçid ballarını toplayaraq Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilmişlər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış həmin gənc hüquqşünaslar prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin edilmişlər.

Qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və göstərişlərinə müvafiq olaraq prokurorluq orqanlarında yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesi dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik gənc hüquqşünaslar hesabına, obyektivlik və ədalətlilik meyarlarına əsaslanaraq həyata keçirilmişdir. Bu amillər həm prokurorluq orqanlarına qulluğa yeni qəbul edilən şəxslərin seçimi zamanı, həm də kadrların yerdəyişməsi (rotasiyası), xidməti vəzifələrinin icrasına vicdanla yanaşaraq fəaliyyətində nailiyyətlər qazanmış və peşəkarlıq səviyyəsi ilə fərqlənən şəxslərin vəzifədə irəli çəkilməsi, müvafiq iş təcrübəsi, analitik düşünmə və təşkilatçılıq qabiliyyəti olan prokurorluq işçilərinin müstəqil işə təyin edilməsi zamanı da əhəmiyyətli olmuşdur.

Ötən bir il ərzində prokurorluq orqanları üzrə 168 prokurorluq işçisinin iş yeri və ya vəzifəsi dəyişdirilmiş, onlardan 75 işçi yuxarı, 73 işçi isə eyni təsnifat vəzifələrə təyin olunmuşlar. Prokurorluq işçilərinin xidməti fəallığının və məsuliyyət hissinin artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, kadrlarla iş sahəsində görülmüş tədbirlər nəticəsində tələbkarlıq daha da artmış, əmək və icra intizamına nəzarət gücləndirilmiş, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə və fəaliyyətlərində qanunsuzluq hallarına yol vermiş prokurorluq işçilərinə münasibətdə prinsipiallıq mövqeyindən yanaşılmışdır. Bu müddətdə 118 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq olunmuşdur. Prokurorluq orqanları üzrə 3 prokurorluq işçisinə ali xüsusi, 170 prokurorluq işçisinə isə xüsusi və hərbi rütbələr verilmişdir. Xidməti və ya əmək intizamının tələblərini pozduğuna, yaxud digər qanunsuz  hallara yol verdiklərinə görə 48 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən 30 nəfərə şiddətli töhmət və töhmət verilmiş, 5 nəfər vəzifədən azad edilmiş, 4 nəfər isə prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric edilmişlər.

Prokurorluq orqanlarında rütbə nəzərdə tutulmayan vəzifələrin dövlət qulluğunun inzibati və yardımçı vəzifələrinə uyğunlaşdırılması prosesi yekunlaşdırılaraq bu vəzifələrə təyinatların aparılması nəticəsində həmin işçilərin sosial müdafiəsi xeyli gücləndirilmişdir. Belə ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1 oktyabr 2012-ci il tarixli Qanununa və "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2013-cü il tarixli 135 nömrəli sərəncamına müvafiq olaraq prokurorluq orqanlarında çalışan dövlət qulluqçusu statusu verilmiş işçilərin vəzifələrinin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və digər zəruri məsələlərin həlli ilə əlaqədar  müvafiq işlərin görülməsi təmin edilmiş, prokurorluq orqanlarında dövlət qulluğuna aid edilən vəzifələr üzrə struktur hazırlanaraq həmin vəzifələr üzrə işçilərin təyinatı aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin siyasi iradəsinə, onun tərəfindən ardıcıl olaraq və  məqsədyönlü şəkildə həyata keçirilən hərtərəfli düşünülmüş dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı sistemli və israrlı mübarizənin aparılması daha aktiv şəkildə davam etdirilməklə bu istiqamətdə həyata keçirilən islahatların, təşkilati və institusional tədbirlərin səmərəliliyi yüksəlmiş,  görülən işlərin təsirliliyi artmışdır.  Bu prosesin həyata keçirilməsində, korrupsiyaya qarşı daha kəsərli mübarizənin aparılmasında prokurorluq orqanlarının üzərinə düşən vəzifə və funksiyaların tam və dəqiq həyata keçirilməsinin əhəmiyyəti yüksəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində bununla bağlı demişdir: "Xoşagəlməz hallara qarşı mübarizə davam edir. Bu, daim diqqət mərkəzində olan məsələdir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gözəl nəticələr verir. Bunu əhali də görür, təqdirlə qarşılayır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər. Hesab edirəm ki, biz bu sahədə köklü dəyişiklərə nail ola bilmişik. Burada əvvəlki dəfələrdə qeyd etdiyim kimi, müxtəlif amillərin rolu xüsusi məna daşıyır - inzibati tədbirlər, cəza tədbirləri, institusional tədbirlər, şəffaflıq, yeni metodların tətbiqi."

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə mütəmadi və ardıcıl aparılan institusional islahatlar, həyata keçirilən xüsusi əhəmiyyətə malik təşkilati-hüquqi tədbirlər, qəbul olunan qanun, fərman və qərarlar dövlət başçısının korrupsiyaya  son qoyulmasına, bu bəlanın tam aradan qaldırılmasına yönəlmiş siyasi iradəsinin qətiyyətlə reallaşdığını göstərir. Cənab Prezident tərəfindən son dövrlərdə korrupsiyanın tam aradan qaldırılması istiqamətində həyata keçirilmiş mühüm tədbirlər, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis olunması, onun tabeliyində əsas məqsədlərindən biri şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması, onların fəaliyyətinə yeni xidmətlərin göstərilməsi həvalə edilməklə, bölgələr üzrə yeni mərkəzlərin fəaliyyətə başlaması və səyyar qaydada xidmət göstərən avtobusların sayı  artırılmaqla əhatə dairəsinin genişləndirilməsi, açıq hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair Milli fəaliyyət planlarının təsdiq edilməsi korrupsiyaya qarşı fundamental mübarizənin bariz göstəricisidir.

Korrupsiya ilə səmərəli mübarizənin aparılması üçün ölkədə onun mövcudluğunu şərtləndirən amillərin aradan qaldırılması istiqamətində kompleks, o cümlədən institusional  və təşkilati tədbirlərin görülməsi, ardıcıl islahatların həyata keçirilməsi, dövlət idarə və müəssisələrinin fəaliyyətində aşkarlığın və şəffaflığın artırılması, görülən işlər və əldə edilən nəticələr barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması, əhaliyə göstərilən xidmətlərin elektron vasitələrlə həyata keçirilməsinin genişləndirilməsi, məmur-vətəndaş əlaqəsini minimuma endirən elektron texnologiyanın tətbiqi, xidmətlərin göstərilməsi prosedurunun sadələşdirilməsi, sui-istifadə hallarına yol verməyən idarəetmənin həyata keçirilməsi, neqativ hallarla mübarizədə ictimaiyyətin köməyindən daha geniş istifadə edilməsi  ilə yanaşı, bu sosial bəla ilə bağlı olan cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin, onlar barəsində  məsuliyyətin labüdlüyü prinsipinin təmin edilməsi, bu qəbildən olan cinayətlərə qarşı vaxtında preventiv fəaliyyətin həyata keçirilməsi üzrə müntəzəm iş aparılması vacib şərtdir.

Korrupsiya ilə bağlı cinayətlərlə əlaqədar ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyətinin aparılması üzrə ixtisaslaşdırılmış dövlət orqanı  funksiyalarını həyata keçirən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyəti bu sosial bəlanın aradan qaldırılmasında, onunla səmərəli mübarizənin aparılmasında mühüm əhəmiyyətə malik olduğundan bu mühüm dövlət orqanının təkmilləşdirilməsi, onun təşkilati əsaslarının gücləndirilməsi, statusunun artırılması və səlahiyyətlərinin genişləndirilməsi istiqamətində önəmli işlər görülməklə ciddi islahatlar davam etdirilmişdir.

14 fevral 2014-cü il tarixdə "Prokurorluq haqqında" və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunlara dəyişikliklər edilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə Baş İdarə statusu verilməklə prokurorluğun sistemində bu mühüm dövlət qurumunun yeri dəqiqləşdirilmişdir. "Prokurorluq haqqında" qanuna xüsusi olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həsr edilmiş yeni maddə əlavə edilərək qurumun statusu, vəzifə və səlahiyyətləri konkretləşdirilmişdir. Yeni qanunla Baş İdarənin rəisinə Baş prokurorun müavini statusunun verilməsi qurumun qarşısında dayanan məqsəd və vəzifələrin daha səmərəli yerinə yetirilməsinə zəmin yaradır. Yeni qanuna əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə  Baş İdarəsinin tərkibində idarə, şöbə və digər struktur bölmələr yaradıla bilər ki, bu da qurumun fəaliyyətinin daha çevik və məqsədyönlü təşkilinə imkan yaradacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli 234 nömrəli fərmanı ilə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni statusu ilə bağlı onun Əsasnaməsində müvafiq dəyişikliklər edilməklə yanaşı, bu ixtisaslaşdırılmış prokurorluq orqanının vəzifələri daha da genişləndirilərək, onlara korrupsiyaya qarşı mübarizənin vəziyyəti öyrənilərkən və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlanarkən normativ hüquqi aktlarda və onların layihələrində müəyyən edilmiş korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması üçün Baş prokuror qarşısında məsələ qaldırılması da aid edilmişdir. Normativ hüquqi aktlarda korrupsiya hüquqpozmalarına şərait yaradan hallar barədə məlumatlarla əlaqədar  Baş Prokurorluq tərəfindən qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə qanunvericilikdə müvafiq dəyişikliyin edilməsinə dair təkliflərin hazırlanıb Milli Məclisə təqdim edilməsi ölkədə daha təkmil antikorrupsion qanunvericiliyin formalaşmasına şərait yaratmaqla  korrupsiyaya qarşı mübarizəni gücləndirəcəkdir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə görülmüş tədbirlər nəticəsində bu orqanın göstəricilərinin ildən-ilə daha da yüksəlməsi prosesi ötən dövrdə də davam etmişdir. Belə ki, ötən bir il ərzində Baş İdarənin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə 5800-dən yuxarı müraciət daxil olmuşdur ki, onların baxılması nəticəsində müəyyən qismi əsaslı olduğundan müsbət həll edilərək vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş, bir sıra vəzifəli şəxslər intizam məsuliyyətinə cəlb edilmiş, 18 müraciət üzrə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. Korrupsiya hüquqpozmaları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər üzrə aparılan təhlil və ümumiləşdirmələr nəticəsində korrupsiya hallarının baş verdiyi sahələr müəyyən edilməklə onlar üzrə preventiv tədbirlərin həyata keçirilməsi barədə təkliflər hazırlanıb göndərilmişdir. Son bir il müddətində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 286 şəxs barəsində 191 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmişdir.

Beynəlxalq nüfuzu gündən-günə artan Azərbaycan Respublikasının ümumavropa dəyərləri xəzinəsinə mühüm töhfələr verməkdə davam edərək cari il may ayının 14-dən Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməyə başlaması ölkəmizin tarixində mühüm əhəmiyyətə malik hadisə olmuşdur. Bu əlamətdar hadisə ilə əlaqədar Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (QRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) iştirakçılığı ilə Baş Prokurorluq tərəfindən təşkil olunaraq, 2014-cü ilin 30 iyun - 1 iyul tarixlərində Bakı şəhərində keçirilmiş,  "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda beynəlxalq konfrans 35 ölkədən və 13 nüfuzlu beynəlxalq təşkilatdan olan nümayəndələri bir araya gətirərək bu ümumbəşəri bəlanın aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyətlə bağlı  geniş fikir və təcrübə mübadiləsinin aparılmasına şərait yaratmaqla, korrupsiyaya əks təsirin səmərəliliyin artırılmasında faydalı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfrans iştirakçılarına ünvanlanmış təbrik məktubunda qeyd etmişdir ki, "Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətləridir. Azərbaycanda korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün möhkəm siyasi iradə mövcuddur."

Ötən müddət ərzində prokurorluq orqanlarında idarəçiliyin və fəaliyyətin bütün sahələri üzrə səmərəliliyin artırılması istiqamətində görülən işlər davam etdirilməklə müvafiq tədbirlər həyata keçirilmiş, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin, əhalinin elektron vasitələrlə prokurorluqla əlaqə saxlamaq imkanlarının genişləndirilməsi, informasiya mübadiləsinin təhlükəsizliyinin yüksəldilməsi sahəsində müvafiq işlərin görülməsi təmin edilmişdir.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə əlaqədar olaraq prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə Baş Prokurorluq üzrə geniş Tədbirlər Planı hazırlanıb təsdiq edilərək vaxtında və keyfiyyətli icrası həyata keçirilməklə prokurorluqda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin yüksəldilməsinə, bu sahədə həyata keçirilən işin səmərəliliyinin xeyli dərəcədə artırılmasına nail olunmuşdur. Prokurorluq orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi prosesi daha səmərəli proqram-texniki vasitələrdən istifadə edilməsi, istifadədə olan "Elektron Sənəd Dövriyyəsi Proqramı"nın əvvəlkindən bir sıra, onun səmərəli işləməsi üçün vacib olan üstün cəhətləri ilə fərqlənən yeni versiyası hazırlanmaqla texniki-texnoloji strukturunun təkmilləşdirilməsi, texnoloji imkanlarının genişləndirilməsi, sistem  vasitəsilə ötürülən  məlumatların tamlığının, informasiya ehtiyatlarının və məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi  iş həyata keçirilmiş, "Elektron cinayət" Proqramının tətbiqi ilə əlaqədar zəruri tədbirlərin görülməsi təmin edilməklə, proqramdan istifadə qaydaları hazırlanaraq Baş Prokurorluq üzrə müvafiq əmrlə təsdiq edilmişdir. "Elektron cinayət" Proqramında  cinayət işi üzrə  təqibin həyata keçirilməsinin bütün mərhələləri, cinayət haqqında məlumat daxil olduğu andan iş üzrə cinayət prosesi başa çatanadək, o cümlədən bütün istintaq və prosessual hərəkətlər, işin gedişatı, işlə bağlı qəbul edilmiş məhkəmə və istintaq orqanlarının qərarları tam və ardıcıl olaraq əks olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" 13 fevral 2014-cü il tarixli 268 nömrəli sərəncamında "Elektron məhkəmə" informasiya sistemi ilə Baş Prokurorluqda tətbiq olunan informasiya sisteminin inteqrasiyası nəzərdə tutulduğundan bu istiqamətdə müvafiq təşkilati işlər görülməklə lazımi tədbirlər həyata keçirilir, o cümlədən məhkəmələrdə tətbiq edilən informasiya sistemlərinin funksionallığının, onların parametrlərinin nəzərdən keçirilməsi, informasiya mübadiləsi aparılacaq məlumatların dəqiqləşdirilməsi, prokurorluqda mövcud olan elektron informasiya bazalarında müvafiq dəyişikliklərin edilməsi, texnoloji vasitələrin təkmilləşdirilməsi  aparılmışdır. Görülmüş işlər əmin olmağa əsas verir ki, "Elektron məhkəmə" informasiya sistemi istifadəyə verildikdə prokurorluqda tətbiq olunan "Elektron Sənəd Dövriyyəsi" və "Elektron cinayət" informasiya sistemlərinin onunla inteqrasiyası vaxtında təmin olunacaqdır.

Baş Prokurorluğun struktur qurumlarının idarədaxili proqramlarla təminatı işi görülərək,  idarə və şöbələrin fəaliyyətinə dair bütün məlumat və göstəriciləri əks etdirən, elektron vasitələrdən istifadə edilməklə təhlillərin və analitik işin, ümumiləşdirmələrin aparılmasına, fəaliyyətin qiymətləndirilməsinə və təkmilləşdirilməsinə optimal şərait yaradan müasir tipli proqramların hazırlanıb istifadəyə verilməsi prosesinin uğurla həyata keçirilməsi davam etdirilmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi üçün "Əməliyyat-axtarış", "Beynəlxalq təşkilatlar" və "Qaynar xətt" proqramlarının hazırlanaraq istifadəyə verilməsi, proqramlaşdırma prosesi ilə Baş Prokurorluğun Təşkilat-analitik və Beynəlxalq əlaqələr idarələrinin də əhatə olunması bu qurumların fəaliyyətinin daha səmərəli qurulmasına imkan yaratmışdır.

Baş Prokurorluqla tabe prokurorluqlar arasında vahid daxili şəbəkə yaradılmaqla şəhər və rayon prokurorluqlarının əksəriyyətinin bu sistemə qoşulması təmin edilmişdir ki, bu da daxili şəbəkə vasitəsilə elektron xidmətlərin mərkəzdən idarə olunması nəticəsində daxili sənəd dövriyyəsinin real iş rejimində daha operativ həyata keçirilməsinə, internet resurslarının isə daha qənaətlə istifadə olunmasına şərait yaratmışdır.

Müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi Azərbaycan Prokurorluğu muzeyinin  yüksək standartlar və tələblər səviyyəsində yenidən təşkil edilməsinə şərait yaratmışdır. Bu məqsədlə qısa müddət ərzində informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə edilməklə muzeydə bir sıra yeniliklər tətbiq edilmiş, eksponatlar barədə elektron vasitələrlə məlumatların verilməsi, onların elektron bazasının və sisteminin yaradılması, müasir elektron informasiya ekran və tablolarının yerləşdirilməsi, muzeydə kompüter idarəetməsinin tətbiqi və sair həyata keçirilmişdir.

Ölkə Prezidentinin tövsiyələrinə  uyğun  olaraq prokurorluq orqanlarında vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət göstərilməklə əhalinin müraciətlərinə qayğı ilə yanaşılaraq, ərizə və şikayətlərin baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi davam etdirilmişdir. Vətəndaşların prokurorluq orqanlarına müraciət etmək imkanlarının elektron vasitələrdən istifadə etməklə daha da asanlaşdırılması, daxil olmuş müraciətlərə diqqətlə yanaşılaraq qaldırılan məsələlərin hərtərəfli və düzgün həlli istiqamətində fəaliyyətin həyata keçirilməsi, müraciətə verilən cavabın vətəndaşa, eyni zamanda, tez bir vaxtda elektron qaydada çatdırılması, mütəmadi olaraq ümumiləşdirmələr aparılmaqla bu sahədə  mövcud olan və ya baş verə bilən hər hansı nöqsanın vaxtında müəyyən edilərək aradan qaldırılması istiqamətində  zəruri tədbirlərin həyata keçirilməsi təmin edilmişdir. Vətəndaşların müraciətlərinə verilən cavabın onlara çatdırılmasının tezliyinin, müraciətə baxılmanın vəziyyəti barədə vətəndaşın daha çevik məlumatlandırılmasının təmin edilməsi məqsədilə Baş Prokurorluğun veb-saytında yeni "müraciətlərə onlayn baxılması"  funksiyası (bölməsi) yaradılmaqla onun "Elektron Sənəd Dövriyyəsi Proqramı"nın "Vətəndaşa cavab" bölməsi ilə əlaqələndirilməsi həyata keçirilmişdir. Müraciətlərə onlayn baxılması vasitəsilə prokurorluğa müraciət etmiş vətəndaşlar Baş Prokurorluğun veb-saytına (www.prokurorluq.gov.az) daxil olaraq müraciət müəllifinə proqram tərəfindən avtomatik olaraq göndərilmiş bildirişdəki  koddan və xüsusi paroldan istifadə etməklə öz müraciətlərinə verilən cavabı ilkin olaraq elektron variantda əldə edə biləcəklər.

Əvvəlcədən elan olunmaqla ölkənin müxtəlif bölgələrində vətəndaşların Baş prokuror tərəfindən qəbulunun keçirilməsi mütəmadi xarakter daşıyaraq müsbət nəticələr vermişdir. 2014-cü ilin ötən ayları ərzində bölgələrdə 9 belə tədbir nəticəsində 615 vətəndaş qəbul edilməklə, müvafiq izahların verilməsi, qaldırılan məsələlərin yerində həll edilməsi və  əsaslı müraciətlərin təmin olunması həyata keçirilmişdir. Belə ki, səyyar qəbullar zamanı daxil olmuş müraciətlərdən 361-i prokurorluğun icraatına qəbul edilmiş, 203 müraciət isə aidiyyəti üzrə baxılması üçün müvafiq dövlət orqanlarına göndərilmişdir. Prokurorluğun icraatına qəbul edilmiş həmin müraciətlərdən 55-i əsaslı olduğundan təmin edilmiş, 241-i üzrə isə vətəndaşlara izahlar verilmişdir.

Prokurorluq tərəfindən müasir inkişaf dövrünün ötən bir ili əhatə edən müddəti ərzində görülən işlər, əldə edilən müsbət nəticələr qeyd olunanlarla  bitmir. Prokurorluq işçilərinin müntəzəm əməyi nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin digər  sahələri üzrə də işin təkmilləşdirilməsi prosesi həyata  keçirilərək müvafiq uğurlar qazanılmışdır. Əminliklə qeyd etmək istəyirik ki, prokurorluq işçiləri bundan sonra da Azərbaycan Respublikası  Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquqi dövlətin əsaslarının möhkəmləndirilməsinə və inkişafına yönəlmiş tədbirlərdə, məhkəmə-hüquq islahatlarının səmərəliliyinin artırılmasında fəal iştirak edərək qanuna və xalqına sədaqətlə xidmət edəcək, prokurorluğun fəaliyyətinin müasir dövrün yüksək tələblərinə uyğun olaraq həyata keçirilməsi istiqamətində səylərini daha da artıraraq, qanun pozuntularına və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, insan hüquq və azadlıqlarının müdafiəsində, ictimai-siyasi sabitliyin və  dövlətçiliyimizin qorunmasında uğurlar əldə etmək üçün əzmlə çalışacaqlar.

 

Zakir QARALOV,

Azərbaycan Respublikasının Baş prokuroru,

 I dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan.-2014.- 1 oktyabr.- S.3.