Yalanlar üzərində yazılan tarixi darmadağın edən əsər

 

Uzun illərdir ki, özlərinin strateji maraqlarını reallaşdırmaq naminə bəzi böyük dövlətlər ermənilərdən bir vasitə kimi istifadə edərək onlar üçün digər xalqların ərazilərini ələ keçirmək yolu ilə tarixdə heç bir zaman olmayan "böyük Ermənistan" kimi xəyallar üzərində qurulan bir ideya hazırlamış, terror və digər təşkilatlarını qurmalarına kömək etmiş, maliyyələşdirmiş və silahlandırmışlar. Erməni siyasi təşkilatlarının proqramlarında hədəfə çatmağın başlıca vasitəsi kimi terrordan istifadə etmək açıq-aydın yazılmışdır. Digər xalqların tökülmüş günahsız qanları və göz yaşları üzərində əsassız istəklərinə nail olmaq həmin təşkilatlar üçün həyat normasına çevrilmişdir. Əsas hədəf uydurma "böyük Ermənistan" yaratmaq, ona nail olmağın yolu dövlətləri olmadığı bir zamanda silahlı terror dəstələrinin, türk torpaqlarında Ararat Respublikası, daha sonra isə Ermənistan SSR yaradıldıqda təcavüz edərək Azərbaycan ərazilərini tutmaq olmuşdur. Ərazi ələ keçirməyə başlamazdan əvvəl erməni ziyalıları daim bu məqsədləri müxtəlif saxtakarlıqla "ideoloji və tarixi baxımdan" əsaslandırmaq üçün dəridən-qabıqdan çıxmış, çoxlu uydurmalar yaratmışlar. Erməni tarixi gerçəkliklərə deyil, uydurmalara, nağıllara və xəyallara əsaslansa da, bir sıra səbəblər üzündən dünya uzun illər boyu bu sahədə yalnız ermənilərin səsini eşitmişdir. Bir məsələni qeyd edək ki, hələ çarizm dövründə Rusiyanın Qara dəniz boğazlarına sahib olub oradan da isti dənizlərə çıxmaq niyyətləri ilə ermənilərin Osmanlı dövlətini parçalayıb öz dövlətlərini yaratmaq niyyətləri üst-üstə düşdüyündən erməni "alimləri"nə bu sahədə araşdırma aparmağa geniş imkanlar verilmişdi. Soyuq müharibə şəraitində SSRİ-nin NATO üzvü olan Türkiyə ilə münasibətləri baxımından da mərkəzi sovet hakimiyyəti erməni tarixçilərinə əlverişli şərait yaratmışdı. Sovet dövründə türkologiya sahəsində tədqiqatlar əsasən erməni alimləri tərəfindən aparılırdı. Onlar da hadisə və prosesləri olduğu deyil, saxtalaşdıraraq istədikləri kimi yazır və saxta tarixi bilik formalaşdırırdılar. Bir ittifaq dövlətinin tərkibində olmasına baxmayaraq, Azərbaycan tarixçilərinə əsassız erməni iddiaları haqqında əsər yazmaq imkanı verilmirdibu məsələ qadağan olunmuş mövzular cərgəsinə daxil idi.

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra tarixçilərimiz bu sahədə müəyyən işlər görsələr də, onların fəaliyyəti əsasən müdafiə xarakteri daşımış, erməni tarixçilərinin uydurmalarına cavab verməklə məhdudlaşmışdır. Tariximizdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hücum diplomatiyasını müəyyənləşdirməsi ilə bu sahədə yeni bir dövr başladı. Dövlət rəhbərinin alimlər - tarixçilər, filosoflar və başqaları qarşısında mühüm vəzifələr qoyması ilə tarix elmimizdə ciddi bir dönüş yarandı. Tarixi tədqiqatlar sahəsində dönüşün mühüm göstəricisi yaxınlarda maraqla oxuduğumöz mülahizələrimi oxucularla bölüşmək istədiyim görkəmli filosof, akademik Ramiz Mehdiyevin 2014-cü ildə Moskvada "Akvarius" nəşriyyatında rus dilində çap edilmiş "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" əsəridir.

Uzun illər boyu erməni "alimləri"nin "əsaslandırmağa" çalışdıqları tezisləri təkzibolunmaz, ən mötəbər mənbələrlərlə və tutarlı dəlillərlə darmadağın edən və erməni "alimləri"ni qabağında oturdaraq suallara cavab verən vəziyyətinə salan akademik Ramiz Mehdiyevin bu əsərinin başlıca məziyyətləri nədən ibarətdir? Hər şeydən əvvəl, tarixi tədqiqatların metodoloji prinsipləri baxımından mükəmməl yazılmış monoqrafiyada hadisə və proseslərə dünya tarix elmində qəbul edilmiş tərəfsiz, ədalətli, olduğu kimi yanaşma prinsipləri hakimdir. Bu isə əsərin qiymətini artırır, onu təkcə Azərbaycanın deyil, bütövlükdə dünya tarix elminin əsəri edir, eyni zamanda Azərbaycan xalqı və dövləti durduqca, qonşu Ermənistan mövcud olduqca ona daim müraciət ediləcəyini əvvəlcədən söyləməyə əsas verir.

Qeyd etmək lazımdır ki, indiyədək tarixçilərimizin əsərlərində ayrı-ayrı hadisə və proseslər əsasən fakt və rəqəmlərlə işıqlandırılmışdısa, akademik Ramiz Mehdiyev monoqrafiyasında problemi təkcə fakt və rəqəmlərlə deyil, eyni zamanda təkzibedilməz dəlillərlə, möhkəm məntiqlə, müqayisəli və tənqidi şəkildə təhlil edir, erməni yalanları alt-üst edir. Əsərin girişində əslində məsələyə necə düzgün yanaşma üçün bir yol xəritəsi cızan və metodologiyanı müəyyənləşdirən müəllif Cənubi Qafqazın tarixinə qısa səyahət edir, regionun Roma, Parfiya, Bizans, Sasanilər, Ərəb xilafəti, Səfəvilər və Osmanlı dövləti arasında mübarizə meydanı olduğunu vurğulayır, tamamilə haqlı olaraq yazır ki, Qafqazın tarixində dönüş nöqtəsi Azərbaycan xanlığı və əhalisi müstəsna olaraq azərbaycanlılardan ibarət olan Qarabağ xanlığının çar Rusiyasına birləşdirilməsi haqqında 1805-ci il 14 may tarixdə imzalanmış Kürəkçay müqaviləsi olmuşdur. Daha sonra regionda geosiyasi, ento-mədəni şəraiti dəyişən 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrinə diqqət yetirən akademik tarixi mənbələrə əsasən vurğulayır ki, bu üç müqavilənin imzalanmasınadək ermənilər Cənubi Qafqazda hiss edilməyəcək dərəcədə az idilər, onlar yalnız 1828-1829-cu illərdən sonra regiona gətirilməyə başladılar.

Məlum olduğu kimi, erməni ziyalıları Ermənistanın Azərbaycana qarşı təcavüzünü hiyləgərliklə ört-basdır etmək və Qərbdə tərəfdarlar qazanmaq üçün Dağlıq Qarabağ münaqişəsini saxtakarlıqla dini amillərlə əlaqələndirirlər. Belə yanaşma münaqişənin mahiyyəti haqqında aydın təsəvvür yaratmır, insanları yanlış yola yönəldir, yersiz mübahisə və şübhələrin yaranmasına imkan verir. Akademik Ramiz Mehdiyev ermənilərin bu saxta tezisini də darmadağın edir, gerçək tarixin, hadisə və proseslərin izahında heç bir mübahisəyə və şübhəyə yer qoymur, münaqişənin əsl mahiyyətini izah edərək qəti şəkildə vurğulayır ki, münaqişə qətiyyən sivilizasiyaların, dinlərin toqquşması deyil, bir dövlətin - Ermənistanın digər dövlətə - Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başladığı təcavüzdür. Daha sonra güclü bir dəlil ilə erməni iddialarını alt-üst edərək yazır ki, xristian Gürcüstanı Azərbaycanla strateji tərəfdaşdır, müsəlman İran İslam Respublikası isə Ermənistan ilə fəal əməkdaşlıq edir və sərmayə qoyur.

Əsərin başlıca məziyyətlərindən biri Azərbaycan dövlətçiliyi ilə Ermənistan dövlətinin əsaslarının uğurlu müqayisəli təhlilidir. Etiraf etmək lazımdır ki, indiyədək həm tarix, həm də siyasətşünaslıq elmimizdə belə bir təhlil aparılmamışdır. Müəllif zəngin mənbələrə istinad edərək yazır ki, Ermənistan xəyali gələcək layihələrin - "Böyük Ermənistan" kimi əfsanə və uydurmalar üzərində qurulmuşdur, gerçək tarixlə heç bir əlaqəsi yoxdur.

"Böyük Ermənistan" qurmaq üçün niyyətlərinə çatmaqda bir vasitə olan uydurma "erməni soyqırımı" söyləyənlərin iddialarını darmadağın edən akademik Ramiz Mehdiyev yazır ki, şovinist və separatçı qüvvələrin təşviqi altında 1915-ci ildə erməni xadimləri millidini qırğınları törətdilər. Birinci Dünya müharibəsinin gedişində Anadoluda istəklərinə çata bilməyən ermənilər buna Azərbaycan torpaqlarında nail oldularArarat Respublikasını yaratdılar. Monoqrafiyada qədim Azərbaycan şəhəri İrəvanın paytaxt olaraq Ermənistana güzəştə gedilməsi məsələsi sənədlər, mənbələr əsasında izah edilir və vurğulanır ki, yeni yaradılan dövlətin paytaxtı olmadığından Azərbaycana müraciət olundu və Azərbaycan da bir sıra amillərin təsiri altında bu qədim şəhərini güzəştə getməli oldu.

Azərbaycan ərazilərini işğal etməklə qürrələnənlərin ümidlərini dərin məntiqlə puça çıxaran akademik Ramiz Mehdiyev yazır ki, Dağlıq Qarabağ münaqişəsində Ermənistanın qazandığı qələbə "Pirr qələbəsi"dir. Bilindiyi kimi, tarixən döyüşü udan tərəf xalqına yaxşı yaşayış təmin etməli olsa da, Ermənistanda isə tam tərsinə olan bir şərait yaranmışdır. Acınacaqlı vəziyyətdə olan erməni xalqı ölkəni tərk edib gedir. Azərbaycan isə ərazilərinin bir hissəsinin işğal altında qalmasına baxmayaraq, inkişaf edən, iqtisadi qüdrəti artan və vətəndaşlarına yaxşı rifah və bərabər imkanlar təmin edən bir dövlətdir.

Erməni tarixçilərinin bütün gerçək tarixi kobudcasına saxtalaşdıraraq ermənilərin Cənubi Qafqazda aborigen olmalarına dair uydurduqları bütün tezislər monoqrafiyada alt-üst edilir. Ermənilərin etnogenzisinə diqqət yetirən, onların bu regiona gəlmələri prosesini şərh edən akademik Ramiz Mehdiyev vurğulayır ki, erməni tarixçiləri ölkənin deyil, xalqın tarixini yazırlar. Bu da səbəbsiz deyildir, çünki ermənilərin daimi vətəni olmadığından onlar dövlət deyil, xalq tarixini yazmağa məcburdurlar. Əsərdə tarixi mənbələrə istinadən Ermənistan və hayların fərqli-fərqli şeylər olduğu göstərilir. Bunun ardınca qaynaqlar əsasında Azərbaycan toponiminin, azərbaycanlıların etnogenezisibir xalq olaraq formalaşması, Qafqaz Albaniyasının və Azərbaycan ərazisinin eyni olduğu daha çox xarici ölkələrin mənbələrinə istinad edilərək araşdırılır.

 Ermənilərin Cənubi Qafqaza gətirilməsi məsələlərini ən mötəbər mənbələr əsasında tədqiq edən akademik Ramiz Mehdiyev bu prosesin hələ IV əsrdə Bizans və Sasanilər arasında aparılan müharibələrlə bağlı olduğunu vurğulayır. Daha sonra çar Rusiyasının sənədlərinə istinad edərək ermənilərin və azərbaycanlıların say nisbətini göstərərək müqayisə edən, çarizmin köçürmə siyasətinin mahiyyətini açan müəllif yazır ki, ermənilər köçürüldükləri yerlərdə heç bir şeydən utanmadan başqalarının əmlakını mənimsəmiş, ticarəti ələ keçirmiş və qazandıqları pulların bir hissəsini məqsədlərinə nail olmaq üçün terror təşkilatlarına və silahlanmaya ayırmışlar. Əsərdə vurğulanır ki, ermənilər regiona kütləvi şəkildə XIX-XX əsrlərdə köçürülmüşlər, dövlətləri isə ilk dəfə 1918-ci ildə Azərbaycan torpaqlarında İrəvan xanlığı ərazisində yaradılan Ararat Respublikası olmuşdur. Akademik Ramiz Mehdiyevin bu məsələləri tarixdilçilik baxımından əsaslandırması, ermənilərin qanında qaraçı qanının olmasına dair erməni xadimlərinin özlərindən misallar gətirməsi əsassız erməni iddialarına yer qoymur, onları yerdən-yerə vurur. Məsələnin araşdırılmasına yekun vuran müəllif yazır ki, ermənilər Cənubi Qafqazda köklü, avtoxton deyillər, gəlmədirlər.

Monoqrafiyada ermənilərin istifadə etdikləri fəaliyyət metodlarının mahiyyətini açan akademik Ramiz Mehdiyev bunlardan birinin köçürüldükləri yerləri erməniləşdirmək olduğunu mənbələr əsasında təhlil edir, qəbul edilmiş konkret rəsmi qərarlarla azərbaycanlılara məxsus yaşayış yerlərinin adlarının dəyişdirildiyini, erməniləşdirilmənin aparıldığını vurğulayır və Arsax adına aydınlıq gətirir. Ən mötəbər qaynaqlar əsasında yazır ki, haylarurartulular ayrı-ayrı xalqlar idi və fərqli dillərdə danışırdılar.

İndiki ermənilərin Arsaxa heç bir aidiyyatı olmadığını da mənbələrin əsasında sübut edən müəllif Qafqaz albanları ilə ermənilərin arasındakı fərqləri mötəbər mənbələr və tarixçilərin, o cümlədən erməni tarixçilərinin əsərləri əsasında araşdıraraq vurğulayır ki, Qarabağ ərazisi albanların yaşadıqları ərazi olmuşdur. Əsərdə müstəqil etno-dini qrup olan Qarabağın dağlıq hissəsindəki albanların xristian dinində qaldıqları və ermənilərlə qarışdıqları, digər ərazilərdəki əhalinin isə islamlaşdığı tutarlı faktlarla şərh edilir.

ArsaxQarabağ adlarının köklərini izah edən akademik Ramiz Mehdiyev ermənilərin dünyada ilk xristian xalqı olmaları barədə ucuz və hiyləgər təbliğat apardıqlarını, qanlı maraqları naminə istifadə edərək tərəfdarlar toplamağa çalışdıqlarına da diqqəti yönəldir. Mənbələrin işığında müəllif yazır ki, Arsax toponimi erməni deyil, Qafqaz mənşəlidir, Qafqaz Albaniyasının ərazisində qeyri-erməni mənşəli əhalinin yaşadığının hətta rus məmurları və müəllifləri də etiraf etmişlər.

Qatı millətçi erməni dairələri tərəfindən mədəniyyətə qarşı törədilən soyqırımı fakt və materiallarının əsasında geniş şərh edən akademik Ramiz Mehdiyev müsəlman tarix və mədəniyyət abidələrinin dağıdılmasına diqqəti cəlb edir. Yazır ki, əslində bu hərəkətləri ilə ermənilər bütün sivil dünyaya qarşı çıxırlar və əsl sifətlərini ortaya qoyurlar.

Monoqrafiyanın maraqla oxunan hissələrindən biri erməni katolikosluğunun yerinin dəyişdirilməsidir. Bu məsələdə hansı məqsədlərin güdüldüyünü və köçürülmə məsələlərini zəngin mənbələr əsasında araşdıran akademik Ramiz Mehdiyev faciələrin baş verməsində erməni kilsəsinin də roluna diqqət yetirir.

Ermənilərin böyük dövlətlərin əlində necə topa çevrildiklərini, Cənubi Qafqaza böyük dövlətlərin ekspansiyasını və bunda erməni amilini izah edən müəllif tamamilə doğru olaraq göstərir ki, çarizmin genişlənmə və isti dənizlərə çıxma strategiyasında ermənilər bir vasitə olmuşdur. Əsərdə I Pyotrun isti dənizlərə çıxma istəyinin və ondan sonrakı proseslərin dərin təhlili də maraq doğurur. Akademik vurğulayır ki, məhz bu strategiyanın ondan sonrakı hökmdarlar tərəfindən həyata keçirilməsi Azərbaycana böyük fəlakətlər gətirmiş, Azərbaycan xanlıqları bir tərəfdən şimaldan Rusiya "çəkici" qarşısında, digər tərəfdən cənubdan İran "dəmirçi zindanı" arasında qalmış, əslində rus çəkici ilə fars zindanında döyülmüşlər. Ermənilər isə həmin siyasətin həyata keçirilməsində, xüsusən isti dənizlərə çıxmaq üçün bir vasitə rolunu oynamışlar. Heç bir xanlıqda çoxluqda olmadıqlarından çarizmin erməniləri yerləşdirib sayını artırmaq və hər hansı bir qurum yaradaraq bir vasitə kimi istifadə etməyə başlaması əsərdə sənədlər əsasında təhlil edilir. Sonuncu Qarabağ xanının vəziyyəti, Rusiyaİrandan edilən yürüşlər, bu yürüşlərdə ermənilərin fəaliyyəti və yerləşdirilməsi məsələləri araşdırılır. Hadisələrin sonrakı gedişini araşdıran müəllif mənbələrə istinad edərək çarizmin və erməni-qriqorian kilsəsinin səyləri ilə regiona gətirilən ermənilərin yerləşdirilməsinin nəticələrinin faciəli olduğunu, bu gəlişin etnik-dini ziddiyyətləri kəskinləşdirdiyini faktlarla göstərir.

Akademik Ramiz Mehdiyev Cənubi Qafqazda milli münasibətləri kəskinləşdirməkdə Qərb dövlətlərinin də roluna diqqəti cəlb edir. Göstərir ki, məhz onların məlum siyasəti nəticəsində erməni siyasiterror təşkilatları yaradılmış, proqramlarında məqsədə nail olmaqda terror başlıca vasitə olaraq qəbul edilmişdir.

Regionda tökülən qanlar üçün erməni kilsəsinin məsuliyyət daşıdığını yazan akademikin əsərində gətirdiyi çoxlu təkzibedilməz tarixi faktlar hələ də erməniləri müəyyən təəssübkeşliklə müdafiə edənlərin gözlərini açacağına, real həqiqətləri dərk etməyə təsir edəcəyinə ümid yaradır. Əslində baş verən hadisələrin gedişi göstərir ki, bütün qanlı fəaliyyəti ilə erməni kilsəsi sülh dini olan xristianlığa ləkə vurmuşdur.

Məlum olduğu kimi, erməni silahlı dəstələrinin qırğınlar törətdiyi ərazilərdən biri Cənubi Qafqaz olmuşdur. Birinci Dünya müharibəsinin gedişində Rusiyada bolşeviklərin hakimiyyəti ələ almasından sonra ölkədə idarəçilik və gələcək inkişaf baxımından fərqli bir şərait, yeni bir Cənubi Qafqaz yarandı. 1917-ci ildən sonra Cənubi Qafqazda yaranmış şəraiti, erməni silahlı dəstələrinin törətdikləri qırğınları, Bakı Sovetinin sədri S.Şaumyanın rəhbərliyi altında azərbaycanlılara qarşı həyata keçirilən soyqırımını təhlil edən akademik Ramiz Mehdiyev Ararat Respublikasının qurulmasını, İrəvanın paytaxt olaraq güzəştə gedilməsini, ermənilərin tədricən Azərbaycan ərazilərinə iddia etmələrini, bütün sovet dövrü ərzində torpaq qoparmaq cəhdlərini konkret faktlarla göstərir və bunu "sakit ekspansiya" adlandırır, ulu öndər Heydər Əliyevin Ermənistan rəhbərliyinin əsassız iddialarının qarşısını kəsdiyinə dair konkret faktları sadə bir dillə izah edir.

Əsərdə M.Qorbaçovun SSRİ rəhbərliyinə gəlməsindən sonra mərkəzdəki bəzi şəxslər tərəfindən əsassız erməni iddialarının müdafiə edilməsi və Kremlin pərdəarxası oyunları izah edilir. Erməni terror qruplaşmalarının sovet dövründə də fəaliyyət göstərdiklərini faktlar əsasında yazan akademik Ramiz Mehdiyev həmin qruplaşmaların Moskvada və ölkənin digər yerlərində törətdiyi qanunsuz hərəkətlərə diqqəti cəlb edir, konkret olaraq Masis rayonunda azərbaycanlılara məxsus qəbiristanlığın dağıdılmasını, azərbaycanlıların toylarına edilən hücumları və bütün bunların ictimaiyyətdən gizlədildiyini vurğulayır.

Azərbaycan SSR-in DQMV-yə Ermənistanın əsassız iddiasının başlanmasını, azərbaycanlıların Ermənistandan - tarixi torpaqlarından qovulmasını izah edən akademik Ramiz Mehdiyev Sumqayıtda törədilən hadisələri mənbələr əsasında təxribat olaraq qiymətləndirir, onun əvvəlcədən planlaşdırıldığını fakt və təkzibedilməz dəlillərlə sübut edir. Əsər daşnakların "türksüz Ermənistan" yaratmaq yolunda fəaliyyətlərini açdığı, onun acı nəticələrini vurğuladığı və rəsmi Yerevanın bütün siyasətinin mahiyyətini ortaya qoyduğu üçün əhəmiyyətlidir. Ermənistan siyasətinin mahiyyətinin Spitakda baş verən dəhşətli zəlzələ zamanı bir daha özünü göstərdiyini yazan akademik Ramiz Mehdiyev həmin hadisəyə xüsusi diqqət yetirərək vurğulayır ki, bu zəlzələ vandalizm aktlarını dayandırmağa təsir etmədi, Azərbaycanın xilasedicilər və yardımla dolu göndərdiyi təyyarə Ermənistan tərəfindən qəzaya uğradıldı. Zəlzələ qurbanlarına yardım adı altında xarici ölkələrdən Ermənistana silahsursat daşındı, daşnaklar isə ermənilərin acı göz yaşlarını bir kənara buraxaraq, azərbaycanlılara qarşı düşmənçiliyi daha da güclü şəkildə təbliğ etməyə başladılar.

Akademik Ramiz Mehdiyev mərkəzi hakimiyyətin azərbaycanlıları tarixi torpaqlarından qovan və DQMV-yə əsassız iddialar irəli sürən Ermənistanı cəzalandırmaq əvəzində müxtəlif yollarla təxribat törədərək Azərbaycana qatı cinayətkar elementləri doldurmasına, daha sonra Bakıdakı bəzi erməni mənzillərinə hücumları təşkil etdiyinə dair tutarlı faktlar gətirərək göstərir ki, sovet rəhbərliyi bundan istifadə edərək 1990-cı il 20 yanvarda Bakıda dinc əhaliyə qarşı silah işlətdi. Əsərdə Xocavənd kəndinin səmasında Azərbaycan dövlət xadimlərinin olduğu vertolyotun Ermənistandan göndərilmiş silahlılar tərəfindən vurulduğuna da diqqət verilir, Xocalıda soyqırımı törədildiyi xüsusi olaraq vurğulanır.

Əsərdə akademik Ramiz Mehdiyev Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsini, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsini, ATƏT-in Minsk qrupunun səylərinin zəif olduğunu izah edərək göstərir ki, 20 ildən çox davam edən, iqtisadidemoqrafik problemlər doğuran qanlı münaqişənin başlıca təqsirkarı Ermənistandır.

İki xalq arasında tərəqqi və çiçəklənməyə gedən yolun uydurma müxtəliflikdən, əsassız iddialar zəminində toqquşmalardan deyil, qarşılıqlı fəaliyyətdən keçdiyini yazan akademik Ramiz Mehdiyev bununla əslində bir çağırış etmişdir. Monoqrafiyanın sonunda Ermənistan rəhbərliyinə və milli elitasına müraciət edərək müasir dövrdə ərazi məsələlərinin beynəlxalq hüquq normaları əsasında həll edildiyini dərk etməyə və erməni elitasını vəhşi deyil, öz xalqının gələcəyinə xeyirxahlıq, aydınlıq və ümid gətirən məqsədlər müəyyənləşdirməyə çağırır. Bu çağırış Azərbaycan dövlətinin mövqeyi olaraq da qiymətləndirilə bilər. Ancaq, görəsən, süngü üzərində hakimiyyətə gələn və hələ ki, süngü üzərində oturaraq xalqına işgəncə verərək idarə edən Ermənistan rəhbərliyi erməniləri düçar etdiyi bədbəxtlik yolundan imtina edəcəkmi?

Akademik Ramiz Mehdiyev bu əsəri ilə erməni "alimləri"ni məktəbli kimi qabağında oturdaraq tarixi saxta yazdıqlarını və səhv öyrətdiklərini sübut edir, onları müdafiə edən bəzi xarici ölkələrin tarixçilərini yalanlara inanmamağa çağırır, Azərbaycan tarixçilərinə isə əsassız erməni iddialarına ibarələrlə deyil, ən mötəbər mənbələrə dayanaraq fakt və dəlillərlə cavab vermək üçün bir yol göstərir. Gerçək tarixi kobudcasına saxtalaşdıraraq uydurmaya və xəyallara çevirənlərə, daha sonra ondan saxta siyasət düzəldənlərə tutarlı cavab olan bu əsər siyasətçilərin, diplomatların, alimlərin, region üzrə mütəxəssislərin və Cənubi Qafqaz tarixi ilə maraqlanan şəxslərin stolüstü kitabı olmaq iddiasını daşımağa layiqdir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü və yürütdüyü siyasət ilə tanış olmaq istəyən hər hansı bir şəxs akademik Ramiz Mehdiyevin əsərini oxuduqdan sonra erməni tarixçilərinin digər ölkələrin tarixçiləri ilə nə üçün birlikdə işləməkdən boyun qaçırdıqlarını, əgər varsa, arxiv sənədlərini nəşr etmədiklərini aydın şəkildə biləcəkdir. Çünki arxivlər açıldıqda bütün tarixi həqiqətlərin üzə çıxacağını, maskalarının yırtılacağını və dünyada artıq erməniləri müdafiə edənlərin qalmayacağını görən ermənilər tarix araşdırmalarından qaçaraq dünya ölkələrinin parlamentlərində siyasi qərarların qəbul edilməsinə ümidlərini bağlayırlar. Lakin akademik Ramiz Mehdiyevin əsəri tarixi gerçəkliklərə tamamilə zidd olan əsassız erməni iddialarını alt-üst, yazdıqlarının sabun köpüyünə bənzədiyini sübut edir. Erməni "alimləri"nin uzun illər boyu yalan uyduraraq yazdıqlarını bütün ruhu və hərfi ilə darmadağın edən bu əsərə elmi əsaslandırılmış cavab vermək mümkün deyildir. Akademik Ramiz Mehdiyev dəyərli monoqrafiyası ilə erməni "alimləri"ni iki uğursuz yol ayrıcında çıxılmaz vəziyyətdə qoyur: onlar əsərə cavab vermək üçün cəhd edəcəklərsə, rüsvay olacaqlar, çünki cavab verməyə heç bir tutarlı tarixi dəlil və sübut tapmayacaqlar. Başlarını aşağı salıb susmağa üstünlük verəcəklərsə, yenə də deməli, akademikin əsəri ilə razılaşmalı olacaqlar. Hər iki halda uğursuzluq onların yol yoldaşı olacaqdır. Gözləyək, görək, hansını seçirlər?

Akademik Ramiz Mehdiyevin monoqrafiyası saxtakar erməni "alimlərinə" tərs sillə vurmaqla və əsrlər boyu apardıqları saxta təbliğatı darmadağın etməklə yanaşı, Azərbaycanda müvafiq sahənin alimləri qarşısında bir sıra məsələlərin həlli zərurətini irəli sürür. Hər şeydən əvvəl, tarixçilərimiz daha səmərəli çalışmalı, suallara cavab verən deyil, erməni "alimləri"ni suallarımıza cavab verən duruma salmalıdırlar. İkincisi, təkcə tarixçilər, konfliktoloqlar, antropoloqlar, filosoflar deyil, siyasətçilər, diplomatlar, ümumiyyətlə, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi ilə maraqlanan şəxslər üçün gərəkli olan bu monoqrafiyanın müxtəlif xarici dillərə, xüsusən ingilis, alman, fransız, italyan və ərəb dillərinə tərcümə olunaraq nəşr edilməsi və yayılması fayda verərdi. Üçüncüsü, ölkəmizin MDB iştirakçısı olan ölkələrdə akkreditə olunmuş səfirliklərinin monoqrafiyanın geniş təqdimatını keçirmələri, KİV-lərdə geniş məlumat vermələri ümumi işimizə xeyir gətirərdi. Xüsusən, Moskvadakı səfirliyimiz və Rusiyanın digər şəhərlərindəki konsullarımız, diaspor təşkilatlarımız əsərin elmi dairələrə, siyasətçilərə, diplomatlara və Cənubi Qafqaz üzrə mütəxəssislərə çatdırılmasında müstəsna rol oynaya bilərlər. Dördüncüsü, ölkəmizdə erməni dilini, eyni zamanda qədim dilləri bilən mütəxəssislərin hazırlanması zərurətə çevrilmişdir. Monoqrafiya bu sahədə hələ çox işlərin görülməsi üçün çalışmağın vacibliyini bir daha təsdiq edir.

Dəyərli monoqrafiyasının işıq üzü görməsi münasibəti ilə akademik Ramiz Mehdiyevi ürəkdən təbrik edir, uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Musa QASIMLI,

Professor

Azərbaycan.-2014.- 1 oktyabr.- S.6.