«26-lar»ın qətli:
müəmmalar və ehtimallar
Həbs olunanları "Vyatka" paroxoduna oturtmuş və
şəhərə aparmışdılar. "Vyatka"
paroxodundakı bütün həbs olunanların sayı 35 nəfər
olmuşdur. Həbsə alarkən 25 nəfər
məhbusun adı yazılmış siyahı əsas
götürülmüşdür. Suren Şaumyanın
ifadəsinə görə, Bayıl həbsxanasında
dustaqların başçısı olmuş Zevinin cibindən
həbs edilənlərin siyahısı tapılmış və
ona istinadən bu proses aparılmışdır. Güllələnmiş
komissarların arvadlarının 1919-cu il
martın 19-da "Znamya Truda" qəzetində dərc
olunmuş xatırlamalarına görə, bolşevik məhbusların
həbsxanada başçısı Korqanov olmuş və bəhs
edilən siyahı Krasnovodskda onda tapılmışdır.
Siyahıdakılardan əlavə Mikoyan, Kandelaki, Suren və
Leon Şaumyanlar,Tatevos Əmiryan və 5
komissar arvadı da həbs edilmişdir. Yəni
25+10=35 nəfər. Bayıl həbsxanasında
25 nəfərdən başqa Mudrı, Mesxi, Samson Kandelaki,
Klevtsov və Suren Şaumyan da tutulanlar sırasında idilər.
Kandelaki qanlı ishal xəstəliyinə
tutulduğundan həbsxana xəstəxanasına qoyulmuş,
adı ərzaq alanlar siyahısından
çıxarılmışdır. Suren
Şaumyan zaminə buraxıldığından adı ərzaq
siyahısından pozulmuşdur. Onun ifadəsinə
görə Mesxi, Mudrı və Klevtsov başqa bir gəmidə
Petrovska getmişdilər. Amma
Mudrının ifadəsinə görə o da Krasnovodska gətirilmişdir.
Bakıda təsadüfən həbsə
alınmışların da "siyahı"ya düşməsi
onların müqəddəratında məşum rol
oynadı. Mikoyan və Kandelakinin
adlarının siyahıda olmaması onların sağ
qalmasının başlıca səbəbi hesab edilir. Suren Şaumyanın izahına görə Krasnovodsk
hökuməti hesab edirdi ki, siyahıda adı olanlar Bakıda
həbs olunublarsa, deməli, onları məhv etmək
lazımdır. Surenin ehtimalları belə
idi ki, əgər siyahı tapılmasaydı ya həbs
olunmuş 35 nəfərin hamısını, ya da ki,
familiyaları eserlərə bəlli olan daha görkəmlilərini
güllələyəcəkdilər.
1918-ci ilin sentyabrında Krasnovodska aparılan Bakı məhbuslarının
bir qisminin güllələnməsi faktı o dövrdə də,
indi də mübahisə mövzusu olmuşdur. Ehtimallara yol
açan, sual doğuran bolşevik rəhbərlərinin bir
qisminin, xüsusən Stepan Şaumyanın güllələnməsi,
yoxsa Hindistana aparılması məsələsidir. Belə ehtimallara yol açan məqamlar yenidən
gündəmə gəlmişdir.
Komissarların
aqibəti haqqında vaxtında səhih məlumatın
olmaması, bu insanlar barədə 1919-cu il
də daxil olmaqla ziddiyyətli informasiyaların
dolaşması fərqli mülahizələrə imkan yaradır.
Komissarlarla bağlı məhkəmə proseslərindəki
ifadələrdə "Hindistan variantı"nın
səsləndirilməsi də birmənalı
qarşılanmamalıdır. Bolşevik hakimiyyəti
altında, ağır cəza təhdidi qarşısında
komissarların Hindistana göndərilməsini söyləmək
eserlər tərəfindən məqsədli davranış da
ola bilərdi. Bolşevik məhbusları
ələ verməkdə adı çəkilən daşnak
Ruben Kegamyan da daxil olmaqla Aşqabadda eser və daşnaklar
Şaumyan və Tatevos Əmiryanın orada həbsdə
olduğunu, qalanlarının isə Məşhədə
göndərildiyini söyləyirdilər. Bir neçə ay Aşqabadda, Qızıl-Arvatda
yaşamış Artak ifadəsində bildirmişdi ki,
bütün şəhərdə komissarların sağ
olduğu haqqında xəbərlər dolaşırdı.
Dövlətov da eser Veluntsun ona komissarların sağ
olduğunu, onların Hindistana aparıldığını
bildirmişdir.
Əslində komissarların Hindistana
aparılması planı olmuşdu. Rusiyanın
xalq xarici işlər komissarı G.Çiçerindən
başlamış siyasi, ideoloji, elmi, bədii müstəvidə
komissarların qətlində ittiham olunan İngiltərənin
tədqiqatçıları da ardıcıl şəkildə
bu ittihamı rədd edirdilər. Yəni
"26-lar" mövzusunu gündəmdə saxlayan ideoloji
mübarizə faktoru idisə də, həmin mübarizədə
faktların, sənədlərin dövriyyəyə gətirilməsi
bir çox həqiqətləri aşkara
çıxarmağa kömək edirdi. Bu cəhətdən
daha fəal müqavimətçi kimi Brayn Pirs A.Mikoyanın
yanlışlıqlarını ortaya
çıxarırdı: "Mikoyan öz xatirələrində dəqiq vaxt göstərmədən
yazırdı ki, onun oğlu Hindistanın milli arxivlərində
olmuş və 26-lar haqqındakı sənədlərə
baxmaq istədiyini bildirmişdir. Lakin ona
demişlər ki, həmin sənədlər əldə deyil,
baxmaq olmaz - bu sözlər çox pis səslənir!"
Brayn Pirs bu barədə Hindistan milli
arxivlərinin rəhbərliyi ilə danışanda onun
çox təəccübləndiyini yazır və
Mikoyanın oğlunun Dehliyə nə vaxt və nə
münasibətlə gəldiyi barədə heç yerdə
qeyd olmadığını bildirir: "Mən həmin
suallara cavab almaq üçün Mikoyanın özünə
məktub yazdım, lakin heç bir cavab almadım".
Mikoyanın 60 il özünün də təkrarladığı
"həqiqətə" şübhə etməsi sual
doğurur. Bir tərəfdən onun oğlunun
Hindistan arxivlərində olması faktı inkar edilir, digər
tərəfdən Mikoyan Hindistan arxivlərində nə
axtarırdı, "26-lar" haqqında nəyi bilmək istəyirdi?
Sağlığında Brayn Pirsin bu suallarını
cavablandırmayan Mikoyan ifadələrində də
açıq məqamlar qoymuşdur: Krasnovodska
çatdıqdan sonra özü də daxil olmaqla həbs evindəki
kamerada cəmi 16 nəfər olduqlarını yazırdı.
Suren Şaumyan isə 35 nəfərdən 18 nəfərinin həbsxanaya
aparıldığını, həbs evində isə Mikoyan
da daxil olmaqla 17 nəfər olduğunu məhkəmə ifadəsində
bildirmişdir. Əksər ifadə və
xatırlamalarda həbs evində 17 nəfər göstərildiyi
halda, Mikoyan qətiyyətlə 16 nəfəri qeyd
etmişdir. Ümumiyyətlə rəqəm
göstəricilərində fərqlər mövcuddur. Belə ki, Krasnovodskdan Kunun Petrovska Biçeraxova
göndərdiyi təcili məktubunda Bakıdan yola
düşən paroxodda həbs edilmiş keçmiş
komissarların cəmi 29 nəfər olduğunu
yazmışdır. Brayn Pirs isə məqaləsində
Zakaspi hökumət başçısı Kunun gəmidən
məhz 28 bolşevikin düşürdüyünü
göstərir.
1927-ci il
sentyabrın 20-də "Bakinski raboçi" qəzetində
dərc olunmuş məqaləsində Suren Şaumyan həbs
evində saxlananları konkret olaraq göstərmişdir:
"St.Şaumyan, A.Caparidze, Vanya Fioletov, Amirovların hər
ikisi, Anastas Mikoyan, mən və qardaşım, Nikolaşvili,
Pavel Zevin və içərimizdə olan beş qadının
hamısı daxil idi". Üzərindən 9 il
keçəndən sonra həbs evində olanların
sayını 2 nəfər əskik göstərmişdi: yəni
15 nəfər.
1918-ci il sentyabrın 20-nə keçən gecə
"Aşqabadda məhkəməyə vermək" adı
ilə aparılanlardan sonra qalanların sayını Suren
Şaumyan belə qeyd edir: "Bizi, qalan 9 nəfəri ertəsi
gün, azad etmədilər". Həbsxanada saxlanılanlar
haqqında Suren Şaumyanın "Aramızda heç bir əlaqə
yox idi" yazmasından belə çıxır ki, həbs
evindən aparılan 6 nəfər və həbsxanadakı 18
nəfərlə birlikdə 24 nəfər güllələnmişdir.
Mikoyanın göstəricisinə görə isə 25 nəfər
güllələnməyə aparılmışdır. Yəni həbsxanadakı
18 nəfər və həbs evindən aparılan (Mikoyana
görə 16 nəfərdən) 7 nəfər. Göründüyü kimi, Krasnovodskda həbs evindəki
"bakılı məhbusların" sayı 17, 16, 15 rəqəmləri
arasında fərqlənir. Rəqəmlər
üzərinə bu qədər diqqət çəkməkdə
məqsəd güllələnənlərin həqiqətənmi
26 nəfər olmasını və onların sırasında
St.Şaumyanın güllələnməməsi haqqında
mülahizələri aydınlaşdırmaqdır. Rəsmi
məlumata görə, sağ qalanlar - A.Mikoyan, S.Kandelaki,
St.Şaumyanın 2 oğlu və 5 məhbus qadın 9 nəfər
təşkil edir. Suren Şaumyan və A.Mikoyan rəqəmləri
konkret göstərdiklərinə görə fərqli nəticələrin
hasil olmasını onların hafizə
yanlışlıqları da hesab etmək olar.
Bütün hallarda həbs evindən 1918-ci il
sentyabrın 20-də gecə aparılanların sayı 6, 7, 8
olmaqla dəyişilir. Diqqət çəkən bir məqam
A.Mikoyanın 1922-ci il sentyabrın 20-də
"Bakinski raboçi"də dərc olunmuş
yazısındakı xatırlamalardır:
"Kameramıza...Ecəmi 16 nəfər
salınmışdı... Sentyabrın 20-nə keçən
gecə idi... Kameradakıları üç dəstəyə
böldülər. Birinci iki dəstəni
kameradan çıxardılar, bizdən ayırıb
apardılar". Həbs evindən
aparılanların ən çoxunun 8 nəfər olduğu qənaətilə
(6, yaxud 7 nəfər mümkünlüyü ilə)
onların 2 dəstəyə ayrılması da sual doğurur.
Suren Şaumyanın göstərdiyi 15 nəfərdən 5 məhbus
qadın, A.Mikoyan, Suren və Leon Şaumyanlardan savayı digərləri
7 nəfər təşkil edir. St.Şaumyan, P.Caparidze,
V.Fioletov, 2 Əmirovlar, Nikolaşvili və Zevindən ibarət
7 nəfəri 2 dəstəyə bölüb aparmağın
bir anlamı olmalıdır. Bu iki dəstə
hansı prinsiplə ayrılmışdı və kimlərdən
ibarət idi? Məhbuslar həbs evindən
aparılarkən siyahıda adlarının
qarşısındakı işarələrə görə təsnif
edilmişlər. Suren Şaumyan bu barədə
yazırdı: "İndiyədək mənasını
başa düşə bilmədiyim rəngli karandaşlarla
edilən nişanları da hökumət üzvləri
Krasnovodskda qoymuşdular". Amma Mikoyanın göstərdiyi
kimi, məhbuslar 20 sentyabr gecəsi 2 dəstəyə
ayrılmışdılarsa, dəstə üzvlərinə
görə Suren Şaumyanın rəngli işarələri
izah edə biləcək mülahizəsi olmalı idi. 7-8 nəfər üçün "onları hissə-hissə
kameradan həyətə çıxartdılar"
müşahidəsi ilk nəzərdə əhəmiyyətsiz
görünsə də, "rəngli işarələr"
hələ ki, tarixin şərh verə bilmədiyi mübhəminə
çevrilibdir. Komissar olması seçimi ilə
yanaşılsa "26-lar"ın içərisində
Bakı Soveti İcraiyyə komitəsinin cəmi 6 komissarı
var idi: Şaumyan, Caparidze, Korqanov, Fioletov, Vəzirov, Zevin.
Krasnovodskdakı həbs evində isə bunlardan 4-ü yerləşdirilmişdi:
Şaumyan, Caparidze, Fioletov, Zevin. Bu 4 nəfərin 2
Əmirovlar və Nikolaşvili ilə birlikdə 2 dəstəyə
ayrılması qeydi A.Mikoyanın xatırlamasında yer
almış və dəstə üzvlərinin adı
ayrılıqda göstərilməmişdir. Hər halda
öldürülməyə apararkən 7 nəfəri 2 dəstəyə
bölmək açıqlaması tələb olunan anlam kəsb
edir. Nəzərə alsaq ki, "bakılı
məhbuslar", o cümlədən həbs evindəki 4
komissar arasından adları ingilis əks-kəşfiyyatının
yazışmalarında hallananları da olmuşdur.
1918-ci il sentyabrın 20-dən başlayaraq
"bakılı məhbuslar"ın Aşqabada, İrana,
Hindistana aparılması haqqında xəbərlər
eşidilirdi. İran və Hindistanla
bağlı versiyalar artıq "26-lar"ın aqibətini
ingilis hərbçilərinə bağlayır, onların
güllələnməsinə görə məsuliyyəti
Böyük Britaniyanın üzərinə qoyurdu. Bu
versiyalara rəvac verən Zakaspi hökumət üzvlərinin,
eserlərin məhkəmə zamanı "komissarların
Hindistana aparılması" haqqında qətiyyətli ifadələri
olsa da, bu müddəalara yol açan faktiki materiallar, sənədlər
olmuşdur. Məşhəddəki ingilis generalı Malleson
1918-ci il sentyabrın 18-də Hindistana, Simla şəhərinə,
qərargah rəisinə teleqram vuraraq Bakıdan Krasnovodska gəlmiş
"bolşevik liderlər" Petrovun, Şaumyanın,
Arvekyanın (Avakyanın), Caparidze və Korqanovun həbs
edildiyini və "adı
çəkilən liderləri Hindistana göndərmək
üçün" Aşqabad hökumətinin ondan xahiş
etdiyini bildirmişdi. Teleqramda adları çəkilən
bolşeviklər Krasnovodskda həbsdə bir yerdə
saxlanılmırdılar. Bu
siyahıdakıların bir qismi həbsxanada, bir qismi isə həbs
evində olmuşdur. Mallesonun 18 sentyabr tarixli
teleqramına Simladan, Hindistandakı ingilis
qoşunlarının ali baş
komandanlığının ştab rəisindən
aşağıdakı məzmunda cavab gəldi: "Caparidze
general de Qandolla yaxından tanışdır və həmin
tanışlıqdan o, öz məqsədləri
üçün istifadə edə bilər. General bolşevik əhvali - ruhiyyəli adamdır,
lakin sağlam düşüncəyə və dövlət
xadiminə xas olan keyfiyyətlərə malikdir.
Sizin üçün daha ləyaqətli olardı ki, hələlik
(hələlik başqalarını Hindistana göndərə
qədər) onları Məşhəddə
saxlayasınız".
Brayn Pirs 1978-ci ildə "Morninq star" qəzetinə
məktubunda yazırdı ki, "general de Qandoll bolşevik rəhbəri
Caparidze ilə 1918-ci ilin aprelində Bakıda
görüşmüşdü və bilirdi ki, o, Sovet
Rusiyasının Almaniya ilə separat sülh
bağlamasının tərəfdarı deyildir. Bakının
türklərdən müdafiə olunmasına kömək
üçün ingilis qoşunlarının
çağırılmasına razıdır. Bədbəxtlikdən Caparidze və onun yoldaşları
üçün qurulan ingilis-hind planını Transkaspidəki
rus əks-inqilabçıları dərhal komissarları
başqa yerə aparmaq planı ilə əvəz etdilər və
hələ Suaridən teleqram yola salınmamış öz
dustaqlarını öldürdülər. Bu hadisə Britaniya hakim dairələrini həddindən
artıq əsəbiləşdirdi; Caparidzeyə olan xüsusi
maraqlarından əlavə onlar komissarları girov kimi saxlamaq
və bu yolla Sovet Rusiyasında həbsdə olan bir çox
ingilis təbəələrinin sağ qalacağına təminat
almaq istəyirdilər".
"26-lar"la
bağlı 70 il siyasi, ideoloji, elmi müstəvidə
müzakirəyə çıxarılan, dartışılan
məsələ onların ingilislər tərəfindən qətlə
yetirilməsi ittihamına dair olduğundan bir qisminin, yaxud
Şaumyanın sağ qalması ehtimalı geniş müzakirə
mövzusu olmamışdır.
Hindistanla hərbi yazışmalarda Şaumyanın
adı çəkilən son teleqram (dövriyyədə olan)
1918-ci il sentyabrın 23-nə aiddir. General
Malleson Simlaya, baş ştabın rəisinə teleqramında
yazırdı: "26 keçmiş Bakı rəhbəri
güllələnmişdir, nisbətən az tanınan
(adları əlavə olunur) 5-6 nəfərə rəhm edilmişdir...
Aşqabaddakı siyasi sazişçilər
Şaumyana, Petrova və başqalarına öz
canlarını xilas etmək imkanı kimi
baxırdılar". Bu teleqramda general öz dövlətinin
maraqları adına bolşeviklərin qətlinə
münasibətini açıq ifadə etmişdir: "Həmin
siyasilərin edamı bizə sərfəlidir, çünki
bu edam Aşqabad hökumətinin bolşeviklərə
qarşı münasibətdə bütün körpüləri
dağıtması deməkdir".
Sentyabrın
25-də Malleson konkret ad göstərmədən edamı bir
daha təsdiqləmişdir: "adı çəkilmiş
şəxslər artıq güllələnib... mən əminəm
ki, daha çox maraq doğuranlar güllələnmişdir".
Simladan, daha gec tarixdə, sentyabrın 30-da Mallesona göndərilən
teleqramda Hindistandakı Britaniya hərbi
komandanlığının "bolşevik liderlərinin qətli"ni
təqdir etmədiyi ifadə olunur. Zakaspi
hökuməti isə bolşeviklərin güllələnmədiyini,
Hindistana göndərildiklərini söyləməklə, məsuliyyəti
ingilislərin üzərinə atmaqda davam edirdilər.
Bir sıra tədqiqatçılar "Hindistan haqqında əfsanə"nin
daxili istifadə üçün də
yaradıldığını bildirir, Böyük
Britaniyanın siyasi cəhətdən şüurlu əhalisinin,
fəhlələrinin çıxışlarından ehtiyat edərək
və beynəlxalq ictimaiyyət üçün
yaradılmış bu "əfsanə"nin yaşama
qabiliyyətini uzun
ömürlü hesab etmişdilər.
Hadisənin
içərisində, iştirakçısı olmuş
şəxslərin fərqli rəqəmlər göstərməsi,
qətlin şahidlərinin ifadələrindəki ziddiyyətlər,
"26-lar" rəqəmini cidd-cəhdlə təsdiqə
yetirmək cəhdləri, 26 cəsəd qutusunun təntənəli
dəfni və nəhayət, "26" məzarın
sökülməsi zamanı cəsəd saylarının əskikliyi
barədə rəylər 1918-ci il sentyabrın 20-də
Türküstan səhrasında bolşeviklərin qətlini
sirli, müəmmalı hadisəyə çevirmişdir.
Hələ gülləbaranın izləri yeni ikən
belə "26-lar"ın aqibəti naməlum qalmaqda idi. Onların müqəddəratını
öyrənmək məqsədi ilə 1919-cu il
yanvarın 19-da Bakı fəhlə konfransı 3 nəfər
nümayəndəsini Zakaspi ölkəsinə göndərmişdi.
Amma "26-lar"ın izini tapmaq üçün həmin ilin
sonunadək gözləmək lazım gəldi.
Türküstan cəbhəsinin Hərbi İnqilab
Şurasının üzvü V.Kuybışev 1919-cu il
dekabrın 20-də "26-lar"ın
"basdırıldığı yer
tapılmışdır" xəbəri ilə RK(b)P
MK-sına və ÜRMİK Rəyasət Heyətinə
teleqram göndərmişdir. Krasnovodsk
bolşeviklər tərəfindən alındıqdan sonra cəsədlərin
təntənəli surətdə çıxarılması nəzərdə
tutulurdu. Azərbaycan sovet ordusu tərəfindən
işğal olunduqdan sonra, iyunun 13-də Bakı Soveti
"komissarların cəsədlərinin"
"Aşqabaddan Bakıya gətirilməsi, onlar
üçün Bakı və Aşqabadda abidə
qoyulması"nı qərara
almışdı. Bu barədə V.Leninə
teleqramla müraciət edilmişdi. "Cəsədlərin
Bakıya köçürülməsi və orada dəfn
edilməsi" haqqında ÜRMİK qərar
çıxarmış və bu məqsədlə xüsusi
komissiya yaradılmışdı. 8 iyulda verilmiş bu qərardan
düz 2 ay sonra 1920-ci il sentyabrın 8-də
"bakılı məhbuslar" təntənəli şəkildə
Bakıda dəfn edildilər. "26-lar"ın
qətli "imperialist dünyasına", "ingilis müstəmləkəçilərinə"
qarşı bir ideoloji silaha çevrildiyindən, onların dəfn
mərasimini dünya sosialist hərəkatının
ünlü simalarının Bakıya toplaşacaqları
zamana təyin etdilər. Ümumrusiya Mərkəzi
İcraiyyə Komitəsi "həlak olmuş bakılı
yoldaşların cəsədlərinin gətirilməsini
Şərq xalqları qurultayı zamanına salmağı məsləhət
gördü". Xüsusi ssenari ilə həyata
keçirilən dəfn mərasimi kapitalizm dünyasına
meydan oxumaq mesajı idi. Birinci olaraq
çıxış edən N.Nərimanovun "qocaman Şərqi
xəbərdar etmək" istədiyi nitqinə başlamazdan
əvvəl tərəddüd etdiyi barədə şifahi
tarixin yaşatdığı məlumat da maraq doğurur.
Gətirilmiş 26 tabutun içərisində nələr
olduğunu bilmədiyini söyləmiş Nərimanovun
şübhəli narahatçılığı da diqqət
çəkir.
Sovet ideologiyasının "müqəddəslik"
simvoluna çevrilmiş "26-lar" həm toxunulmazlıq
statusu qazandı, dəfn meydanı isə ziyarətgaha
çevrildi.
Zakaspi qumluğundan tapılmış sümüklərin, cəsədlərin
kimə məxsus olmasından asılı olmayaraq, onları
öz hakimiyyətlərinin təməl sütunları kimi
bütləşdirən bir dövlət illərlə "komissarların"
isimləri ilə ideoloji və siyasi möhtəkirlik etdi. Adlarını əbədiləşdirdilər,
ildönümlərini siyasi ayinə çevirdilər. Həmin dövlət süqut etdi. Amma yaratdığı rəvayətlərdən
biri kimi "26 Bakı komissarı" əfsanəsi fərqli
prizmadan təftişə məruz qaldı. Adları bir siyahıya düşmüş 26 nəfərin
hər biri öz əməlinə görə eyniləşdirilə
bilməz. Amma bütün ehtimallara
baxmayaraq, ən azından əksəriyyəti eyni aqibəti
paylaşdı. Minlərlə məsum
müsəlman kütləsinin qətliamı məsuliyyətini
daşıyan şəxslər müvafiq əməllərinə
görə olmasa da cəzasız qalmadılar. Azərbaycan Cümhuriyyətinin Fövqəladə
Təhqiqat Komissiyasında adı ittiham olunanlar Bakı həbsxanasında
qalsaydılar hüququn gücü ilə mühakimə
olunacaqdılar, amma ən ağır cəzanı
"sosialist" yoldaşlarından aldılar. Minlərlə azərbaycanlının qətlinə
cavabdeh olan Bakı komissarlarının adları Azərbaycan
tarixində dönə-dönə çəkiləcəkdir.
Onlara hüquqi cəza vermək imkanı
mümkün olmasa da, tarixi ittihamı xətm olunmayacaq müqəddəratı
yaşamağa məhkumdurlar.
Firdovsiyyə
ƏHMƏDOVA,
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik
Akademiyasının Tarix kafedrasının müdiri, əməkdar
müəllim
Azərbaycan.-2014.- 1 oktyabr.- S.10.