Azərbaycan növbəti beynəlxalq tədbirə ev sahibliyi edir

 

Dinamik inkişaf edərək regionun lider dövləti statusunu qazanan Azərbaycan siyasi, iqtisadi, idman, sosial və sair tədbirlərin keçirildiyi məkan kimi tanınır. Təbii ki, bütün bunlar respublikamızın beynəlxalq səviyyədə artan nüfuzundan və imicindən xəbər verir. Azərbaycan bu gün həm də mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə bir mərkəz kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Xüsusilə ölkəmizin humanitar əməkdaşlığın gündəliyini müəyyənləşdirən təşəbbüslər irəli sürməklə və bu istiqamətdə genişformatlı tədbirlər keçirməklə multikulturalizmə böyük önəm verən məkana çevrilməsi dünyanın qəbul etdiyi reallıqdır.

Bir faktı xüsusi qeyd etmək lazımdır: Azərbaycan dünyada analoqu olmayan nadir ölkələrdəndir ki, o, eyni zamanda həm Avropa, həm də Asiyanı təmsil edən müxtəlif  beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur. Bu baxımdan Azərbaycanın humanitar əməkdaşlığa, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, bu istiqamətdə təşkil etdiyi tədbirlər sanballı olmaqla bərabər, çağdaş çağırışlarla daha çox səsləşir.

Son bir neçə ildə Azərbaycan onlarla bu cür tədbirə evsahibliyi edib. 2009-cu ilin oktyabrında ölkəmizdə "Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ili çərçivəsində dünyanın 45-dən çox ölkəsindən, eləcə də ISESCO, Avropa Şurası, TÜRKSOY və digər təşkilatlardan 200-dən çox nümayəndənin iştirakı ilə respublikamızda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı, 2011-ci il aprelin 7-də isə 20 ölkədən 435 qonağın, o cümlədən Avropa Şurası Parlament Assambleyası, ISESCO, Dünya İctimai Forumu, UNESCO və BMT rəsmilərinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.

Bunlarla yanaşı, Azərbaycanda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bir sıra tədbirlər - "Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişibu ğünü", "Gənclər sivilizasiyaların alyansı naminə" mövzularında  beynəlxalq konfranslar, "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum, "Dünya gənclərinin 4-cü məşğulluq sammiti" və s. keçirilib. 2011-ci ilin aprelində isə Azərbaycan 102 dövlətin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib. Mədəniyyətlərarası dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən müasir cəmiyyətlərdə ayrı-ayrı humanitar aspektlərin nəzərdən keçirilməsi və yerli, regionalqlobal səviyyələrdə gücləndirilməsinə təşviq edilməsi forumun əsas məqsədi olub.

Bu gün qloballaşan və dəyişən dünya nizamında sivilizasiyalar arasında münasibətlərin yeni formaları yaranır, dəyərlər sisteminin arxitekturasında dəyişikliklər baş verir, fərqli düşüncə mədəniyyəti formalaşır. Bütün bu amillər humanitar məsələlərin müzakirəsi istiqamətində də yeni platformasını formalaşdırmaq zərurətini yaradır. Bu zərurəti nəzərə alan Azərbaycan humanitar əməkdaşlığın gündəliyini müəyyənləşdirən təşəbbüslərlə çıxış edir. Bu baxımdan 2011-ci il oktyabrın 10-11-də Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin təşəbbüsü və himayəsi ilə "XXI əsr: ümidlər və çağırışlar" devizi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu ölkəmizin humanitar dialoqda əsasını qoyduğu mühüm beynəlxalq platformadır. Bu tədbirin təşkil edilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul olunmuşdu. Humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərin müzakirəsi üçün nüfuzlu bir platforma kimi nəzərdə tutulmuş forumun məqsədi XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavablar axtarmaq, növbəti onilliklər üçün strategiyanı müəyyən etməkdir.

Birinci forumda siyasətçilər, sabiq dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dünyanın müxtəlif ölkələrindən gəlmiş adlı-sanlı alimlər və mədəniyyət xadimləri, o cümlədən Nobel mükafatı və digər nüfuzlu mükafatların laureatları, aparıcı KİV rəhbərləri, ictimai xadimlər öz fikirlərini bölüşmək üçün Bakıda toplaşmışdılar. Konkret ifadə etsək, forumda 38 ölkədən, o cümlədən Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Türkiyə, Gürcüstan, Misir, İran, Pakistan başqa ölkələrdən, 6 beynəlxalq təşkilatdan 263 nümayəndə iştirak etmişdi. Onların arasında 3 Nobel mükafatı laureatı, 6 sabiq prezident, Avropa Parlamenti, UNESCO, ISESCO, İslam Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq qurumların nümayəndələri də var idi. Azərbaycan tərəfdən forumun plenar iclasında 316 alim, siyasiictimai xadim iştirak edib. Foruma bu qədər məşhur şəxslərin gəlməsi onun gündəliyinin, habelə iştirakçılara təqdim edilən və ətraflı müzakirəyə ehtiyacı olan məsələlərin aktuallığına dəlalət edirdi.

Bu forumun əsas yekunlarından biri ondan ibarətdir ki, qloballaşma yalnız bütün bəşəriyyətə məxsus olmağa əsaslanan ümumi gələcəyin formalaşması üzrə genişmiqyaslı və israrlı səylərin həyata keçirilməsi yolu ilə ədalətli xarakter kəsb edə bilər. Forum iştirakçılarının qənaəti belə oldu ki, qloballaşan müasir dünyada dəyər sistemləri yenilənir, sosial və mədəni proseslər sürətlənir, həyatın bütün sahələrində fundamental dəyişikliklər yaradan siyasi və mənəvi irəliləyişlər baş verir, əvvəlki tarixi dövrlərdə cəmiyyətin şüurunda formalaşmış stereotiplər və sosial təsəvvürlər dəyişir. Bu şəraitdə elmin və təhsilin inkişafı, yeni texnologiyaların yaranması, informasiya cəmiyyətinin təşəkkülü vaxtilə sırf nəzəri təsir bağışlayan bir sıra problemləri aktuallaşdırır.

Birinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının mövqeyi yekunda qəbul olunan Bakı Bəyannaməsində öz əksini tapıb. Bəyannamədə bu qəbildən olan forumların vaxtaşırı keçirilməsinin zəruriliyi də qeyd olunub. Bu təklifi dəstəkləyən Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il oktyabrın 24-də Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən Bakı Forumunun ənənəvi olaraq keçirilməsini təmin etmək üçün Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə təşkilat komitəsi yaradılıb.

İkinci Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkədən 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak etmişdi. Onlardan 10 nəfəri sabiq dövlət başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru, 10-u mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimaisiyasi xadim idi. Forumda müxtəlif ölkələrdən olan görkəmli elm və mədəniyyət xadimlərinin, o cümlədən Nobel mükafatı laureatlarının iştirakı ilə "dəyirmi masa"lar təşkil olundu. Bunlar iqtisadi inkişaf modellərinin humanitar aspektləri, konvergensiya edən texnologiyalar və gələcəyin konturları, müasir KİV və yeni çağırışlar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi, XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar, müasir təbabətə və molekulyar biologiyaya baxışları dəyişən texnologiyalar, multikulturalizm və mədəni özünüdərk, cəmiyyətin həyatında multikulturalizm məsələlərinə həsr olunmuşdu.

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumuna da dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr gəlmişdi. Onlar arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər vardı. İki gün ərzində forumda səkkiz sahə üzrə "dəyirmi masa"lar təşkil edildi. Belə ki, forumda "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizmözgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövründə milli özünüdərk", "Davamlı inkişafekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri" mövzularında "dəyirmi masa"lar keçirildi.

Bu gün isə IV Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. İki gün davam edəcək forumda "Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru", "Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri", "İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu", "Davamlı inkişafekoloji sivilizasiya", "Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında", "Molekulyar biologiyabiotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər", "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "Humanizm postmodern dövrün başlıca dəyəri kimi" mövzularında "dəyirmi masa"lar keçiriləcək. Forum iştirakçıları üçün Bakı şəhəri və ölkənin regionları, Azərbaycan xalqının zəngin mədəni irsi və incəsənəti ilə tanış olmaq üçün geniş proqramlar təşkil olunacaq.

Humanitar forumların keçirilməsi üçün məhz ölkəmizin seçilməsi təsadüfi deyil. Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün həqiqətən də əvəzsiz məkandır. Xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya dinamik inkişafın nəticəsi olaraq Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan nüfuzunun şahidinə çevrilir. Elə bu amillər də Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda dünyanı düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsini şərtləndirir. Bununla bərabər, Azərbaycanın sürətli inkişafı, dünya birliyində nüfuzunun artması ölkəmizdə tərəqqiyə və qarşılıqlı anlaşmaya xidmət edən belə konfransların, forumların tez-tez keçirilməsinə təsir göstərir. Bu isə öz növbəsində qloballaşan dünyada dialoqa, qarşılıqlı anlaşmaya kömək edən amillərdir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 2 oktyabr.- S.4.