Azərbaycanda milli, dinietnik baxımdan yüksək

 səviyyədə qorunan sabitlik gözəl nümunədir

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Braziliyanın xarici işlər nazirinin müavini Hadil Fontes Da Roşa Vianna və bu ölkənin Bakıdakı səfiri Santiaqo Luis Bento Fernandez Alkazar ilə görüşüb.

AzərTAc xəbər verir ki, Kamal Abdullayev görüşdə Azərbaycanda dərin tarixi köklərə malik multikulturalizm və tolerantlıq mədəniyyətinin bu gün dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən milli azlıqlara, dini icmalara göstərilən bərabər münasibətdən, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi üçün atılan mütərəqqi addımlardan, həmçinin bu sahə üzrə Dövlət Müşavirliyi Xidmətinin yaradılmasından ətraflı söhbət açıb.

Dövlət müşaviri Azərbaycan ilə Braziliya arasında multikulturalizm baxımından gələcəkdə əməkdaşlığın qurulması üçün hər iki ölkədə olan etnik müxtəlifliyin böyük əhəmiyyət daşıdığını bildirib, bu sahədə müsbət təcrübənin mübadiləsinə ehtiyac olduğunu deyib. Kamal Abdullayev ölkəmizin müharibə şəraitində olduğunu, bir milyondan çox soydaşımızın öz yurd-yuvalarından didərgin düşdüyünü, lakin buna baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində sülhpərvər mövqe tutduğunu söyləyib.

Kamal Abdullayev Prezident İlham Əliyevin “Neft kapitalının insan kapitalına çevrilməsi” ideyasından, Heydər Əliyev Fondunun dünyanın bir sıra ölkələrində həyata keçirdiyi xeyiryyəçilik fəaliyyətindən ətraflı danışıb.

Braziliyanın xarici işlər nazirinin müavini Hadil Fontes Da Roşa Vianna Azərbaycanda milli, dini və etnik baxımdan yüksək səviyyədə qorunan sabitliyi xüsusi dəyərləndirib. O bildirib ki, Azərbaycanın bu sahədə əldə etdiyi müsbət təcrübə Braziliya üçün çox gözəl nümunədir. Nazir müavini IV Bakı Beynəlxalq Humanitar Forumunda da çıxışını əsasən bu istiqamətdə quracağını, milli və dini məsələdə Azərbaycanın əldə etdiyi uğurlardan danışacağını bildirib. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə inandığını deyən qonaq Azərbaycanın xarici siyasətindəki mədəniyyət amilinin bu problemin həllinə müsbət təsiri olacağına əminliyini ifadə edib.

Söhbət zamanı Braziliyanın və Azərbaycanın elm, təhsil, mədəniyyət adamlarının gələcək əməkdaşlığı mövzusunda da fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.-2014.- 2 oktyabr.- S.4.