Ölümü ilə doğumu eyni günə düşdü

 

28 oktyabr 1995-ci il. O payız gecəsində dəhşətli bir xəbər yayıldı - Bakı Metropoliteninin "Ulduz" və "Nərimanov" stansiyaları arasında sərnişin qatarı qəza nəticəsində yanmağa başlamışdır. Çox ağır faciənin qarşısını alanda itkilər də çox oldu. Terror nəticəsində 286 nəfər həyatını itirdi, 269 nəfər yaralandı. Amma o çətin məqamda adamlara həyan olmaq, onları ölümün pəncəsindən xilas etmək o qədər də asan deyildi. Çingiz Babayev vaxt itirmədən kursant dostları ilə birgə onlarla adamı alovun-odun pəncəsindən xilas etdi. Artıq taqətdən düşürdü, fiziki gücü tükənirdi. Amma qeyrəti, milli qüruru hər şeyi üstələyirdi. Ölümlə pəncələşirdi, kömək üçün ona doğru qaçanlara əl tuturdu. Özübilirdi ki, belə anlarda həyatının son dəqiqələrini yaşayır, yenə də özünün xilasından çox əhatəsindəki adamları düşünürdü. Düşünürdü ki, bu çarəsiz adamlara kömək lazımdır. O adamlar ki huşsuz halda yerə yıxılıb inildəyirdilər, həyəcandan, qorxudan titrəyirdilər. Belə çaşbaşlıq içərisində bir cavan gəlin qundaqdakı 5-6 aylıq çağasını Çingizə sarı uzadır: - Qurban olum qardaş, mən cəhənnəm, balamı qurtarın!

Çingiz tərəddüd etmədən körpəni köksünə basır. Onda körpənin anası huşunu itirib yerə yıxılır. Çingiz həm anaya, həm də balaya kömək etməli olur. Onları çətinliklə də olsa "Ulduz" stansiyasına tərəf aparır. Hər ikisini xilas edəndən sonra yenidən geriyə dönür - alovların arasına. Həyatını nə qədər təhlükələr gözləsə də, geriyə çəkilmir, belə məqamda özünü unudur. Milli təəssübkeşlik hissi, vətəndaşlıq qüruru cidd-cəhdlə tələb edirdi ki, ölümə qalib gəlməlisən! Bu, adi çağırış deyildi, içəridən gələn bir haray idi.

Çingizin atası Adil müəllim deyir ki, bircə ona təəssüf edirəm ki, o gecə dəhşətli faciədə oğlumun xilas etdiyi adamların sonrakı taleyindən xəbərim olmadı. Heç o balaca körpənin də sorağını almadım. Yəqin ki, bu gün 20 yaşlı cavan oğlandır. Amma biz Çingizi 31 yaşında itirdik. Bu, bizim üçün adi itki deyil. Gözümüzü dikdiyimiz, ümid yeri bildiyimiz yeganə oğlumuz şəhid oldu. Bu gün də təsəllimiz odur ki, övladımız öz ölümü ilə onlarca adamı həyata qaytardı. Elə bilirəm ki, Çingizin qalan ömrü onlarla bahəm yaşayır. Nə yaxşı ki, bizim də belə təsəlli yerimiz var. Yoxsa çətin olar. Bizi ovunduran, bir qədər mənəvi əzablardan xilas edən də Çingizin əməlləridir.

Qəhrəmanlıq Çingiz Babayevin alın yazısı idi. O, hələ 1994-cü ilə qədər döyüş bölgələrində ağır sınaqlardan keçmişdi. Cəbhə boyu səngər döyüşlərində düşmənlə üz-üzə qalmışdı. Atəşkəs elan edilənə qədər geriyə dönməmişdi. Deyirdi ki, bu torpaq düşmən tapdağı görməməlidir. Bizim eldən-obadan pay verməyə haqqımız yoxdur. Bu Vətən bizi ona görə böyüdüb ki, ona layiqli övlad ola bilək. Sən demə, qəhrəmanlıq üçün zaman və məkanın o qədər də fərqi yoxdur. Bu məqam üçün başlıca meyar sənin içindəki təpərdi, milli dəyərlərdi. Bunun başqa yozumu yoxdur.

Çingizi tanıyanlar, dostları deyirlər ki, o, heç vaxt ölümdən qorxmurdu. Elə bil qorxu ilə onun arasında keçilməz sədd yaratmışdılar. Metroda terror hadisəsi baş verəndə, Çingiz ölümlə üz-üzə qalanda da özünü yox, ondan kömək uman adamları düşünürdü. Hadisə şahidlərinin dediyinə görə, Çingiz yaralıları xilas etmək üçün bir neçə dəfə yanğının tüğyan etdiyi yerə tərəf gedir. Xilas etdiyi adamları perrona çatdırandan sonra yenidən geriyə dönür. Faciə yerinə gələn həkim briqadası yaralılara yardım etməyə cəhd etsə də, ölənlərin sayı xeyli çoxalır, zəhərli tüstü işini görür. Yanğının tüstüsündə boğulan Çingiz özü həyatını itirsə də, xatirəsi əbədi yaşayacaq - Milli Qəhrəman kimi, təpərli oğul kimi!

Bu günlərdə "Əfsanəvi qəhrəman" adlı kitabı vərəqləyirdim. Südabə Sərvinin və Aləmzər Sadıqqızının ərsəyə gətirdiyi yazılar Milli Qəhrəman Çingiz Babayevin mənalı həyatına işıq salır, onun keçdiyi şərəfli yola bələdçilik edir. Nədənsə, hər iki müəllif etiraf edir ki, kitabın hər sətrini yazıb başa çatanda canımızda yaza bilmək əzabı vardı. Bu əzabı qəhrəmanın doğmaları, yaxınları ilə birgə keçirirdik, duyurduq. Çingiz Babayevin qısa, lakin mənalı həyatından fraqmentlərlə tanış olduqca bir oxucu kimi bizim hər birimiz bu əzabı, ağrını yaşayırıq. Ona görə ki, o gecə təkcə doğmalar, yaxınlar yox, bütün Azərbaycan sarsılmışdı. Ulu öndər Heydər Əliyev də titrək səslə xalqımıza səbir və təmkin diləməklə üç günlük matəm elan etmişdi. O terror hadisəsində yeganə oğlunu itirmiş atanın, ananın ağrı-acısı bəlkə də ölçüyə-biçiyə sığmırdı. Amma "Allah dərdi çəkənə verir" - deyiblər. Bu dərd nə qədər ağır olsa da, hamımız birlikdə çəkməliyik, şərik və ortaq olmalıyıq. Belə olanda ağrılarımız, əzablarımız bir qədər yüngülləşir, bir-birimizə həyan olmaq cəhdimiz artır.

Bu gün Milli Qəhrəmanın atası ixtiyar yaşlı Adil müəllim də olub-keçənləri tam aydınlığı ilə dərk edir. Özü demişkən, məni ovunduran, dərdimə şərik və ortaq olan o qədər adamlar var ki... Elə bir oğul böyütmüşdük ki, dar günün dayağı, çətin günün həyanı idi. Çingiz kimi oğullarla öyünmək, fəxr etmək olar.

Çingizin anası Səadət xanım deyir ki, tək oğul övladımı itirsəm də, mənə ana deyən onlarca oğul tapdım. Çingiz o oğulların xilaskarı olub. Özü getsə də, heç olmasa onları yaşadıb. Bir də təsəllimiz odur ki, dövlətimiz, xalqımız unutqan deyil. Öz övladına qayğı ilə yanaşır, xatirəsini əziz tutur. Sən demə, Qarabağ müharibəsi başlayandan bəri məndən də dərdli analar olub. Biz bir-birimizə dayaq olub, ovuna-ovuna yaşayırıq. Nə yaxşı ki, təsəlli yerimiz var, yoxsa çətin olar, çox çətin!

Səadət xanım deyir ki, o gecə ulu öndər Heydər Əliyevin təsəllisi, təpərli dəstəyi də bizə həyan oldu. "Bu, xalqımızın ümumi kədəridir" - dedi. Hadisədən bir qədər sonra lap bugünə qədər kədərimizə, ağrımıza şərik çıxan adamları həndəvərimizdə, əhatəmizdə görürdük. Bütün bunlar bizim ağrılarımızın, dərdlərimizin məlhəminə çevrilirdi.

Milli Qəhrəman Çingiz Babayev əməlləri ilə böyük şücaət göstərdi. Sübut etdi ki, qəhrəmanlar ölümdən qorxmurlar. Onu təhsil aldığı Cəmşid Naxçıvanski adına Ali Hərbi Məktəbdə də hörmətlə xatırlayırlar. Məktəbdə onun adına ayrılan guşə çox şeydən soraq verir. Çingiz haqqında yazılan qəzet məqalələri, uşaqlıq şəkilləri, fəxri fərmanlar, ən nəhayət, haqqında yazılan kitab Milli Qəhrəmanın ömür yoluna bələdçilik edir. Deyirlər ki,  bu ali hərbi məktəbin kursantları hər gün Milli Qəhrəmanla həmsöhbət olur. Onun adını və əməllərini yaşadacaqlarına and içirlər.

Çingiz Babayev haqqında yazılan "Əfsanəvi qəhrəman" kitabından bir fraqment: "Cəmi 31 yaşı vardı. Hələ ailə qurmamışdı. Atası Adil müəllimdən "bəs niyə evləndirmirdiniz onu, heç olmasa bir yadigarı qalardı" - deyə soruşduq.

Adil müəllim köks ötürüb cavab vermişdi - "özü evlənməyə tələsmirdi. Sanki qabaqcadan hadisələri hiss edirdi. Əlbəttə, hadisələri hiss etsə də, etməsə də, alın yazısı ilə barışırdı. O, bilərəkdən və qəsdən heç nəyin ssenarisini yazmırdı. Həyatın tələbinə və zəruri ehtiyacına uyğun hərəkət edirdi. Amma bütün əməllərini ölçüb-biçirdi. Çalışırdı ki, onun xeyirxahlığından adamlara da pay düşsün. "Kiminsə sevindiyini görəndə ona qoşulmaqdan çəkinməzdi..."

Çingizin taleyində doğumu ilə bağlı qəribə bir məqam var: oktyabrın 2-də anadan olub. Amma doğum haqqında şəhadətnaməsini oktyabrın 28-də alıblar. Elə həmin gün dünyasını dəyişdi. Doğum günü həm də ölüm günü oldu. Amma qəhrəmanlar, şəhidlər heç vaxt ölmürlər. Xalqımız onları əbədi yaşadır, xatirəsini əziz tutur. Çingizin də taleyinə belə əziz tutulmaq qisməti düşmüşdü...

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2014.- 2 oktyabr.- S.6.