Rusiyada azərbaycanlı naşirin yubileyi qeyd olunub

 

Rusiyanın Ulyanovsk şəhərindəki "Ulyanovsk çap evi"ndə milli poliqrafiyamızın inkişafında böyük xidmətləri olan, Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərovun 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Şəddat Cəfərovun mənalı ömür yolundan və "Ulyanovskaya Pravda" (hazırkı "Ulyanovsk çap evi") nəşriyyatında baş direktor vəzifəsində çalışdığı illərdə gördüyü işlərdən söz açılıb.

Vurğulanıb ki, o, "Ulyanovskaya pravda" nəşriyyatında işlədiyi vaxtlarda da elmiictimai fəaliyyətini davam etdirib.

Tədbirdə yubilyara Ulyanovsk vilayətinin rəhbərliyi və digər təşkilatlar adından fəxri fərman, diplom və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Səfər çərçivəsində Şəddat Cəfərov bu şəhərdə yaşayan diasporumuzun nümayəndələri ilə birgə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və görkəmli siyasi xadim Nəriman Nərimanovun Ulyanovskda ucaldılmış abidələri önünə tər çiçəklər qoyub.

Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində əsaslı təmir etdirdiyi Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbini ziyarət edən Ş.Cəfərov burada yaradılmış Azərbaycan tarixi və mədəniyyəti muzeyi ilə tanış olub.

 

Azərbaycan.-2014.- 2 oktyabr.- S.8.