Azərbaycanın birinci xanımının dəstəyi ilə İslamabadda

 kimsəsiz uşaqlar üçün xeyriyyə tədbiri keçirilib

 

 

Pakistanın İslamabad şəhərindəki Beyt-ul-Mal kimsəsiz uşaq evində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirilib.

İslamabad və Ravalpindi şəhərlərindəki 6 kimsəsiz uşaq evinin 800 nəfərdən çox sakini üçün təşkil olunmuş tədbirdə Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Azərbaycan səfliyinin əməkdaşları, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Beyt-ul-Mal uşaq evinin direktoru Abid Vahid Şeyx çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya pakistanlı kimsəsiz uşaqlara Qurban bayramı münasibətilə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib. O, deyib ki, ilahi sevgidən yaranan bu bayram günündə Azərbaycanın birinci xanımının belə bir təşəbbüsü onun humanistliyinin, İslam dəyərlərinə sadiqliyinin, həmçinin iki xalq arasında əlaqələrə verdiyi önəmin göstəricisidir. Abid Vahid Şeyx 2012-ci ildən başlayaraq Heydər Əliyev Fondunun mütəmadi olaraq Beyt-ul-Mal uşaq evinə yardımlar etdiyini bildirib.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Mehriban Əliyevanın adından tədbir iştirakçılarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Səfir Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən uğurlu layihələr haqqında ətraflı məlumat verib.

O bildirib ki, oktyabrın 6-dan 8-dək Heydər Əliyev Fondu adından qurbanlıqlar kəsilərək Pakistanda daşqından və seldən zərər çəkmiş insanlara paylanacaq.

Tədbirdə İslamabad və Ravalpindi şəhərlərində fəaliyyət göstərən uşaq evlərinin hər bir sakininə hədiyyələr təqdim edilib, uşaqlara nahar verilib.

Mərasimin sonunda uşaqlar üçün musiqi və əyləncə proqramları təşkil olunub.

Sonra tədbir iştirakçıları uşaq evində Pakistan Hökuməti və Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma işləri ilə tanış olublar.

Səfir Daşqın Şikarov, Abid Vahid Şeyx və Pakistan Milli Assambleyasının deputatı Malik Üzeyir Xan jurnalistlərə müsahibə veriblər. Müsahibələrdə ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrindən, Azərbaycanın birinci xanımının Pakistanda həyata keçirdiyi xeyriyyə aksiyalarından danışılıb.

 

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

İslamabad

Azərbaycan.-2014.- 2 oktyabr.- S.8.