A dağlar,
qoşa dağlar...
2 oktyabr Xocəvənd rayonunun işğal günüdür
Xocavənd rayonu deyiləndə həmişə yada dağlar düşür. İndi
o dağların işğalından
22 il ötür.
Bir vaxtlar bu rayon əzəmətli dağları, qayaları ilə Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı,
Laçın, Şuşa, Xocalı
rayonları ilə həmsərhəd idi.
1988-ci ilin fevralından
başlayan Qarabağ müharibəsində bu dağlar üçün
145 nəfər şəhid
oldu - onların 13 nəfəri qadın, 13 nəfəri uşaq. İşğal nəticəsində
rayonun azərbaycanlılar
yaşayan 10 kəndində
1723 yaşayış evi
talan edildi. 47 sənaye, 144 kənd təsərrüfatı obyekti,
17 təhsil müəssisəsi,
4 məktəbəqədər tərbiyə ocağı,
32 səhiyyə müəssisəsi,
59 mədəniyyət obyekti,
10 tarixi abidə, rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 kilometr
avtomobil yolu, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri
xətti dağıdılaraq
yararsız hala salındı, 202 hektar meşə sahəsində
qiymətli ağac növləri qırılaraq
məhv edildi.
10 aprel 1994-cü ildə
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin Xocavənd rayonu ərazisindəki cəbhə
xəttinə səfəri
zamanı döyüşçülərlə
görüşü, bir
neçə cəsur
döyüşçüyə Vətənin yüksək
mükafatlarını təqdim
etməsi tariximizin uğursuz gedişinə dərhal öz təsirini göstərdi. Belə
bir görüşdən
sonra hərbçilərimizin
böyük şücaət
və qəhrəmanlıqları
sayəsində elə
həmin il
Xocavənd rayonunun
14000 hektar ərazisi düşməndən azad
edildi. Hazırda həmin ərazilər
ordumuzun nəzarəti
altındadır və
rayon sakinləri orada gündəlik təsərrüfat
işləri ilə məşğul olurlar.
Döyüşçülərin bu şücaətini yüksək qiymətləndirən
Prezident İlham Əliyev 2008-ci il
oktyabrın 4-də Xocavənd
rayonundan olan məcburi köçkünlər
üçün salınmış
500 ailəlik qəsəbənin
açılışında deyirdi: "İndi çadır şəhərciklərinin
heç biri yoxdur. Biz hamısını
ləğv etdik.
Onların yerində belə
gözəl evlər tikdik. Siz buna layiqsiniz,
daha da böyük
imkanlara layiqsiniz və gələcəkdə
daha böyük işlər görüləcəkdir".
Nərgiztəpədəki abidə
Qarabağ dərdinə dözə
bilməyənlərin bir
təsəlli yeridir - Nərgiztəpə.
Bura həm də Xocavənd rayonunun, keçmiş Dağlıq
Qarabağın işğaldan
kənarda qalan bir hissəsidir. Onun işğalına, yəqin
ki. dözən
olmazdı. Nərgiztəpənin tarixi lap qədim
dövrlərə gedib
çıxır. Mərhum
alimimiz Şamil Cəmşidov öz tədqiqatlarında bu əraziyə, buradakı qəbirlərə xüsusi
diqqət ayıraraq onun Dədə Qorqud boylarında tez-tez xatırlamaqla yanaşı, bu əzəmətli abidənin
qəhrəmanlarından olan
Qaraca Çobanın qəbrinin də məhz burada olduğunu qeyd edirdi. Qarabağ dağ silsiləsinin
axırında yerləşən
Qaraçux dağı
da həmin eposda tez-tez yada salınır. "Qaraçuğun aslanı" ifadəsi də həmin dastandadır. Qaraca Çobanın
arxac yeri də Qaraçux dağının döşündədir
və yüz illər əvvəl olduğu kimi, indi də Qaraca
Çobanın narahat
ruhu Ağdamdan, Ağcabədidən, Beyləqandan
gələn yollara baxmaqdadır.
Yüzillər boyu insanlarımızın
ziyarət yerinə çevrilən bu qədim ərazidə xeyli vaxtdır Xocavənd Rayon İcra Hakimiyyətinin köməyi
ilə abadlıq işləri aparılıb,
möhtəşəm abidələr
ucaldılıb. Azərbaycan tarixinin son illərini
əhatə edən şərəfli bir dövr də bu abidələrdə öz əksini tapıb. Bu, həm də şəhidlik abidələridir.
Artıq xeyli vaxtdır ziyalılar, millət vəkilləri, ali məktəb
tələbələri bu
abidənin ziyarətinə
gəlir, burada dayanıb doğma torpaqlara lap yaxından baxa bilirlər. Çünki Nərgiztəpədən baxanda Qarabağ da yaxşı görünür, ona aparan yollar da.
Düşmənin beş addımlığında yerləşən
bu abidələrin üzərində Azərbaycanın
əzəmətli bayrağı
dalğalanmaqdadır. Bu bayrağı qarşı
tərəf çox yaxşı görür.
Artıq
o əzəmətli bayrağın
zəfər yürüşü
başlayıb. Onun
Xankəndidə, Şuşada
dalğalanacağı günə
çox qalmayıb. O
günü yaxın edən isə Azərbaycan Ordusu, Azərbaycan əsgəri və bütün Azərbaycan cəmiyyətinin,
gəncliyinin iradəsidir.
O gəncliyin arzusunu, iradəsini isə ölkə Prezidenti İlham Əliyev belə ifadə edib: "Bakıda, çadır şəhərciyində
doğulan, Qarabağdan
olan hər bir gənc Qarabağa
qayıtmaq arzusu ilə yaşayır. Qarabağ heç vaxt unudula bilməz, heç vaxt!"
Görünən dağa nə bələdçi
Yeni Xocavənd qəsəbəsində
təhsil alan məcburi köçkün
uşaqlarına bağçada
da, məktəbdə
də əsl Vətən dərsləri
keçilir. Onlar tək yaşadıqları
bölgənin, kəndin,
obanın deyil, bütün Azərbaycanın,
türk dünyasının
problemlərindən, faciələrindən
danışırlar. Onlar həm
də ataların, babaların şanlı-şərəfli
döyüş yolundan,
qəhrəmanlıq tariximizdən
ürəklə, qürurla
şeirlər söyləyir,
mahnılar oxuyurlar.
Ortada böyük bir həqiqət var: bu uşaqlar
torpaq uğrunda döyüşməyə, Vətənin
xilası üçün
canlarından keçməyə
hazırdırlar. Peyğəmbərimizin
sözləridir: "Uşaqlar
valideynlərindən daha
çox yaşadıqları
dövrə, zəmanəyə
oxşayırlar." Xocavəndli uşaqlar
daha bir həqiqətdən xəbər
verirlər. Onlar
öz ata-anaları, bir də vuruşan,
hər an vuruşmağa
hazır olan qardaş-bacıları ilə
fəxr edir, onlara
bənzəmək istəyirlər.
Çünki onların
hər gün salam verdikləri,
yollarına baxdıqları
dağları var. Bizim
dağlar da bizim adamlara bənzəyirlər - gözləməkdən
yorulmaz və usanmazlar. Gözləyən yurd yerləri
qaldıqca bu əhdi-vəfa, sədaqət,
etibar söhbətləri,
çətin ki, keçib getsin, unudulsun.
Nərgiztəpədən dayanıb vaxtilə oxuduğum məktəbin, doğulduğum
evin xarabalığına
baxmaq ağırdır,
Qarabağın bir parça torpağında
yaşadığın bu
hissləri ifadə etmək ondan da çətindir, bəlkə də mümkünsüzdür... Amma
Qarabağ həmişə
bütün müşkülləri
adladığı, çətinlikləri
asan etdiyi kimi, bu məşəqqəti
də adlayar, inşallah!
Bəxtiyar QARACA,
Azərbaycan.-2014.- 2 oktyabr.- S.7.