Bakıda IV Beynəlxalq
Humanitar Forum işə başlayıb
Azərbaycan Prezidenti İlham
Əliyev Forumun rəsmi açılış mərasimində
iştirak edib
Oktyabrın
2-də Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq
Humanitar Forumu işə başlayıb.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva Forumun rəsmi
açılış mərasimində iştirak ediblər.
Bakı
Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq
məsələlərinin müzakirə edildiyi nüfuzlu bir
məkandır. Mədəniyyətlər, sivilizasiyalar və
konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri
olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi
üçün ideal yerdir.
Forum XXI əsrdə
bəşəriyyətin qarşısında duran qlobal
çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla
bağlı ən mühüm məsələlərə
dair geniş spektrli dialoqlar, fikir mübadilələri və
müzakirələr aparmaq üçün beynəlxalq
miqyasda nüfuzlu elmi-siyasi platformadır.
Dövlət
başçısı Forumun açılışında
nitq söylədi.
Azərbaycan Prezidenti İlham
Əliyevin nitqi
- Hörmətli
xanımlar və cənablar!
Əziz
dostlar!
Bu gün
Bakı Beynəlxalq Humanitar Forumu öz işinə
başlayır. Forumun bütün
iştirakçılarını səmimiyyətlə
salamlayıram. Bu gün Forumda 60-dan çox ölkədən
500-ə yaxın qonaq iştirak edir. Bütün qonaqlara
"Xoş gəlmisiniz" deyirəm.
Forumun
keçirilməsi çox əlamətdar hadisədir.
Artıq bu, gözəl ənənəyə çevrilib.
Forum dördüncü dəfədir ki, keçirilir. Bu, əslində
onu göstərir ki, belə müzakirələrə
böyük ehtiyac var. Dünyada gedən proseslər, bəzi
hallarda narahatedici məqamlar tələb edir ki, humanitar sahəyə
daha da böyük diqqət göstərilsin. Əminəm ki,
Forum çərçivəsində aparılacaq diskussiyalar,
fikir mübadiləsi humanitar əməkdaşlığın
dərinləşməsinə xidmət edəcəkdir. Biz Azərbaycanda
bu sahəyə çox böyük diqqət göstəririk.
Təsadüfi deyil ki, bu Forum da məhz Azərbaycanda
keçirilir. Deyə bilərəm ki, hazırda dünyada
humanitar məsələlərin müzakirəsi, təhlilin
aparılması üçün bu Forumun müstəsna rolu
vardır. Əlbəttə, buna görədir ki, Foruma maraq
durmadan artır. Bu, artıq beynəlxalq aləmdə önəmli
bir formata çevrilibdir.
Biz Azərbaycan
olaraq ölkələr arasındakı əlaqələrin
inkişafı üçün humanitar aspektlərə daim
böyük diqqət göstərmişik. Çünki bizim
tarixi keçmişimiz, mədəniyyətimiz bunu diktə
edir. Əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli
cəmiyyət formalaşıb, mövcuddur və müstəqillik
dövründə bu müsbət meyillər daha da gücləndi.
Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində,
bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda dini,
milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb
və bu, bizim böyük sərvətimizdir. Çünki hər
bir ölkənin gücünü əlbəttə ki, bir
neçə amil müəyyən edir - siyasi imkanlar, iqtisadi
güc və eyni zamanda, cəmiyyətdə mövcud olan
ab-hava, sağlam mühit və həmrəylik
duyğuları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın
təcrübəsi çox müsbətdir və biz öz
işimizlə dünyada gedən proseslərə müsbət
töhfəmizi veririk.
Multikulturalizm
Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən
yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli
cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı
dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu
gün də çalışırıq ki, öz təşəbbüsümüzlə
regionda və dünyada gedən proseslərə müsbət
təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan
tərəfindən irəli sürülmüş bir
neçə təşəbbüs artıq həyatda öz
yerini tapıbdır və bu təşəbbüslər ətrafında
yeni imkanlar yaranır. Misal üçün qeyd etməliyəm
ki, 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin
mədəniyyət nazirlərinin Bakıda keçirilən
toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin mədəniyyət nazirlərini dəvət
etdik və birgə toplantı keçirdik. Bu, tarixdə ilk dəfə
baş vermişdir və Azərbaycan həm Avropa
Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına
üzv olduğu üçün bu təşəbbüsü
öz üzərinə götürmüşdür. 2009-cu
ildə artıq Bakıda İslam Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin mədəniyyət nazirlərinin
toplantısına biz Avropa Şurasından mədəniyyət
nazirlərini dəvət etmişdik. Yəni, bu təşəbbüsə
"Bakı prosesi" adı verilmişdir. Bu gün
"Bakı prosesi" yaşayır və inkişaf edir.
Bakıda sivilizasiyalararası dialoq forumları
keçirilmişdir. Bizim təşəbbüsümüzlə
bir neçə il bundan əvvəl dünya dini liderlərinin
Zirvə görüşü keçirilmişdir və
Bakı Beynəlxalq Humanitar Forumunun mahiyyəti də məhz
bundadır.
Əminəm
ki, Forumda iştirak edən görkəmli dövlət xadimləri,
ictimai xadimlər, alimlər, mütəxəssislər,
ekspertlər bu günlər ərzində öz maraqlı
fikirlərini bizimlə bölüşəcəklər və
beləliklə, biz birgə səylərlə humanitar sahəyə
öz töhfəmizi vermiş olacağıq. Biz gələcəkdə
də humanitar əməkdaşlığın dərinləşməsi
üçün öz səylərimizi göstərəcəyik.
Əlbəttə, hesab edirəm, sirr deyil ki, bu Forum artıq hər
il keçiriləcək və beləliklə, bu format
yaşayacaqdır.
Onu da qeyd
etməliyəm ki, humanitar əməkdaşlığa,
humanitar məsələlərin həllinə həmişə
böyük diqqət göstərməyimizə baxmayaraq,
xalqımız və dövlətimiz humanitar fəlakətlə
üzləşmişdir. Azərbaycanın ərazi
bütövlüyü pozulmuşdur. Bizə qarşı
işğalçı siyasət aparılır. Azərbaycanın
beynəlxalq birlik tərəfindən tanınan ərazisi Ermənistanın
işğalı altındadır. Bu işğal nəticəsində
torpaqlarımızın 20 faizi ermənilər tərəfindən
zəbt edilibdir. Bir milyondan artıq soydaşımız
qaçqın və məcburi köçkün vəziyyətinə
düşmüşdür və bizə qarşı etnik təmizləmə
siyasəti aparılmışdır. Xocalı
soyqırımı törədilmişdir ki, yüzlərlə
günahsız insan bu soyqırımının qurbanı
olmuşdur. Xocalı soyqırımını 10-dan çox
ölkə rəsmi şəkildə soyqırımı kimi
tanıyıbdır. Bu münaqişə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı bütün mötəbər beynəlxalq təşkilatlar
qərar və qətnamələr qəbul etmişlər. BMT
Təhlükəsizlik Şurası 4 qətnamə qəbul
etmişdir ki, orada erməni silahlı qüvvələrinin
işğal edilmiş torpaqlardan qeyd-şərtsiz
çıxarılması tələb olunur. Əfsuslar olsun
ki, bu qətnamələr icra edilmir və biz burada
böyük ədalətsizliklə, ikili standartlarla üzləşirik.
Çünki biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik
Şurasının qətnamələri bir gün ərzində
icra edilir. Ancaq bizim üçün ən vacib məsələdə
20 ildən artıqdır ki, bu qətnamələr
kağız üzərində qalıbdır. ATƏT, Avropa
Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı,
Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq
təşkilatlar Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən qərar
və qətnamələr qəbul etmişlər və bu
format, bu hüquqi baza münaqişənin həlli
üçün yeganə yoldur.
Azərbaycanın
ərazi bütövlüyü bütün dünya tərəfindən
tanınır və qeyd-şərtsiz bərpa edilməlidir.
İşğaldan əziyyət çəkən, öz
yerindən didərgin düşən soydaşlarımız
doğma torpaqlarına qayıtmalıdırlar. Baxmayaraq ki, o
torpaqlarda artıq həyat yoxdur, hər şey
dağıdılıb. ATƏT-in faktaraşdırıcı
və qiymətləndirmə missiyaları işğal
edilmiş torpaqlara iki dəfə ezam olunmuşdur və
onların məruzələrində açıq-aydın
göstərilir ki, hər şey dağıdılıb. Bizim
məscidlərimiz, əcdadlarımızın qəbirləri,
tarixi abidələrimiz dağıdılıb, muzeylərimiz
talan edilib. Yəni, bu, böyük humanitar fəlakətdir və
Azərbaycan təkbaşına, öz gücü hesabına
bu humanitar məsələnin həlli, köçkünlərin
yerləşdirilməsi, onları işlə təmin etmək
üçün böyük işlər görüb və hələ
bu işlər davam edir. Çünki köçkünlərin
bir hissəsi hələ ki, ağır vəziyyətdə
yaşayır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi bölgə
üçün ən böyük təhlükədir. Bu
münaqişənin tezliklə beynəlxalq hüququn norma və
prinsipləri əsasında həll olunması bölgəyə
sülh, daha da böyük inkişaf gətirəcək,
regional əməkdaşlıq üçün də yeni
imkanlar yaradacaqdır. Bu ağır vəziyyətə
baxmayaraq, Azərbaycanın inkişafı dayanıqlı
olmuşdur, o cümlədən biz humanitar sahədə son illərdə
böyük uğurlara imza atmışıq. Humanitar sahə
bizim hökumətimiz üçün prioritet sahələrdən
biridir və bu sahəyə investisiyalar qoyulur. Eyni zamanda, hesab
edirəm ki, Azərbaycanda humanitar məsələlər
uğurla öz həllini tapır.
Təhsilə
böyük diqqət göstərilir. Son 10 il ərzində 3
minə yaxın yeni məktəb tikilibdir. Təhsilin keyfiyyətinin
artırılması üçün islahatlar aparılır.
Hesab edirəm ki, biz yaxın gələcəkdə bu
islahatların gözəl nəticələrini görəcəyik.
Eyni zamanda, Azərbaycan gəncləri dövlət vəsaiti
hesabına dünyanın aparıcı ali məktəblərinə
oxumağa göndərilirlər və onlar gələcəkdə
ölkəmizin inkişafında öz sözlərini deyəcəklər.
Səhiyyə
sisteminin təkmilləşdirilməsi məsələsi
çox aktualdır. Nəzərə alsaq ki, müstəqilliyimizin
ilk illərində səhiyyə sisteminin maddi-texniki bazası
tamamilə yararsız vəziyyətə
düşmüşdü və biz böyük investisiyalar
qoymaqla müasir səhiyyə infrastrukturunu
yaratmışıq. Son 10 ildə 500-dən çox səhiyyə
ocağı tikilib, təmir edilib və bu gün onların bir
çoxu ən yüksək standartlara cavab verir.
Bizim mədəniyyətlə
bağlı təşəbbüslərimiz öz nəticəsini
verir. Azərbaycanda mütəmadi qaydada beynəlxalq tədbirlər,
festivallar, konkurslar keçirilir. Bizim tarixi abidələrimiz bərpa
edilir, xüsusi proqram icra olunubdur. Azərbaycanda çoxlu qədim
tarixi abidələr var. Onlar bizim milli sərvətimizdir, o
cümlədən dini abidələrimiz dövlət tərəfindən
bərpa edilir və yeniləri tikilir. Qeyd etməliyəm ki,
dünyanın ən qədim məscidlərindən biri olan
Şamaxı Cümə məscidi əsaslı şəkildə
bərpa edilibdir. Bu məscid 743-cü ildə Şamaxı
şəhərində tikilmişdir və müsəlman aləmində
ən qədim məscidlərdən biridir. Şəki
rayonunun Kiş kəndində Qafqazın ən qədim kilsəsi
yerləşir. O kilsə də bərpa edilib və bu, bizim
milli sərvətimizdir. Azərbaycanda pravoslav kilsələr,
katolik kilsə, sinaqoqlar dövlətin dəstəyi ilə əsaslı
şəkildə təmir edilib. Yəni, bu, bizim böyük
sərvətimizdir və bir daha demək istəyirəm ki,
multimədəniyyətli cəmiyyət, dinlərarası
dialoq, xalqlar arasındakı dostluq, qardaşlıq bizim
dövlətimizi gücləndirir. Çünki bu, cəmiyyətdə
çox gözəl ab-hava yaradır. Bir daha demək istəyirəm
ki, bu, həm dövlət siyasətidir, eyni zamanda, cəmiyyətin
sifarişidir. Yəni, hesab edirəm ki, biz bu istiqamətdə
uğurla inkişaf edəcəyik. Onu da qeyd etməliyəm
ki, bu sahədə əldə edilmiş təcrübə
başqa ölkələr üçün də maraqlı
ola bilər.
Biz, eyni
zamanda, iqtisadi sahəyə böyük diqqət göstəririk.
Çünki güclü iqtisadiyyat olmasa, humanitar təşəbbüsləri
irəli sürmək də o qədər asan olmayacaq. Ona
görə çalışırdıq ki, iqtisadi təhlükəsizliyimizi
təmin edək, dövlətimizi gücləndirək və
eyni zamanda, ağır vəziyyətdə yaşayan
soydaşlarımız üçün yeni imkanlar yaradaq. Bizim
sosial siyasətimiz məqsədyönlü şəkildə
aparılır. Son 10 il ərzində pensiyalar, maaşlar dəfələrlə
artmışdır, yoxsulluğun səviyyəsi kəskin
şəkildə aşağı düşmüşdür.
Yoxsulluq cəmi 10 il ərzində 49 faizdən 5,3 faizə
düşmüşdür. Demək olar ki, yoxsulluqla
mübarizə artıq başa çatmaq üzrədir. Hesab
edirəm ki, yaxın bir neçə il ərzində yoxsulluq
Azərbaycanda bir amil kimi tamamilə aradan götürüləcəkdir.
İşsizliklə
bağlı mübarizə də, ilk növbədə,
humanitar xarakter daşıyır. Çünki son illər ərzində 1 milyon 200
mindən çox iş yeri
yaradılmışdır və işsizlik də kəskin
şəkildə aşağı düşmüşdür.
İndi 5 faizdən azdır. Artıq Azərbaycana başqa
ölkələrdən iş tapmaq üçün miqrantlar
gəlir. Yəni, bütün bunların təməlində
düşünülmüş siyasət dayanır.
Çünki iqtisadi inkişaf çox sürətlidir. Son 10
il ərzində Azərbaycan iqtisadi inkişaf baxımından
dünyada ən sürətlə inkişaf edən ölkə
olmuşdur. Bizim bütün iqtisadi göstəricilərimiz
müsbətdir. İqtisadiyyat son 10 ildə 3 dəfədən
çox artmışdır. Xarici dövlət borcu çox
aşağı, 8 faiz səviyyəsindədir. Büdcə gəlirləri
son 10 il ərzində 20 dəfədən çox
artmışdır. Büdcə gəlirlərinin
düzgün bölüşdürülməsi, sosial
proqramların icrası, infrastruktur layihələrinin həyata
keçirilməsi ölkəmizin inkişafını təmin
etmişdir.
Əlbəttə,
Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınır.
Bu, bizim böyük sərvətimizdir. Ancaq biz bilirik ki, bəzi
ölkələrdə bu böyük sərvət heç də
uğur gətirmir, əksinə, problemlər yaradır,
müharibələrə, cəmiyyətdə təbəqələşməyə
yol açır. Azərbaycanda isə biz bunun tam əksini
görürük. Bizim təbii sərvətlərimiz hər
bir insanın həyatında öz müsbət təsirini
göstərib. Çəkilən yollar, açılan xəstəxanalar,
artan maaşlar, abadlaşan şəhərlər bunun bariz
nümunəsidir. Azərbaycanda neft gəlirlərindən
düzgün istifadə etmək, "qara qızıl"ı
insan kapitalına necə çevirmək, - artıq biz buna
nail olmuşuq, - sahəsində nadir təcrübə
toplanmışdır. Gələcəkdə bizim
iqtisadiyyatımız çoxşaxəli formatda inkişaf edəcək.
Bu gün biz yeni texnologiyalara investisiyalar qoyuruq.
Bu gün
Azərbaycan artıq kosmik sənayeyə malik olan ölkədir,
kosmik ölkələrin klubuna daxil edilibdir. Biz innovasiyalara,
yeni texnologiyalara, elmin inkişafına çox böyük
önəm veririk. Elmin İnkişafı Fondu
yaradılmışdır. İqtisadi inkişaf, sosial məsələlərin
həlli, humanitar sahəyə diqqət, deyə bilərəm
ki, son illərdə Azərbaycanın uğurlu
inkişafını şərtləndirən əsas amillər
olmuşdur. Hesab edirəm ki, biz iqtisadi sahədə öz
işimizlə bölgədə gedən regional əməkdaşlığa
da müsbət təsir göstəririk. Bir çox hallarda nəhəng
regional layihələrin, enerji, nəqliyyat layihələrinin
təşəbbüskarı Azərbaycan olmuşdur və əsas
iqtisadi riskləri də öz üzərinə
götürmüşdür. Deyə bilərəm ki, bizim
bütün təşəbbüslərimiz, iqtisadiyyatla,
enerji ilə, nəqliyyatla bağlı layihələrimiz
uğurla nəticələnir. Bir dəfə də olsun
uğursuzluq olmamışdır və əminəm ki,
olmayacaqdır.
Azərbaycan
hazırda iqtisadi, siyasi cəhətdən müstəqil bir
ölkədir, müstəqil xarici siyasəti var. Bu siyasət
dünyanın əksər ölkələri tərəfindən
dəstəklənir. Bu sözləri əyani şəkildə
təsdiqləmək üçün sadəcə olaraq demək
istəyirəm ki, Azərbaycan bir neçə il bundan əvvəl
BMT Təhlükəsizlik Şurasına üzv
seçilmişdir. BMT Təhlükəsizlik Şurası
dünyanın ən mötəbər qurumudur və gənc
müstəqil dövlət Azərbaycan 155 ölkənin dəstəyi
ilə o mötəbər təşkilata üzv olmuşdur. Yəni,
bu da bizim dünyadakı rolumuzu, müstəqil xarici siyasətimizi
əks etdirir. Çünki dünya birliyinin böyük əksəriyyəti
bizə inanır və öz səsini verməklə bizə
dəstəyini göstərmişdir.
Hesab edirəm
ki, əgər hər bir ölkə müstəqil xarici siyasət
aparsa, onda dünyada müharibələr də az olar,
anlaşılmazlıq da azalar. Hər bir ölkə digər
ölkəyə hörmətlə yanaşmalıdır. Hər
bir ölkə digər ölkənin seçiminə də
hörmətlə yanaşmalıdır - həm beynəlxalq
müstəvidə, həm dinlərarası dialoq, humanitar sahədə.
Bütün bunlar bir-biri ilə bağlıdır. Burada əyləşən
nümayəndələr, 60-dan çox ölkədən gələn
qonaqlar müxtəlif ölkələri təmsil edirlər,
amma biz bir yerdə yığışırıq, müzakirə
aparırıq. Çalışırıq necə yol tapaq
ki, dünyada gedən prosesləri daha çox müsbət tərəfə
istiqamətləndirək. Çünki bu gün gedən
proseslər çox narahatedici proseslərdir. Həm müsəlman
aləmində, həm Avropada radikalizm, ayrı-seçkilik,
irqçilik artır. Bu meyilləri biz görürük və
bunu narahatlıqla izləyirik.
Biz burada
- Bakıda bu günlər ərzində
çalışacağıq ki, bu meyillərin
qarşısını almaq üçün hansı işlər
görülməlidir. Əsas məsələ bundan ibarətdir.
Çünki biz sivilizasiyalararası dialoqdan söhbət
açırıq. Amma, eyni zamanda, bəzi bəyanatlar bizi məyus
edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi
yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd
etməliyəm ki,
multikulturalizmin müasir dünyada alternativi yoxdur.
Çünki dünya ölkələrinin mütləq əksəriyyəti
çoxmillətli ölkələrdir. Əgər
multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola
bilər? Bu da çox aydındır. Bu,
ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır,
islamofobiyadır, antisemitizmdir. Biz bu təhlükəli meyillərə
qarşı öz səsimizi ucaltmalıyıq. Əlbəttə
ki, bunu, ilk növbədə, dövlətlər etməlidirlər.
Amma, eyni zamanda, dövlətlərin bu siyasətini
böyük dərəcədə hər bir cəmiyyətin
siyasi və ictimai-elmi elitası, ictimai rəy müəyyən
edir. Heç bir dövlət və hökumət
başçısı ictimai rəyi nəzərə almaya,
ona məhəl qoymaya bilməz. Ona görə hesab edirəm
ki, biz birgə səylərimizlə bu məsələləri
açmalıyıq, danışmalıyıq. Narahatedici məsələlər
ətrafında fikirlərimizi bildirməliyik, lazım gəldikdə
irad tutmalıyıq. Biz tərəfdaş kimi, dost kimi bu məsələlərə
öz fikrimizi bildirməliyik. Biz Azərbaycanda
çalışırıq ki, yaşadığımız
bölgədə regional əməkdaşlıq inkişaf
etsin, millətlərarası münasibətlər daha da
yaxşılaşsın, dinlərarası dialoq güclənsin.
Bizim imkanımız var. Çünki bizim keçmişimiz,
dediyim kimi imkan verir ki, bu məsələlərə
böyük diqqətlə yanaşaq. Biz bu məsələləri
bilirik. Çünki həm Azərbaycan özü
çoxmillətli, çoxkonfessiyalı ölkədir, həm
də keçmişdə müxtəlif dinlərin nümayəndələri
Azərbaycanda birgə yaşamışdır. Qeyd etdiyim kimi,
biz bu gün həm Avropa Şurasının, eyni zamanda,
İslam Əməkdaşlıq Təşkilatının
üzvü kimi bu missiyanı öz üzərimizə
götürmüşük. Biz istəyirik ki, daha da çox əməkdaşlıq,
qarşılıqlı anlaşma olsun. Biz bundan sonra da öz
rolumuzu bunda görürük.
Müsəlman
aləmində gedən xoşagəlməz proseslər də
bizi çox narahat edir. Çünki biz müsəlman aləminin
bir parçasıyıq. Bu gün müharibələr,
toqquşmalar, qanlı toqquşmalar demək olar ki, ölkələri
məhv edir. Bu, çox ciddi prosesdir. Biz bu prosesə təcrid
edilmiş proses kimi baxa bilmərik. Müasir dünyada biz
hamımız bir-birimizlə bağlıyıq. Eyni zamanda,
Avropa qitəsində miqrantlara qarşı münasibətin
pisləşməsi, "multikulturalizm iflasa uğrayıb"
kimi bəyanatların verilməsi və ayrı-seçkiliyə
meyilli olan siyasi qüvvələrin daha da böyük səs
toplaması, əlbəttə ki, hamımızı narahat etməlidir.
Yenə də
deyirəm, bu Forumun keçirilməsi də bu məqsədi
güdür. Çünki hesab edirəm ki, müasir
dünyada həm coğrafi, eyni zamanda, humanitar baxımdan Azərbaycanın
nadir rolu var. Biz Avropa ilə Asiya arasında, qədim
"İpək yolu" üzərində yerləşən
bir ölkəyik və biz Avropanı da yaxşı
anlayırıq, müsəlman ailəsinin də bir
parçasıyıq. Biz çalışırıq ki, bu
sivilizasiyalararası dialoq, humanitar dialoq daha da güclü
olsun, daha da güclənsin.
Əlbəttə
ki, müzakirələrdə bu məsələlərə
diqqət göstəriləcəkdir. Əmənəm ki,
müzakirələr çox uğurlu keçəcək.
Dediyim sözləri təsdiq etmək üçün qeyd etməliyəm
ki, nəinki humanitar sahədə, digər sahələrdə
də bir çox təşəbbüslər hesab edirəm
uğurlu olmuşdur.
İki il
bundan əvvəl Azərbaycanda Avropanın və bəlkə
də dünyanın ən mötəbər mahnı
yarışı - "Eurovision" müsabiqəsi
böyük uğurla keçirilmişdir. Bütün qonaqlar
çox razı qalmışdılar.
Gələn
il birinci Avropa Oyunları, - buna qeyri-rəsmi Avropanın
Olimpiya Oyunları deyirlər, - Bakıda keçiriləcək.
Bu da çox əlamətdar hadisədir. Çünki Avropada
bu günə qədər Olimpiada səviyyəsində
yarışlar keçirilməmişdir. Burada da Azərbaycan
öz namizədliyini irəli sürmüşdür və
Avropanın olimpiya ailəsi bizə böyük etimad göstərmişdir.
2017-ci ildə
isə İslam Həmrəylik Oyunları Bakıda
keçiriləcəkdir. Cəmi iki il ərzində həm
Avropa, həm İslam Oyunları Azərbaycanda keçiriləcək.
Bu da dediyim sözlərin təsdiqidir. Bu, bizim rolumuzdur və
biz çalışırıq ki, xalqları birləşdirək.
Onu da qeyd etmək istəyirəm ki, keçən ay bizim
üçün çox önəmli və tarixi qərar qəbul
edilmişdir - futbol üzrə
Avropa çempionatı 2020-ci ildə, o cümlədən
Bakıda keçiriləcək. Cəmi 13 şəhər -
Avropanın 13 şəhəri seçilmişdir. Onlardan biri
də Bakıdır. Yəni, budur bugünkü Azərbaycan.
Biz Avropa ailəsinin üzvüyük, müsəlman ailəsinin
üzvüyük və sübut edirik ki, bu,
mümkündür. Biri o birisini inkar etmir və etməməlidir.
Bu gün inkişafda olan ölkəmiz göstərir ki,
düşünülmüş siyasət, cəmiyyətdə
müsbət meyillər güclü olanda böyük
uğurlara imza atmaq mümkündür.
Əziz
qonaqlar, mən sizi bir daha səmimiyyətlə salamlayıram.
Bilirəm ki, qonaqlar arasında ölkəmizlə
tanış olan nümayəndələr vardır. İlk dəfə
gələnlər də var. Əminəm ki, bu Forumun
keçirilməsi sizin üçün çox maraqlı
olacaq. Siz öz dəyərli fikirlərinizi bölüşəcək,
eyni zamanda, ölkəmizlə yaxından tanış
olacaqsınız.
Forumun
iştirakçılarına uğurlar arzulayıram. Sağ
olun!
* * *
Rusiya
Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri
Valentina MATVİYENKO Prezident Vladimir Putinin Forum
iştirakçılarına təbrik məktubunu oxudu və
çıxış edərək dedi:
- Zati-aliləri,
çox hörmətli cənab Prezident!
İlk
növbədə, Forumun çox yüksək səviyyədə
təşkilinə, bütün iştirakçılara
göstərilən əsl azərbaycansayağı qonaqpərvərliyə
görə təşəkkürümü bildirmək istəyirəm.
Səmimi sözümdür, Sizin çox parlaq, çox məzmunlu,
çox inandırıcı nitqinizin güclü təsiri
altındayam. IV Bakı Beynəlxalq Humanitar Forumunun
ünvanına Rusiya Federasiyası Prezidentinin təbriki daxil
olub. İcazə verin onu oxuyum:
"IV
Bakı Beynəlxalq Humanitar Forumunun
iştirakçılarına və qonaqlarına!
Hörmətli
xanımlar və cənablar!
IV
Bakı Beynəlxalq Humanitar Forumunun
açılışı münasibətilə sizi ürəkdən
salamlayıram. Cəmi bir neçə il ərzində bu Forum
dünyanın 70-dən çox dövlətinin və
aparıcı beynəlxalq təşkilatların nümayəndələrini
birləşdirən, olduqca nüfuzlu çoxtərəfli tədbirə
çevrilib. Onun iştirakçıları arasında
görkəmli siyasətçilər, mədəniyyət və
incəsənət xadimləri, habelə tanınmış
alimlər, o cümlədən
dünya şöhrətli Nobel mükafatı laureatları
vardır. Budəfəki görüşün gündəliyində
bizim ümumi mənəvi və intellektual irsimizin qorunub
saxlanması və artırılması ilə, elmin, təhsilin
və maarifin inkişafı ilə bağlı aktual məsələlər
vardır. Əminəm ki, maraqlı və məzmunlu fikir
mübadiləsi aparılacaq, bu mübadilə gedişində
xalqlar arasında etimadın və qarşılıqlı
anlaşmanın möhkəmlənməsinə, bu
mühüm humanitar sahədə qarşılıqlı
faydalı əməkdaşlığın genişlənməsinə
yönəlmiş yeni ideyalar və təkliflər
yaranacaqdır. Forumun iştirakçılarına və
qonaqlarına səmərəli ünsiyyət arzulayır, ən
xoş diləklərimi bildirirəm.
Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin".
* * *
Çıxışına
davam edən V.Matviyenko dedi:
- Hörmətli
xanımlar və cənablar! Şübhə yoxdur ki, Rusiya və
Azərbaycan prezidentlərinin təşəbbüsü və
himayəsi ilə keçirilən Bakı Beynəlxalq
Humanitar Forumunun nüfuzu ilbəil artır. Onu qeyri-rəsmi
şəkildə intellektual Davos adlandırırlar. Mənim
fikrimcə, xüsusən indiki beynəlxalq şəraitdə,
humanitar forumun əhəmiyyəti iri və mühüm beynəlxalq
iqtisadi forumların əhəmiyyətindən heç də
az deyil. Bu, qanunauyğun nəticədir və Forumun həqiqətən
humanist, birləşdirici xarakterini və onun
iştirakçılarının elm, təhsil, mədəniyyət
və incəsənət sahələrində sıx
qarşılıqlı əlaqələri dərinləşdirməyə
yekdilliklə cəhd göstərməsini əks etdirir.
Qeyd etmək
lazımdır ki, hələ antik dövrdə yaranmış
humanizm bizim dövrdə də baza dəyəri olaraq
qalır. Bu, insan ləyaqətini təsdiqləmək, mənəvi
dəyərləri həm gündəlik həyatda, həm də
siyasətdə təsbit etmək istəyidir. İnsan
bütün dəyərlərin meyarıdır. Qədim yunan
filosofu Protaqorun bu klassik formulu bütün dövrlərdə
aktual olub və aktual olaraq qalır. İntibah dövründən
başlayaraq humanizm böyük yaradıcı şəxsiyyətlərin,
ədəbiyyat və incəsənət xadimlərinin
ayrılmaz keyfiyyətidir. Françesko Petrarka deyirdi: "Həqiqətən
nəcib insan dünyaya gələndə böyük qəlbli
olmur, o, öz əməlləri ilə özünü
ucaldır".
Bununla bərabər,
humanizm əqidəsi təkcə antik dövrün, İntibah
dövrünün və sonrakı dövrlərin dahilərinin
əsərlərinin yekunu deyil, həm də müxtəlif mədəniyyətlərə
və müxtəlif dinlərə mənsub olan sadə
insanların neçə-neçə nəslinin həyat təcrübəsidir.
Bəzən
bizim dövrü postmodern dövrü adlandırır və
deyirlər ki, humanizm başqalaşır, o cümlədən
hər bir insanın şəxsi ləyaqətinin təsdiqlənməsinə
və ucaldılmasına yönəlir. Mən bu
yanaşmanı təkzib etmirəm, lakin fikrimcə, bizim
ümumi vəzifəmiz ondan ibarətdir ki, qloballaşma əsrində
humanizmin super-müasir forması ardınca yarışda, necə
deyərlər, çirkli su ilə birlikdə
uşağı da tullamayaq və məsələn,
xalqların ənənəvi dəyərlərini qurban verməyək.
Humanizmin
baza xarakterli, fundamental dəyərlərini qoruyub saxlamaq və
artırmaq, ona dövrümüzün
çağırışlarına uyğun forma vermək
lazımdır. Müasir humanizm, ilk növbədə,
özünün sosialyönümlü olması ilə fərqlənir.
Onun məzmunu insanın əsas problemlərinin həlli, fiziki
və mənəvi imkanlarının reallaşması ilə
ayrılmaz surətdə bağlıdır. Belə humanizm
sosial ədalətə can atan cəmiyyətin bütün təbəqələrinin
mənafelərini əks etdirir.
Bununla bərabər,
humanizm ideyalarının adi sosiumun həyatına tətbiq
edilməsi heç də həmişə ardıcıl olaraq
yüksələn xətt üzrə cərəyan etməyən
mürəkkəb prosesdir. Tarix göstərir ki, müxtəlif
dövrlərdə və müxtəlif şəraitdə
formaları və miqyasları fərqli olan, humanistləşmənin
əksi olan prosesin fəsadları güclənib. Buna səbəb
əlverişsiz sosial şərait, böhranlı vəziyyətlər,
nəinki tarixin gedişinə təsir göstərməyə,
hətta onu özünə tabe etməyə
çalışan bu və ya digər hakim dairələrin
ambisiyalı iddiaları olub və indi də belədir. Bir
qayda olaraq bu, mənəvi və əxlaqi oriyentirlərin
itirilməsinə, cəmiyyətin marginallaşmasına və
digər dağıdıcı proseslərə gətirib
çıxarır. Hazırda planetin müxtəlif
regionlarında baş verən hadisələr bunun həqiqiliyinə
bizi bir daha inandırır.
Digər
tərəfdən, tamamilə aşkardır ki, harada humanizm
hökm sürürsə, orada həmrəylik və
qarşılıqlı anlaşma, sülh və firavanlıq
bərqərar olur, orada münaqişələrə və
müharibələrə yer yoxdur. Bu baxımdan, Xəzəryanı
dövlətlərin üç gün bundan əvvəl Həştərxanda
keçirilmiş Sammiti ən təzə və
inandırıcı nümunədir. Sammitdə Xəzəryanı
beş ölkənin rəhbərləri çoxillik mürəkkəb
danışıqlardan sonra sülh, qarşılıqlı
etimad, bir-birinin maraqlarının nəzərə
alınması ideallarına güvənərək Xəzərdə
əməkdaşlığın əsas məsələləri
barədə razılığa gəldilər.
Sammitdə
beş sənəd imzalandı, onlardan ən mühümü
dənizdə fəaliyyətin əsas prinsiplərinin, o
cümlədən akvatoriyanın delimitasiyası, habelə
regiona aid olmayan dövlətlərin silahlı qüvvələrinin
Xəzərdə olmasına yol verilməməsi haqda əsasnamənin
təsbit edildiyi siyasi bəyanatdır. Nəticədə Xəzərin
hüquqi statusu haqqında Konvensiyanın artıq gələn
il imzalanmasına birbaşa yol açılır.
Sammit
iştirakçılarının yekdil rəyinə görə
bu, həqiqətən böyük irəliləyişdir və
bu, regiondakı sabit və münaqişəsiz şərait,
etimad və qarşılıqlı anlaşma səviyyəsinin
yüksək olması sayəsində mümkün olub.
Bütün bunlar çox çətin məsələləri
konsensus yolu ilə həll etməyə imkan verib. Deyərdim
ki, bu, fəaliyyətdə olan
humanizmdir, çünki əldə edilmiş
razılaşma xalqların amallarına və ümidlərinə
cavab verir.
Hörmətli
Forum iştirakçıları, humanist dəyərlər və
ideallar uzun əsrlər boyu qarşısıalınmaz
qüvvə kəsb edib. Onlar xalqların həyatının
ayrılmaz hissəsinə çevrilib və beynəlxalq
münasibətlərə üzvi şəkildə daxil olub.
Beynəlxalq məkanda onların həyata keçirilməsi
vasitələri keyfiyyətcə genişlənib. BMT-nin və
UNESCO-nun xoşməramlı səfirləri,
qaçqınların müdafiəsi, insan
hüquqlarının təmin edilməsi üzrə və digər
nüfuzlu təsisatlar - bütün bunlar bizim
dövrümüzdə yaranıb və ictimai inkişafın
əsas vektorlarından biri olan humanizmin inkişafının
daxili məntiqindən irəli gəlib. Əlamətdar
haldır ki, bütün dünyada tanınmış neçə-neçə
elm, mədəniyyət, təhsil və incəsənət
xadimi bu cür humanizm səfirləridir.
Mən
bunu əsas götürərək bugünkü Forumun
başlıca vəzifəsini real humanizmin dəyərlərinin
praktiki təcəssümü kimi humanitar əməkdaşlığın
yeni imkanlarının müzakirə edilməsində
görürəm. Hesab edirəm ki, Forumun
iştirakçıları olan görkəmli alimlər də
bu sahədə müasir vəziyyətin xüsusiyyətlərini
hərtərəfli müzakirə edəcəklər.
Ümumiyyətlə, Forum nümayəndələrinin bu
cür yüksək səviyyəsi, əlbəttə, onun
uğurunun rəhnidir.
Rusiya-Azərbaycan
əlaqələri qədim və geniş humanitar
qarşılıqlı fəaliyyətin parlaq nümunəsidir.
Bu əməkdaşlıq artıq bu gün möhkəm
qanunverici əsasa da malikdir. Onun dinamik inkişafının əsas
amili Rusiya və Azərbaycan rəhbərlərinin dialoqudur.
Dövlətlərimizin prezidentləri ölkələrimiz
arasında münasibətlərin möhkəmlənməsinə
şəxsən xüsusi töhfə veriblər.
Belə
ki, keçən ilin avqustunda Vladimir Vladimiroviç Putinin
Bakıya səfəri zamanı Rusiya ilə Azərbaycan
arasında humanitar sahədə Əməkdaşlıq
Proqramı imzalanıb. Rusiya Federasiyasının Federal Məclisi
ilə Azərbaycan Respublikasını Milli Məclisi
arasında ənənəvi dostluq əlaqələri
yaranıb. 2003-cü ildən bəri - 10 ildən çoxdur
ki, birgə parlamentlərarası komissiya fəaliyyət
göstərir. Bu komissiya humanitar sahədə müqavilə-hüquqi
bazanın inkişafında bizim parlamentlərin
qarşılıqlı fəaliyyətinin ən aktual məsələlərinə
daim diqqət yetirir.
Rusiya-Azərbaycan
regionlararası forumları humanitar əlaqələrin dinamik
inkişafına mühüm töhfə verir.
Xatırladıram ki, bu il iyun ayında Qəbələ şəhərində
"Regionlararası əməkdaşlıq: yeni artım
imkanları" mövzusunda V Rusiya-Azərbaycan Forumu
uğurla keçdi. Humanitar sahədə əməkdaşlığın
perspektivli istiqamətləri həmin forumun əsas
mövzularından biri oldu.
Təhsil
və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əlaqələri
durmadan inkişaf edir. Biz bunu çox yüksək qiymətləndiririk.
Rusiyada ali təhsil almağa Azərbaycanda böyük maraq
qalmaqdadır. Azərbaycanda Rusiya diplomu gənc mütəxəssis
üçün həm prestij, həm də yaxşı
perspektivlər deməkdir. Azərbaycanlılar təkcə
büdcə xətti ilə deyil, həm də öz vəsaitləri
hesabına Rusiyada təhsil almağa həvəslə gedirlər.
Bu gün Rusiyanın ali məktəblərində Azərbaycandan
olan 13 minə yaxın tələbə təhsil alır.
Biz son dərəcə
müsbət olan bir faktı da yüksək qiymətləndiririk:
Azərbaycanda rus dilində tamdəyərli orta və ali təhsil
almaq üçün geniş imkanlar vardır. Lomonosov
adına Moskva Dövlət Universitetinin 2008-ci ildən fəaliyyət
göstərən Bakı filialı Azərbaycan
Respublikasının nüfuzlu ali məktəblərindən
birinə çevrilib. Hazırda filialın beş fakültəsində
400-dən çox tələbə təhsil alır, onlara
Moskva Dövlət Universitetinin aparıcı professor və
müəllimləri dərs deyirlər. Ölkələrimiz
Azərbaycanda rus dilinin və Rusiyada Azərbaycan dilinin dəstəklənməsi
məqsədi ilə fəal əməkdaşlıq edirlər.
Əlamətdar
haldır ki, Rusiyada "Mədəniyyət İli" elan
edilmiş 2014-cü ildə Moskvada böyük Azərbaycan bəstəkarı
Qara Qarayevə həsr edilmiş xatirə lövhəsinin təntənəli
açılışı olub. Bu, xalqlarımız
arasında möhkəm dostluğa dəlalət etməklə
bərabər, həm də dünya musiqi mədəniyyəti,
bu istedadlı bəstəkarın
yaradıcılığına bələd olan və onu sevən
hər kəs üçün əlamətdar hadisədir.
Əziz
dostlar! Həyat göstərir ki, müasir dövrün bir
sıra çağırışlarına ən yaxşı
və ən konstruktiv cavab məhz humanitar sahədə əməkdaşlığın
dərinləşdirilməsi ola bilər.
Azərbaycanlılarda
belə bir müdrik məsəl var: "Qəlbi olan
insanın qayğısı da olur". Gəlin
çalışaq ki, bizim ümumi qayğılarımız
mərkəzi ideyası insanı ən ali dəyər hesab
etməkdən ibarət olan humanizm təliminin məğzinin
həyata keçirilməsinə yönəlsin.
Bakı
Forumunun bütün iştirakçılarına səmimi-qəlbdən
uğurlu iş arzulamaq istəyirəm. Əminəm ki, bizim və
sizin yeni ideyalar, təşəbbüslər real işlərdə
və layihələrdə öz praktiki təcəssümünü
tapacaq, xalqlar arasında etimadın, qarşılıqlı
anlaşmanın və mehriban qonşuluğun möhkəmlənməsinə
kömək edəcək.
Diqqətinizə
görə təşəkkür edirəm.
* * *
BMT-nin
İnkişaf Proqramının rəhbəri xanım Helen
KLARK çıxış edərək dedi:
- Zati-aliləri,
Azərbaycan Respublikasının Prezidenti!
Hörmətli
birinci xanım!
Zati-aliləri,
hörmətli qonaqlar, xanımlar və cənablar!
IV
Bakı Beynəlxalq Humanitar Forumunun
açılışında BMT-nin baş katibi Pan Gi Munu təmsil
etmək mənim üçün çox xoşdur. İlk
növbədə, icazə verin, müxtəlif məsələlər
üzrə geniş fikir mübadiləsi üçün əhəmiyyətli
bir fürsət təmin edən bugünkü Forumda bizi bir
yerə topladığına görə zati-aliləri, Azərbaycan
Prezidenti cənab İlham Əliyevə təşəkkürümü
bildirim. Həmçinin cənab Prezidentə minnətdarlığımı
bildirirəm ki, o, nitqində müxtəlif dinlər və
xalqlar arasında dialoqun gücləndirilməsi məsələsindən
ətraflı bəhs etdi. Bu, çox vacibdir.
Qısa
çıxışımda BMT-nin Azərbaycan ilə insan
inkişafının təşviqinə yönəlmiş
birgə fəaliyyəti və bundan irəli gələn bir
sıra yeni təşəbbüslər haqqında
danışmaq istəyirəm. "Cənub-cənub" əməkdaşlığı
üzrə Azərbaycanın genişlənən fəaliyyətini
nəzərə alaraq BMT bu respublikanın öhdəsindən
gəldiyi çətinliklər üzrə bilik və təcrübəsini
digər ölkələrlə bölüşmək
üçün Sizinlə tərəfdaşlıq etməkdən
olduqca məmnundur. Təbiət Azərbaycana zəngin sərvətlər
bəxş etmişdir. Əslində bu, tarixən belə
olub. Tarixdən bizə miras qalan dərs ondan ibarətdir ki, bu
ehtiyatların hasilatı adambaşına düşən
ümumi daxili məhsulu böyük dərəcədə
artırmağa qadir olsa da, heç də mütləq şəkildə
dövlət gəlirlərini və ya insan
inkişafının səviyyəsini qaldırmağa müvəffəq
olmamışdır. Təbii ehtiyatı ölkə sərvətinə
və daha geniş insan inkişafına çevirmək
düşünülmüş və uzaqgörən dövlət
siyasəti tələb edir. Azərbaycan bu baxımdan
vaxtında əhəmiyyətli qərarlar qəbul
etmişdir. 1994-cü ilin sentyabrında Azərbaycan xarici neft
şirkətlərinin konsorsiumu ilə "Əsrin müqaviləsi"
kimi tanınan hasilatın pay bölgüsü Sazişini
imzalamışdır. İlkin razılaşmalara görə,
Xəzər dənizinin neft ehtiyatlarının hasilatından əldə
edilən mənfəətin 80 faizi Azərbaycana
çatmalı idi. İcazə verin, fürsətdən
istifadə edib, sentyabrın 20-də Bakıda qeyd olunan
"Əsrin müqaviləsi"nin 20-ci ildönümü
münasibətilə Azərbaycanı və onun tərəfdaşlarını
təbrik edim. Bu yubiley Azərbaycan qazını Avropaya
çatdıracaq yeni boru kəmərinin - "Cənub"
qaz dəhlizinin təməlqoyma mərasimi ilə eyni gündə
qeyd olunmuşdur.
"Əsrin
müqaviləsi" Azərbaycanın inkişafı
üçün böyük və yeni imkanlar açıb.
Digər resurslarla zəngin olan ölkələr isə Azərbaycanın
təbii sərvətlərin insan kapitalının
inkişafı sahəsindəki təcrübəsini öyrənməlidirlər.
İllər öncə BMT-nin İnkişaf Proqramı
"qara qızıl"ın insan kapitalına çevrilməsi
konsepsiyasının formalaşdırılması
üçün Azərbaycana kömək etmişdir. Bu təşəbbüs
isə rəqabətədavamlı qeyri-neft sektorunun inkişaf
etdirilməsinə və insanların bacarıqlarının
gücləndirilməsinə yönəlmişdir. Cənab
Prezidentin bir qədər əvvəl söylədiyi kimi, Azərbaycan
bu illər ərzində yoxsulluq səviyyəsinin kəskin
azaldılmasına, sosial xidmətlərə yeni sərmayələrin
yatırılmasına, sosial müdafiə sisteminin
qurulmasına və əməkhaqlarının
artırılmasına nail olmuşdur.
Hazırda
"qara qızıl"ın insan kapitalına çevrilməsi
konsepsiyası tətbiq olunduğu ilk gündəki qədər
vacibdir. İnsan inkişafının artırılması
istiqamətində fəaliyyət "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının uğur
qazanması üçün vacib idi. BMT-nin İnkişaf
Proqramı olaraq, biz bu konsepsiyanın
reallaşdırılması işində Azərbaycana dəstək
verməyə sadiqik.
Gender bərabərliyi
və qadınların səlahiyyətlərinin daha da
artırılması kimi məqsədlərə gəldikdə,
həmçinin səhiyyə və ətraf mühitlə əlaqədar
bir sıra hədəflər üzrə
çağırışları nəzərə alaraq,
Minilliyin İnkişaf Məqsədləri hələ də
Azərbaycan üçün gündəmdə qalmaqdadır.
Bu məqsədlərdən yarımçıq qalmış
işlərin 2015-ci ildən sonrakı qlobal inkişaf
strategiyasına daxil edilməsi ehtimalını nəzərə
alsaq, növbəti ilin sentyabr ayında dünya liderləri tərəfindən
qəbul ediləcək Dayanıqlı İnkişaf Məqsədləri
də Azərbaycan üçün faydalı olacaq.
Azərbaycan
"Cənub-cənub" və üçtərəfli əməkdaşlıq
vasitəsilə digər ölkələrlə öz
inkişaf təcrübələrini bölüşmək
üçün çox yaxşı mövqedədir. Həqiqətən
də BMT-nin İnkişaf Proqramı və Azərbaycan BMT-nin
Bakı və Kabulda yerləşən İnkişaf
Proqramı ofislərinin iştirakı ilə həyata
keçirdiyi tərəfdaşlıq çərçivəsində
Azərbaycan Respublikasının Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi Əfqanıstandan olan həmkarlarına
öz dəstəyini göstərmişdir.
Ötən
il Bakı Humanitar Forumunun plenar sessiyasında Türkiyənin
sabiq Prezidenti cənab Süleyman Dəmirəl Azərbaycanın
"qara qızıl"ın insan kapitalına çevrilməsi
təşəbbüsünün digər ölkələrdə
tətbiqi üçün yaxşı model olduğunu
vurğulamışdı. BMT-nin İnkişaf Proqramı bu
fikirlə razıdır və Azərbaycanın öz yenilikləri
ilə bölüşmək üçün bir çox digər
imkanlarının olduğunun şahididir. Məsələn,
BMT-nin İnkişaf Proqramı dövlət xidmətlərinə
çıxış üçün vahid pəncərə
olan "Asan xidmət" mərkəzlərinin
yaradılmasını alqışlayır.
Yarandığı gündən etibarən "Asan xidmət"
mərkəzləri tərəfindən göstərilən
xidmətlər nəticəsində doğum şəhadətnamələri,
icazə və ictimai xidmətlər üzrə digər sənədləri
əldə etmək istəyən insanlar üçün
gözləmə vaxtı və xərclər əhəmiyyətli
dərəcədə azalıb. Bunun nəticəsində
ictimai xidmətlərin səmərəliliyi artır və
korrupsiya üçün imkanlar daralır. Bu yanaşma Azərbaycanda
böyük müvəffəqiyyət
qazanmışdır və ictimai xidmətləri müasirləşdirməyə
çalışan digər ölkələrdə də maraq
doğuracaq. BMT-nin İnkişaf Proqramı "Asan xidmət"in
uzunmüddətli strategiyasının
formalaşdırılmasında bu təsisatla əməkdaşlıq
edib.
Ölkənin
yeni pensiya sisteminin idarə edilməsi Azərbaycanın
innovativ yanaşmasının digər mötəbər
nümunəsidir. BMT-nin İnkişaf Proqramı
dünyanın ən müasir pensiya sistemlərindən birinə
çevrilən bu təşəbbüs üzrə əməkdaşlıq
etməkdən çox məmnundur. Pensiyaçıların
99 faizinə ödənişlər elektron kart vasitəsilə
ödənilir və buna nail olmaq üçün ən
müasir informasiya texnologiyaları sistemləri
quraşdırılıb. Bu da başqa ölkələrin
yararlana biləcəyi digər bir müvəffəqiyyətdir.
Azərbaycan, həmçinin elektron idarəetmə, minalardan
təmizləmə, neft gəlirlərinin idarə olunması
və gənclər siyasəti proqramları kimi geniş sayda
sahələr üzrə bölüşmək
üçün nadir təcrübəyə malikdir.
Eyni
zamanda, icazə verin, BMT-nin baş katibinin gənclər
üzrə elçisinin ofisi, BMT-nin İnkişaf Proqramı
və UNESCO adından bu il Bakıda Gənclər və
İdman Nazirliyi və Avropa Şurası ilə birlikdə Gənclər
siyasəti üzrə ilk Qlobal Forumun həmtəşkilatçısı
olmağımızdan məmnunluğumuzu izhar edim. Bundan əlavə,
Azərbaycan Respublikasının BMT-nin baş katibinin gənclər
üzrə elçisinin ofisinə ilk ianə etməsini
yüksək dəyərləndiririk.
BMT-nin
İnkişaf Proqramı inkişafa yard
ımı
idarə etmək üçün Azərbaycan Beynəlxalq
İnkişafa Yardım Agentliyinin (AİDA) yaradılması
üzrə hökumətin təşəbbüsünü
alqışlayır. Biz bacarıqların yaradılmasında
və inkişaf etdirilməsində AİDA ilə tərəfdaşlıq
etməkdən çox məmnun olardıq. Biz Azərbaycan tərəfinin
digər ölkələrə, ələlxüsus fəlakətlərin
aradan qaldırılması və UNESCO-nun proqramları
üçün edilmiş töhfələri barədə məlumatlıyıq.
Əminik
ki, "Cənub-cənub" əməkdaşlığı
və üçtərəfli əməkdaşlıq həm
tərəfdaş ölkələr, həmçinin də Azərbaycanın
özü üçün faydalı olacaq. Bu, müxtəlif
ölkələr və onların mütəxəssisləri
arasında, cənab Prezidentin də dediyi kimi, əlaqələri
möhkəmləndirməklə gələcək əməkdaşlıq
üçün möhkəm zəmin yaradacaq. Sözügedən
təşəbbüslər Azərbaycanı xüsusi sahələrdə
mükəmməllik mərkəzinə çevirəcək
ki, bu da ölkənin daha geniş çeşiddə mal və
xidmətlərinin ixracı qabiliyyətini artıracaq.
Ölkələrdəki
ofisləri birləşdirən qlobal şəbəkəsi və
170-dən çox ölkədə həyata keçirdiyi
proqramlar vasitəsilə BMT-nin İnkişaf Proqramı "Cənub-cənub"
əməkdaşlığı və üçtərəfli
əməkdaşlığı asanlaşdırmaq
üçün nadir rola malikdir. Biz İKT və müasirləşdirilmiş
dövlət idarəetməsi də daxil olmaqla, insan
inkişafı üçün innovativ yanaşmaların
mübadiləsi sahəsində beynəlxalq əməkdaşlığı
inkişaf etdirən Azərbaycan ilə çiyin-çiyinə
çalışmaqdan məmnunuq.
Mən bu
Forumda iştirak etmək üçün dəvətə
görə Azərbaycan Prezidentə və hökumətinə
bir daha təşəkkür edir, baş katibin ən xoş
arzularını çatdırıram. Forumun bütün
iştirakçılarına müvəffəqiyyətlər
arzu edirəm. Çox sağ olun.
Sonra
UNESCO-nun baş direktoru xanım İrina BOKOVANIN Forum
iştirakçılarına videomüraciəti təqdim
edildi.
Müraciətdə
deyilir: "Zati-aliləri. Xanımlar və cənablar!
Mən IV
Bakı Beynəlxalq Humanitar Forum
iştirakçılarının qarşısında
çıxış etməkdən məmnunam. Mən Azərbaycan
hökumətinə, xüsusən də Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə belə vacib təşəbbüsə görə
minnətdaram. Bu Forumun məqsədi multikulturalizm, elmi
mübadilələr, texnologiya sahəsi, inkişaf, insan
inkişafı məsələlərindən ibarətdir və
dünyada bütün cəmiyyətləri birləşdirir.
Əslində bu məqsəd UNESCO-nun mandatına da
uyğundur. UNESCO-nun mandatı məhz sülhün və
davamlı inkişafın təmin edilməsindən ibarətdir.
Bütün cəmiyyətlər bizim dəyişən
dünyada böyük dəyişikliklərə
uğrayır. Biz yeni, mədəni biliklərin
artırılması üçün yeni siyasətin həyata
keçirilməsinə çalışmalıyıq və
bu sahədə apardığımız fəaliyyətləri
innovasiyalara bağlamalıyıq. Biz ifadə
azadlığını təmin etməli, həmçinin bu
bilikləri rəqəmsal şəbəkələrlə
yayaraq bütün fərdləri əhatə etməliyik ki,
azad və demokratik cəmiyyətlərimiz təşəkkül
tapsın. Hamımız məhz elmi biliklərin vacibliyini
anlayırıq və biz bunu hamının faydası
üçün yaymalıyıq. İnanıram ki,
bütün bu amillər bizim humanitar siyasətimizdə
fundamental dəyişikliklərə səbəb olacaq. Mədəniyyət,
təhsil, elm, rabitə və informasiya texnologiyaları
bütün vacib tədbirlərin mühüm hissəsinə
çevrilib. Bu, insanların əsas tələbatlarına
cavab vermək, onlara kömək etmək üçün
vacibdir. UNESCO öz tərəfindən hazır olduğunu
bildirir ki, mandatından irəli gələrək bu vacib
yanaşmaya dəstək verəcək. Mən bu ruhda sizə
faydalı müzakirələr və xoş
işgüzarlıq arzulayıram".
* * *
Forumda
çıxış edən ISESCO-nun baş direktoru
Əbdüləziz bin Osman ƏL-TÜVEYCRİ dedi:
- Mərhəmətli
və rəhmli Allahın adı ilə!
Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyev!
Heydər
Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı
səfiri, zati-aliləri hörmətli birinci xanım Mehriban
Əliyeva!
Zati-aliləri,
xanımlar və cənablar!
IV
Bakı Beynəlxalq Humanitar Forumunun
açılışında Sizin qarşınızda
çıxış etməkdən olduqca məmnunam. Biz
gözəl Bakı şəhərində
toplaşmışıq. Əvvəlcə, dialoq, ahəngdarlıq
və dözümlülük məkanı sayılan
Bakıda dünya miqyaslı humanitar təşəbbüsü
irəli sürdüyünə görə Azərbaycan
Respublikasının Prezidenti, zati-aliləri cənab İlham
Əliyevə ən səmimi təşəkkürümü
və minnətdarlığımı bildirməkdən şərəf
hissi duyuram.
Prezident
İlham Əliyev bu Forumu mədəniyyətlərarası
dialoqa aid məsələləri ümumi şəkildə
müzakirə etmək, qarşılıqlı hörmət
və etimad ruhunda sivilizasiyalar alyansını
formalaşdırmaq məqsədilə ziyalıların,
akademik dairələrin, yüksək peşəkarların, dini
liderlərin, alimlərin və bütün sahələrin
mühüm simalarının toplaşdığı qlobal tədbirə
çevirib. Dünya heç vaxt görünmədiyi kimi ahəngdar
münasibətlərin qurulmasına ehtiyac duyur. Bizə
dünyada sülh və təhlükəsizliyin təmin
olunması üçün möhkəm bünövrə lazımdır.
Biz əslində bir çox proseslərin kəsişdiyi bir
andayıq və sözün əsl mənasında bunu
söyləmək lazımdır ki, çox böhranlı və
çətin bir şəraitdə yaşayırıq. Beynəlxalq
ictimaiyyət böyük çaşqınlıq,
böyük çətinliklər içərisindədir. Bu
baxımdan dünyada sülhə olan bir çox hədələr
və çətinliklər göz qabağındadır. Bu
çağırışların aradan qaldırılması
üçün biz təbii ki, öz səmimi və hərtərəfli
səylərimizi göstərməliyik. Biz görürük
ki, beynəlxalq hüququn norma və prinsiplərinin, insan
hüquqlarının qorunmasına ehtiyac var. Bakı Beynəlxalq
Humanitar Forumunun öz məqsəd və mexanizmləri var və
bu, sülh naminə əqli bir alyans aləmidir. Bu, belədir.
Çünki biz terrorçuluğun bütün
formalarına qarşı
mübarizədən söhbət aparırıqsa, ilk
növbədə ekstremist ideyaların aradan qaldırılmasına,
bu cür meyillərin tam qarşısının
alınmasına nail olmalıyıq. Lakin dünyada ədalət
və sülh, ahəngdarlıq, qarşılıqlı
anlaşma və fərqlilik hüququna malik olmanı etiraf etmədən
buna nail ola bilmərik.
2011-ci ildə
təsis olunmuş bu Forumun əsas məqsədinə gəldikdə
biz qloballaşma dövründə yeni bir humanitar gündəlik
yaratmaq istəyirdik. İstəyirdik ki, bunu bütün
dünyada təşviq edək. Bu, Azərbaycan
Respublikasının öz öhdəliklərindən irəli
gələn ən ülvi məqsədlərdən biridir.
Beynəlxalq ictimaiyyət qarşısında öhdəliklər
ondan ibarətdir ki, humanitar inkişafın təmin edilməsi
üçün bu məram həyata keçirilməlidir. Bu
baxımdan beynəlxalq konfranslar kifayət qədər
çoxdur. Onlar dialoq, qarşılıqlı anlaşma,
dözümlülük və insanlar arasında əməkdaşlığa
aiddir. Lakin Bakıda keçirilən bu Forum əslində ən
uğurlu tədbirlərdən biridir və ISESCO bu cür
hazırlıq işlərində iştirak etməkdən məmnunluq
duyur. Bu tədbirlərlə Bakı bütün
dünyanın diqqətini özünə cəlb edib. Burada
insan mədəniyyətinin uzunmüddətli adət-ənənələri,
artıq təşəkkül tapmış bu cür vacibliyə
malik olan belə bir layihə üçün ideal platforma
qurulub. Bu məqsədlə 2011-ci ildə mən bu Forumu insan
sivilizasiyasının ən ülvi məramlarını
özündə əks etdirən layihə adlandırdım.
Çünki hökumətlər, regional və beynəlxalq təşkilatlar,
adi insanların təsisatları səviyyəsində olan əməkdaşlıq
belə bir qlobal səylərlə təşviq edilə bilər.
Biz hesab edirik ki, insan alyansını qurmalıyıq. Bu,
sözün əsl mənasında, insan alyansıdır və
o, insanları bütün səylərini göstərərək,
bütün vasitələrdən istifadə edərək əməkdaşlığın,
anlaşmanın qurulmasına, dərinləşməsinə
ruhlandırmalıdır ki, biz problemləri aradan qaldıra
bilək.
Əfsuslar
olsun ki, beynəlxalq ictimaiyyət yenə də bir çox
faktlara laqeyd yanaşır. Bunların arasında
ayrı-seçkilik, ədavət, ekstremizm var. Təəssüflər
olsun ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin
erməni qüvvələri tərəfindən
işğalı və Fələstin xalqının çəkdiyi
əziyyətlər davam edir. Bu iki problemə gəldikdə,
bununla bağlı bir çox təşəbbüslər
irəli sürülmüşdür. Əslində, BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələri var. Bu qətnamələr
hələ ki, həyata keçirilməyib. Bu, əslində
beynəlxalq hüquqa məhəl qoyulmaması deməkdir. Mən
hesab edirəm ki, işğala son qoyulmalıdır. Bu,
yalnız yeganə yoldur. Mən bunu ISESCO adından bəyan
edirəm və bu, həyata keçirilməlidir. Mən
şübhə etmirəm ki, bu Forumun oynadığı vacib
rol uğurlu olacaq və o, bəşəriyyətə xidmət
etməkdə davam edəcək, islamın əsl dəyərlərini
təşviq edəcək. Bu dəyərlər müasirlik
modelinə çevrilərək hamımıza fayda gətirəcək.
Bəli, siz deyə bilərsiniz ki, müsəlman aləmində
bəzi insanlar var ki, onlar çox çaşqınlıq
yaradan hərəkətləri ilə seçilirlər. Lakin
onlar bizim dəyərlərimizi əlimizdən ala bilməzlər.
Çünki onlar bizim ailəmizin bir hissəsi deyil və biz
buradan bütün terrorçulara qarşı
çıxış edirik. Terrorçuluq bəşəriyyətə,
dinə qarşı cinayətdir. Bu, hamımıza,
bütün insanlara, bütün fərdlərə
qarşı törədilən cinayətdir. Gəlin, səylərimizi
birləşdirək, təcavüzə, işğala və
terrorçuluğa qarşı mübarizə aparaq. Çox
sağ olun.
* * *
Rəsmi
açılış mərasimi başa çatdıqdan
sonra Forum öz işini plenar iclasla davam etdirib.
AzərTAc
Azərbaycan.-2014.- 3 oktyabr.- S.1-3.