Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası

 Federal Məclisinin Federasiya Şurasının sədri

 Valentina Matviyenkonu qəbul edib

 

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonu qəbul edib.

Prezident İlham Əliyev Valentina Matviyenkonu yenidən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri seçilməsi münasibətilə təbrik etdi. Dövlətimizin başçısı Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumda Rusiya Federasiyası nümayəndə heyətinin Federal Məclisin Federasiya Şurası sədrinin başçılığı ilə iştirakını bu tədbirə verilən mühüm əhəmiyyət kimi dəyərləndirdi. Prezident İlham Əliyev Forumla bağlı təbriklərinə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə onun təşəkkürünü çatdırmağı Valentina Matviyenkodan xahiş etdi. Azərbaycan Prezidenti bir neçə gün əvvəl Həştərxanda Rusiya dövlətinin başçısı ilə görüşü zamanı iki ölkə arasında münasibətlərin çox müsbət, dinamik inkişaf etməsinin, əməkdaşlığın bütün sahələri əhatələməsinin, iqtisadi sahədə ticarət dövriyyəsinin artmasının vurğulandığını diqqətə çatdırdı. Dövlətimizin başçısı parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsində önəmini vurğuladı.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Prezident Vladimir Putinin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı. Qonaq IV Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Valentina Matviyenko dövlətimizin başçının Forumdakı çıxışının yaratdığı yüksək təəssüratdan danışdı. Bakıda gördüklərinin nümayəndə heyəti üzvlərində dərin təəssürat yaratdığını vurğuladı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Vladimir Putinə salamlarına və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və xoş arzularını Rusiya dövlətinin başçısına çatdırmağı Valentina Matviyenkodan xahiş etdi.

 

Azərbaycan.-2014.- 3 oktyabr.- S.3.