Məhəmməd Xeyir F.Əlrəhman: Bu Forum aktual

mövzuların müzakirəsi üçün gözəl imkanlar yaradır

 

Bu Forum dünyanın bir çox ölkələrindən nüfuzlu şəxsləri bir araya toplayaraq bir sıra vacib məsələlərin müzakirəsi üçün gözəl imkanlar yaradır.

Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Sudanın Aşhuruq telekanalının baş meneceri Məhəmməd Xeyir F.Əlrəhman AzərTAc-a müsahibəsində deyib.

Azərbaycanda ikinci dəfə olmasından məmnunluğunu ifadə edən Məhəmməd Xeyir F.Əlrəhman IV Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

Azərbaycanın ildən-ilə sürətlə inkişaf etdiyini qeyd edən qonaq belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin nümayəndələrinin iştirakını Azərbaycanın regionda və dünyada getdikcə artan nüfuzuna bariz nümunə olduğunu xüsusilə qeyd edib.

Sudanın Aşhuruq telekanalının baş meneceri dialoq, müzakirə və debatların Azərbaycan üçün gələcəkdə daha səmərəli, faydalı əməkdaşlığa şərait yarada biləcəyinə əminliyini ifadə edərək deyib: “Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda qurulub. Ölkəniz, həmçinin qadınlara səsvermə hüququ verən ilk ölkədir. Düşünürəm ki, bu, müasir islam dövlətləri üçün çox gözəl nümunədir. Bu addım qadın hüquqlarının və demokratiyanın islam aləminə heç də yad olmadığını bütün dünyaya bir daha nümayiş etdirir. Azərbaycan Avropaya doğru inamlı addımlarla irəliləyən gənc ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun ən vacib dövlətlərindən birinə çevrilib”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan qonaq ölkəmizin haqlı mövqeyini beynəlxalq arenada daim dəstəkləyəcəyini söyləyərək deyib: “Bu münaqişənin tez bir zamanda həll olunması, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılması regionda sülhün və sabitliyin bərpa olunması istiqamətində atılacaq ən mühüm addımdır”.

 

Azərbaycan.-2014.- 3 oktyabr.- S.5.