Valentina Matviyenko: “Biz Azərbaycan Prezidentinin
müdrikliyinə
bir daha əmin olduq”
Azərbaycan
Prezidenti İlham Əliyev və Milli Məclisin deputatı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə
çox məzmunlu görüşümüz oldu. Biz Azərbaycan
Prezidentinin müdrikliyinə, onun
ölçülüb-biçilmiş siyasətinə və
qarşılıqlı əlaqələri genişləndirmək
əzminə bir daha əmin olduq.
AzərTAc
xəbər verir ki, bu sözləri Azərbaycan
Respublikasının Milli Məclisində keçirilmiş
görüşdə ölkəmizdə rəsmi səfərdə
olan Rusiya Federasiyası (RF) Federal Məclisinin Federasiya
Şurasının (FŞ) sədri Valentina Matviyenko deyib.
Görüşdə
Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin
və parlamentlərarası əməkdaşlığın
dinamik inkişaf etdiyi qeyd olunub. V.Matviyenko deyib: “IV Bakı Beynəlxalq
Humanitar Forumuna dəvət olunduğuma görə təşəkkür
edirəm, FŞ-nin nüfuzlu nümayəndə heyəti
gördüklərindən çox böyük təəssürat
alıb. Bu, çox sanballı forumdur və mənə elə
gəlir ki, bu forumun daim Bakıda keçirilməsinin əsas
amillərindən biri müstəqil bir dövlət kimi Azərbaycana
olan hörmət, onun xidmətlərinin dünyada
tanınmasıdır”.
Azərbaycan-Rusiya
münasibətləri məsələsinə toxunan Valentina
Matviyenko qeyd edib ki, bütün sahələrdə Azərbaycan
ilə münasibətlər Rusiya üçün strateji
xarakter daşıyır. V.Matviyenko deyib: “Rusiya hər iki
ölkənin parlamentləri arasında daimi dialoqun yüksək
səviyyədə saxlanmasına böyük əhəmiyyət
verir. Bundan başqa, Rusiya Federasiyası beynəlxalq məkanlarda
da əməkdaşlığın genişləndirilməsinə
maraq göstərir. Dövlətlərimiz arasında mütəmadi
siyasi dialoqun yüksək səviyyəsi elə bir mərhələyə
keçməyə imkan verib ki, artıq aramızda heç
bir mübahisəli məsələ, narazılıq yoxdur. Tərəflər
arasında meydana çıxan problemlər və çətinliklər
xoş məramla həll edilir. Buna görə də biz
Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə
təkcə ikitərəfli mövqedən nikbinliklə yanaşmırıq.
Bu gün Azərbaycan dünya siyasətində də getdikcə
daha böyük rol oynayır və biz ümumi regionumuzda
sülh, əmin-amanlıq və sabitliyin hökm sürməsini
hamıdan çox istəyirik. Rusiya ilə Azərbaycanı
birləşdirən heç də təkcə strateji tərəfdaşlıq
və qarşılıqlı faydalı əməkdaşlıq
deyil. Bizi insani münasibətlər və əlaqələr
birləşdirir, xalqlarımıza xas olan yaxşı nə
varsa, onu qoruyub saxlamaq və inkişaf etdirmək səyləri
birləşdirir”.
V.Matviyenko
beynəlxalq səviyyədə əməkdaşlıqdan bəhs
edərkən ilk növbədə MDB-nin Parlamentlərarası
Assambleyasında çox fəal və konstruktiv iş
apardığına görə Azərbaycan nümayəndə
heyətinə minnətdarlığını bildirib. Sonda
FŞ-nin sədri deyib: “Biz həmçinin AŞPA-da ümumi
mənafeyimizi qoruyuruq. Bilirsiniz ki, Rusiyanın nümayəndə
heyəti Azərbaycan əleyhinə ədalətsiz qətnamələr
qəbul etmək cəhdlərini heç vaxt dəstəkləməyib”.
Milli
Məclisin sədri Oqtay Əsədov V.Matviyenkonu yenidən
Federasiya Şurasının sədri vəzifəsinə
seçilməsi ilə əlaqədar təbrik edib və
bildirib ki, Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin
çoxillik tarixi kökləri var. O əminliklə qeyd edib
ki, qarşılıqlı səfərlər və belə
görüşlər ikitərəfli əməkdaşlıq
üçün geniş imkanlar açır.
Qeyd
olunub ki, siyasi, mədəni, humanitar sahələrdə
olduğu kimi, iqtisadi sahədə də əlaqələrimiz
genişlənir. Ölkələrimiz arasında ticarət
dövriyyəsi ildən-ilə artır. Azərbaycanda tədrisin
rus dilində aparıldığı təqribən 300
ümumtəhsil məktəbi, MDU-nun filialı və Bakı
Slavyan Universiteti fəaliyyət göstərir.
Qeyd
edək ki, FŞ-nin sədri Oqtay Əsədovu 2015-ci ildə
Rusiyaya rəsmi səfərə dəvət edib.
Azərbaycan.-2014.- 3 oktyabr.- S.6.