Azərbaycanın xarici
işlər naziri AŞPA-nın plenar iclasında çıxış edib
Xarici
işlər naziri Elmar Məmmədyarov Azərbaycanın
Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi
çərçivəsində oktyabrın 2-də Avropa
Şurası Parlament Assambleyasının plenar iclasında
çıxış edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, E.Məmmədyarov çıxışında əsasən Azərbaycanın Nazirlər Komitəsinə sədrliyinin prioritet istiqamətlərinə diqqət yetirib.
Nazir qeyd edib ki, Azərbaycan noyabrın 13-də Nazirlər Komitəsinə sədrliyi Belçikaya ötürəcək. “Lakin o vaxta qədər prioritetlərimizi həyata keçirməyə davam edəcəyik. Bununla əlaqədar olaraq, iyul ayında Nazirlər Komitəsi tərəfindən İdman Yarışlarının Manipulyasiyasına dair Konvensiyanın qəbul edilməsi Azərbaycanın sədrliyi üçün böyük qürur mənbəyidir. Bu Konvensiya Avropa Şurasının idman etikasına tarixi sadiqliyinə uyğundur. Bu,
həmçinin Azərbaycanın əsas prioritetlərindən olan korrupsiya ilə mübarizəyə töhfədir”, - deyə nazir əlavə edib.
Bildirilib ki, sədrlik dövründə GRECO və Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) ilə birlikdə iyunun 30-dan – iyulun 1-dək Bakıda korrupsiya ilə mübarizə üzrə beynəlxalq standartlar və milli təcrübəyə həsr olunmuş konfrans təşkil edilib. Konfransda antikorrupsiya qanunvericiliyinin həyata
keçirilməsi və onun məhkəmə-hüquq sisteminin səmərəliliyinin artırılmasında rolu, təhsil vasitəsilə korrupsiya ilə mübarizə, korrupsiyaya qarşı preventiv tədbirlər, iqtisadi inkişaf və korrupsiyaya qarşı mübarizə, ixtisaslaşmış antikorrupsiya agentlikləri arasında beynəlxalq əməkdaşlıq, korrupsiya ilə bağlı cinayətlərin təhqiqatı zamanı cinayət prosesi iştirakçılarının mühafizəsi kimi müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. IACA-nın üçüncü sessiyasının gələn ay Bakıda keçirilməsinə dair qərar bu uğurlu sədrliyin məntiqi nəticəsidir.
Diqqətə çatdırılıb ki, sədrlik gündəliyi çərçivəsində Azərbaycanın təşkil etdiyi digər əhəmiyyətli tədbir ötən həftə Bakıda “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda keçirilmiş beynəlxalq konfrans oldu. Bu mövzu Avropa Şurası tərəfindən ilk dəfə olaraq gündəmə gətirilirdi.
Elmar Məmmədyarov qeyd edib ki, qarşılıqlı hörmət və anlaşmaya əsaslanan müxtəlif mədəniyyətlərə sahib olan
cəmiyyətlərin bir araya gətirilməsinin də daxil olduğu sədrlik prioritetləri çərçivəsində Avropa mədəniyyət nazirlərinin 2013-cü ildə Moskvada keçirilən 10-cu konfransının davamı olaraq 2014-cü il iyulun əvvəllərində Bakıda “Rəqəmsal mədəniyyət və insanların rolunun gücləndirilməsi üçün əlverişli mühitin yaradılması” adlı Avropa Şurasının ilk Mədəniyyət və Rəqəmsallaşdırma
üzrə Platforma Mübadiləsi təşkil edildi. Müzakirələr zamanı rəqəmsallaşmanın mədəniyyətə təsiri, rəqəmsal əsrə keçid, mədəniyyət sahəsi və onun fəallarının ehtiyacları, mədəniyyət sahəsinə dair materialların əldə edilməsi, hazırlanması və
yayılması, vətəndaşların rolunun gücləndirilməsi və rəqəmsal mədəniyyət üçün mühitin yaradılması kimi məsələlərə xüsusi diqqət yetirilib.
Nazir bildirib ki, Azərbaycanın sədrliyinin prioritetləri çərçivəsində Bakıda 2014-cü ilin sentyabrında Avropa Şurasının mədəniyyətlərarası dialoqun dini aspektlərinin mübadiləsi
mövzusunda növbəti əhəmiyyətli tədbir təşkil edilib. Parlament Assambleyası da mədəniyyətlərarası və dinlərarası dialoqun gücləndirilməsində assambleyanın rolunu vurğulamaqla tədbirin işinə öz töhfəsini verib. “Mədəniyyətlərarası
dialoq: mədəniyyət və din arasındakı əlaqə” mövzusunda fikir mübadiləsi zəngin və fəal müzakirələrə səbəb olub.
Nazir çıxışında IV Bakı Beynəlxalq Humanitar Forumu haqqında da məlumat verib. Bildirib ki, bu Forum siyasi, elmi və mədəniyyət xadimlərinin, habelə keçmiş dövlət başçılarının, elmin müxtəlif sahələrində Nobel mükafatına layiq görülmüş alimlərin və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən illik toplantıdır. Builki Forumda çoxmədəniyyətliliyin fəlsəfəsi, milli özünüdərk və mədəni çoxşaxəliliyin tətbiqi konsepsiyalarının siyasi və hüquqi aspektləri, müxtəlif mədəniyyətlərin dözümlülüklə birgə mövcudluğu və bir sıra digər aktual məsələlər müzakirə olunacaq. Bu Forum Azərbaycanın sədrliyi ilə keçirilən tədbirlər siyahısına daxil edilməsə də, sədrliyimizin prioritetlərindən olan mədəni cəhətdən müxtəlif cəmiyyətlərdə həmrəyliyə öz töhfəsini mütləq verəcək.
Nazir deyib ki, Azərbaycan sədrlik prioritetləri çərçivəsində gənclərin təhsilinə və mühafizəsinə də diqqət ayırır.
Qeyd edilib ki, Avropa Şurasının institusional dəstəyi ilə Azərbaycanda oktyabrın sonunda Gənclər Siyasəti üzrə I Qlobal Forum keçiriləcək.
Materiklərin kəsişməsində yerləşən və Avropa qitəsinin ayrılmaz qonşuluğundakı ölkələrlə tarixi əlaqələrə malik olan Azərbaycanın noyabrın 7-8-də qonşuluq siyasəti üzrə Bakıda keçiriləcək yüksək səviyyəli konfransa ev sahibliyi etmək təşəbbüsü müsbət qarşılanıb.
Elmar Məmmədyarov deyib: “Sədrliyimizin başlanğıcında da qeyd etdiyimiz kimi, Azərbaycan BMT və regional təşkilatlar arasında qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın gücləndirilməsini daim
dəstəkləyib. Bu
baxımdan biz BMT-nin Baş Məclisi tərəfindən konsensusla qəbul ediləcəyini gözlədiyimiz
BMT ilə Avropa Şurası arasında əməkdaşlığa
dair ənənəvi qətnamənin əhəmiyyətini
və aktuallığını qeyd etmək
istərdik. Azərbaycan Nazirlər Komitəsinin hazırkı
sədri qismində bu qətnamənin
layihəsi üzrə danışıqların
aparılmasında iştirak etməkdən
məmnunluq duyardı”.
Azərbaycan.-2014.- 3 oktyabr.- S.8.