Qurban bayramı mənəvi birlik rəmzidir

 

Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir.

Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, bu xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.

 

İlham ƏLİYEV

 

Qurban bayramı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının ən böyük mənəvi dəyərlərindən hesab etdiyi islam dininin müqəddəs bayramlarından biridir. Əsrlər boyu xalqımız Qurban bayramını böyük sevinc və coşqu hissi ilə qarşılamış, qurban kəsmə mərasimini öz milli adət-ənənəsinə, mənəvi dəyərinə çevirmişdir.

Tarixdən də bizə məlum olduğu kimi, xalqımız bu bayramı daha təntənəli və sevinc hissi ilə qarşılamışdır. Bunun səbəbini isə Azərbaycan xalqının sahib olduğu özünəməxsus mənəvi dəyərlərində axtarmaq lazımdır.  

Bu dəyərlərdən əsasən qonaqpərvərlik, başqalarının halına acıma, rəhmlilik, xeyriyyəçilik, kimsəsizlərə baş çəkmək, başqalarının dərdinə şərik çıxmaq xalqımızın sahib olduğu mənəvi özəlliklərdəndir. Məhz Qurban bayramına məxsus ənənələrin, məsələn, qurbanın kəsilməsi, qurbanlıq ətinin kasıblara paylanması, qurbanlıq heyvanın kəsilməsindən bir müddət qabaq bəslənməsi, bəzədilib Allah yolunda kəsilərək əsasən kasıblara, yoxsullara paylanması, bayram süfrələrinin təşkil edilməsi və s. xalqımıza məxsus dəyərlərlə üst-üstə düşdüyündən bu bayram ölkəmizdə daha təmtəraqlı qeyd edilir. Xalqımız neçə əsr əvvəl rus imperiyasının, sonra isə bu imperiya üzərində qurulmuş Sovetlər Birliyinin tərkibində yaşamağa məcbur edilmiş, onun milli dəyərləri, bayramları, adət-ənənələri tapdalanmış, xüsusilə sovetlər dönəmində olduğumuz illərdə bu bayram və mərasimlərin qadağan olunduğu zamanlarda belə həm minillər boyu yaşatdığı dəyərlərə (məsələn, Novruz bayramının keçirilməsini göstərmək olar), həm də islam dinindən əxz etdiyi dəyərlərə həmişə sahib çıxmış, onları imperialist və müstəmləkəçilik qadağalarına qurban verməmişdir. Qan üzərində qurulmuş bütün imperiyalar kimi, dağılmaq aqibətini yaşayan Sovetlər Birliyinin süqutundan sonra müstəqillik qazanan Azərbaycan Respublikası, nəhayət, milli və dini bayramlarını dövlət səviyyəsində, qanuni şəkildə keçirməyə nail oldu. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti olduqdan sonra xalqımız onun rəhbərliyi altında daha sıx birləşərək adət-ənənələrinə, dəyərlərinə möhkəm bağlanmış, əldə etdiyi bir çox demokratik prinsiplərlə yanaşı, müqəddəs bayramlarını da azad şəkildə keçirmək hüququ qazanmışdır.

İslam dinində iki böyük bayram var. Bunlar Ramazan (Fitr) və Qurban bayramlarıdır. Haqqında danışdığımız Qurban bayramı Həzrət İbrahim peyğəmbərin (s.v.s) yuxuda aldığı ilahi vəhyə əsasən öz oğlu İsmayılı Mina vadisinə gətirib Allah yolunda qurban kəsmək cəhdi ilə bağlıdır. Bu bayram hər şeydən əvvəl insanın öz nəfsi üzərində qələbə çalmasının ən əlamətdar bir hadisə olmasının təzahürü kimi qeyd edilir.

Ümumiyyətlə, bütün monoteist dinlərdə Allaha qurban gətirmə mərasimi Həzrət Adəm peyğəmbərin oğlanları Habil və Qabilin əhvalatı ilə başlanır. Qabil əkinçi, Habil isə çoban idi. Allah Həzrət Adəmə vəhy edir ki, oğlanları Allah üçün qurban gətirsinlər. Qabil əkinçi olduğu üçün bir az taxıl, Habil isə böyük bir ağ qoç gətirir. Qardaşlardan yalnız Habilin qurbanı qəbul olunur. Bununla da bəşər övladının öz malından heyvan kəsməklə Allah yolunda ehsan verməsinin əsası qoyuldu.

Başqa bayramlarda olduğu kimi, Qurban bayramında da müsəlmanlar şadlanır və bir-birini təbrik edir, qohumlara, yaxınlara qonaq gedilir, küsülülər barışır, kimsəsizlərə baş çəkilir, insanlar bir-biri ilə daha çox ünsiyyət qurur, mehribanlıq edirlər. Bayram günü qüsl verilir, hava işıqlaşandan sonra bayram namazı qılınır, qurban kəsilir, qurban ətindən kasıblara paylanılır. Diqqət olunası məqamlardan biri də odur ki, bayram günü Həcc ziyarətində olmayanlar qurbanı kəsib yalnız bir-birinə vermələri doğru deyildir. Çünki qurban kəsilməsi mərasiminin bir əhəmiyyəti də ondan ibarətdir ki, kasıblar bu ətdən bəhrələnib doyunca yemək yeyə bilsinlər, varlılar heç olmasa bir günlük də olsa, kasıbların ehtiyacını ödəmiş olsunlar. Həzrət Məhəmməd peyğəmbər (s.v.s) bir hədisdə buyurur: "Allah qurbanlıq gününü bayram kimi qərarlaşdırdı ki, kasıblar da həmin gün ət xörəyi yeyə bilsinlər. Ona görə siz də kasıblara qurban payı verin"(Qısa İslam Ensiklopediyası, I cild).

Hədisdən anlaşıldığı kimi, qurban ətinin bir payı mütləq kasıblara verilməlidir. Ona görə də qurban kəsməyə imkanı olmayanların borc alaraq qurban kəsməsinə ehtiyac yoxdur. Çünki qurban ətinin bir payı elə onların haqqıdır. Qurban bayramının heyvan kəsmək mərasimi yalnız həmin vaxt Həcc ziyarətində olanlar üçün vacibdir. Həcc ziyarətində olmayanlardan isə yalnız imkanı olanlara qurban kəsmək tövsiyə olunur.

Qurban kəsmək mərasimi Həcc ziyarətinin vacib hissəsidir: "...Məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsula da yedirdin!" (Əl-Həcc,28).

Həcc ziyarəti əməlləri ümumilikdə Həzrət İbrahim peyğəmbərin (s.v.s) özü və ailəsi ilə bağlı olduğu kimi, Qurban bayramı da bu nümunəvi ailənin şücaəti ilə əlaqədar nazil olmuş ilahi şəriətdir. Bu şəriətə tabe olub onun qayda-qanunlarına əməl edən müsəlmanlar hər il zilhiccə ayının 10-da Həzrət İbrahim peyğəmbər (s.v.s) və onun ailəsinin ilahi əmrə tabe olaraq öz sevimli övladlarını Allah yolunda qurban kəsmək istəklərindən doğan fədakarlıqlarını xatırlayır və bu günün ildönümünü qeyd edirlər.

Bu hadisəni bütövlükdə Həzrət İbrahimin (s.v.s) timsalında insanın Allah tərəfindən imtahan olunması prinsipinin ən əlamətdar hadisəsi hesab etsək, yanılmarıq. Bu ilahi imtahan təkcə Həzrət İbrahimi yox, onun bütün ailəsini əhatə edir. Bu ailəyə bəzən "tövhid ailəsi" də deyirlər. Çünki bu ailənin hər bir üzvü ayrı-ayrılıqda ilahi imtahandan şərəflə çıxmış, insan üçün canını və övladını fəda etmək kimi ən ağır şərtlər çərçivəsində sınağa çəkilmiş, nə qədər çətin olsa da, nəfsdən gələn şübhə və vəsvəsələrə uymamış, Allah hökmünü bütün dünyəvi istəklərdən üstün tutmuş və bununla da həm dünyada daim xatırlanmağa, axirətdə isə ən yüksək məqama layiq nümunəvi "tövhid ailəsi" olduqlarını sübut etmişlər. Bu əhvalat müqəddəs kitab Tövratda da öz əksini tapmışdır. Düzdür, bu kitabda Həzrət İbrahimin (s.v.s) oğlu İsmayılı yox, İshaqı qurban kəsmək istəyindən danışılır: "Allah dedi: "Sevdiyin yeganə oğlunu - İshaqı görürüb Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et" (Tövrat, Yaradılış kitabı, İbrahimin sınağa çəkilməsi fəsli, 2). Amma ayədən göründüyü kimi, Allah "sevdiyin yeganə oğlun" deyir, o zaman isə həmin oğul İshaq yox, İsmayıl idi. Çünki İshaq İsmayıldan uzun illər sonra doğulmuşdur. Bu üzdən İslam dinində bu oğul İsmayıl və qurban isə "İsmayıl qurbanı" hesab edilir.

Həzrət Məhəmməd peyğəmbərin (s.v.s) səhih hədislərində də bu oğlanın İsmayıl olduğu açıqlanmışdır. Belə hədislərin birində deyilir: "Mən iki qurbanın oğluyam!" (Tarixi-Təbəri, I cild). Bu qurbanın biri Həzrət İsmayıl (s.v.s), o biri isə Peyğəmbərimizin atası Abdullahdır. Çünki Həzrət Məhəmməd peyğəmbərin (s.v.s) babası Əmdülmüttəlib də oğlu Abdullahı suyu qurumuş Zəmzəm quyusuna su gəlməsi üçün Allaha nəzir etmişdi.

Qurani-Kərimdə də bu oğlanın İshaq yox, İsmayıl olduğuna dair ayə var. Allah ilahi imtahandan üzüağ çıxdığına görə Həzrət İbrahimi mükafatlandıracağını və ona bir oğul da verəcəyini bildirir: "Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!" "Şübhəsiz ki, o, (İbrahim) Bizim mömin bəndələrimizdən idi!" "Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik" (Əs-Saffat,110-112). Ayədən də açıq-aşkar görünür ki, Allah Həzrət İbrahimə İshaqı ilahi imtahandan şərəflə çıxdığına görə mükafat olaraq verir. Ona görə də islam dinində bu qurban yəhudilərin Tövratındakı "İshaq qurbanı" yox, "İsmayıl qurbanı" adlanır.

Qurban bayramının mühüm əhəmiyyətlərindən biri də insanın öz nəfsi və onu düz yoldan çıxaran şeytan üzərində qələbə çalmasıdır. Çünki nəfsi istəklər içərisində övlad və can sevgisi demək olar ki, əsas yerləri tutur. Həzrət İbrahim (s.v.s) və Hacər sevimli tək övladları İsmayıldan, İsmayıl isə öz canından Allah yolunda keçmək qərarına gəlirlər. Bu fədakarlıq yalnız çox güclü iman sayəsində mümkündür. Çünki onlar bunun bir Allah əmri olduğuna dəqiq inanırdılar. İnamla imanın fərqi burada açıq görünür. İnam bir şeyin mövcudluğuna, həqiqiliyinə əmin olmaq deməkdir. İman isə dini inamdır. Amma bu inam o halda imana çevrilir ki, insan mövcudluğuna, varlığına yəqin etdiyi Allahın bütün əmrlərinə boyun əysin, ilahi qayda-qanunlara riayət etsin, yəni dildə deyil, bütün qəlbi və əməlləri ilə bu inamını təsdiqləsin. Məhz bu məqam dünyəvi inamla dini imanı bir-birindən fərqləndirən şərtdir. Buna görə də İslam dininin hökmlərinə əməl edən, şəriətin göstərdiyi həyat tərzi ilə yaşayan insana "imanlı insan" deyilir. Bəşəriyyət yaranandan elə bir insan olmayıb ki, Allah onun imanını sınağa çəkməsin: "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!" (Əl-Bəqərə,155)

Rəvayətlərə görə, Həzrət İbrahimin hər zaman ilahi iradəyə tam təslimçiliyi hətta mələkləri də təəccübləndirirdi. Onlar peyğəmbər də olsa, bu insanın ağır sınaqlar qarşısında belə Allaha sığınmasını, oda atılarkən etiqadından dönmədiyini, yeganə övladını Allah yolunda qurban kəsmək iqtidarında olduğunu və bütün bunlarla yanaşı, imanının daim sabit qalmasına görə Həzrət İbrahimə və onun ailəsinə qibtə etmişlər. (Tarixi-Təbəri, I cild)

Həzrət İbrahim peyğəmbərdən (s.v.s) başqa onun ailə üzvləri də hər bir ailə üçün nümunə ola biləcək qədər güclü iman və fədakarlıq göstərmişlər. Hacər Həzrət İbrahimlə bərabər, öz sevimli oğlunun Allah yolunda qurban kəsilməsinə razı olmuşdu. Bir ana üçün bu razılığın nə demək olduğunu hər kəs yaxşı bilir. Bu üzdən Hacərin bir ana kimi övladından keçməsi o zamana qədər görünməmiş misilsiz bir qadın fədakarlığı idi.

Allah yolunda qurban adi günlərdə də kəsilir. Amma haqqında danışdığımız "İsmayıl qurbanı" hər il yalnız zilhiccə ayında, Həcc ziyarəti vaxtı yerinə yetirilir. Biz bu qurbanın üç insanla bağlı olduğunu dedik. Bunlardan biri Allahın peyğəmbəridir. O birisi Hacər anadır. İsmayıl isə 13 və yaxud 11 yaşlarında bir yeniyetmədir. Bu hadisədə ən maraqlı məqamlardan biri də odur ki, İsmayıl həmin dönəmlərdə peyğəmbər deyildi. Kiçik yaşlı bir oğlanın diri-diri başını kəsilmək üçün Allaha və atası Həzrət İbrahimə (s.v.s) itaətlə təslim etməsi çox təəccüblüdür. Bu əməl bir insanın nəfsi istəklərdən olan can sevgisinə qarşı ən böyük mübarizəsi, ümumilikdə isə cihadın bütün növləri içərisində ən çətin və ağır olanıdır. Çünki silahla olan cihadda da insan Allah yolunda canını təhlükəyə atır, amma bir yandan da sağ qalmaq ehtimalı olur. Həzrət İsmayılın etdiyi bu fədakarlıqda isə ölümdən başqa heç bir ehtimal qalmır. O, bu hərəkətə düşünərək, anlaqlı şəkildə, böyük itaətkarlıqla gedir. Hətta hədislərdə deyilir ki, Həzrət İbrahim (s.v.s) bıçağı İsmayılın boynuna çəkəndə bıçaq əti kəsməmiş, bunu görən İsmayıl atasına məsləhət görür ki, bıçağı boynuna qüvvətli çəksin. (Tarixi-Təbəri, I cild).

Həzrət İbrahim (s.v.s) oğluna onu Allah yolunda qurban kəsməli olduğunu deyəndə də İsmayılın münasibəti təəccüb doğurur: "O, (İsmayıl) yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!" O dedi: "Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!" (Əs-Saffat,102).

Həzrət İsmayılın uşaq yaşlarında sahib olduğu bu ilahi sevgidən doğan kamil iman bir çox ilahiyyatçıları düşündürmüş, bəziləri bunun yalnız Allah istəyi olduğunu və ona görə Həzrət İsmayılın rahatlıqla təslim olduğunu söyləmişlər. Yoxsa, belə kiçik yaşda kamil iman sahibi olmaq mümkün deyildir. Amma düşünürük ki, belə qüsurlu fikirlər Allah dininin başçısı olan Həzrət İbrahim (s.v.s) ailəsinin ilahi sınaqlar qarşısında göstərdiyi səbr, dözüm, şücaət, iradə, əzm, itaət, mükəmməl imanla müşayiət olunan insana xas nümunəvi tövhid xüsusiyyətlərinə və onların bu yolda çəkdikləri əziyyət, məşəqqət və zəhmətə kölgə sala bilər. Çünki İslam dinində də kiçik yaşlı uşağın güclü imana sahib olması nümunəsi mövcuddur. Məsələn, Həzrət Məhəmməd peyğəmbərdən (s.v.s) sonra İslam dinini ilk qəbul edən Həzrət Əli (ə) o zaman on yaşında idi.

Həzrət İsmayılın göstərdiyi bu şücaət, əlbəttə ki, mükafatsız qalmadı. Allah ona peyğəmbərlik əta etmiş, yüksək məqam sahibləri olan salehlər zümrəsinə daxil etmişdir: "(Ya Rəsulum!) Kitabda (Quranda) İsmayılı da yada sal! O, öz vədinə sadiq və bir elçi, bir peyğəmbər idi." "O, öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (İsmayılın əməli Allah dərgahında bəyənilmişdi)". (Məryəm, 54;55).

Ümumiyyətlə, bu hadisənin əhəmiyyəti o qədər böyük idi ki, Allah bu əhvalatdan sonra Həzrət İbrahimi (s.v.s) "Xəlilim" adlandırmışdı. (Tarixi-Təbəri, I cild). Bildiyimiz kimi, bu ad monoteist dinlərdə yalnız Həzrət İbrahimə aid edilir. "Allahın dostu" adına nail olmaq üçün Həzrət İbrahim ağır sınaqlardan keçməli olmuşdur. Yeganə oğlunu Allah yolunda qurban kəsmək qərarına gəlməsi də bu sınaqlardan biri, bəlkə də ən ağırı idi. Qurani-Kərimdə bu haqda deyilir: "Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman", "Biz ona belə xitab etdik: "Ya İbrahim!" "Artıq sən röyanın düzgünlüyünü təsdiq etdin! Biz yaxşı iş görənləri belə mükafatlandırırıq". "Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi". "Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik" (Əs-Saffat,103-107).

Həzrət İbrahimin ilahi sınaqdan uğurla çıxması onun Allah tərəfindən bir çox məqamlarla mükafatlanmasına səbəb olur. Belə mükafatlardan biri də qurbanın dəyişdirilməsi məsələsidir. Allah Həzrət İbrahimin tək oğlu İsmayılı kəsməyə tam hazır olduğunu, hətta bir neçə dəfə bıçağı İsmailin boynuna çəkdiyini gördükdə onun kəsilməsini rəva bilmir və İsmailin əvəzinə hədislərdə deyildiyi kimi, Həzrət Adəmin oğlu Habilin Allaha qurban gətirdiyi boyük ağ qoçu cənab Cəbrayılla Həzrət İbrahimə göndərir. Təbəri yazır ki, "bu ağ qoçun gözləri, ayaqları və buynuzları qara rəngdə idi. Cənab Cəbrayıl qoçun qulağından yapışıb o dağa endirdi" (Tarixi-Təbəri, I cild). Bunlardan başqa, Təbəri Həzrət İsmailin boynuna çəkilən bıçağı hər dəfə döndərənin cənab Cəbrail olduğunu da yazır.

Qurban bayramının keçirilməsinin əsas səbəblərindən biri də insan yerinə heyvan kəsilməsidir. Bir anlıq təsəvvür edək ki, Həzrət İsmayıl qurban kəsilsəydi, bu, İslam dininin ilahi prinsiplərinə uyğun olmazdı və həmin gün insanlar üçün bayram yox, faciə olardı. Bu üzdən Allah insanın yox, heyvanın kəsilməsini buyurur. Çünki Allah hər kəsi gücü yetdiyi ilə imtahana çəkiir. Əgər bu əməl müsəlmanlara vacib buyrulsaydı, çoxları bunu bacara bilməz və bu əmrin timsalında başqa ilahi əmrlərə də soyuqluq yaranar, bu da öz növbəsində, insanların Allah yolundan uzaqlaşmasına gətirib çıxarardı. Bundan başqa, insan qurbanı kəsmək qanlı vəhşiliklərə, bir çoxlarının öz düşmənlərini belə Allah adı ilə kəsməsinə səbəb olardı. Bütün bunlara baxmayaraq, Allah tərəfindən göndərilməyən bəzi "din"lərdə, məsələn, Cənubi Amerikada eramızdan əvvəl mövcud olmuş Mayya dövlətində insanları kütləvi surətdə "allahlar" yolunda qurban kəsirdilər. Bu da insanlarda dəhşət, qorxu yaradır, habelə həmin "allahlara" qarşı nifrətə səbəb olurdu.

Yuxarıda dediyimiz kimi, Allah yolunda heyvan qurban verməyi bu əhvalatdan çox-çox əvvəl Həzrət Adəm peyğəmbərin oğlu Habil həyata keçirmişdi. Lakin o zaman bu əməl bütün ümmətə Allah tərəfindən vacib buyrulmamışdı. İllər keçdikcə isə ilahi şəriət unudulur, insanlar Allah göndərdiyi qayda-qanunları öz istədikləri formaya salır, bəziləri isə daha da irəli gedərək Yer üzündə saysız nahaq qanlar axıdır, hətta heyvan əvəzinə insan kəsirdilər. Həzrət İbrahimə (s.v.s) Allah tərəfindən oğlunun yerinə heyvan kəsməsini və bu əməli bütün müsəlmanlara vacib etməsi əmri o dövrə qədər baş vermiş vəhşiliklərin ilahi qərar yox, yalnız azğınlaşmış insanların şeytani düşüncələrinin məhsulu olduğunun bariz nümunəsidir. Allahın Həzrət İbrahimə röyada oğlunu qurban kəsməyi əmr etməsi isə yalnız onun və ailəsinin sınaqdan keçirilməsi ilə bağlıdır. Məhz Həzrət İbrahimin (s.v.s) nümunəsində insanın bu ağır sınaqdan keçməsi gününü Qurban bayramı kimi qeyd edirik.

Qeyd etdiyimiz kimi, qurban kəsmək mərasimi Həcc ziyarətinin vacib əməllərindən biridir. Həcc ziyarətində olanlar əgər bu qurbanı kəsməzlərsə, onların ziyarəti qəbul olunmaz. Həcc ziyarətində olmayanlara isə qurban kəsmək vacib deyil, müstəhəbdir. Yəni hər kəsin öz ixtiyarındadır. Amma əməl edilməsi böyük savaba səbəb olur və bu üzdən də kəsilməsi bəyənilən əməllərdəndir. Həzrət Məhəmməd peyğəmbərin (s.v.s) bir hədisində deyilir: "Qurban bayramı günü ən yaxşı əməl Allah yolunda heyvan kəsmək, ata-anaya mehribanlıq göstərmək, uzaq düşmüş qohumların görüşünə getmək, xudpəsəndliyi atıb başqaları ilə birinci görüşmək, qurbanlıq ətindən kasıblara, ehtiyaclılara pay verməkdir" (Qısa İslam Ensiklopediyası, I cild).

İslam şəriətinə görə, qoyun, inək və dəvədən qurban kəsilməsi səhihdir. Dördüncü növ heyvan olan keçi isə məzhəblər arasında müzakirə mövzusudur (bəzi məzhəblər üçün məqbul, bəziləri üçün isə qurbanlıq heyvanlar növünə aid deyil). Bu dörd növ heyvandan başqa, digər heyvan növlərindən qurban kəsmək şəriətə ziddir və məqbul deyil. Kəsiləcək qurbanlıq heyvanın da qüsursuz olmasına diqqət edilməlidir. Belə ki, qulağı kəsik, buynuzu sınmış, şikəst, dişləri tökülmüş, qoca, əldən düşmüş, xəstə, haram pulla alınmış heyvanları qurban kəsmək olmaz. Qurban kəsən adam ətin bir hissəsini özünə götürə bilər, bir hissəsini qonşulara, qohumlara, dostlara paylaya bilər, bir hissəsini isə mütləq kasıblara və ehtiyacı olanlara verməlidir. Əlbəttə, qurbanın sahibi ətin hamısını kasıblara, yoxsullara verə bilər. Bunun savabı daha çoxdur.

"Qurban" sözünün ərəb dilindən tərcüməsi "yaxınlıq" mənasını verir. Qurban Allaha yaxınlıq niyyəti ilə yuxarıda göstərilən heyvanlardan birini şəriətə uyğun qaydalarla kəsməkdən ibarət olan bir ibadət əməlidir.

Ümumiyyətlə, Allah rizası üçün olunan əməllər insanın hidayət olunması, düz yola yönəlməsi üçündür. Qurban kəsmək də Allah yolunda icra olunan ibadət əməllərindən biridir. Belə ibadət əməllərinə Allahın heç bir ehtiyacı yoxdur. Çünki Allah möhtac olmayan və ehtiyacsızdır. Kəsilən heyvanın nə əti, nə də qanı Allah üçün deyil, insanın bu yolla Allaha yaxınlaşması və bu nemətlərdən yararlanması üçündür. Bu əməl həm də insanlar arasında ünsiyyətin möhkəmlənməsi, qayğıkeşlik və nəvaziş hisslərinin gücləndirilməsi baxımından da çox önəmlidir. Allah bizə qurban kəsilməsinin məhz bu məqsədlərlə vacib buyurduğunu anladır: "Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə Həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!" (Əl-Həcc,37) 

Qurani-Kərimdə deyildiyi kimi, insan unutqan bir varlıqdır. Ətrafımızdakı insanlar içərisində elələri də var ki, zəngin həyat tərzi keçirməsinə baxmayaraq, yaxınlıqdakı kasıbların, hətta öz yoxsul qohum-əqrəbasının halına acımır, bəzən isə onlara yardım etmək əvəzinə, ümumiyyətlə, kasıb adamlarla danışmağı, ünsiyyət qurmağı belə özlərinə sığışdırmırlar. Bu tip harınlamış zənginlər özləri də bir neçə qrupa bölünür. Belə zənginlər içərisində elələri də var ki, sadəcə, cəmiyyətdə ac yaşayanların olmasından elə bil ki, xəbərsizdir. Bu insanları etinasızlıq elə bir həddə çatdırmışdır ki, onlar nəinki cəmiyyətə, öz ailə üzvlərinə qarşı da laqeyd münasibət göstərir və qayğısız həyat yaşayırlar. Bu tip etinasız zənginlərə, yəni mənəvi keyfiyyətlərini tamamilə itirməmiş insanlara  ətrafındakılar tərəfindən bir az qınaq və acların vəziyyətləri barədə məlumat verilməsi kifayət edir ki, onlar qəflət və unutqanlıq yuxusundan ayılsınlar. Bu üzdən ilahi hökmlər daim insanlara xatırladılmalı, onların əhəmiyyəti barədə təkrar danışılmalıdır. Əgər belə olarsa, cəmiyyətdə kasıbların, evsiz-eşiksizlərin, köməksizlərin sayı azalar, insanlar arasında başqalarının halına acımaq, rəhm və ədalət duyğularının artmasına səbəb olar. Əlbəttə ki, bu deyilənlər cəmiyyətimizdəki bütün imkanlı şəxslərə şamil edilə bilməz. Onların arasında, həqiqətən, yoxsulların halına acıyan, ətrafındakılara kifayət qədər yardım edən, nəinki Qurban bayramında, adi günlərdə də çoxlu qurbanlar kəsdirərək ehtiyacı olanlara ehsan edən, yaşadığı, doğulduğu bölgələrə su çəkdirən, yol saldıran, məktəblərə, bağçalara yardım edən, bir sözlə, hər cür xeyriyyəçilik işləri ilə məşğul olan ləyaqətli və imanlı zənginlərimiz, iş adamlarımız az deyil. Belə insanları cəmiyyətdə hər vaxt alqışlayır və onları fəxrlə başqalarına nümunə göstərirlər.  

Qurban bayramının cəmiyyətdəki ictimai münasibətlərə də təsiri böyükdür. Ramazan bayramı kimi bu bayram da özündə bəzi vacib şərtləri ehtiva edir. Bayram, ümumiyyətlə, hər hansı bir əlamətdar hadisənin qeyd olunmasına deyilir. Hər iki bayramda hava işıqlaşandan sonra iki rəkətli bayram namazı qılınır. Bu günü valideynlərə, qohumlara, qonşulara baş çəkmək, səhər qüsl almaq, başqalarına qarşı daha səmimi, xoş rəftarlı, gülərüz olmaq, bayram ab-havasını pozan hərəkətlərə yol verməmək tövsiyə olunur. İslam dinində mövcud olan bu iki böyük bayramın hər ikisi qısa zaman çərçivəsində yerinə yetirilən ibadətlərdən fərqli olaraq, Ramazan bayramı 30 günlük ibadətin sona yetməsi, Qurban bayramı isə bir neçə həftəlik Həcc əməllərinin yerinə yetirilməsinin başa çatması münasibətilə qeyd edilir.

Bir məsələni də qeyd etmək yerinə düşər ki, bəzi müsəlmanlar İslam dininin yayılmasında müstəsna xidmətlər göstərmiş və bu yolda şəhid olmuş müqəddəslərin qəbrini ziyarət etməyi daha asan olduğu üçün həvəslə yerinə yetirir, amma vacib buyrulan Həcc ziyarəti üçün tədarük toplamırlar və səbəb kimi də maddi vəziyyətlərinin qənaətbəxş olmaması dəlilini gətirirlər. Belə düşüncə tərzi bizi Allahın vacib buyurduğu Həcc ziyarətinə getməkdən ötrü vəsait toplamaq həvəsindən uzaqlaşdırar və vacib əməllərin müstəhəb əməllərlə qarışdırılmasına, yerlərinin dəyişdirilməsinə və zərərli meyillərə  aparıb çıxara bilər.

Biz də Qurban bayramı münasibətilə bütün müsəlman həmvətənlərimizi təbrik edir, Allahdan xalqımıza sülh, əmin-amanlıq və bol ruzi diləyirik.

 

Rauf CƏBRAYILOV,

Ilahiyyatçı

Azərbaycan.-2014.- 3 oktyabr.- S.9.