Tarixin söylədiyi həqiqətlər
Akademik Ramiz
Mehdiyevin "Dağlıq Qarabağ:
məxəzlərdən
oxunmuş tarix" əsəri haqqında təəssüratlarım
...QƏLƏM - vaxtın bütün çağlarında dünyanın ən qüdrətli silahıdır.
TARİXİN - xatırladığı irili-xırdalı bütün müharibələr fiziki gücün ifadəçisi olan soyuq və odlu silahların toqquşması ilə başlanıb, insan övladının zəka gücünü maddiləşdirən, ağ kağızlar üzərində onun düşüncələrinin rəsmini cızan müqəddəs qələmin hökmü ilə sona varıb.
SİLAHLAR - üz-üzə dayanmış iki tərəf arasındakı vəziyyəti müvəqqəti olaraq onlardan hansısa birinin xeyrinə dəyişə bilər, tərəflərdən biri vaxtın hansısa vədəsində qalib, digəri məğlub kimi də görünə bilər.
Amma əgər söhbət əsl qələbədən gedirsə, onu ancaq zəka döyüşündə qazanmaq mümkündür.
Ən böyük QƏLƏBƏ - Düşüncənin Qələbəsidir!..
Ən parlaq ZƏFƏR - Ağlın Zəfəridir!..
BÖYÜK ŞƏXSİYYƏT HEYDƏR ƏLİYEV məhz bu həqiqəti təlqin edirdi...
Onun sovet Azərbaycanına rəhbərliyi dövründə və Kremldə çalışdığı illərdə Dağlıq Qarabağ ərazisində ermənilərin bütün separatçı cəhdlərinə verdiyi təmkinli reaksiyalar, bu bəd niyyətlərin həyata keçirilməsinə heç bir fürsət tanımaması, Azərbaycan torpaqlarında münaqişə odunun közərməməsi üçün atdığı düşünülmüş addımlar məhz zəkanın, ağlın, müdrikliyin qələbəsi idi...
Azərbaycanın silahlı münaqişə meydanına doğru çəkilməsinin, Dağlıq Qarabağ və ətraf rayonların hərbi təcavüz nəticəsində işğal edilməsinin Heydər Əliyevin keçmiş SSRİ-nin ali rəhbərliyindəki vəzifələrindən uzaqlaşdırılması ilə eyni vaxta təsadüf etməsi də, əslində, tarixin adi bir təsadüfü sayılmaz...
Bu münaqişə odunu körükləyənlər bilirdilər ki, Heydər Əliyev zəkasının gücü bölgədə onlara lazım olan alovu şölələndirməyə, etnik separatizm mərəzinə çoxdan mübtəla olmuş və bu müstəvidə istənilən fərmayişi zombisayağı düşünmədən yerinə yetirməyə öyrəşmiş bədəməl qonşularımızdan alət kimi istifadə etməyə yenə mane olacaq.
Vəziyyətin Azərbaycanın xeyrinə doğru dəyişməsi, silahların öz yerini zəkalara verməsi üçün 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı gününə qədər gözləmək, buna qədər isə ötən əsrin 80-ci illərinin sonlarından başımıza gətirilənlərə, yaşadığımız ağrı-acılara dözmək, üzləşdiyimiz müsibətlərə səbr göstərmək lazım gəldi...
***
Bu gün apardığımız döyüşsə - məhz ZƏKA DÖYÜŞÜDÜR.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərkərdəlik etdiyi bu döyüşün ardıcıl qələbələri zaman keçdikcə daha aydın cizgilərlə görünməkdədir.
Azərbaycanla Ermənistan arasında gün keçdikcə daha da böyüyən inkişaf fərqi, işğalçı ölkənin qlobal layihələrdən, qazanc mənbələrindən kənarda qalması, Azərbaycanın regiondakı aparıcı mövqeyinin təcavüzkar ölkəni özünütədric durumu ilə üz-üzə qoyması bu qələbələrimizin ilkin mənzərəsini canlandırır...
Azərbaycanın apardığı uğurlu informasiya müharibəsi ilə erməni yalanlarının bütün dünyada ifşası, onların əsrlərdən bəri uydurduqları miflərin bircə sərrast zərbə ilə darmadağın edilməsi, tarixdəki erməni saxtakarlıqlarının aradan qaldırılması da bu mənzərənin əlvan cizgiləri kimi nəzərə çarpır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu yaxınlarda Moskvanın "Akvarius" nəşriyyatında rus dilində çapdan çıxmış "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" əsərini də bu istiqamətdə növbəti parlaq uğurlarımızdan biri kimi böyük ruh məmnunluğu ilə mütaliə etdim.
Və bu məzmunca ağır kitabın az qala hər sətrinin yaratdığı təşəkkür borcunu oxucu təəssüratlarıma işıq salan bu qeydlərimlə dəyərli alimimizə yetirmək qərarına gəldim!..
***
...1968-ci ilin iyununda Füzuli rayonu ərazisindəki Azıx mağarasında ibtidai insanın çənə sümüyü tapılandan cəmi bir-iki saat sonra rayonun erməni raykom katibi hövlank özünü yetirir, bu qiymətli tapıntını üzə çıxarmış görkəmli arxeoloq, professor Məmmədəli Hüseynova...
Bir az ordan-burdan danışandan sonra əsl məramını dilə gətirir: mağaradan tapılmış çənə sümüyünün sonradan dünyada məşhurlaşdığı adla - Azıxantrop deyil, ermənilərin tələffüz etdikləri sayaq Azoxantrop adlandırılmasından ötrü Azərbaycan aliminə o vaxtın pulu ilə sanballı "bəxşiş" təklif edir.
Milli hissləri maddi maraqlardan üstün olan Məmmədəli müəllimsə raykom katibini pərt yola salır və hazırda Azərbaycan Tarixi Muzeyinin ən qiymətli eksponatlarından biri kimi qorunan tapıntını bütün dünya Azıxantrop kimi tanıyır...
Erməni xislətinin bütün çılpaqlığı ilə sərgiləndiyi bu epizodu mərhum alim sonralar tez-tez öz həmsöhbətlərinə nəql edərmiş...
"Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" əsərini oxuyarkən, nədənsə, bu məqam gözlərim önündən getmədi...
Və əsərdəki son dərəcə maraqlı faktlarla, təkzibedilməz dəlillərlə, ermənilərin tarix yalanlarını bir-bir ifşa edən sübutlarla tanış olduqca, onların tarixi saxtalaşdırmaq üçün hansı yollara əl atdıqlarını gördükcə bizlərə vaxtın hansısa dönəmindən belə bir məxluqatla qonşuluq qismət etdiyinə görə bilmədim tarixi, yoxsa zaman-zaman bu qismətin acılarını dadmış, yaralarından qəhr olmuş taleyimizi qınayım...
Amma, bir dəfə yazdığım kimi, tarixi və taleyi ittiham etməzlər.
Biz də qınamayaq...
Sadəcə, öz tariximizin və öz taleyimizin sahibi olmağı öyrənək.
Akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" əsəri də buna can atan insanlar üçündür...
***
Xalqların öz keçmişləri barədə cürbəcür əhvalatlar düzüb-qoşmaları, az-çox tarixi dəyəri olan hansısa nişanəni ən qədim kimi təqdim etməyə çalışmaları, gücü, cəsurluğu, ədaləti, el qarşısında müəyyən xidmətləri ilə adı dillərə düşmüş qəhrəmanlarına dastanlar qoşmaları, hardasa, anlaşılandır.
Bu yaradıcılıq prosesi min il əvvəl də olub, bu gün də var və sabah da olacaq. Nağıllar, əfsanələr beləcə yaranır. Onlar xalqların uşaq məsumluğudur. İnsan sinninin hansısa vədəsinə yetişirsə-yetişsin, hansı əməlin sahibi olursa-olsun, bir anlıq ömrün körpəlik anlarına baş vurub bu günahsız xatirələrdə rahatlıq tapdığı kimi, xalqlar da keçmiş haqqında, tarix haqqında düzüb-qoşduğu nağıllarda, əfsanələrdə arınıb-durulur, saflaşır, yeni nəsillərin simasında özünün davamını bu saflığın, bu məsumluğun işığında yetişdirməyə çalışır.
Tarixin qədim qatları dilsiz-ağızsız həmsöhbət kimidir. Əldəki az-çox yazılı soraqların izi ilə o izlərin qırıldığı yerlərdən də daha dərinlərə enib vaxtın uzaqlıqlarına nə qədər diqqətlə nəzər salmağa çalışsan belə, keçmişə ünvanlanmış sualların onun verdiyi cavablardan yenə xeyli çox olacaq.
Həm də əgər dünyanın bir çox ölkələrinin, fərqli inkişaf durumlarına malik cəmiyyətlərinin nümunəsi xalqların tarixdəki iştirak səviyyəsinin, bir zamanlar qurub-yaratdıqları ucsuz-bucaqsız imperiyaların indi onların müasir durumunda ciddi bir rol oynamadığını göstərirsə, fikrimcə, tarixin mürəkkəb sualları üzərində çox da baş sındırmağa dəyməz.
Bu halda ən düzgün Yol - keçmişə bir dəyər kimi yanaşmaq, onu insan ruhunun mənəvi ərazisi kimi öyrənib fəth etmək, qorumaq, keçmişə bağlı dəyərlərin təsir gücü ilə ictimai təfəkkürdə humanizm çalarlarının, özünə və başqa xalqlara hörmət ruhunun gücləndirilməsinə nail olmaqdır.
Müasir dünya reallıqlarının tarix barədə anlatdığı tək həqiqət budur. Və bu həqiqət xalqlara öz keçmişləri barədə mifləri həyatın təbii ahənginə uyğun şəkildə, aşağıdan, yəni xalqın içindən yaratmağı, həm də bunu milli ədəbiyyat, milli musiqi, milli memarlıq, milli mətbəx və s. sərhədlərində gerçəkləşdirməyi, bu işi bir çirkli texnologiya kimi siyasətbazların mürvətinə buraxmamağı, mifolojiləşdimə prosesinin siyasi alətə çevrilməsinə imkan verməməyi diktə edir.
Bunu eşitməmək zamanın səsinə kar olmaqdır!..
Bunu nəzərə almamaq Tanrının qəzəbinə tuş gəlməkdir!..
Keçmişi başqalarına qarşı siyasi alətə çevirməyə qalxmaq Tanrı tərəfindən lənətlənməkdir!..
Və tarixin saxtalaşdırılması sahəsində xəstəlik səviyyəsinə qədər gəlib çatmış ermənilər də Tanrı tərəfindən lənətləniblər...
Və bu saxtakarlıqda iştirakı olan hər bir ermənini belə bir əməlin arxasında dayanmış mənfur niyyətlərlə birgə, həm də Tanrının lənəti birləşdirir...
***
İnsanın düşüncəsi nədirsə, onun mahiyyəti, öz varlığı ilə Yer üzündə ifadə etdiyi məzmun da odur...
Xeyir əməllərə ünvanlanmış düşüncələr insanın mahiyyətini xeyir işığında kökləyir...
Dünyadakı bütün bəd əməllər isə insanın düşüncələrindəki şərin ifadəsidir.
Ermənilərin saxta tarix sevgisi də şərə olan əbədi vurğunluqdan, bu toplumun böyük bir qisminin özünü ancaq şər əməllərlə ifadə etmək istəməsindən irəli gəlir.
Onların saxtakarlıqlarının arxası
nda dayanan niyyət tarixin hansısa məqamını üzə çıxarmaq deyil, tarixdəki saxtakarlıqlarla real zamandakı iddialara dəstəvuz hazırlamaqdır.
Bax beləcə - onların öz tarixlərinə olan "sevgiləri" də saxta sevgidir...
***
Azərbaycanın tarixi torpaqlarında özlərinə balaca bir dövlət qondarıb tədricən onun sərhədlərini yenə bizim torpaqlarımız hesabına genişləndirməyə başladıqları XX əsrin əvvəllərinə qədər dünyanın künc-bucaqlarında yüz illərlə sərsəri kimi dolaşıb özlərinə vətən axtaran ermənilərin bu vətənsizlik kompleksi onların milli düşüncəsində o qədər yer edib ki, başqalarının ərazilərində yeni dövlətlərin əsasını qoymaq, başqalarının tarixi dəyərlərini oğurlamaq üçün irəli sürülən istənilən niyyətə, təşəbbüsə psixi xəstəlik həddində həssasdırlar.
Elə akademik Ramiz Mehdiyev də "Azərbaycan" qəzetinin 24 sentyabr 2014-cü il tarixli nömrəsində dərc etdirdiyi və "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabına sözardı kimi oxuduğum "Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində" adlı məqaləsində bədnam qonşularımızın bu halətini şizofreniya simptomları kimi nəzərdən keçirir: "Kütləvi şüurun mifolojiləşdirilməsi prosesi müəyyən mənada bəşəriyyətin bütün tarixini müşayiət etsə də, müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, bu proses tarix kimi ciddi elmdən də yan keçməyib və yalançı erməni alimlərinin "Böyük Ermənistan", "Əzabkeş Ermənistan haqqında", ermənilərin birinci xristian millət olması barədə və digər bir sıra miflərin kütləvi şüura yeridilməsi cəhdlərində çox gülünc formada təzahür edib. Ermənilərin mif yaradıcılığına nəzər salsaq, asanlıqla yəqin etmək olar ki, onlar miflərdən öz tarixlərini qədimləşdirmək məqsədilə istifadə etməkdə bütün bəşəriyyəti qabaqlayırlar. Bu onların öz etnogenezini və milli dinlərini qədimləşdirmələrində daha əyani şəkildə görünür".
"Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabını mütaliə etdikcə, düşünürsən ki, kütləvi şizofreniya xəstəliyindən şəfa tapıb tarixə olduğu kimi yanaşmaq və normal həyata dönməkdən ötrü bu cür dəyərli elmi əsərlər ilk növbədə ermənilərin özlərinə lazımdır.
***
Bu kitabdakı faktların böyük bir qismi elə erməni mənbələrindən götürülmüş soraqlardır. Tarix uzun bir hekayətə bənzəyir, ayrı-ayrı hissələr, epizodlar oxucuda, dinləyicidə, tamaçaçıda olsa-olsa, yarımçıq qənaətlər formalaşdıracaq. Hekayəti tam görməkdən ötrü hissələri birləşdirməlisən.
"Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabında da akademik Ramiz Mehdiyev məhz bu yolu seçib. Əsərdə ermənilərin mənbələrə ayrı-ayrılıqda istinadən uydurmağa çalışdıqları saxta tarix hekayətinin hissələri birləşdirilir və müasir erməni tarixçilərinin yalanları bu tarixi-müqayisəli metodun işığında toz-duman kimi havaya çəkilir.
Belə bir müqayisə işığında üzə çıxan tarixi reallıqlar ermənilərin guya Cənubi Qafqaz ərazisində avtoxton xalq olması barədə uydurma mifləri darmadağın edərək onların böyük dövlətlərin Cənubi Qafqazda möhkəmlənmək uğrunda apardıqları rəqabət mübarizəsi gedişində çar Rusiyası tərəfindən Qacarlar İranına və Osmanlı imperiyasına qarşı gələcək müharibələrdə istifadə edilməkdən ötrü nəzərdə tutulmuş bir alət olaraq Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan torpaqlarına köçürülməsi həqiqətini bir daha bütün dünyaya sərgiləyir.
Müəllif tarixin daha dərin qatlarına aid soraqlara, Herodota, qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis və digər dillərdəki ilk məxəzlərə, elmi mənbələrə istinadən ermənilərin heç Asiya qitəsinin də yerli əhalisi olmadıqlarını sübuta yetirir.
Məlum olur ki, "böyük ermənistan" (belə cılız iddialar həmişə kiçik hərflərlə yazılmalıdır - İ.İ.) sevdası ilə alışıb yanan hayların tarixdəki ən böyük statusları kimmerlərin təzyiqi ilə Balkan yarımadasından Kiçik Asiyaya köçüb gəlmiş gəzərgi bir etnos olmalarıdır.
Və bu gəzərgi həyatın haylara qazandırdığı əsas "dəyər" onların başqalarından oğurladıqları "erməni" adı, ayrı-ayrı dövrlərdə frigiyalılardan, yunanlardan, suriyalılardan, İran mənşəli etnoslardan, türklərdən çırpışdırıb, bütün bu oğurluqların qarışığından yaratdıqları həlməşik mədəniyyətdir...
***
Bəlkə elə buna görə də humanizm hissi hayların törəmələrinə yaddır.
Axı oğurluq tarix, başqalarından çırpışdırılmış mədəniyyət yalnız, müəyyən məqamlarda kimlərisə aldatmaq üçün işə yaraya bilər. Bunlardan öyrənmək, o tarixin, o mədəniyyətin işığında mənəvi dəyərlər əxz etmək mümkünsüzdür...
Başqalarından mənimsənilmiş mədəniyyət, saxtalaşdırılmış tarix bir xalqın təmsilçilərinin ruhunda humanizm duyğuları aşılayıb onları tolerantlıq ruhunda tərbiyələndirə bilməz.
Tarixsə, sadəcə - yaşandığına, ötüb keçdiyinə, keçmişə aid olduğuna görə dəyərli deyil. Bir xalqın tarixinin dəyəri onun yetirdiyi müasir qövmün əməlləri boydadır, onların bəşəriyyətin bugünkü tarixinə verdikləri töhfələrin qiyməti qədərdir və xalqın sivilizasiyalılıq səviyyəsi bərabərindədir.
Əgər ermənilərin min bir əməllə qədimləşdirməyə çalışıb bu saxtakarlığın dumanında özlərini dünyaya "yolgöstərən", "xilaskar", "sivil xalq" maskası ilə təqdim etməyə çalışdıqları "qədim" tarixin ən son "əsərlərindən" biri erməni cəlladlarının 1992-ci ilin 26 fevral günü Xocalı şəhərində minlərlə dinc azərbaycanlıya qarşı törətdikləri soyqırımdırsa, bəşər sivilizasiyasına verdikləri "töhfə" ümumən bəşəriyyətə qarşı törədilmiş Xocalı cinayətidirsə, əgər bu xalqın özünə rəhbər bildiyi şəxs - Serj Sarkisyan Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırım törətməklə "stereotipləri alt-üst" etdiklərini etiraf kimi dilə gətirməkdən çəkinmisrə, o zaman ermənilərin tarixdə heç vaxt olmamış "qədimliyi", "yolgöstərənliyi", "xilaskarlığı", "sivilliyi" ilə bağlı hələ də davam edən saxtakarlıq oyunları kimə gərəkdir, nəyə gərəkdir?!
***
Tarixlə bağlı mülahizələr siyasətçilərin bəyanatlarında siyasi iddialar şəklində irəli sürülərkən, buna əks arqument kimi eşitdiyimiz obyektiv bir fikir var: bu işi tarixçilərin öhdəsinə buraxmalı...
Həqiqətən, tarix müasir siyasi proseslərin ümumi istiqamətini müəyyənləşdirən siyasətçilərdən çox, elm adamlarının missiyasıdır. Amma bu, heç də o anlama gəlmir ki, belə bir gərəkli missiya ancaq tarixçilərin, elmi-tədqiqat institutlarının fərdi təşəbbüslərinin ümidinə qalmalı, onların subyektiv mülahizələrindən asılı olmalıdır.
Aparılan elmi araşdırmaların dəstəklənməsi, bu sahədə zəhmət sərf edən alimlərimizə istiqamət verilməsi, tarixçilərimiz qarşısında vahid ideoloji xəttin müəyyənləşməsi dövlətin də ali vəzifəsidir. Biz sosial-iqtisadi sahədə güclü olduğumuz kimi, eyni qüdrəti tarix sahəsində də nümayiş etdirməyi bacarmalıyıq, tarixin müxtəlif dönəmlərində zorla Azərbaycanın bağrından qoparılmış torpaqlarımıza, başqaları tərəfindən oğurlanmış mənəvi dəyərlərimizə ilk növbədə elmi müstəvidə sahib çıxmalıyıq.
Akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabında ilk dəfə oxuduğum tarixi faktları, dərin elmi məntiqi, sərrast yanaşmaları bir oxucu olaraq bu gücün nümayişi kimi gördüm.
Müəllif haqlı olaraq göstərir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişəyə emosiyalardan uzaq yanaşma, bu münaqişənin soyuq başla təhlilindən ötrü bu problemin ideoloji, etnopsixoloji, kulturoloji və nəhayət, tarixi aspektdə diqqətlə nəzərdən keçirilməsi gərəkdir.
Bu əsər də emosiyalardan, birtərəfli mövqe, faktlarla manipulyasiya cəhdlərindən uzaq bir şəkildə qələmə alınıb. Erməni tarixçilərinin saxta iddialarına münasibətdə əsər müəllifi yüksək elmi təmkin nümayiş etdirərək çoxsaylı ilkin mənbələrdəki, elmi ədəbiyyatlardakı təkzibolunmaz faktların, Dağlıq Qarabağ bölgəsinin tarixi, o cümlədən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə əsl həqiqətlərin dili ilə, erməni iddialarını da, bu iddiaların arxasında boy göstərən məkrli niyyətləri də bir-bir puça çıxarır.
Zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələrin aparıldığı əsərdə Dağlıq Qarabağ münaqişəsinin həllinə maneə olmaq üçün məqsədyönlü şəkildə törədilən süni maneələr də diqqətdən kənarda qalmır.
Kitabda ELMİN MİLLİYYƏTSİZLİYİ prinsipi özünü qoruyur.
Burada müəllifin münaqişə vəziyyətindəki iki qonşu ölkədən hansının mövqeyini təmsil etməsi yox, üzə çıxarılan tarixi həqiqətlərin kimin tərəfində olması, kimin haqq yolunda olduğunu sübuta yetirməsi görünür.
Kitabın uğurunu şərtləndirən əsas cəhətlərdən biri də elə budur!..
***
"Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının daha bir uğurlu cəhəti əsərin məzmun, problemə yanaşma etibarilə tarix və fəlsəfənin qovuşuğunda qələmə alınmasıdır.
Məlumatlı oxucular unutmamış deyillər ki, ötən əsrin 90-cı illərinin ortalarında məşhur amerikalı alim Samuel Hantinqtonun "Sivilizasiyaların toqquşması" nəzəriyyəsi dünyanın elmi-siyasi dairələrində böyük populyarlıq qazandıqdan sonra ermənilər Dağlıq Qarabağ münaqişəsini də xristian dövləti olan Ermənistanla müsəlman dövlətləri olan Azərbaycan və Türkiyə arasında guya sivilizasiyalararası toqquşması zəmnində ortaya çıxan münaqişə kimi sırımağa çalışırdılar və xristian dünyasının fəal dəstəyini almağa hesablanmış bu cəhd, etiraf edək ki, müəyyən məlumatsız dairələrin rəyinə təsir göstərə bilirdi.
Akademik Ramiz Mehdiyevin kitabında isə belə bir yanaşmanın tam əsassızlığı, bu münaqişənin başqalarının torpaqlarını ələ keçirməyə tarixən adətkərdə olmuş və zaman-zaman aparılan etnik təmizləmə siyasəti nəticəsində dünyadakı çox az sayda monoetnik ölkələrdən birinə çevrilmiş Ermənistanın Azərbaycana qarşı növbəti əsassız ərazi iddiaları zəminində yarandığını elmi dəlillərin, alim təfəkkürünün gücü ilə isbatlayır.
Kitabda təkcə Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağın və ətraf rayonların yox, Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu ziddiyyətli dönəmdə müəyyən siyasi razılaşmalarla ermənilərə güzəşt edilmiş yurdlarımızın da, sovet dövründə azərbaycanlı əhalinin deportasiyası hesabına əlimizdən alınmış tarixi torpaqlarımızın da davası aparılır, hesabı sorulur...
***
Müasir dövrün oxucusu mümkün qədər az sözlə mümkün qədər çox mətləbləri anladan mətnlər oxumağa həvəslidir. "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabında da bu tendensiya gözlənir, heç bir əlavə təfərrüata yol vermədən, əvvəldən sona qədər, tarixin ən qədim dönəmlərindən ta bu günə kimi Dağlıq Qarabağ mövzusu ətrafında cərəyan edən, bu münaqişənin belə bir vəziyyətə qədər gəlib çıxmasına yol açan məqamlar xronoloji ardıcıllıqla kino lenti kimi əks olunur.
Ona görə də bu əsər dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, Azərbaycanın istiqbalını düşünən, Vətənin havası ilə nəfəs alan bütün soydaşlarımızın diqqətlə oxuyub hər sətrindəki məlumat yükü, fikir işığı ilə silahlanmalı olduğu son dərəcə gərəkli bir mənbədir.
***
Kitabda verilmiş bir çox statistik məlumatlar məni çox düşündürdü...
Düşündüm ki, zaman, gerçəkdən, ən ədalətli münsifdir...
Məqam gəlir, o, dünyanın ən böyük ədalətsizliklərini də, ən acı haqsızlıqlarını da yoluna qoyur, haqqla-nahaqqı yerbəyer edir...
İndiki Ermənistana aid edilən tarixi Azərbaycan torpaqlarına, eləcə də Dağlıq Qarabağ və ətraf rayonlara ermənilərin gəlmə olduqları, XIX əsrin ikinci qərinəsindən etibarən bəlli məqsədlərlə bu torpaqlara köçürüldükləri tarixi həqiqətdir.
Və bu həqiqət müxtəlif mənbələrdə əks olunmuş statistik məlumatların müqayisəsi ilə "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabında da bir daha əks olunur.
İndi zamanın ədalətinə baxın ki, ermənilər əsrlər əvvəl Azərbaycan torpaqlarına gəlib buralarda məskən saldıqları kimi, indi də kütləvi şəkildə köçüb getməkdədirlər.
Vaxtilə Azərbaycanın çörəyini yeyən, azərbaycanlıların çörəyi ilə qarnı tox olan, gündəlik ruzisini azərbaycanlı qonşularının təknəsində tapan ermənilər bir qarın çörək ardınca başqa diyarlara pərən-pərən düşüblər.
Xoşbəxt yaşamaq üçün bütün imkanların bitdiyi bu torpaqlarda uşaq dünyaya gətirmək belə böyük dərdə çevrilib. Budur, 2013-cü ildə Ermənistanda əhali artımının səviyyəsinə dair rəqəmlərin 1988-ci ilin göstəriciləri ilə müqayisəsi bu ölkədə doğumun səviyyəsinin iki dəfəyə yaxın aşağı düşdüyünü göstərir.
1991-ci ildən bəri ölkəni 1,5 milyondan çox adam tərk edib.
Cəmi 20 il əvvəl Ermənistan, Azərbaycan və Gürcüstan ərazilərində yaşayan 3,7 milyon erməninin bu gün Ermənistan ərazisində heç yarısı da yoxdur.
Bu - vaxtın ədaləti deyil, nədir?!
Bu - Tanrının qarğışı deyil, nədir?!
***
Gənc əfqan yazarı Xalid Hüseynin son illər bütün dünyada bestsellerə çevrilmiş "Çərpələng uçuran" əsərinin ilk epizodu əsərin müdrik qəhrəmanlarından birinin belə bir düşündürücü cümləsi ilə tamamlanır: "Unutma ki, yaxşı olmaq fürsəti həmişə var..."
2010-cu ildə çapdan çıxmış "Gorus
- 2010: Absurd teatrı mövsümü" kitabı (yadınızdadırsa, bu kitab barədə də publisistik qeydlərimi qələmə almışdım - İ.İ.) kimi akademik Ramiz Mehdiyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu yeni əsərini də dəyərli edən ən mühüm cəhət indiyə qədər erməni xislətindən çəkdiklərimizə rəğmən bu kitabların nifrət ruhunda köklənməməsidir. Əksinə, tarixin və taleyin gərdişindən eyni coğrafiyada yaşamaq məcburiyyətində qaldığımız qonşu xalqın içindəki yaxşı olmaq fürsətlərinin də axtarılıb üzə çıxarılması, indikindən tamam başqa bir mühitdə, fərqli bir həyat tərzi ilə sülh və əmin- amanlıq içində birgəyaşayış imkanlarının qiymətləndirilməsidir.
Bunun necə bir mühit, necə bir həyat tərzi olduğunu bir Avropa ölkəsindən qonşuluqdakı başqa Avropa ölkələrinə avtomobil, avtobus və ya qatarla səyahət zamanı Fransanın sərhədinin harada bitib, Niderlandın sərhədinin haradan başlandığını, Avstriya ilə Almaniya sınırlarında bitmiş ağacın bir budağının bu dövlətlərdən hansının, digərinin hansının ərazisinə kölgə saldığını ayırd edə bilməyən kəslərə yaxşı məlumdur...
Ötən əsrin əvvəllərində yaşamış mütəfəkkirlərimizin ən böyük arzusu idi: Cənubu Qafqazda da belə bir dünyanın yaradılması...
İndi bu, Azərbaycan dövlətinin yürütdüyü siyasətdir. Və çox uğurlu bir siyasətdir.
Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Cənubi Qafqazın gələcəyinə baxışıdır: "Mən əminəm ki, Ermənistan-Azərbaycan münaqişəsi öz həllini tapandan sonra Ermənistan üçün də müstəqil ölkə kimi yaşamaq imkanları yaranacaq. İnanmıram ki, erməni xalqı indiki vəziyyətlə razılaşa bilsin. Çünki hər bir xalq azad, hər bir dövlət müstəqil olmaq istəyir. Bu gün Ermənistan haqqında bunu demək mümkün deyil. Çünki Ermənistan ən yaxşı halda forpost kimi özünü göstərir. Bölgə təhlükə mənbəyidir və bütün bölgədə xoşagəlməz proseslərin təşəbbüskarı da Ermənistandır..."
Öz şəxsi mənfəətləri naminə işğalçı mövqelərindən geri çəkilməyib xalqlarını ac-yalavac, səfil durumda buraxan Serj Sarkisyan və onun rəhbərlik etdiyi aqressorlar dəstəsinin bu reallıqdan nəticə çıxaracaqlarını gözləməyə dəyməz.
Belə bir mövcud vəziyyətin dəyərləndirilməsi az-çox reallıq hissini qorumuş erməni ziyalılarının, erməni milli elitasının yerinə yetirəcəyi bir missiyadır.
Akademik Ramiz Mehdiyev də "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabı ilə məhz onlara üz tutur, onlara xitab edir.
Yeni dünyanın çağırışlarını məhz onların diqqətinə çatdırır.
Bu çağırışları eşitməmək Tanrının lənətini qazanmışlarla bir sırada qərar tutmaqdır.
Və ZAMANIN gərdişindən, az da olsa, baş çıxaran heç bir erməni ziyalısı, yəqin ki, Cənubi Qafqazın gələcək tarixində belə bir lənətlə xatırlanmaq istəməzdi...
Tarixin söylədiyi həqiqətlər isə... əbədidir və danılmazdır!..
İmamverdi İSMAYILOV,
Milli Məclisin deputatı,
yazıçı-publisist
Azərbaycan.-2014.-
3 oktyabr.- S.10.