Serbiyada Azərbaycanın Xalq Yazıçısı Elçinə “Kariç qardaşları”
Beynəlxalq
mükafatı təqdim edilib
Serbiya
Milli Teatrında Qərbi Balkan regionunda böyük nüfuza
malik “Kariç Fondu” tərəfindən təsis olunmuş
“Kariç qardaşları” mükafatlarının on yeddinci təqdimetmə
mərasimi keçirilib.
“Kariç qardaşları”nın builki beynəlxalq mədəniyyət və incəsənət sahəsində ədəbiyyat nominasiyası üzrə mükafatı Azərbaycanın Xalq Yazıçısı Elçinə təqdim edilib.
“Kariç qardaşları” Beynəlxalq mükafatının idarə heyəti Elçinin onillikləri əhatə edən ədəbi fəaliyyətini Azərbaycan xalqının mənəvi inkişafına töhfə kimi qiymətləndirib. Bildirilib ki, yazıçının uzun illər ərzində əldə etdiyi mükafat və sertifikatlar təkcə Azərbaycanda deyil, ümumilikdə, beynəlxalq aləmdə onun malik olduğu ədəbi nüfuz kimi qəbul edilir. İyirmidən artıq dilə tərcümə olunmuş əsərlərini nəzərə alaraq, məşhur və nüfuzlu müasir yazıçılardan biri kimi builki “Kariç qardaşları” mükafatına ədəbiyyat nominasiyası üzrə namizədlər sırasından Azərbaycanın Xalq Yazıçısı Elçin layiq görülüb.
Mükafatı yazıçıya Serbiya parlamentinin deputatı, görkəmli ictimai xadim, parlamentdə Azərbaycan ilə dostluq qrupunun üzvü Draqomir Kariç və “Kariç Fondu”nun prezidenti Danitsa Kariç təqdim ediblər.
Tədbir zamanı serbiyalı musiqiçilərin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Xalq Yazıçısı Elçin Serbiyanın bir sıra aparıcı KİV-lərinə müsahibələr verərək, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, qədim tarixi, eləcə də zəngin mədəni və ədəbi irsi, ölkəmizdə mövcud olan tolerantlıq mühiti və Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə ətraflı məlumat verib.
Azərbaycanın Xalq Yazıçısı Elçin yerli deputatlar, ictimai xadimlər, ölkəmizin Serbiyadakı səfirliyinin əməkdaşları, eləcə də Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə birgə Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş “Taşmaydan” parkına gələrək, ümummilli lider Heydər Əliyevin burada ucaldılmış möhtəşəm abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar. Eyni zamanda, görkəmli serb yazıçısı Milorad Paviçin də burada ucaldılmış abidəsi və Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirə lövhəsi ziyarət edilib.
Azərbaycan.-2014.- 3 oktyabr.- S.11.