Belqradda açılan kitabxana dost serb xalqının ölkəmizi

 daha yaxından tanımasına töhfəsini verəcək

 

Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində kitabxananın açılışı olub.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, Serbiya parlamentində Azərbaycan ilə əməkdaşlıq üzrə dostluq qrupunun üzvləri, Serbiya Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndələri, Serbiya Milli Kitabxanasının, Belqrad Şəhər Kitabxanasının, Belqrad Universiteti Tələbə Kitabxanasının, habelə Serbiya Arxivinin, Yuqoslaviya Arxivinin, Novi Sad Universitetinin rəhbərliyi, Serbiyanın aparıcı KİV-lərinin təmsilçiləri, ölkəmizin Serbiyadakı səfirliyinin, eləcə də Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının əməkdaşları iştirak ediblər.

Tədbiri Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə açaraq, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi tədbirlər və onun nəzdində yeni fəaliyyətə başlayan kitabxana barədə ətraflı məlumat verib.

Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov 2013-cü ilin dekabrında Serbiya və Azərbaycan xalqlarının Dostluq Evi adlanan Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin yeni ofisinin təntənəli açılış mərasimini məmnunluqla xatırlayıb. Vurğulayıb ki, fəaliyyətə başladığı vaxtdan indiyədək bu mərkəz səfirliyin də dəstəyi ilə dost serb xalqının Azərbaycanın qədim tarixi və zəngin mədəni irsi ilə yaxından tanış olması istiqamətində bir sıra tədbirlər həyata keçirib. Bu tədbirlər sırasında Serbiyada yerli və Azərbaycandan dəvət olunmuş musiqiçilərin iştirakı ilə bəstəkarlarımızın əsərlərindən ibarət konsertlərin təşkilini, eləcə də rəsm sərgilərinin keçirilməsini xüsusi vurğulamaq lazımdır. Tədbir çərçivəsində serbiyalı musiqiçilərin canlı ifalarından ibarət konsert və serbiyalı sənətşünas Konstantin Novakoviçin ölkəmizə sevgisinin təzahürü kimi çəkdiyi fotoşəkillərindən təşkil edilmiş sərgi mərkəzin həyata keçirdiyi silsilə tədbirlərin davamıdır.

Səfir yeni açılan kitabxanada ölkəmizin klassik ədibləri ilə yanaşı, müasir şair və yazıçılarının əsərlərinin, Azərbaycanın qədim tarixinə və zəngin mədəni irsinə, eləcə də müasir sosial-iqtisadi inkişafına, xarici siyasətinə, ümummilli lider Heydər Əliyevin son dərəcə zəngin yeni nəsil üçün ibrətamiz həyat yoluna dair nəşrlərin, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin əldə etdiyi uğurlar barədə kitabların, jurnalların, broşürlərin, kompakt disklərin və digər məlumatların toplanacağını vurğulayıb.

E.Həsənov diqqətə çatdırıb ki, kitabxanada səfirliyimizə və Mədəniyyət Mərkəzinə hədiyyə olunmuş serbiyalı ədib və ziyalı dostların əsərlərinin toplandığı ayrıca bölmə də fəaliyyət göstərir. Kitabxana dost serb xalqının Azərbaycanı daha da yaxından tanımasına əvəzsiz töhfəsini verəcək.

Səfir Azərbaycanın xalq yazıçısı, dünya şöhrətli nasir Elçin Əfəndiyevə Balkan regionunda nüfuzu ilə seçilən "Kariç Fondu"nun təsis etdiyi mədəniyyət və incəsənət sahəsində ədəbiyyat nominasiyası üzrə beynəlxalq mükafatın təqdim edildiyini xatırladıb. Bildirib ki, yazıçının əsərlərinin bir çoxu xarici dillərə tərcümə edilib. Onun serb dilinə tərcümə olunmuş "Ölüm hökmü" nəşri bu kitabxanada layiqli yerini tutacaq.

Ölkələrimiz arasında münasibətlərin sürətli inkişafından və artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edən Elçin Əfəndiyev Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində yeni açılmış kitabxananın işinə uğurlar arzulayıb.

Baş nazirin müavini kitabxananın açılışını iki dost xalqın bir-birini daha yaxından tanımasında və yaxınlaşmasında növbəti mühüm addım kimi qiymətləndirib.

Sonra serbiyalı musiqiçilərin ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert, eləcə də serbiyalı sənətşünas Konstantin Novakoviçin Azərbaycana səyahətləri zamanı çəkdiyi şəkillərdən ibarət fotosərgi təşkil edilib.

Tədbir Serbiya KİV-ində geniş işıqlandırılıb.

 

Maqsud DADAŞOV,

AzərTAc-ın xüsusi müxbiri

 Belqrad

Azərbaycan.-2014.- 3 oktyabr.- S.11.