Hədəfimiz inkişaf etmiş ölkəyə çevrilməkdir

 

İnkişafın Azərbaycan modeli uğur gətirir

 

Beynəlxalq təcrübə

 

Birləşmiş Millətlər Təşkilatının ümumi qəbul etdiyi meyara əsasən, ölkələrin inkişaf səviyyəsi iki yanaşma əsasında qiymətləndirilir: bütünlükdə cəmiyyətin inkişafı və iqtisadiyyatın inkişafı. Cəmiyyətin inkişaf səviyyəsi insan inkişaf indeksi əsasında müəyyən edilir. Ölkənin iqtisadi inkişaf səviyyəsi isə bir neçə meyarla ölçülür. Onlardan biri istehsal strukturudur. Sənayecə inkişaf etmiş ölkələrdə sənayenin emal sahələri və iqtisadiyyatın xidmət sektorları ÜDM-də üstünlük təşkil edir, aqrar sektor isə, əksinə, çox aşağı paya malik olur. Məsələn, sənayecə inkişaf etmiş ölkələrdə ÜDM-də xidmət sektorunun xüsusi çəkisi 60-70, aqrar sektorun payı 1-3, sənayenin bütünlükdə payı 25-35 faiz təşkil edir. Belə ölkələrin iqtisadi inkişafını xarakterizə edən əsas göstəricilərdən biri də onun sənayesinin inkişaf etməsidir. Ümumi sənaye məhsulunun özünün tərkibində isə emal sahələrinin xüsusi çəkisi 70-80 faizə çatır.

İqtisadi strukturun formalaşmasının əsas faktorlarından biri investisiyalardır və  beynəlxalq təcrübə, iqtisadi nəzəriyyə göstərir ki, dövlətin investisiya siyasəti ölkədə yaranmış iqtisadi durumdan, məkan və zamandan asılı olaraq dəyişir. Məsələn, ABŞ-da XX əsrin 30-cu illərində dövlət öz vəsaiti hesabına rezervasiyalar yaratmış, işsiz insanları oraya toplayaraq işlə təmin etmişdir. Sonrakı 30 ildə dövlətin iqtisadi proseslərə müdaxiləsi zəifləmişdir. Ancaq yenə də 60 və 80-ci illərdə dövlət yenidən iqtisadiyyata müdaxiləsini genişləndirmişdir. Başqa misal: 1950-1960-cı illərdə Türkiyədə Adnan Menderes hökuməti zamanı dövlətin pul gəlirləri kənd təsərrüfatına yönəldilmiş və bu sektora vergi güzəşti edilmişdir. Nəticədə kənd təsərrüfatı güclü inkişaf edərək sənayenin xammal bazasına çevrilmiş, inkişaf etmiş emal sənayesi yaradılmışdır. İnfrastruktur obyektlərlə yanaşı dövlət fabrik və zavodlar da inşa etmişdir. Cənubi Koreyada isə XX əsrin 60 və 70-ci illərində iqtisadiyyata kapital qoyuluşunun ümumi həcmində dövlət bölməsinin payı 90 faizə çatmışdır.

 

Statistika nə göstərir

 

2003-cü ildən Azərbaycanın milli iqtisadi inkişaf modelində yeni mərhələ başlamışdır. Ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafının təmin edilməsi, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində görülmüş işlərə yeni təkan verilmişdir. Bu mərhələdə iqtisadi inkişaf modelindəki mühüm dəyişikliklər həm iqtisadi inkişafın istiqamətlərində (sahəvi və regional diversifikasiya, infrastrukturun modernləşdirilməsi və inkişafı), həm də inkişaf modelinin icrasını təmin edən iqtisadi mexanizmlərdə (pul siyasətinin yumşaldılması, dövlət investisiya resurslarından istifadənin sahəvi diversifikasiyası, məqsədli və regional dövlət proqramlarının hazırlanması və tətbiqinin genişləndirilməsi və s.) öz əksini tapmışdır. Hökumətin iqtisadi siyasətində yeni istiqamətlər və yeni keyfiyyət dəyişiklikləri təsbit olunmuşdur. Ölkə Prezidenti tərəfindən irəli sürülən insanların iqtisadi cəhətdən azad olması, tarazlı iqtisadi inkişaf, neftdən və neftin qiymətindən asılı olmayan iqtisadiyyat, xarici amillərdən asılılığın azaldılması kimi konsepsiyalar Azərbaycanın iqtisadi inkişaf modelini müəyyən etmişdir. Bu konseptual baxışlar iqtisadi islahatları yeni ideyalarla zənginləşdirmiş, müasir iqtisadi siyasətin formalaşmasını təmin etmişdir. Bu gün hökumətin iqtisadi siyasətinin məqsədini təkcə maksimum istehsal deyil, eyni zamanda, əhalinin maksimum məşğulluğunun və maksimum alıcılıq qabiliyyətinin təmin edilməsi təşkil edir.

Hələ 2012-ci ilin iyul ayında Nazirlər Kabinetinin iclasında ölkə başçısı demişdir: "Azərbaycanda aparılan köklü iqtisadi islahatlar bugünkü reallıqları mümkün etmişdir. Azərbaycan artıq orta gəlirli ölkələr sırasındadır, qarşıya vəzifə qoyulubdur ki, yüksək gəlirli ölkələr sırasında olsun, inkişaf etmiş ölkəyə çevrilsin". Bu konseptual hədəflərə çatma səviyyəsini xarakterizə edən bir neçə rəqəmi diqqətə çatdıraq. Öncə insanların iqtisadi cəhətdən azad olması hədəfinə aid qeyd edək ki, əhalinin ev əmlakı 2000-ci ildəki 1,6 milyard manatdan 2012-ci ildə 18,5 milyard, nominal gəlirləri 3,5 milyard manatdan 2013-cü ildə 37,6 milyard manatadək artmışdır. Əhalinin banklardakı əmanətləri isə 2003-cü ildəki 252 milyon manatdan 2013-cü ildə  6,4 milyard manata çatmışdır.

Azərbaycanda tarazlı iqtisadi inkişaf konsepsiyası sahəvi və regional aspektdə həyata keçirilir. Sahəvi tarazlı inkişaf konsepsiyası ölkənin qeyri-neft sektorunun prioritet inkişafını ehtiva etdiyi üçün qeyd edək ki, 2003-cü ildə bu sektorda 5,2 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşsa, 2013-cü ildə həmin göstərici 36 milyard manatdan çox olmuşdur. Regional baxımdan da uğurlar az deyil. 2003-2012-ci illərdə ölkədə 200 sənaye obyekti tikilib istifadəyə verilmişdir ki, onların da 95 faizə qədəri regionların payına düşür. 156 obyekt qeyri-neft emal sənaye sektoruna aiddir. 2003-2012-ci illərdə təkcə xalq istehlakı malları istehsal edən 118 müəssisə tikilib istifadəyə verilmişdir. Həmin istehsal müəssisələri ən çox yeyinti məhsullarını istehsal edən sahələrdə yaradılmışdır. Yeni müəssisələrin 90 faizdən çoxu bu sektorun payına düşür. Birinci regional inkişaf dövlət proqramı çərçivəsində bölgələrdə 13,2 milyard, ikinci analoji dövlət proqramı çərçivəsində isə 14,3 milyard manat (2013-cü ilə qədər) əsas kapitala investisiya yönəldilmişdir ki, bu da ölkə üzrə investisiyaların 34,3 faizinə bərabərdir.

Ümumiyyətlə, Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə həyata keçirilən kompleks tədbirlər nəticəsində 2003-2013-cü illərdə iqtisadiyyatımız 3,2 dəfə artmışdır. Nəticədə regionların sənayeləşdirilməsi istiqamətində irəliyə doğru ciddi addım atılmışdır. Təkcə Şəki-Zaqatala, Dağlıq Şirvan və Naxçıvan iqtisadi rayonlarında sənaye məhsulu istehsalı 1,6-2 dəfə artmışdır.

2013-cü ilin yekunlarına əsasən ümumi daxili məhsul istehsalında qeyri-neft sektorunun payına ÜDM-in 52 faizdən çoxunun düşməsi bir daha sübut edir ki, Azərbaycan iqtisadiyyatının neft-qaz  sektorundan asılılığı əhəmiyyətli dərəcədə azalmışdır. Bu isə yaxın gələcəkdə Azərbaycanın sənayecə inkişaf etmiş ölkələr sırasına daxil ola bilməsi üçün möhkəm maddi-texniki baza yaradır.

Bununla belə, inkişaf etmiş ölkə meyarlarına çatmaq istiqamətində mövcud olan problemlərin həllinin konkret yollarının müəyyən edilməsinə və vasitələrinin təkmilləşdirilməsinə ehtiyac var. Məsələn, bu gün Azərbaycanın sənaye istehsalında emal sənayesinin xüsusi çəkisi 20, o cümlədən qeyri-neft emal sahələrinin payı 14, ÜDM-in xidmət sektorunda yaranan hissəsi isə 30 faiz təşkil edir. ÜDM-də neft-qaz sektorunun payı hələ də az deyil  -  2013-cü ilin nəticələrinə görə 41 faiz. ÜDM-in aqrar sektordan asılılığı isə 5,3 faiz olmaqla inkişaf etmiş ölkələrdən azı 2 dəfə çoxdur. Belə ölkələrdə kənd təsərrüfatı sahələrində ölkə üzrə məşğul olanların 2-5 faizi çalışır. Azərbaycanda isə aqrar sektorda çalışanların sayı 1,7 milyon  nəfərə (təxminən 40 faizə) çatır.

 

"Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının reallaşmasında mühüm mərhələ

 

Uzunmüddətli perspektivdə Azərbaycanın iqtisadi və sosial inkişafının əsas strateji hədəfləri ölkə başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə müəyyən edilmişdir. Sənəddə strateji hədəf kimi seçilmiş və ölkənin iqtisadi inkişaf səviyyəsini xarakterizə edən meyarlardan biri adambaşına ümumi daxili məhsulun həcminin 2 dəfə artırılması və 13 min dollara çatdırılması nəzərdə tutulur.

2015-2018-ci illər İnkişaf Konsepsiyasının yerinə yetirilməsində mühüm mərhələ olduğu üçün sosial-iqtisadi inkişafın bəzi aspektlərinə münasibət bildirmək istərdik. Öncə qeyd edək ki, İnkişaf Konsepsiyasının əsas iqtisadi hədəflərinə çatmaq üzrə 2015-2020-ci illər üçün bir neçə variantda proqnoz hesablamaları aparmışıq. Nəticədə müəyyən etmişik ki, 2014-2017-ci illərə dövlət proqnozlarının tam yerinə yetirilməsi və sonrakı 3 ildə orta illik artım tempinin 6 faiz civarında olması şəraitində ümumi daxili məhsulun 2020-ci ildə artım tempi 2010-cu ilə nisbətən ancaq 1,6 dəfə ola bilər. 2010-2014-cü illərdə qeyri-neft sektorunda ÜDM-in gözlənilən orta illik artım tempinin isə 10 faizə yaxın (9,8 faiz) təşkil edəcəyi gözlənilir.

2014-cü ildə neft-qaz sektorunun ÜDM-də payının 38,5 faiz olacağı hökumət tərəfindən proqnozlaşdırılsa da, ilin birinci yarısında bu göstərici faktiki 44 faiz olmuşdur. Apardığımız hesablamalar göstərir ki, 2015-2020-ci illərdə qeyri-neft sektorunun orta illik artım tempi 10, neft-qaz sektorunun ÜDM-də xüsusi çəkisi 44 faiz olarsa, İnkişaf Konsepsiyasında nəzərdə tutulan əsas hədəflərdən biri - adambaşına 13 min ABŞ dolları həcmində ÜDM istehsal etmək çətinləşər. Bunun üçün qeyri-neft sektorunun artım tempi azı 12 faiz olmalıdır. Bu isə indiki şəraitdə tam realdır. Onu son 10 ildə sözügedən sahəyə yönəldilmiş investisiyaların həcmi, əsas kapitalın artımı və yüzlərlə sənaye və digər obyektlərin tikilib istifadəyə verilməsi şərtləndirir. Bu şərtlər daxilində 2020-ci ildə 2010-cu ilə nisbətən ümumi daxili məhsulun artımı 2,5, neft-qaz sektorunun artımı 2,1, qeyri-neft sektorunun artımı isə 2,9 dəfə ola bilər. Problemin mürəkkəbliyi isə ondan irəli gəlir ki, 2011-cu ildən ÜDM-in orta illik artım tempi bir qədər aşağı düşmüşdür (2011-2013-cü illərdə artım tempi 2,7 faiz təşkil etmişdir). Səbəbi neft hasilatının aşağı düşməsi, onun qiymətlərinin sabit olmaması və qeyri-neft sektorunun neft hasilatındakı azalmanı kompensasiya edə bilməməsidir. Bu isə o deməkdir ki, 2015-ci ildən sonrakı dövrdə 2010-cu illə müqayisədə ÜDM-in gözlənilən artım tempi İnkişaf Konsepsiyasının hədəfini təmin etmək üçün xeyli yüksək olmalıdır. Başqa sözlə desək, inkişaf etmiş və yüksək gəlirli ölkə olmağı hədəfləyən Azərbaycanda 2020-ci ildə adambaşına düşən ÜDM-in həcmi milli valyutanın alıcılıq qabiliyyətinin paritetliyi nəzərə alınmaqla ən azı 25 min (Şərqi Avropanın postsosialist ölkələrinin və Baltikyanı respublikaların indiki səviyyəsində) və ya həmin paritetlər nəzərə alınmazsa 18 min ABŞ dollarına çatmalıdır. Bunun üçün Azərbaycanda 2020-ci ildə 143,8-183,3 milyard ABŞ dolları həcmində ÜDM istehsal olunmalıdır. Halbuki 2017-ci ildə Azərbaycanda ÜDM-in ümumi həcminin 67,3 milyard manat, onun adambaşına düşən hissəsinin isə 8663 dollar olması müəyyənləşdirilmişdir ki, bu da inkişaf etmiş və yüksək gəlirli ölkəyə çevrilmək üçün tələb edildiyindən azdır. (Onu da qeyd edək ki, Dünya Bankı alıcılıq qabiliyyətinin paritetliyi əsasında adambaşına ümumi milli gəliri 12,3 min dollardan çox olan ölkələri yüksək gəlirli ölkə kateqoriyasına aid edir. Məlumat üçün bildirək ki, adıçəkilən bankın qiymətləndirilməsinə görə, 2012-ci ildə bu göstərici Azərbaycanda 9200 dollar olmuşdur). Deməli, 2015-2018-ci illər İnkişaf Konsepsiyasının reallaşdırılmasında həlledici dövr olduğunu nəzərə alsaq, makroiqtisadi göstəricilər dövlət proqnozlarında əhəmiyyətli dərəcədə artırılmalıdır. Başqa sözlə desək, 2020-ci ildə 2010-cu ilə nisbətən ÜDM-in 2 dəfə artımına nail olmaq üçün 2015-2018-ci illərdə orta illik artım 13 faizə çatmalıdır.

 

Ölkənin sənayeləşdirilməsi və neft sektoru

 

Məlum olduğu kimi, 2014-cü il ölkəmizdə  "Sənaye ili" elan edilmişdir. Bu baxımdan yeni hədəflərin cərgəsində sənayeləşmə siyasətinin davam etdirilməsi, ağır sənayenin prioritetlərə daxil olunması, iqtisadi inkişafın demoqrafik amillə uzlaşdırılması və s. vardır. Çünki emal sənayesinin yüksək texnologiyalara əsaslanan sahələrinin inkişafı ilə xarakterizə olunan sənayeləşdirmə ölkənin sosial-iqtisadi inkişaf səviyyəsini əks etdirən göstəricilərdən biri kimi milli iqtisadiyyatın balanslaşdırlması, onun iqtisadi səmərəliyi, tarazlı və dayanıqlı artımı üçün böyük əhəmiyyətə  malikdir. Bütün bu hədəflər isə son nəticədə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasına hesablanmışdır.

Bəs bu hədəflərə çatmaq, yəni, dövlət başçısının ölkənin sənayeləşdirilməsi barədə qarşıya qoyduğu vəzifəni yerinə yetirmək üçün iqtisadi inkişafda hansı istiqamətlərə daha çox diqqət verilməlidir ki, sənayecə inkişaf etmiş ölkəyə çevrilməyimiz uzaq gələcəyə qalmasın? Problem geniş əhatəli olduğu üçün bu qeydlərimizdə ancaq onun həllinin bəzi istiqamətləri üzərində dayanacağıq. Prezident  İlham Əliyev 2007-ci ildə Neftçala rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "Əsas məsələ problemləri düzgün təhlil etmək, onların həlli yollarını müəyyən etmək, bunun maddi təminatını təşkil etməkdir". Bu isə o deməkdir ki, indi  əsas məsələlərdən biri yaxın gələcək üçün sahə prioritetlərinin düzgün seçilməsidir.

Beynəlxalq təcrübəni və iqtisadi səmərəlilik amilini nəzərə alaraq sahə prioritetlərini seçərkən aşağıdakı meyarlara əsaslanmaq düzgün olardı: daha çox əlavə dəyər yaranan sahələr (məhsulun dəyərində xüsusi çəkisi); əhalinin məşğulluğu (çox əməktutumluluq); ölkənin investisiya resursları; daxili və xarici bazarların tələbi; az kapitaltutumluq; daha çox mənfəətin təmin edilməsi; təbii xammal bazası olan sahələr.

Ancaq bu meyarların hər birinin ayrı-ayrılıqda əsasında seçim etmək düzgün olmazdı. Çünki məsələn, elə sahə var ki, əlavə dəyərin xüsusi çəkisi az, kapitaltutumluğu isə yüksəkdir.

Hökumətin proqnozlarına görə, 2017-ci ildə 2010-cu illə müqayisədə neft hasilatı 1,3 dəfə azalacaq, qaz hasilatı isə 5 faiz artacaq. Proqnoz müəlliflərinin fikrincə, həmçinin ixrac neftinin qiyməti 1,3 dəfə aşağı düşəcək. Ancaq beynəlxalq ekspertlər hesab edirlər ki, 2030-cu ilə qədər neft və təbii qaza tələbat artım tempi ilə formalaşacaq və neftin bir barelinin dünya bazarında qiyməti 100 ABŞ dollarından az olmayacaq. Deyilənləri nəzərə alaraq hesab edirik ki, Azərbaycanda neft hasilatının azalan tendensiya ilə proqnozlaşdırılmasını yox, onun sabit qəbul edilməsi daha düzgün və məntiqə uyğun olardı. Qaz hasilatının isə daha sürətlə artmasını ehtimal etmək mümkündür. Ölkə başçısı haqlı olaraq dəfələrlə bildirmişdir ki, neft-qaz sektoru hələ uzun müddət Azərbaycan iqtisadiyyatında aparıcı mövqeyə malik olacaq. Digər prinsipial məsələ dövlət proqnozlarında neftin ixrac qiymətinin konservativ variantda qəbul edilməsidir. Belə ki, istifadə olunan bu yanaşma neft sektorunun ÜDM-də payı barədə proqnoz göstəricilərini süni surətdə azaldır və reallıqla uzlaşmır. Habelə ölkənin neft amilindən asılılığının azaldılmasında, qeyri-neft sənaye sahələrinin inkişafında dönüş yaradan tədbirlərin proqnozlarda nəzərdə tutulmasına şərait yaratmır, gələcək inkişaf meylini və proporsiyaları obyektiv əks etdirmir.

Bunlardan əlavə, indi olduğu kimi, emal sənayesinin, aqrar sektorun və xidmət sahələrinin inkişafını daha sürətlə və daha məqsədyönlü davam etdirmək lazımdır. İnkişafın hazırkı mərhələsində əsas vəzifələrdən biri də ölkənin sənayeləşdirilməsinin keyfiyyətcə yeni mərhələsinə, yəni, ağır və yüngül sənayenin, bütünlükdə xalq istehlakı malları istehsal edən sahələrin sürətli və miqyaslı inkişafı mərhələsinə keçidi təmin etməkdir. Çünki daxili bazarın istehlak malları ilə təmin olunmasında hələlik idxal üstünlük təşkil edir.

 

İqtisadi səmərəliliyin yüksəldilməsi mühüm artım mənbəyidir

 

İnkişaf Konsepsiyasında nəzərdə tutulduğu kimi, yüksək iqtisadi artım istehsal amillərinin ümumi məhsuldarlığının artımına əsaslanmalı və əmək məhsuldarlığı yüksəldilməlidir. Hesablamalarımız göstərir ki, bu gün Azərbaycanda əmək məhsuldarlığı istənilən səviyyədə deyil, yəni, aşağıdır. Ölkəmizdə hər işçiyə düşən ÜDM istehsalının həcmini də qənaətbəxş hesab etmək olmaz - 2013-cü ilin statistikasına görə, həmin göstərici 23 min dollar olmuşdur ki, bu da bəzi MDB ölkələri ilə müqayisədə aşağı nəticədir. Bundan savayı, ölkənin xidmət sektorunda çalışanların göstərdikləri xidmətin həcmi onların sayına adekvat deyil. Hətta xidmət sektorunun ÜDM xüsusi çəkisi 2003-cü ildəki 32 faizdən 2013-cü ildə 30,2 faizə düşmüşdür. Bu azalmada iki faktoru qeyd etmək istərdik: birincisi, sosial xidmət sahələrində dövlət qurumlarının göstərdikləri xidmətlərin həcminin azlığı və ikincisi, xidmət sektorunun uçot sistemində şəffaflığın hələ də tam təmin olunmaması. Halbuki bu sektorda faktiki uçot və hesabat sisteminin təkmilləşdirilməsi və şəffaflığın təmin olunması onun iqtisadi göstəricilərini xeyli yüksəldə bilər.

Bu gün ölkəmizdə ixracı stimullaşdırmaqla ixracyönümlü iqtisadi inkişaf siyasəti həyata keçirilir. Daxili bazarın tələbinin məhdudluğunu və məhsuldar qüvvələrin yüksək potensialını nəzərə alsaq, prinsip etibarı ilə bu, düzgün siyasətdir. Fikrimizcə, indi Azərbaycan üçün ixracın stimullaşdırılması, daxili bazarın qorunması və rəqabətin inkişaf etdirilməsi konsepsiyalarının birgə paralel həyata keçirilməsi (Malayziya modeli) daha səmərəli nəticələr verə bilər. Buna nail olmaq üçünsə bütün vasitələrdən (kvota, lisenziya, standartlaşdırma və sair) istifadə qanunvericilik aktlarında nəzərdə tutulmalı və daxili bazarın qorunması təmin edilməlidir. Eyni zamanda, əmtəə bazarında haqsız rəqabətə qarşı mübarizə daha da gücləndirilməli, xarici maliyyə vəsaitlərinin müəyyən çərçivə daxilində bank sektoruna daxil olmasına icazə verilməsi əsasında Azərbaycanın maliyyə bazarında real rəqabət mühiti yaradılmalı, eləcə də daxili və xarici bazarlarda milli məhsulların rəqabət qabiliyyətini yüksəltmək məqsədilə rəqabətin qorunması konsepsiyasından onun inkişaf etdirilməsi konsepsiyasına keçilməlidir.

 

İnkişafın investisiya təminatı

 

Müasir dövrdə Azərbaycan iqtisadiyyatının ikinci lokomotivi investisiyalardır. Bu yerdə qeyd edək ki, son illər qeyri-neft sektorunda ÜDM-in artımının 75 faizi əsas kapitalın artımı hesabına təmin olunmuşdur. Bu gün ölkəmizdə dövlət investisiyalarının əsas hissəsi istehsal və sosial infrastrukturların yaradılmasına və yenidən qurulmasına sərf edilir. Habelə istehsal obyektlərinin inşasında investisiyaların özəl qurumların hesabına həyata keçirilməsinə üstünlük verilir. Dövlət investisiyalarından istifadənin bu xüsusiyyəti Azərbaycanın  iqtisadi inkişaf modelini fərqləndirən xüsusiyyətlərdən biridir ki, bu da regionların investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə yüksəldən amildir.

Kənd təsərrüfatının investisiya təminatında isə onun özünün resursları əhəmiyyətli rola malikdir. Məlumdur ki, ölkəmizdə aqrar sektor 2001-ci ildən vergilərdən qeyd-şərtsiz azad edilmişdir. Mütəxəssislərin hesablamalarına görə, kənd təsərrüfatına vergi güzəştləri nəticəsində hər il 20 milyon manatdan çox vəsait dövlət büdcəsindən kənarda qalır. Fikrimizcə, həmin güzəştlər strateji xarakterli kənd təsərrüfatı məhsullarının istehsalçılarına, özü də müəyyən müddətə elə şərtlə verilməlidir ki, onlar güzəştdən əldə etdikləri maliyyə vəsaitlərini investisiya kimi təsərrüfatlarında istifadə etsinlər. Bu tədbir sahənin investisiya təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Yeri gəlmişkən qeyd edək ki, ölkə başçısının dövlətin investisiya siyasətində mühüm yenilik olan 25 fevral 2014-cü il tarixli sərəncamı aqrar sənaye kompleksinin klaster əsasında inkişafına şamil olunması da ciddi səmərə verərdi. Xatırladaq ki, bu sərəncamla Neft Fondunun vəsaitlərindən xüsusi mexanizm vasitəsilə neft kəmərlərinin çəkilişində və "Şahdəniz" yatağının istismarında istifadə etməyə icazə verilmişdir.  

Dövlət İnvestisiya Şirkətinin yaradılmasından sonra sənayenin qeyri-neft sektoruna, o cümlədən emal sənayesinə yatırılan dövlət investisiyaları istiqamətləndirilir. Yəni həmin resurslar ölkənin davamlı iqtisadi artımına, yeni iş yerlərinin yaradılmasına və regionların tarazlı inkişafının təmin edilməsinə yönəldilir. Əgər 2003-cü ildə dövlət büdcəsi gəlirlərinin 9 faizi investisiya məqsədləri üçün istifadə edilmişdirsə, 2013-ci ildə bu göstərici 35,5 faizə çatmışdır. İndi isə ölkəmizdə formalaşmış sahəvi və regional inkişaf dövlət investisiyalarından istifadəni sahəvi diversifikasiya etməklə qeyri-neft sənaye sektorunun, o cümlədən emal sənayesinin prioritet sahələrində və aqrar bölmədə daha böyük həcmdə istifadə olunmasının vaxtıdır. Çünki göstərilən sahələrin inkişafında həlledici amil məhz investisiyalardır. Yalnız bu halda hökumətin investisiya siyasəti Prezidentin qarşıya qoyduğu yeni vəzifələrə uyğunlaşdırıla bilər.

İqtisadi inkişafın investisiya təminatında amortizasiya ayırmalarından təyinatı üzrə istifadə edilməsi də xüsusi əhəmiyyətə malikdir. Xatırladaq ki, "İnvestisiya fəaliyyəti haqqında" qanunda amortizasiya ayırmaları investisiya fəaliyyətinin maliyyə mənbələrindən biri kimi nəzərdə tutulur. Qanunun 11-ci maddəsində göstərilir ki, amortizasiya siyasəti investisiya fəaliyyətinin tənzimləmə vasitələrindən biridir. Yenə də həmin qanuna görə, amortizasiya üzrə güzəştlər nəzərdə tutula  və ayrı-ayrı iqtisadi sahələr, əsas fondların müxtəlif növləri və elementləri üzrə dəyişkən və fərqli müəyyən edilə bilər. Bu baxımdan illik məbləği 3,5 milyard manatdan çox olan, 2017-ci ildə 6,2 milyard manata çatması proqnozlaşdırılan amortizasiya ayırmalarının mənfəətdən vergi bazasına daxil edilməsi bir tərəfdən dövlət gəlirlərini artıra, digər tərəfdən əsas fondların modernizasiyasını sürətləndirə bilər. Hesab edirik ki, investisiya siyasətinə zamanın tələbinə uyğun olaraq dəyişiklik etmək və daxili investisiyaların stimullaşdırılmasını təmin edən iqtisadi vasitələri (vergi güzəştləri, uçot dərəcəsi, amortizasiya güzəştləri, kredit dərəcələri) təkmilləşdirmək lazımdır. Lakin burada söhbət dövlət investisiyalarının bütövlükdə bütün sahələrdə istifadə olunmasından deyil, prioritet sahələrdə və prioritet regionlarda istifadəsindən gedir.

Regionlarda emal sənayesinin və aqrar sektorun inkişafına yatırılan dövlət investisiyalarının daha da artırılmasının zəruriliyi onların maliyyə bazasının hələ də zəif olmasından irəli gəlir. Təsadüfi deyil ki, ölkənin 2 inzibati rayonundan (Abşeron və İmişli) və 4 şəhərindən (Bakı, Mingəçevir, Gəncə, Şirvan) savayı, qalan rayon və şəhərlər  dövlət büdcəsindən dotasiya alır. Hətta respublika əhəmiyyətli şəhərlərdə yerli büdcə xərclərinin 70-75 faizi dotasiya hesabına təmin edilir. Faktlar isə göstərir ki, təkcə özəl investisiyaların hesabına ölkənin emal sənayesinin və aqrar sektorun modernləşdirilməsinə tezliklə nail olmaq çətindir. Başqa sözlə desək, sənayeləşməni yalnız özəl sektorun ixtiyarına buraxsaq, problemin həllini uzun illər gözləməli olarıq. Deməli, Prezidentin Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaqla bağlı qarşıya qoyduğu vəzifələri yerinə yetirmək və  respublikamızın sənayeləşməsi mərhələsini uğurla başa çatmasını təmin etmək uçun emal sənayesinin və aqrar sektorun inkişaf proqramlarının investisiya təminatına yenidən baxılması və bu sahələrdə dövlət investisiyalarından istifadənin genişləndirilməsi qaçılmazdır.

 

Tofiq HÜSEYNOV,

AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri,

 iqtisad elmləri doktoru, professor, əməkdar iqtisadçı

Azərbaycan.-2014.- 3 oktyabr.- S.13.