Çoxsaylı tədqiqatları ilə biologiya elminə töhfə verən alim

 

Validə Tutayuq-100

 

Görkəmli botanik, biologiya elmləri doktoru adını alan ilk azərbaycanlı qadın, akademik Validə Xasbulat qızı Tutayuq 1914-cü ilin sentyabrında Qarabağın tacı Şuşa şəhərinin əsrarəngiz təbiətinin qoynunda dünyaya göz açmışdır.

Akademik V.Tutayuq botanika elminin anatomiya, morfologiya, embriologiya, sitologiya sahələrində qiymətli fikirləri ilə dünya şöhrəti qazanmışdır. O, elmi fəaliyyətə tələbə ikən başlamışdır. Yüksək bilik və bacarığını, istedadını görən meyvəçilik və tətbiqi botanika sahəsində görkəmli mütəxəssis, professor S.V.Krainski onu ikinci kursda meyvəçilik kafedrasına işə götürür və Şəki-Zaqatala zonasına ekspedisiya zamanı toplanmış qoz və fındıq nümunələrini araşdırmağı tapşırır. Validə xanım ilk araşdırmaları nəticəsində Şəki-Zaqatala zonasında qoz və fındıq növlərinin 100-ə yaxın formasının yayılmasını aşkarlayır. 1934-cü ildə "bitkilərin yarpaq çilikləri ilə çoxaldılması" mövzusunda diplom işini əla qiymətlərlə müdafiə edir. İnstitutu bitirdikdən sonra AzKTİ-nin Bağçılıq kafedrasında aspiranturaya qəbul olunurK.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı  Akademiyasına ezam edilirdünya şöhrətli akademik B.M.Jukovskinin rəhbərliyi altında işə başlayır. Akademik Jukovski gənc tədqiqatçının bəzək bağçılığına marağını və bilik səviyyəsini nəzərə alaraq o vaxta kimi az öyrənilmiş çoxləçəkli bitkilərdə çiçəklərin embriologiyası, morfologiyası və anatomiyasına dair tədqiqat aparmağı məsləhət bilir. Çoxləçəklilik bitkilərin milyon illər ərzində təkamül prosesində qazandığı bağçılıqda və bitki həyatında mühüm bioloji vəzifəni yerinə yetirən əlamətdir. Onun namizədlik dissertasiyası "Şəbbügülündə çoxləçəkliliyin təbiəti" məhz bu mövzunun həllinə həsr edilmişdir. O, 1939-cu ildə 25 yaşında K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsinin elmi şurasında namizədlik dissertasiyasını müdafiə etmişbotanik-morfoloq kimi ixtisaslaşmışdır. Alim namizədlik işini yerinə yetirərkən ilk elmi yeniliyini etmişdir, bu bitkinin çoxləçəkli formalarının xarici steril ləçəklərinin içərisində tozcuqla birlikdə toz kisəsinin inkişaf etməsini müəyyənləşdirmişdir. Alınmış nəticələr 1939-cu ildə akademik N.İ.Vavilovun imzası ilə SSRİ EA-nın məruzələrində çapdan çıxmışdır. Bu, Validə xanımın həyatında əlamətdar hadisə olmaqla, o vaxta kimi heç bir azərbaycanlıya nəsib olmayan elmi qiymətləndirilmə idi. Həmin ildən ömrünün axırına kimi Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Botanikaseleksiya" kafedrasına başçılıq etmişdir. Eyni zamanda SSRİ və dünyanın müxtəlif zonalarından gətirilmiş müxtəlif siniflərə, sıralara, fəsilə və cinslərə məxsus olan çoxləçəkli çiçəklərin tədqiqinə dair araşdırmalarını davam etdirmişdir.

Validə xanım biologiya elminin inkişafı tarixində böyük xidmətləri olan çoxprofilli biliyə malik alimdir. O, anatomiyaya dair tədqiqatları ilə Azərbaycanda bitki anatomiyasının əsasını qoymuşdur. Onun elmi fəaliyyətinin əsas istiqaməti bitkilərin anatomiyası, morfologiyası, sitologiyası, embriologiyası sahəsində fundamentalpraktiki əhəmiyyət kəsb edən problemləri həll etmək olmuşdur. V.Tutayuq ilk gündən botanika elmində bir sıra alimlərin həmişə diqqət mərkəzində olanbitki sistematikası və filogeniyasının yaradılmasında əsas götürülən bitkilərin generativ orqanlarının, xüsusi ilə çiçəyin quruluşunu öyrənmək, onun əmələgəlməsi qanunauyğunluqlarını açmağı, bitkilərin mənşəyi, təbii tarixi inkişafının (təkamülünün) necə getməsini müəyyən etmək üçün yeni elmi dəlillər tapmağı qarşısına məqsəd qoymuşdur.

V.Tutayuq örtülütoxumlu bitkilərin müxtəlif fəsilələrinə daxil olan 150 növdən çox çoxləçəkli bitkilərin öyrənilməsi nəticəsində çoxləçəkliliyin nəzəri əsaslarını vermişdir. Bu zaman Validə xanım çiçəklərin anatomik morfoloji quruluşu anomal embriogenezi sahəsində tədqiqatları genişləndirir və alınmış nəticələr əsasında 1949-cu ildə 35 yaşında "Çoxləçəkli örtülütoxumlu bitkilərin embriologiyası" mövzusunda Leninqradda (indi Sankt-Peterburq) SSRİ EA V.L.Komarov adına Botanika İnstitutunda doktorluq dissertasiyasını müdafiə edir.

Çoxləçəkli çiçəklərin əmələ gəlmə qanunauyğunluqlarının aşkar edilməsi   nəzəri əhəmiyyəti ilə yanaşı, mühüm təcrübi əhəmiyyətə də malikdir. Belə ki, çoxləçəkli bitkilərin əmələ gəlməsi mexanizmini bilməklə seleksiyaçılar və bəzək bitkiləri sahəsində işləyən mütəxəssislər qısa müddətə yeni, əhəmiyyətli bəzək bitkilərini yetişdirə bilərlər.

Validə xanım çiçəyin çoxləçəkliliyinə dair aldığı nəticələrlə bir çox elmi konqres, qurultaykonfranslarda məruzələr etmişdir. O, 1947-ci ildə "Bitkilərin morfologiyası və anatomiyası üzrə müşavirədə "Çoxləçəkli örtülütoxumluların embriologiyası"; 1952-ci ildə Tbilisidə Zaqafqaziya KT institutlarının birləşmiş elmi sessiyasında "Örtülütoxumluların çoxləçəkliliyi"; Embrioloqların (Leninqrad) Ümumittifaq müşavirəsində "Çiçəkli bitkilərdə mikro və meqasporogenezlərin anomaliyası"; "Çiçəyin dəyişkənliyi və örtülütoxumlarda çiçəyin filogeneyasının bəzi məsələləri"; Çəkilin poliplodiyasına aid simpoziumda (Moskva) "Poluploid formalı çəkillərin yarpaqlarının sitoloji xüsusiyyətləri və anatomik quruluşunun tədqiqi" və digər mövzularda məruzələr etmişdir. Alimin məruzələri həmişə yüksək qiymətləndirilmişdir. Onun 1959-cu ildə Kanadada çağırılmış botaniklərin IX Beynəlxalq Konqresində çoxləçəkli bitkilərin əmələ gəlməsi, ontogenezi və filogenezinə dair çıxışı onu dünyanın ən tanınmış botanikləri sırasında yer tutmasına səbəb olmuşdur.

Örtülütoxumlu bitkilərin nümayəndələri ilə, məsələn, təkamülün aşağı pilləsində yerləşən Ranunculaceae, Nymphaceae, Calycanthaceae (çoxmeyvəli bitkilər) və ya yüksək inkişaf etmiş fəsilələr (Rosaceae, Punicaceae, Fabaceae, Oleaceae, Solanaceaeb.), həmçinin birləpəlilərə aid (Liliaceae, Amaryllaceae, Alleaceae), çoxləçəkli çiçəklərinin quruluş və xüsusiyyətinin morfoloji, anatomik, embrioloji tədqiqi nəticəsində belə nəticəyə gəlmişdir ki, bütün fəsilələrdə çiçəyin normal quruluşundan kənara çıxmalar ola bilər. Çiçəyin müxtəlif  hissələrində anomallığın əmələ gəlməsi qanunauyğunluğu eynidir.

Validə xanımın tədqiqatlarına kimi qəbul edilmiş belə bir fikir vardı ki, çoxləçəkli çiçəklərdə ləçəklərin sayının artması çiçəyin generativ orqanlarının azalması hesabına olur. Lakin, o sübut etmişdir ki, bu qanunauyğunluq deyil. Ləçəklərin miqdarının artması ilə yanaşı, bir çox hallarda erkəkciyin miqdarı da artır. Bütün bunlardan belə nəticəyə gəlmişdir ki, çoxləçəklilik zamanı çiçəyin ləçəklərinin və generativ orqanlarının artmasını primitiv əlamət və keçmişi təkrar etmək - atavizmlikdir. Çoxləçəkliliyin primitivlik əlaməti olmasını göstərən dəlillərdən biri də çiçək quruluşu daha primitiv olan fəsilələrdə Magnoliaceae, Nymphaeaceae, Ranunculaceaes. tez-tez və təkamülün yüksək pilləsində olan fəsilələrdə (Umbelliflorae, Scrophylariaceae) çox az təsadüf edilməsidir. O, belə bir fikir irəli sürmüşdür ki, ləçəklərdə və kasayarpaqlarında tozcuq və yumurtalığın formalaşması, meyvə yarpaqlarında tozcuq yuvası və yumurtalığın və çiçəkdəki digər dəyişmələr, dəyişmiş xarici mühitin amillərinin bitkinin yaranmasının ilk vaxtlarındakı iqlimə uyğun gəlməsi hesabına olur (Stroenie maxrovıx üvetkov, 1960). Onun uzun illər bitkilərdə çoxləçəkliyin əmələgəlmə qanunauyğunluğu, filogenezi və antogenezinə dair apardığı çoxillik elmi axtarışlarının nəticəsi olan "Çoxləçəkli çiçəklərin quruluşu" və "Çiçəyin terotologiyası" monoqrafiyalarında öz əksini tapmışdır. Bu kitablar onu nəinki sovetlər ittifaqında, həmçinin bütün dünyada tanıtdırmışdır. "Çoxləçəkli çiçəklərin quruluşu" monoqrafiyası bu sahədə yazılmış ilk kitab olmaqla bütün dünya alimlərinin diqqətini cəlb etmiş və məşhur elm xadimləri genetik Stebbins (Kaliforniya, Berkli), Conson (Losancelos-Koliforniya), anatom Kateri Ezau (Harvard Universiteti), Marri Teylor (Vaşinqton), prof. Dandi (İngiltərə), Qyude Mişel (Fransa) və başqaları bu kitaba qiymətli rəylər yazmışlar.

Çiçəklərin teratologiyası sahəsində apardığı çoxsaylı tədqiqatlarla müəyyən edilmişdir ki, çoxləçəkliliyin əmələ gəlməsində əsas amillərdən biri uzunmüddətli kəskin iqlim dəyişilməsi olub. O, bu fikrini dünyanın müxtəlif ölkələrindən gətirilmiş müxtəlif fəsilələrə və ekoloji qruplara aid bitkiləri becərərkən və təbiətdəki müşahidələri, Abşeron şəraitində çoxləçəkliliyə tez-tez rast gəlməsi ilə sübut etmişdir.  Bu nəticə onun çoxləçəkliyin əmələ gəlməsində keçmişi təkrarlama fikrini bir daha təsdiq edir (Teratoloqiə üvetka, 1969).

V.Tutayuqun apardığı elmi işlərin nəticələri "Çoxləçəkli örtülütoxumların embriologiyası", "Çoxləçəkli çiçəklərin quruluşu", "Örtülütoxumlu bitkilərin mənşəyi", "Çiçəyin teratologiyası", "Örtülütoxumlu bitkilərin çoxləçəkliliyinin anatomiyası və morfologiyası" monoqrafiyalarında və "Örtülütoxumlu bitkilərdə mikromeqa sporogenezin anatomiyası", "Çiçəkli bitkilərdə  meqasporogenez" məqalələrində öz əksini tapmışdır.

Validə xanım ilk dəfə Azərbaycan dilində "Bitkilərin anatomiya və morfologiyası", "Bitkilərin anatomiyası və fiziologiyası" dərs vəsaitlərini hazırlamışdır. Keçən əsrin 50-60-cı illərində çap edilmiş bu kitablar sonralar rus dilinə çevrilərək nəinki respublikamızda, həmçinin Rusiyada da dərs vəsaiti kimi istifadə edilmiş və hazırda da respublikanın ali məktəblərinin biologiya fakültələrində geniş istifadə edilir.

Validə xanımın çoxləçəkli çiçəklərin anatomik, morfoloji, embrioloji tədqiqatlarının nəticələrində təbii filogenetik sistemin qurulması üçün çox faydalı sübutlar vardır. Bununla demək olar ki, V.Tutayuq ilk tədqiqata başlayarkən qarşıya qoyduğu məqsədə tam nail olmuşdur. Onun "Örtülütoxumlu bitkilərin mənşəyi və onların əcdadları" adlı kitabında bu məsələlərlə daha ətraflı tanış olmaq mümkündür.

Müasir dövrdə olduğu kimi, bundan əvvəlki vaxtlarda da şəhərsalma təcrübəsində həmişə yeni tikinti işlərinin aparılmasında əsas məsələlərdən biri əhalinin sağlamlığının qorunmasında əsas olan yaşıllaşdırma işlərinin tikinti işləri ilə birlikdə aparılmasıdır. O qeyd edirdi ki, hər hansı bir tikintinin memarlıq üslubu onun ətrafındakı yaşıllıqlarla müəyyən bir ansambl təşkil etməlidir. Belə olduqda əhalinin estetik tələbləri ödənilir, onlar üçün rahat, xoşagələn məişət şəraiti yaradılmış olur.

Validə xanımın fundamental elmi araşdırmaları ilə yanaşı, şəhərlərimizin  yaşıllaşdırma işlərinin aparılmasına dair maraqlı fikirlər irəli sürülmüşdür. Bunun üçün o əvvəlcə respublikamızda yaşıllaşdırma işinin vəziyyəti ilə tanış olmuş, respublikanın müxtəlif bölgələrinə ekspedisiyalar təşkil etmiş (Botanika İnstitutuna rəhbərlik etdiyi zaman), parkxiyabanlarda olan qiymətli bitkilər, onların biologiyasına və vəziyyətinə dair məlumatlar hazırlamışdır. Müəyyən edilmişdir ki, bəzi bitkilərə məsələn, 80-90 yaşlı Himalay sidri, Beymut şamı, qaraqoz, qızıl zanbaq ağacı (tulpan ağacı) və başqaları hətta qulluq edilməyən yerlərdə özünü yaxşı hiss edirnormal inkişaf edir. Bu ekspedisiyada 150-yə yaxın subtropik bəzək ağackol cinslərinin yaşıllıqlarda istifadə edilməsi müəyyən edilmişdir. Təbiət ekspedisiyaları nəticəsində və Nəbatət bağında aparılmış elmi-tədqiqat işləri nəticəsində Abşeronda introduksiya edilən növlər müəyyənləşdirildi. Azərbaycanda yaşıllaşdırma işlərinin aparılmasında Validə xanımın floramızda olan ağackol bitkilərinə dair tədqiqatları da mühüm rol oynamışdır.

V.Tutayuqun elmi fəaliyyətinin ən məhsuldar vaxtı 1957-1962-ci illərdə Azərbaycan EA-nın Botanika İnstitutuna rəhbərlik etdiyi dövrdə olmuşdur. Botanika İnstitutu alimlərinin  qarşısında duran mühüm vəzifə tezliklə 1951-ci ildən yazılmağa başlanmış "Azərbaycan florası" kitabının qalan cildlərini hazırlayıb çapa verməkdən ibarət olduğunu göstərmişdir. Nəticədə 3 il müddətində "Azərbaycan florası"nın 7-ci, 8-ci cildləri çap edilməklə Azərbaycan florasının nəşri tamamlanmış oldu. Nəbatət bağının və institutunun sistematika və digər şöbələrinin alimləri ilə birlikdə "Azərbaycanın ağac və kolları" iki cilddə çap edilmişdir. Qafqazın dendrologiyası çoxcildliyinin V və VI cildlərini yazan müəlliflərdən biri olmuşdur.

O, faydalı bitkilərin aşkar edilməsi və istehsalata tətbiqinə aid çoxlu işlər görmüşdür. Həmin illərdə bitki ehtiyatları şöbəsində işlər daha intensiv olmuşdur. Bu zaman bitki ehtiyatları şöbəsində Azərbaycanın müxtəlif regionlarına çoxsaylı ekspedisiyalar təşkil edilmişdir. Ekspedisiyalar zamanı herbarilər, analiz üçün bitki materialı toplanıb, faydalı bitkilərin yayılması, bəzilərinin ehtiyatı öyrənilmişdir. Bu ekspedisiyalar zamanı toplanılmış bitki materialı analiz edilərək çoxlu məqalələr, monoqrafiyalar yazılmış və dissertasiyalar müdafiə edilmişdir. Həmin zaman faydalı bitkilərin dərman, efiryağlı, alkaloidli, qlikoalkaloidli bitkilərin introduksiyası və onlardan müxtəlif bioloji fəal maddələrin, efir yağlarının, aşı maddələrinin alınma texnologiyası işlənib hazırlanmış və onların bəziləri istehsalata tətbiq edilmişdir.

Efiryağlı bitkilərin öyrənilməsi daha da genişləndirilmişdir. Aparılan tədqiqatlar nəticəsində efiryağı istehsalını təşkil etmək məqsədilə respublikanın Abşeron, Lənkəran-Astara, Şəki-Zaqatala rayonlarında efiryağlı bitkilər sovxozunun yaradılması, Bakı şəhərində fəaliyyət göstərən "Efiryağı" zavodunun genişləndirilməsi məsələsi dövlət orqanları qarşısında qaldırılmışdır. Bu işin nəticəsi olaraq keçən əsrin 60-cı illərində Zaqatalada efiryağlı bitkilər sovxozuonun nəzdində fəaliyyət göstərən "Efiryağı" zavodu işə salınmışdır.

Validə xanım Azərbaycanda heyvandarlığın inkişafında müstəsna əhəmiyyəti olan yay və qış otlaqlarının invertarizasiyası, növ tərkibinin müəyyənləşdirilməsi, məhsuldarlığı və məhsuldarlığının artırılmasına dair işlərin həm məsləhətçisi, həm də iştirakçısı olmuşdur. Bu məqsədlə Botanika İnstitutunda geobotaniki işlər genişləndirilmişdir. Həmin illərdə Kür-Araz ovalığında kənd təsərrüfatı əkinləri (pambıq, taxıl və s.) genişləndirildiyi üçün qış otlaqları sahələrinin azalmasına və məhsuldarlığının aşağı düşməsinə səbəb olmuşdur. O qeyd edirdi ki, bu işin müsbət cəhəti odur ki, həmin torpaqların suvarılmasından istifadə edərək əkinlərə yaxın yerlərdə suvarılan otlaqlar təşkil etmək lazımdır. Əlverişli illərdə qış otlaqlarında məhsuldarlıq 15-17 s. olurdusa, quraq illərdə bu bir sentnerə düşürdü. Suvarılan sahələrdə isə məhsuldarlığı 60-70 sentnerə çatdırmaq mümkündür. Burada Botanika İnstitutu əməkdaşlarının yay və qış otlaqlarında aparılmış tətqiqatlarının nəticəsindən istifadə etməyi tövsiyə edirdi. Alimlərin institutun Kerrar təcrübə sahəsində aldığı nəticələri daha maraqlı idi. Təcrübə zamanı müəyyən edilmişdir ki, yovşan - efimer bitkilikli dəmyə otlaqlarda payızda tez böyüyən daraqlı ayraq, tüklüayrıq, soğanlı arpa, birillik paxla bitkiləri, tonqalotu, şabdar, mavi yoncas. əkməklə payız-qış aylarında otlaqların məhsuldarlığını 25-50 sentner arasında artırmaq mümkündür. Şoran torpaqlarda unnuca fəsiləsinə aid bitkiləri əkməklə də məhsuldarlığın artmasının mümkünlüyü sübut edilmişdir. Qış otlaqlarının məhsuldarlığını artırmaq üçün yabanı bitkilərin toxum fondunun yaradılmasının da zəruri olduğunu göstərmişdir. Bu işlərin dövlət səviyyəsində aparılması üçün Azərbaycan Dövlət Torpaq Quruluşu Layihə İnstitutu ilə müqavilələr bağlanaraq işi sürətləndirilmişdir. Onun rəhbərliyi altında Kiçik Qafqazın yay otlaqları ətraflı tədqiq edilmişgeobotaniki xəritələri tərtib edilmişdir.

V.Tutayuqun Botanika İnstitutuna rəhbərlik etdiyi dövrdə Nəbatət bağının kolleksiyası və sahəsinin genişləndirilməsində də böyük xidmətləri olmuşdur. Kanada, Amerika, İngiltərə, İtaliya, Əlcəzair, Tunis, Hindistan və digər ölkələrdən gətirilmiş yemişan, zirinc, üvəz və 500 növdən artıq digər bitkilərin toxumları introduksiya olunaraq kolleksiyaları yaradılmışdır.

Validə xanım özüelmi ezamiyyətlərə gedərkən xarici ölkələrdən çoxlu gül toxumları gətirir və onların Azərbaycan şəraitində çoxaldılmasının həyata keçirilməsinə rəhbərlik edirdi. Hazırda Mərkəzi Nəbatət bağının kolleksiyasında olan innab, tüklü qovaq, Çin yemişanı və s. onun Çin Xalq Respublikasına ezamiyyəti zamanı gətirdiyi bitkilərin çoxaldılmasının nəticəsidir.

Validə xanımın Azərbaycan təbiətinin öyrənilməsi, qorunması sahəsindəki fəaliyyəti də olduqca maraqlıdır. Cəbrayıl rayonunda 3000 il yaşı olan, Gəncə şəhərində 1500 il, Ordubad şəhərinin mərkəzində qeydə alınmış 1000-1200 yaşı olan çinar, Şəkidə gövdəsi 6 m olan çinar, Oğuz rayonunda 800 illik ağcaqayın, İsmayıllıda 700-800 yaşı olan fıstıq, Qax rayonunda 1500 il yaşı olan dağdağan, Tasmalı kəndində 1200 il yaşı olan palıd və başqa təbiət abidələri onun tərəfindən qeydə alınıb və onların qorunması haqqında yerli təşkilatlara və dövlət orqanlarına tövsiyələr verilmişdir.

V.Tutayuqun anatomiya, morfologiya, dendrologiya sahəsində elmi kadrların hazırlanmasında da böyük xidmətləri olmuşdur. O, 20 nəfərdən çox aspirantdissertanta rəhbər və 2 doktorluq işinə məsləhətçi olmuşdur.

Validə xanımın əziz xatirəsi onu tanıyanların və əsərlərindən bəhrələnənlərin xatirəsindən heç vaxt silinməyəcək.

 

Validə ƏLİZADƏ,

AMEA Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

 

Eldar NOVRUZOV,

Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru

Azərbaycan.-2014.- 3 oktyabr.- S.14.