“Bakı-2015” Avropa
Oyunları açılış mərasimi
üçün bədii direktor
təyin edib
“Bakı-2015”
Avropa Oyunları oktyabrın 3-də Dimitris Papaioannounu
açılış mərasiminin bədii direktoru təyin
edib, açılış və bağlanış mərasimlərinin
təşkili üçün ABŞ-ın “FiveCurrents”
şirkəti ilə müqavilə bağlayıb.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsindən AzərTAc-a bildiriblər ki, “Afina-2004” Olimpiya Oyunları mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət xadimi, xoreoqraf, aktyor və yaradıcı baxışa sahib olan D.Papaioannou bu möhtəşəm tamaşa işi üçün çox münasib hesab olunur.
“Bakı-2015”in açılış mərasimi Azərbaycan mədəniyyətini təqdim edəcək və təşkilatçı şəhərin müasir Avropada rolunu əks etdirərək yarışan idmançılara şərəf verəcəkdir.
D.Papaioannou “Afina-2004” Olimpiya Oyunlarındakı işindən sonra Yunanıstanın Prezidenti tərəfindən görkəmli yaradıcılıq nailiyyətlərinə görə “Qızıl xaç şərəf” ordeninə layiq görülüb.
Həmin vaxtdan o, bütün dünya üzrə həyata keçirilən və yüz minlərlə tamaşaçını birləşdirən bir sıra təməlqoyma mərasimlərinin yaradıcı müəllifi olub.
D.Papaioannou deyib: “Bakı-2015”in açılış mərasiminin təşkili üçün təyin olunmağım mənim üçün həm şərəfdir, həm də həlli çətindir. Lakin maraqlı vəzifədir. Mənim arzum Azərbaycanın mədəni irsinə xas olan əsas elementlərdən istifadə edərək müasir, yeni və oynaq, lakin mədəniyyətin zənginliyinə və dərinliyinə hər zaman hörməti əks etdirən yolla bir ümumbəşəri hekayə yaratmaqdır”.
Skot Givens və Mark Ponçer tərəfindən idarə olunan qabaqcıl şirkət “FiveCurrents” açılış və bağlanış mərasimlərinin təşkili üçün təyin edilib.
“FiveCurrents” “Soçi-2014” Qış Olimpiya Oyunlarının mərasimlərini, “Rio-2007” və “Quadalacara-2011” Pan Amerika Oyunlarının mərasimlərini, Sinko de Mayonun 15-ci ildönümünü və Rio de Janeyroda Reveillon Kopakabana Yeni il şənliyini həyata keçirib.
“FiveCurrents” şirkətinin prezidenti və icraçı prodüseri Givens bildirib: “Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkilinin bizə tapşırılması bizim üçün şərəfdir və bu, son dərəcə sevindirici hadisədir. Bakını dünya səhnəsində nümayiş etdirmək və unudulmaz idman və dünya bayramını həyata keçirmək üçün biz Dimitris Papaioannou kimi yaradıcı istedada malik biri ilə işləməyi səbirsizliklə gözləyirik”.
“Bakı-2015”in baş icraçı direktoru və Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov deyib: “Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimləri Bakını və Azərbaycanı
dünyaya nümayiş etdirmək üçün gözəl imkandır. Mən əminəm ki, möhtəşəm idman tədbirlərinin Azərbaycanın fəxr edə biləcəyi səviyyədə keçirilməsi üçün mövcud komandamız bizə kömək edəcək”.
Həmçinin bu gün “Bakı-2015”in açılış və bağlanış mərasimlərində iştirak etmək üçün 6000 könüllü ifaçıya rolların verilməsini nəzərdə tutan könüllü proqramına ərizə qəbulunu elan edir.
Seçimlər noyabrda başlayacaq və “Bakı-2015”in mərasimlər komandası yaradıcılıq həvəsi olan, təşəbbüskar, enerjili və öz ölkəsini dünyaya təqdim etmək istəyənləri işə cəlb edəcək.
“Bakı-2015”in mərasimlər üzrə direktoru xanım Katerin Uqvu deyib: “Biz Dimitris Papaioannou və “FiveCurrent” komandasını Bakıda salamlamaqdan çox məmnunuq. Dimitrisin bədii təxəyyülü ilə “FiveCurrent”ın təcrübəsi açılış mərasiminin nadir və unudulmaz olmasını təmin edəcək. 6000 könüllü ifaçı Azərbaycanda indiyədək keçirilmiş ən böyük canlı tamaşanın iştirakçısına çevrilməklə yaddaqalan təəssüratlardan zövq alacaqlar”.
Açılış mərasimi iyunun 12-də, cümə günü yenicə tikilmiş Milli Stadionda, 68000 tamaşaçı və dünya üzrə milyonlarla televiziya izləyicisi qarşısında keçiriləcək.
Mərasimlərin könüllü ifaçısı olmaq üçün müraciət etmək istəyənlər http://www.baku2015.com/az/join-us/apply-now ünvanına daxil olaraq ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün yaş həddi 18-dən yuxarıdır.
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı -2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə təşkil ediləcək çox maraqlı və innovativ yarışlar olacaq.
“Bakı -2015” Avropa Oyunları, ümumilikdə, 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, dördü qeyri-Olimpiya idman növü olacaq. On yeddi yarış günü müddətində Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.
İdmanın doqquz növü 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir.
Xatırladaq ki, birinci Avropa
Oyunlarının Bakıda keçirilməsi haqqında qərar
2012-ci ilin dekabr
ayında Avropa Olimpiya
Komitəsinin (AOK) Baş Assambleyasında
qəbul edilib. “Bakı -2015” Avropa Oyunları Əməliyyat Komitəsi AOK
ilə əməkdaşlıq şəraitində Oyunları
təşkil və idarə edəcək.
Azərbaycan.-2014.-4 oktyabr.-S.16.