Prezident İlham Əliyev Xırdalanda Heydər

Əliyev Mərkəzinin açılışında iştirak edib

 

Prezident İlham Əliyevin Abşeron rayonuna səfəri

 

 

 

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında, ölkədə bütün sahələrin canlandırılmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə mühüm layihələr reallaşdırılır. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, onun siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu böyükdür. Bu cür mərkəzlərdən biriAbşeron rayonunda inşa olunub. Orijinal layihə əsasında tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir.

Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolareksponatlar yer alıb. Burada dünyanın nüfuzlu siyasətçilərindən olan ulu öndər Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu böyük şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqilliyinin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhrandan inkişaf yoluna çıxarılması, güclü ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən foto, kitab və digər vəsaitlərə geniş yer verilib. Ümummilli Liderin azərbaycançılıq fəlsəfəsinin təbliği, gələcəkdə Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində öz Vətəni, milləti və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması, onların arzu və niyyətlərini gerçəkləşdirmək əzminin reallaşması baxımından mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir reallıqlarını əks etdirir.

Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı Ulu Öndərin həyatının və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxdı.

Məlumat verildi ki, mərkəzin özəlliyini artıran mühüm amillərdən biriburada interaktiv məlumat tablolarına geniş yer verilməsidir. Mərkəzdə Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi muzey də yaradılıb. Ekspozisiya zallarının hamısı zəruri avadanlıqla təchiz olunub. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada gənclər üçün müzakirə və diskussiya zalları qurulub, elektron kitabxana yaradılıb. Sərgi zalından əlavə, mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da var. Yaradılan bu şərait gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar açır.

Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlərə də başlanıb. Qeyd edildi ki, bu mərkəzdə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili nəzərdə tutulur. 280 yerlik böyük akt zalı istifadəyə verilib ki, burada da rayonla bağlı bir çox tədbirlərin keçirilməsi üçün böyük imkanlar var. Bir sözlə, Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi üçün burada hər cür şərait yaradılıb.

Sonra dövlətimizin başçısı Abşeron rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Prezident İlham ƏLİYEV çıxış edərək dedi:

- İlk növbədə, sizi qarşıdan gələn Qurban bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə, Abşeron rayonunun bütün sakinlərinə, bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram. Bu gözəl bayram ərəfəsində bu gün bu möhtəşəm mərkəzi biz birlikdə açırıq. Heydər Əliyev Mərkəzi doğrudan da, həm xarici görünüşü, həm də daxili dizaynı baxımından zövq oxşayır. Gözəl binadır, burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videomateriallar, fotoşəkillər, interaktiv lövhələr var. Müasir səviyyədə tikilmiş çox gözəl bir mərkəzdir. Mərkəzin yerləşdiyi meydan da abadlaşıb, gözəlləşib.

Mən əvvəllər də burada olmağımı xatırlayıram və görürəm ki, Abşeron rayonunda, Xırdalan şəhərində çoxlu işlər görülüb. Xırdalana şəhər statusu veriləndən sonra burada inkişaf daha da sürətli olmuşdur. İndi Xırdalan gözəl, abad şəhərdir və burada binalar tikilir, bərpa edilir, eyni zamanda, yollar salınır, sosial obyektlər inşa olunur, artıq Bayraq Meydanı yaradılıbdır. Bir sözlə, son illərdə Xırdalanın inkişafı çox sürətli olmuşdurrayonda çox böyük işlər görülmüşdür. Yollar çəkilir, məktəblər, xəstəxanalar tikilir. Bir daha demək istəyirəm ki, bütün bunlar məni çox sevindirir. Çünki bizim əsas inkişaf istiqamətimiz sosial sahənin inkişafı ilə bağlıdır.

Bütün bölgələrdə, rayonlarda quruculuq işləri aparılır, şəhərlər abadlaşır və insanların yaşayış səviyyəsi yaxşılaşır. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, beynəlxalq mövqelərimiz daha da möhkəm olsun, insanlar daha da yaxşı yaşasınlar.

Bizim uğurlu inkişafımızın təməlini məhz ulu öndər Heydər Əliyev qoymuşdur. 1993-cü ildən bu günə qədər biz ancaq inkişaf yolu ilə gedirik. Ona görə Ulu Öndərin xatirəsini bu əziz bayram ərəfəsində biz böyük ehtiramla yad edirik. Biz Abşeron rayonunun timsalında Azərbaycanda aparılan iqtisadi, sosial islahatları görürük. Ümumiyyətlə, ölkəmizin sürətli inkişafı hər bir yerdə özünü göstərir. Əminəm ki, gələcək illərdə də Abşeron rayonunun inkişafı sürətlə gedəcək, burada bütün məsələlər öz həllini tapacaq, sosial problemlər bundan sonra da həll olunacaq.

Abşeron rayonu artıq böyük rayondur, 400 minə yaxın əhalisi var. Xırdalan şəhəri də böyük şəhərdir, 150 min əhalisi var. Əlbəttə ki, şəhərin gələcək inkişafı da diqqət mərkəzində olmalıdır. Çünki Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır, əhali artır, şəhərlər böyüyür. Şəhərlərin gələcək inkişafı ilə bağlı xüsusi plan tərtib edilməlidir ki, şəhərlər bundan sonra hansı istiqamətdə inkişaf etsin.

Əlbəttə ki, bizim bütün uğurlarımızın təməlində düşünülmüş siyasətimiz dayanır. İki həftə bundan əvvəl biz “Əsrin kontraktı”nın 20-ci ildönümünü qeyd etmişik. Əgər o vaxt “Əsrin kontraktı” imzalanmasaydı, bu gün bu uğurlardan söhbət açmaq mümkün olmazdı. Neft-qaz sektorumuzun inkişafı, gəlirlərin düzgün bölüşdürülməsi bizi bu vəziyyətə gətirib çıxarıbdır. Mötəbər beynəlxalq təşkilatların hesablamalarında Azərbaycanda bu sahədə görülən işlər yüksək qiymətləndirilir.

Dünən Bakıda IV Beynəlxalq Humanitar Forumu öz işinə başlamışdır. Forumda iştirak edən qonaqlar, beynəlxalq təşkilatların nümayəndələri, dövlət xadimləri Azərbaycanda gedən inkişafı yüksək qiymətləndirmişlər. Onlar öz çıxışlarında Azərbaycanda sosial sahədə, xüsusilə yoxsulluğun azaldılmasında görülən işlərə yüksək qiymət vermiş və Azərbaycanı nümunə kimi göstərmişlər. Həqiqətən bu, belədir. Çünki son 10 il ərzində iqtisadi inkişaf templərinə görə bizim ölkəmiz qədər inkişaf edən ölkə olmamışdır. Bütün bunlar xalqın rifahı üçün edilir.

Ölkəmizin həm beynəlxalq mövqeləri möhkəmlənir, həm sosial sahədə böyük işlər görülür. Dünən işə başlamış Forum artıq dünya miqyasında nadir bir müzakirə meydanına çevrilibdir. Bunu biz etmişik. Çünki bu gün Azərbaycan bu bölgənin həm iqtisadi, həm mədəni mərkəzidir və bütün bunları biz özümüz yaratmışıq. Bütün bunlar Azərbaycan xalqının zəhməti hesabına yaradılıb. Biz bunu qiymətləndiririk və gələcəyimiz də çox uğurlu olacaqdır. Çünki hazırda icra edilən infrastruktur layihələri, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası bizə əlavə imkanlar yaradacaq ki, - bu proqram 2018-ci ilədək başa çatacaq, - o vaxta qədər Azərbaycanda bir dənə də olsun icra edilməmiş infrastruktur layihəsi qalmasın.

O ki qaldı Abşeron rayonuna, burada işlər, qeyd etdiyim kimi, sürətlə gedir – həm sosial sahədə, eyni zamanda, abadlıqla bağlı böyük işlər görülür. Xırdalan şəhərinin siması tamamilə dəyişmişdir, indi gözəl, müasir şəhərdir və belə də olmalıdır. Çünki bizim bütün şəhərlərimiz gözəl olmalıdır. Azərbaycan xalqı buna layiqdir, bizöz işimizlə çalışırıq ki, hər sahədə daha da yaxşı nəticələr olsun.

Bu gün bir neçə obyektin açılışı gözlənilir. Onlar da çox önəmlidir. Xırdalan üçün yeni imkanlar açılır və əminəm ki, həm Abşeron rayonunun, həm də ümumiyyətlə, ölkəmizin sürətli inkişafı bundan da güclü olmalıdır və olacaq.

Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın əldə etdiyi uğurlar bu gün ən mötəbər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir və bizim təcrübəmiz indi başqa ölkələrdə də öyrənilir. Bunu biz etmişik, biz yaratmışıq.

Bu gün mənim Abşeron rayonuna səfərimin məqsədi həm sizlərlə görüşmək, həm də yeni obyektlərin açılışında iştirak etməkdir. Biz möhtəşəm mərkəzin açılışını qeyd edirik. Əlbəttə, gələcək inkişafla bağlı əlavə tədbirlər görüləcək. Bu məqsədlər üçün həm rayon səviyyəsində xərclərdən, həm də dövlət büdcəsinin xərclərindən istifadə olunacaq.

Bir sözlə, biz çox sürətli temp götürmüşük və çalışacağıq ki, gələcək illərdə də bu tempi saxlayaq. Çünki hələ görüləsi işlər çoxdur. Sizi, Abşeron rayonunun bütün sakinlərini bir daha qarşıdan gələn gözəl Qurban bayramı münasibətilə təbrik edirəm. Sağ olun.

X X X

Saray qəsəbəsindəki 3 nömrəli orta məktəbin direktoru, əməkdar müəllim Təyyibə HÜSEYNOVA çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

İcazə verin, bu xoş gündə, bu əziz gündə Sizi Abşeron rayonunun bütün ictimaiyyəti adından ürəkdən salamlayım, Sizin Qurban bayramınızı təbrik edim. Qurban bayramı xalqımızın ən müqəddəs bayramlarındandır. Bu bayram bizim bərabərliyimizin, xeyirxahlığımızın simvoludur. O dövrün çətinliklərinə baxmayaraq, ümummilli liderimiz Heydər Əliyev bizim bütün milli mənəvi dəyərlərimizi, bütün milli bayramlarımızı qorudu, saxladı. Hətta milli bayramlarımızın dövlət səviyyəsində qeyd olunmasını təmin etdi. Azərbaycan xalqının əsrlərdən bəri ürəyində olan arzularını həmişəki kimi yerinə yetirdi.

Möhtərəm cənab Prezident. Çox gözəl bir gündə, çox gözəl bir ovqatda biz Sizinlə birlikdə möhtəşəm bir mərkəzin və gözəl parkın açılışına toplaşmışıq. Bu park, bu gözəl, möhtəşəm mərkəz gənclərimizin üz tutduğu, toplaşdığı bir məkana çevriləcək. Gənclərimiz burada yaradılmış bu gözəl şəraitdən istifadə edərək öz maraqlarına uyğun məşğuliyyətlərini tapacaqlar. Burada onlar ümummilli liderimiz, dahi azərbaycanlı, böyük insan Heydər Əliyevin yaratdığı o şanlı, şərəfli Azərbaycan tarixinin səhifələrini vərəqləyəcək, Vətəni, xalqı, ailəni sevməyin əsl nümunəsi olan Ulu Öndərimizin həyat və fəaliyyətini öyrənəcəklər.

Möhtərəm cənab Prezident. Bugünkü Azərbaycan Ümummilli Liderimizin arzu etdiyi Azərbaycandır. Bu gün uzaqgörən, yaradıcı, qurucu Prezidentimiz İlham Əliyevin sayəsində Azərbaycanın adı dünya kürsülərindən çox ucadan səslənir. Dünya Azərbaycanla hesablaşır. Bu gün Azərbaycan dünyanın o nadir ölkələrindəndir ki, özü öz gələcəyini müəyyən edir və müstəqil siyasət yeridir. Mən dünən Sizin Forumdakı nitqinizə qulaq asarkən aforizmə çevrilmiş bir sözünüzü çox sevdim. Siz söylədiniz ki, Azərbaycan həm Avropa ailəsinin, həm də müsəlman ailəsinin üzvüdür. Bunu Siz etdiniz. Bunu Siz dünyaya sübut etdiniz ki, bu standart mümkündür. Buna görə Sizə ürəkdən təşəkkür edirəm, möhtərəm Prezident.

Biz hamımız gözəl bilirik ki, Azərbaycan sürətlə inkişaf edir. Bu inkişafın ən gözəl nümunələrindən biri də Xırdalan şəhəridir. Sizin dövlət rəhbəri kimi Xırdalana ilk gəlişiniz 2006-cı ildə olmuşdu. Onda Xırdalan qəsəbə idi və mən deyərdim ki, yaddan çıxmış, unudulmuş qəsəbə idi. Siz həmin gəlişinizlə bugünkü Xırdalanın tərəqqisinin əsasını qoydunuz. Siz Xırdalana şəhər statusu verdiniz. Bu gün Xırdalan şəhəri göz qabağındadır, inkişaf edir, çiçəklənir, gözəlləşir. Bu gün nəinki Xırdalan şəhəri, Abşeronun elə bir kəndi, elə bir qəsəbəsi yoxdur ki, orada abadlıq-quruculuq işləri görülməsin. Bu gün rayonumuzda yeni-yeni məktəblərin, uşaq bağçalarının, səhiyyə ocaqlarının, sosial və mədəni obyektlərin tikilib xalqın istifadəsinə verilməsi bir ənənə halı alıb. Buna görə abşeronlular Sizə ürəkdən təşəkkür edirlər. Abşeronlular Sizi çox sevirlər, möhtərəm Prezident. Abşerona tez-tez gəlin. Sizin hər gəlişinizə biz öz fədakar əməyimizlə cavab verəcəyik.

Möhtərəm cənab Prezident. Biz hamımız gözəl bilirik ki, Azərbaycanın gələcəyi bundan da işıqlı, bundan da gözəl olacaqdır. Çünki Azərbaycanın inkişaf sükanı əmin əllərdədir. Çünki Azərbaycanın inkişaf sükanı Sizin əlinizdədir. Sizin yolunuz isə haqq, həqiqət yoludur. Qoy, bu həqiqət yolunuz həmişə açıq olsun. Qoy, bu həqiqət yolu Siz başda olmaqla bütün xalqımızı haqqa, ədalətə, sülhə, firavanlığa qovuşdursun.

Hörmətli cənab Prezident. Uca tanrıdan ən böyük arzumuz odur ki, Sizi və ailənizi hifz edib qorusun. Mən müqəddəs Qurban bayramı münasibətilə bir daha Sizi və ailənizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı, yorulmaz fəaliyyət və müvəffəqiyyət dolu bir ömür arzu edirəm. Çox sağ olun!

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

AzərTAc

Azərbaycan.-2014.-4 oktyabr.-S.1-2.