Prezident İlham Əliyev Xırdalanda musiqi

məktəbinin açılışında iştirak edib

 

Prezident İlham Əliyevin Abşeron rayonuna səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Xırdalan şəhərində musiqi məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev musiqi məktəbi ilə tanış oldu.

Son illərdə ölkədə mədəniyyətin inkişafına göstərilən diqqət və qayğı artıq öz bəhrəsini verməkdədir. Bu da ondan irəli gəlir ki, mədəniyyətin inkişafına göstərilən qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Həm Prezident İlham Əliyev, həm də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu məsələyə xüsusi diqqət və qayğı göstərirlər. Ölkəmizdə mədəniyyət xadimlərinə diqqət getdikcə artır, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Bundan əlavə, zəngin Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği ilə bağlı layihələr icra olunur və bu prosesin önündə Heydər Əliyev Fondu gedir. Son illərdə paytaxtla yanaşı, bölgələrdə yaradılan mədəniyyət ocaqları da bu sırada xüsusi yer tutur.

Yüksək zövqlə və xüsusi memarlıq üslubunda inşa edilən məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə mədəniyyətin inkişafı istiqamətində xidmətlərinin əks olunduğu fotolar nümayiş etdirilir. Geniş sinif otaqlarının yaradıldığı məktəbdə şagirdlərin musiqi biliklərinə yiyələnmələri üçün hər cür şərait var. Bütün siniflər musiqi alətləri ilə təchiz olunub. Müəllimlər üçün də yüksək iş şəraiti yaradılıb. Kitabxana zəruri musiqi ədəbiyyatı ilə təchiz olunub. 82 nəfərlik akt zalında müxtəlif tədbirlərin, konsert proqramlarının keçirilməsi üçün bütün imkanlar var. Bir sözlə, son illərdə ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən irimiqyaslı işlərin tərkib hissəsi olan bu musiqi məktəbi gənclərdə musiqi zövqünün formalaşmasında xüsusi rol oynayacaq.

 

AzərTAc

Azərbaycan.-2014.-4 oktyabr.-S.2.