Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva Yasamal rayonunda
yeni inşa edilən körpələr
evi-uşaq bağçasının
açılışında iştirak edib
Oktyabrın
3-də Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun
vitse-prezidenti Leyla Əliyeva paytaxtın Yasamal rayonunda yeni
inşa edilən körpələr evi-uşaq
bağçasının açılış mərasimində
iştirak ediblər.
Azərbaycan dövlətinin siyasəti ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olan bugünkü uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəlib və bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da uşaqlarımızın gələcəyinə yönələn müxtəlif layihələr reallaşdırır. Son illərdə Fondun təşəbbüsü ilə paytaxtın bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra tədbirlər görülüb. Bu ilin fevral ayında Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub və bu müəssisələrdə mövcud vəziyyət müzakirə edilib. Təqdimat zamanı Fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıqlanıb. İlkin mərhələdə bu monitorinqin paytaxtı əhatə etdiyi, gələcəkdə onun bütün ölkədə aparılacağı bildirilib, yeni bağçaların inşasına ehtiyacın olduğu müəyyənləşib. Qeyd olunub ki, Fond tərəfindən icra olunan digər layihələr kimi, məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı da uğurla həyata keçiriləcək. Yasamal rayonunda inşa edilən körpələr evi-uşaq bağçası da bu istiqamətdə atılan addımlardan biridir.
Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev birinci xanım Mehriban Əliyevaya körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, bu məktəbəqədər təhsil müəssisəsində tikinti işlərinə cari il mayın sonlarında başlanılıb. Nəticədə bağçada uşaqlar üçün hər cür şərait yaradılıb.
Diqqətə çatdırıldı ki, üçmərtəbəli körpələr
evi-uşaq bağçası 100 yerlikdir. Burada
balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Təhlükəsizlik məqsədilə
16 müşahidə kamerası qurulub. Bu kameralar həm həyəti,
həm də bağçanın bütün
otaqlarını nəzarətdə saxlamağa
imkan verir. Bağça azyaşlı sakinlərin
zövqünə uyğun qurulub,
onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin
etmək üçün əlvan rəngli
inventarla təchiz edilib.
Burada müxtəlif yaş
qrupları üçün məşğələ
və yataq otaqları, rəsm, idman və musiqi
zalları, yeməkxana yaradılıb. Məktəbəqədər
təhsil ocağının bütün dəhliz
və otaqlarının divarlarında uşaqların böyük marağına səbəb olan nağıl qəhrəmanlarının
obrazları həkk edilib. Bir
sözlə, körpələr evi-uşaq
bağçasında balacaların təlim-tərbiyəsi ilə
məşğul olmaq, həmçinin onlarda bacarıq və istedadları aşkarlamaq üçün
hərtərəfli şərait yaradılıb.
Uşaqların maraqları nəzərə alınaraq
bağçanın həyətində xüsusi
istirahət guşələri yaradılıb.
Azərbaycan.-2014.-4 oktyabr.-S.4.