“İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda

 “dəyirmi masa” da aktual məsələlər müzakirə olunub

 

IV Bakı Beynəlxalq Humanitar Forumu

 

Oktyabrın 3-də IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda “dəyirmi masa” öz işinə başlayıb.

Tədbiri açan Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Forumun əhəmiyyətindən danışıb. Bildirib ki, 23 il bundan əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan bu gün sürətlə inkişaf edir. Avropa məkanına inteqrasiya, demokratik dəyərlərin inkişafı, tolerantlıq müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Ümummilli lider Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin nüfuzu beynəlxalq aləmdə durmadan artır. Dünyanın bir sıra nüfuzlu təşkilatlarının bərabərhüquqlu üzvü olan Azərbaycanın dinamik inkişafı, bəşəri dəyərlərə sadiqliyi, beynəlxalq aləmdə ölkəmizə marağı gündən-günə artırır. Artıq Azərbaycan qlobal layihələrdə iştirakına və siyasi gedişlərinə görə çağdaş dünyanın önəmli üzvünə çevrilib.

Rektor qeyd edib ki, bu gün Azərbaycan və onun paytaxtı Bakı dünyada humanitar mərkəz, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır. Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm amillərdir. 2015-ci ildə Azərbaycanda birinci Avropa Oyunları keçiriləcək. Hesab edirik ki, Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə Azərbaycan öz inkişaf səviyyəsini, yüksək potensialını bütün dünyaya bir daha təqdim edəcək.

“XXI əsr: ümidlər, çağırışlar” devizi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun Rusiya və Azərbaycan Prezidentlərinin təşəbbüsü ilə 2011-ci ildə təsis olunduğunu bildirən rektor, bu forumlarda tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrinin iştirak etdiyini diqqətə çatdırıb.

A.Məhərrəmov deyib ki, texnoloji inkişafın mədəni və tarixi ölçüləri yoxduro, cəmiyyət qarşısında yeni çağırışlar müəyyən edir. Biz bu çağırışlara cavab vermək, dəyişikliklərə uyğunlaşmaq üçün bir-birimizlə daha yaxın və mehriban münasibətlər qurmalıyıq. Biz çıxış yolunu birgə fəaliyyətdə görürük. Biz çalışmalıyıq ki, qarşılıqlı anlaşma meylləri güclənsin, dini, milli zəmində qarşıdurmalara yol verilməsin. Müsbət meylləri gücləndirmək üçün beynəlxalq əməkdaşlığa böyük ehtiyac vardır.Azərbaycanın əlverişli coğrafi mövqeyindən və çoxmədəniyyətlilik ənənələrindən yararlanaraq beynəlxalq təqvimdə artıq öz yerini tutmuş Bakı Beynəlxalq Humanitar Forumu dünyada ən mühüm dialoq mərkəzlərindən birinə çevrilib. Əminəm ki, beynəlxalq mədəniyyət tarixində möhtəşəm hadisə hesab edilən bu Forumda faydalı müzakirələr aparacaq, təcrübələrimizi bölüşəcək, birgə çıxış yolları arayacağıq.

Qeyd edək ki, Forumun Bakı Dövlət Universiteti tərəfindən təşkil edilən “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolumövzusunda keçirilən “dəyirmi masa”sında 14 ölkədən 20 nümayəndə, o cümlədən Bakı Dövlət Universitetindən 50 nəfər iştirak edir. Qonaqlar arasında Nobel mükafatı laureatları, universitet rektorları, prorektorlar, akademiya prezidentləri, institut direktorları, akademiklər, professorlar, dosentlər, nazirlər, agentlik sədrləri, şirkət rəhbərləri, media nümayəndələri var. “Dəyirmi masa” “Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji problemləri”, “Fənlərarası inteqrasiyafundamental və təbiət elmləri sahəsində innovasiyalar”, “Fənlərarası inteqrasiya humanitarsosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi kimi” bölmələrindən ibarətdir.

“Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji problemləri” adlanan I bölmənin moderatoru Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, həmmoderatorlar isə Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, professor Eden MamutRio de Janeyro Universitetinin rektoru, professor Levi Karlos Antoniodur.

Sonra kimya üzrə Nobel mükafatı laureatı, Vaysman İnstitunun professoru, Kimmelman adına Biomolekulyar Quruluşların Tədqiqi Mərkəzinin direktoru Ada Yonat “Bəşəriyyətin davamlı inkişafını müdafiə edərək biz gələcəyə doğru necə hərəkət edirikmövzusunda çıxış etdi. İnsan orqanizmi üçün vacib olan proteinlərdən, antibiotiklərin xarakterindən məlumat verdi. İnsanın uzunömürlülüyü barədə danışan alim müasir tibb elminin inkişafı nəticəsində bir çox xəstəliklərlə mübarizədə uğurların qazanıldığını qeyd etdi. O, həmçinin genetik kodun müəyyən vaxt daxilində dəyişməsi istiqamətində ciddi araşdırmaların aparıldığını vurğuladı.

“Dəyirmi masadavam edir.

 

Azərbaycan.-2014.-4 oktyabr.-S.6.