Abşeron rayonunun sosial-iqtisadi inkişafının

 sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Abşeron rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, sənaye məhsulunun həcmi 23,5 dəfə, əsas kapitala yönəldilmiş vəsait 24,9 dəfə, o cümlədən tikinti quraşdırma işləri 19,8 dəfə artmış, bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmiş, musiqi, şahmat məktəbləri, əlil və şəhid ailələri üçün ümumilikdə 105 mənzilli 2 yaşayış binası inşa edilmiş, Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil və digər sosialyönümlü obyektlər tikilmiş, sənaye və emal müəssisələri açılmış, yeni yollar çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Xırdalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Abşeron rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 3 oktyabr 2014-cü il

Azərbaycan.-2014.-oktyabr.-S.1.