Forumun “Multikulturalizmin
müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru”
mövzusunda “dəyirmi masa”sı
maraqlı müzakirələrlə yadda
qalıb
Oktyabrın
3-də IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində
“Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən
humanist təcrübəyə doğru” mövzusunda “dəyirmi
masa” keçirilib.
AzərTAc xəbər verir ki, “dəyirmi masa”da müzakirələr “A” və “B” bölmələrində aparılıb.
“Nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda keçirilən “A” bölməsində müzakirələr “Multikulturalizm fəlsəfəsi və müxtəlif ölkələrdə müqayisəli tədqiqatların spesifikası”, “Milli kimlik konsepsiyalarının siyasi-hüquqi aspektləri və liberalizmlə kommunitarizmin sintezi şəraitində mədəni müxtəliflik təcrübəsi” və “Multikulturalizm müxtəlif mədəni təcrübələrin tolerant birgəyaşayışı siyasəti kimi” adlı üç paneldə aparılıb.
“Sivilizasiyalararası dialoq: “Nubelunqlar haqqında nəğmə” və “Kitabi-Dədə Qorqud” eposlarının müqayisəli təhlili” mövzusunda keçirilən “B” bölməsində isə “Plüralist mədəni paradiqma humanist multikulturalizmin mahiyyəti kimi”, “Böyük ədəbi və mədəni abidələrin müqayisəli tədqiqi tətbiqi multikulturalizmin formalaşmasının əsası kimi” və “Sivilizasiyaların qovuşuğunda müqayisəli kulturoloji tədqiqatların ümumi və xüsusi cəhətləri” mövzularında keçirilən panellərdə maraqlı müzakirələr aparılıb.
“A” və “B” bölmələrinin iclasını açan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, AMEA-nın həqiqi üzvü Kamal Abdullayev ölkəmizin tarixən multikulturalizmin vətəni olduğunu diqqətə çatdıraraq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində Azərbaycanın dünyada multikulturalizmin mərkəzinə çevrildiyini bildirib. O, Prezident İlham Əliyevin 2014-cü il 14 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin təsis edilməsini, dövlətimizin başçısının 2014-cü il 15 may tarixli Fərmanı ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını ölkəmizin bu siyasətə sadiqliyini, ona böyük əhəmiyyət verməsini göstərən mühüm faktlar olduğunu bildirib. Kamal Abdullayev Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun respublikamızda və ondan hüdudlarından kənarda həyata keçirdiyi beynəlxalq fəaliyyəti ilə ölkəmizin multikulturalizmin üstünlüklərini dünyada əyani şəkildə nümayiş etdirdiyini diqqətə çatdırıb.
Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlers multikulturalizmin insanlar tərəfindən qavranılan dəyərlərdən ibarət bir sistem olduğunu vurğulayaraq müxtəlif ölkələrdə mədəniyyətlərin səviyyəsini müəyyənləşdirmək üçün identikliyin mühüm rol oynadığını bildirib. Sabiq prezident multikulturalizmin yaradılmasında ailənin, təhsilin, tolerantlığın rolunu yüksək qiymətləndirib.
Sonra Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov və İtaliyanın Florensiya Universitetinin professoru Franko Kardini çıxışlarında xalqların mədəni köklərinin, multikultural dəyərlərin qədim ədəbi-tarixi mənbələrdə axtarmaq cəhdinə diqqət yetirilməsinin vacibliyini bildiriblər.
“A” bölməsinin Rusiya Dövlət Humanitar Universitetinin rektoru, professor Yefim Pivovarın moderatorluğu ilə keçirilən birinci panelində Avstriya şahzadəsi, rəssam və dizayner Letiziya Françeska Reuss, İtaliyanın “İl Nodo Di Qordio” beyin mərkəzinin prezidenti Daniele Lazzeri, ABŞ-ın Los-Anceles şəhərinin sabiq meri, Kaliforniya Ştatı Məclisinin sabiq spikeri Antonio Ramon, İtaliyanın Link Kampus Universitetinin professoru Alessandro Fiqus, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Tacikistanın sabiq xarici işlər naziri, səfir Xamroxon Zarifi, Rusiyanın Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər İnstitutunun Avropa tədqiqatları kafedrasının müdiri, professor Aleksandr Nesterov, İtaliyanın “Vox Populi” beyin mərkəzinin prezidenti Ermano Vizintayner, “İl Nodo Di Qordio” beyin mərkəzinin əməkdaşı Paulo Zammatteo, Xorvatiyanın sabiq mədəniyyət naziri, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Yasen Mesiç müqayisəli tədqiqatların nəticələrinin bölüşdürülməsi baxımından Forumun ciddi bir platforma olduğunu bildiriblər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun moderatorluğu ilə keçən ikinci paneldə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun professoru Zümrüd Quluzadə, bu institutun siyasətşünaslıq və siyasi sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadə, Rusiyanın A.S.Puşkin adına Rus Dili İnstitutunun rektor əvəzi Marqarita Rusetskaya, Orenburq Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı Venaliy Amelin, Mərmərə Qrupu Strateji Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver, AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Milli Məclisin insan hüquqları komitəsinin üzvü Aytən Mustafayeva, Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndə, səfir Yusif Al Hassan çıxış edərək multikulturalizm cəmiyyətlərində tolerantlığın diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini bildirib, Azərbaycanın təcrübəsinin bu baxımdan örnək olduğunu diqqətə çatdırıblar.
Bölmənin AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Milli Məclisin insan hüquqları komitəsinin üzvü Aytən Mustafayevanın moderatorluğu ilə keçən üçüncü iclasında ABŞ-ın Arizona Dillər Universitetinin professoru Terrens Uayli, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov, Hindistanın İndira Qandi Milli İncəsənət Mərkəzinin baş elmi işçisi Kişor Kumar Tripati, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun sosiologiya və sosial psixologiya şöbəsinin müdiri, professor Rəfiqə Əzimova, Almaniyanın Ailə və Məsləhət Mərkəzinin həkim-terapevti, psixoloq, psixoterapevt Qalina Haynzelman, İtaliyanın Peruca Universitetinin professoru Lorenzo Mediçi, Rusiyalı alim, fəlsəfə elmləri doktoru Valentina Fedotova, Avstriyadan olan iştirakçı Kamilla Habsburq-Lothringen mövzu ətrafında məruzələrlə çıxışlar ediblər.
“Dəyirmi masa”nın “B” bölməsinin birinci panelinə Vürsburq Universitetinin professoru xanım Ziqlinde Hartman və Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Bakı Slavyan Universitetinin (BSU) ingilis filologiyası kafedrasının müdiri Sevinc Fətəliyeva moderatorluq ediblər.
Paneldə çıxış edən millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Humanitar Forum çərçivəsində “Nibelunqlar haqqında nəğmə” və “Kitabi-Dədə Qorqud” eposları haqqında fikir mübadiləsinin aparılmasının təsadüfi olmadığını vurğulayıb. Akademik Kamal Abdullayev hər iki ədəbi abidənin müqayisəli tədqiqi haqqında danışmaq üçün Forumda yaxşı imkan olduğunu bildirib. Akademik Azərbaycan tədqiqatçılarının elmi fəaliyyətini “Nibelunqlar haqqında nəğmə” dastanına, alman tədqiqatçıların isə “Kitabi-Dədə Qorqud” eposuna yönəlmələrini əsl multikulturalizm anlayışı olduğunu qeyd edib.
Paneldə daha sonra Lids Universitetinin professoru, Orta Əsr Tədqiqatları İnstitutunun Beynəlxalq Orta Əsrlər Konqresinin direktoru Aksel Müller, Moskva Dövlət Linqvistika Universitetinin ədəbiyyat kafedrasının müdiri, professor Aleksandr Bondarev, BSU-nun kafedra müdiri Sevinc Fətəliyeva, Berkli Kaliforniya Universiteti kitabxanasının Slavyan, Şərqi Avropa və Avstriya tədqiqatları şöbəsinin əməkdaşı Liladhar Pendse plüralist mədəni paradiqmaların multikulturalizmin əsas elementlərindən olduğunu diqqətə çatdırıblar.
Bölmənin ikinci panelinə İohan Qutenberq adına Mainz Universitetinin şərqşünaslıq seminarının rəhbəri, professor Hendrik Bushoten və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev moderatorluq ediblər.
Paneldə professor Hendrik Bushoten, akademik Tofiq Hacıyev, Mərmərə Universitetinin dosenti İclal Cankorel, Bonn Universitetinin ingilis, Amerika və kelt tədqiqatları kafedrasının professoru Karl Rayxl, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Aydın Talıbzadə, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun professoru Rəhman Bədəlov, BSU-nun alman filologiyası kafedrasının müdiri, dosent Sevinc Rzayeva ədəbi və mədəni abidələrin müqayisəli tədqiqinin multikulturalizmin formalaşmasına təsirindən danışıblar.
“B” bölməsinin üçüncü panelində moderatorluğu Bonn Universitetinin ingilis, Amerika və kelt tədqiqatları kafedrasının professoru Karl Rayxl, AMEA-nın Folklor İnstitutunun direktoru, müxbir üzv Muxtar İmanov ediblər.
Paneldə çıxış edən Pikardiya Universitetinin Orta Əsrlərin Fənlərarası Tədqiqatları Mərkəzinin rəhbəri, professor Daniel Buşinqer, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov, Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman, BSU-nun rektoru, professor Asif Hacıyev, bu ali məktəbin professorları Rəhilə Quliyeva və Rəhilə Qeybullayeva, Auqsburq Universitetinin filologiya və tarix fakültəsinin professoru Klaus Volf, Osaka Universitetinin dosenti Takayuki Yokota Murakami, Humboldt adına Berlin Universitetin kafedra müdiri, professor Hans-Yürgen Şuer çıxış ediblər.
“Dəyirmi masa”da IV Bakı Beynəlxalq Humanitar
Forumunun Bəyannaməsi səsə qoyularaq qəbul edilib.
Azərbaycan.-2014.-4 oktyabr.-S.5.