Forumun “Qloballaşmanın
çağırışları:
ənənə və transformasiya
arasında”
mövzusunda “dəyirmi masa”sında
27 məruzə dinlənilib
Oktyabrın
3-də AMEA-nın Mərkəzi Kitabxana-İnformasiya
Resursları Mərkəzində IV Bakı Beynəlxalq
Humanitar Forumu çərçivəsində “Qloballaşmanın
çağırışları: ənənə və
transformasiya arasında” mövzusunda “dəyirmi masa”
keçirilib.
AzərTAc
xəbər verir ki, “dəyirmi masa”da ABŞ, İtaliya, Rusiya,
Özbəkistan, Türkiyə, Misir, Malta, Koreya
Respublikası, Serbiya, Macarıstan, Almaniya, Tacikistandan və
digər ölkələrdən gəlmiş alimlər, Nobel
mükafatı laureatları iştirak ediblər.
“Dəyirmi
masa”nın moderatoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli
Forumun əhəmiyyətini vurğulayaraq bildirib ki, bu möhtəşəm
tədbir Azərbaycanın dünya ilə dialoqudur. IV Bakı
Beynəlxalq Humanitar Forumu dünyanın müxtəlif ölkələrindən
olan alimlərin, ictimai-siyasi xadimlərin və
ziyalıların müzakirə aparmaları üçün
önəmli platformadır.
“Dəyirmi
masa”nın mövzusundan danışan AMEA-nın vitse-
prezidenti deyib ki, gələcəyi qurmaq üçün əməkdaşlığa,
dialoqa böyük ehtiyac vardır. Artıq dördüncü
ildir ki, keçirilən Bakı Forumu dünya miqyasında
mühüm əhəmiyyət kəsb edir. Forum
humanitariyanın ən aktual məsələləri üzrə
beynəlxalq müzakirə platformasına çevrilib. Bu forumların
işində dünyanın siyasi elitasının görkəmli
nümayəndələri, Nobel mükafatı laureatları,
beynəlxalq təşkilatların təmsilçiləri,
tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.
Diqqəti cəlb edən digər xüsusiyyət Forumun
yüksək səviyyədə təşkilidir.
Azərbaycan
xalqının milli mənəvi dəyərlərindən
söz açan akademik İsa Həbibbəyli ölkəmizin
son illər sürətli inkişaf tempindən, hər zaman
sülhü dəstəkləməsindən söz
açıb.
Akademik bildirib ki, qloballaşmanın çağırışları olduqca yenidir. Qloballaşma şəraitində, ənənəyə münasibətdə dayanıqlılıq, davamlılıq mühüm prinsiplərdəndir. Dayanıqlı olmayan, möhkəm milli kökə söykənməyən və ardıcıl olaraq davam edib, vətəndaşlıq hüququ qazana bilməyən ənənələr qloballaşma dövrünün tələblərinə cavab verə bilməzlər. Azərbaycanda həmişə, bütün əsirlər boyu mövcud olan dayanıqlı və möhkəm ənənələr olub.
Akademik deyib: “Fikirləşirəm ki, transformasiyalar, dəyişmələr bəşəri dəyərlərə, dünyəvi prinsiplərə uyğun olmaqla bərabər, həm də ölkə maraqlarına cavab verməlidir. Bu bölmənin əsas işi dünyadakı müxtəlif baxışları, müxtəlif yanaşmaları müzakirə edərək ortaq dəyərləri tapmaqdan ibarətdir. İnanıram ki, bu istiqamətdə müzakirələrimiz uğurlu olacaq və yaxşı nəticələr əldə edəcəyik”.
Azərbaycan xalqının milli mənəvi dəyərlərindən söz açan akademik İsa Həbibbəyli, Şərqə Qərbin qovşağında yerləşən ölkəmizin tarixi inkişaf mərhələlərindən, son illərdəki sürətli inkişaf tempindən, hər zaman sülhü dəstəkləməsindən danışıb.
Nobel mükafatçısı, ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun professoru Peter Artur Daymond bildirib ki, iqtisadi məsələlər ictimai inkişafın bünövrəsində durur və iqtisadi inkişafa nail olmadan humanitar sahədə hər hansı irəliləyiş mümkün deyildir. Həmçinin bu iki sahə arasında qarşılıqlı dialektik əlaqə vardır. Bu baxımdan “dəyirmi masa”da müzakirə ediləcək məsələlər böyük əhəmiyyət daşıyır.
Nobel mükafatçısı deyib: “IV Bakı Beynəlxalq Humanitar Forumunda qloballaşma zamanı ortaya çıxan bir sıra problemlər barədə danışılacaq. Qarşımızda duran əsas vəzifələrdən biri də bu problemlərin həlli istiqamətində çalışmaqdır. Düşünürəm ki, bu məsələ qloballaşmanın əsas çağırışlarından biridir və iqtisadiyyatın davamlı inkişafı naminə dövlətlər biznesin fəaliyyətinə daha çox diqqət göstərməlidir, münasib qanunvericilik olmalıdır”.
“Oriyentalizm və postoriyentalizm: elmi tədqiqatların yeni problematikası” mövzusunda keçirilən “dəyirmi masa”nın birinci bölməsində doqquz məruzə dinlənilib.
Tədbirin ilk çıxışçısı Alessandro Politi “Beynəlxalq siyasətdə təmayüllər və uzunmüddətli ssenarilər” mövzusundakı çıxışında müasir dünyada baş verən hadisələrdən, Şərqdəki münaqişə ocaqlarından, beynəlxalq güclərin sülh naminə göstərdiyi çağırışlardan söz açıb.
Günün birinci yarısında tanınmış alim və mütəxəssislər - İrina Popova “XXI əsrdə klassik şərqşünaslıq: problemlər və perspektivlər”, Bəxtiyar Babacanov “Sovet və postsovet oriyentalizminin akademik və ideoloji konnotasiyaları”, Mehmet Kalpaklı “Qloballaşmanın çağırışları: Türkiyə və türk mədəniyyəti ənənə və transformasiya arasında”, Şahin Mustafayev“Tarixi arxetiplər və kimlik arayışları”, Henri Frendo “Avropada, Şimali Afrikada və Orta Şərqdə sülh və azadlıq çağırışları”, Benedetto Della Vedova “Qloballaşma: yekcinslik yox, plüralizm kimi”, Mehdi Kazımov “Müasir mərhələdə nizamişünaslıq problemləri” və Fernando Orlandi“Azərbaycan: dil quruculuğu və milli identiklik” mövzusunda məruzələri ilə tarixi keçmişdən, bu günədək mövcud olan dəyərlərdən, müsbət mədəni inkişafdan, xalqlar arasında körpü rolunu oynayan dil amilindən, iqtisadiyyatın millətlərin həyat tərzindəki rolundan və digər məsələlərdən söz açıblar.
“Şərq-Qərb dialoqu: qloballaşma şəraitində Şərqin mənəvi-mədəni həyatının transformasiyaları və yeni paradiqmalar” mövzusuna həsr olunmuş digər işçi bölmədə italiyalı alim Alessandro Vitallenin “Qloballaşma, beynəlxalq parçalanma, birgəyaşayış və müharibə transformasiyası” mövzusundakı çıxışı maraqla qarşılanıb.
Bakıda olmasından məmnunluğunu ifadə edən alim bildirib ki, 20 ildə planetdə böyük dəyişikliklər baş verməkdədir. Bu gün baş verən münaqişələrə yönəldilən təzyiqlər heç də beynəlxalq hüquq müstəvisində yerinə yetirilmir. Bu olduqca xoşagəlməz haldır.
Alim, bu gün dünyadakı mövcud vəziyyəti təhlil edərək söyləyib ki, münaqişələr həllini tapmadıqca, daha böyük fəsadlar törədiləcək və insan tələfatının sayı durmadan artacaq ki, bu da yolverilməzdir.
Bölmə iclasında Karaya Respublikasından Hi Su Li, Azərbaycandan Teymur Kərimli, İmamverdi Həmidov, Serbiyadan Predraq Simiç və digərləri məruzələr ediblər.
Günün son bölmə iclası “Yeni sosiomədəni meyillər və postsovet məkanında identiklik axtarışları” mövzusunda həsr edilib.
Tədbirdə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva “Modernləşmə prosesində Şərq-Qərb sivilizasiyalararası dialoqunun rolu” mövzunda məruzəsində vurğulayıb ki, Azərbaycanda sivilizasiyalararası dialoq çox uğurlu şəkildə müzakirə olunur.
Professor bildirib ki, müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında kommunikasiyanın genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətlərində ümumi elementlərin artması ilə səciyyələnir.
Vurğulanıb ki, qloballaşan dünyada dinc yanaşı yaşamanın təmin edilməsinə yönəlmiş fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri də din və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun mövcudluğudur. Dialoq dinlərarası münasibətlərin düzgün məcrada cərəyan etməsinə və rəvan inkişafına zəmin yarada bilər.
Şərqşünaslıq İnstitutunun direktoru bildirib ki, Azərbaycan modernləşmə yolunda nailiyyətləri ilə Şərqin əksər ölkələrini geridə qoymuşdur.
Tədbirdə “Tarixi baxımdan türklər, xalqlar və kimlik”, “Sekulyar və dini mədəniyyətlərin dialoqu müasir dövrün çağırışlarının həllinin işlək mexanizmi kimi”, “Müasir oriyentalistikanın islam dünyasının tarixinə yeni baxışı” və digər mövzularda məruzələr dinlənilib.
Sonra çıxışlar ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıra suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “dəyirmi masa”ya yekun vuraraq burada dinlənilən məruzələri, səsləndirilən fikir və təklifləri yüksək qiymətləndirib və hər kəsə gələcək fəaliyyətində uğurlar arzulayıb.
“Dəyirmi masa”nın sonunda IV Baklı Beynəlxalq Forumun Bəyannaməsi qəbul olunub.
Azərbaycan.-2014.-4 oktyabr.-S.7.