Müəllim dünyanın ən yüksək
adıdır
5 oktyabr Beynəlxalq Müəllimlər
Günüdür
Hər bir cəmiyyətin aparıcı və ziyalı təbəqəsi sayılan, bütün həyatını gənc nəslin təhsilinə, maariflənməsinə həsr edən müəllimlər ənənəvi olaraq bu il də oktyabr ayının 5-də peşə bayramlarını - Beynəlxalq Müəllimlər Gününü qeyd edirlər. Bu tarixi gün bütövlükdə bəşər miqyasında müəllimlərin xoşməramlı və xeyirxah fəaliyyətinə verilən yüksək qiymətin, dərin və ülvi hörmətin ifadəsi kimi əlamətdardır. Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük ehtiramla çəkilmişdir. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq bu gün də hər bir azərbaycanlı cəmiyyətdəki mövqeyinə, qazandığı biliklərə, ümumən, bir şəxsiyyət kimi formalaşmasına görə özünü məhz xeyirxah müəllimlərinə borclu sayır. Hansı ölkədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, müəllimlər cəmiyyətin ən nüfuzlu, ən mötəbər insanlarıdır. Müəllimə qayğı cəmiyyətə, vətənə, onun bugününə və sabahına qayğı deməkdir.
1966-cı il oktyabrın 5-də UNESCO hər il Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərar verib. Bu təşkilat eyni zamanda müəllimlərin statusunun artırılmasını nəzərdə tutan tövsiyə xarakterli sənəd də qəbul edib. İndi dünyanın 100-dən çox ölkəsi müəllimlərin peşə bayramını yüksək səviyyədə keçirir. Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasında bu günün qeyd olunması ilə əlaqədar xüsusi sərəncam da imzalanıb.
Ümummilli liderin ölkəyə rəhbərliyinin bütün mərhələlərində müəllim adının ucalığını, nüfuz və hörmətini qorumuş, bunu başqalarından da israrla tələb etmişdir. "Mən müəllim adından yüksək ad tanımıram" - deyən ulu rəhbərin öz müəllimlərinə göstərdiyi hörmət, ehtiram alicənablıq nümunəsi kimi hamıya əvəzsiz örnək, xoş nümunə olmuşdur. Heydər Əliyev böyük müdrikliklə vurğulamışdır ki, savadlı, intellektual səviyyəli müəllimlər olmadan cəmiyyətin hərtərəfli inkişafını təmin etmək mümkün deyil. Ulu öndər yeganə nicat yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada bu sahənin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.
Bu gün ölkədə müəllim adının ucalığını təmin edən məqsədyönlü siyasət həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman müəllim əməyinə, zəhmətinə, onun maarifçilik fəaliyyətinə yüksək önəm verir, bu müqəddəs peşə sahiblərini cəmiyyətin ən dəyərli təbəqəsi adlandırır. Azərbaycanda təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, müəllim kadrlarının hazırlığı, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin mənimsənilməsi, habelə ümumtəhsil məktəblərində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi məsələləri dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Ölkə rəhbəri son 11 ildə imzaladığı mühüm fərman və sərəncamlarla, dövlət proqramları ilə Azərbaycan elminin və təhsilinin hamisi olduğunu praktik surətdə təsdiqləmişdir. Dövlət büdcəsində təhsilə ayrılan xərclərin ildən-ilə artırılması da hökumətin bu sahənin kefiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli fəaliyyət göstərdiyini təsdiqləyir. 2014-cü ilin dövlət büdcəsində təhsil xərcləri 1 milyard 653,4 milyon manat təşkil etmişdir. Bu da 2013-cü ilə nisbətən 123 milyon manat və ya 8 faiz çoxdur. Təhsilin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclər dövlət büdcəsinin tərkibində 8,2 faiz olmuşdur.
Hazırda ölkədə 4500-dən çox ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə çalışan müəllimlərin sayı 150 mindən çoxdur. Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 330 ümumtəhsil məktəbində 29870 müəllim 311695 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Statistika göstərir ki, Azərbaycanda əhalinin təhsil səviyyəsi ildən-ilə artır. Belə ki, 2013-cü il yanvarın 1-nə olan məlumata görə, ölkədə yaşı 15-dən yuxarı olan əhalinin hər 1000 nəfərindən 969-u ali, orta ixtisas və orta təhsilə malikdir.
2013-cü il dekabrın 14-də Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilmişdir. Burada "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan əsas strateji hədəflərə nail olunması yolları geniş müzakirə olunmuş və müvafiq qətnamə qəbul edilmişdir. Müəllimə, onun nüfuzunun artırılmasına xüsusi diqqət verilmişdir.
Dövlət Strategiyasının ikinci istiqaməti kimi nəzərdə tutulmuş yüksək nüfuzlu təhsilverənin formalaşdırılması təhsildə taleyüklü amildir. Çünki yetirdiyi insanların gələcəyində hər bir müəllimin şəxsiyyətindən, şagirdlərinə əxz etdirə bildiklərindən nələrsə qalır. Ona görə də hər bir müəllim öz peşəsində kamilliyə can atmalıdır. Təhsildə əsas fiqur odur. Öz işinin mahiyyətini dərk edən, ixtisasının gözəl bilicisi olan, tərbiyə və biliyi vəhdətdə götürərək bunu yetirmələrinə öyrədən müəllimlərsiz təhsildə irəliləyişə nail olmaq mümkün deyil. Bugünkü Azərbaycan məktəbinin fundamental bünövrəsi məhz fədakar xalq müəllimlərinin, bu yolda ömrünü şam kimi zərrə-zərrə əritmiş maarifçi şəxsiyyətlərimizin nəcib əməlləri üzərində qərar tutub. Təbii ki, fənnini şagirdinə öyrədə bilməyən, bunun səmərəli yollarını axtarmayan, daim öz üzərində işləyib hər gün tələbələri qarşısına yeni bir baza ilə çıxmayan müəllim nüfuz problemi ilə də üzləşəcək. Anbaan yeniləşən zamanın müəllimlərimiz qarşısında müəyyən etdiyi yeni vəzifələr var. O, yüksək ixtisaslı mütəxəssis yetişdirməklə yanaşı, millətini, xalqını, torpağını sevən, sədaqətli şəxsiyyət və vətəndaş tərbiyə etmək qayğısına da qalmalıdır. Ağlı, zəkası, mənəviyyatı, dünyagörüşü ilə cəmiyyətimizin tərəqqisinə xidmət edən müəllimlərimiz millətin mənəvi sərvətidir. Bu sərvətin qədrini bilmək, onu qorumaq hər bir vətəndaşın borcudur. Çünki inkişafın hansı mütərəqqi formasını təhsilimizə tətbiq etsək, uğura doğru addımlar yenə də müəllimlərdən başlanır. Onlar qloballaşma dövründə xüsusilə aktual olan təhsildə milli məzmun vəzifəsinin də əsas təminatçılarıdır. Təhsilin milliliyi anlayışı məktəblilərin zahiri görkəmindən tutmuş tədrisin, tərbiyənin, maddi-texniki bazanın milli dəyərlərimizə bağlılığı, müasir tələblərlə uzlaşması kimi çətin, lakin çox vacib, zəruri problemləri özündə əks etdirir.
Son illərdə ümumtəhsil məktəblərinin və müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində ölkə Prezidentinin sərəncamına əsasən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilmiş, 50 məktəb, 100 müəllim qalib hesab edilərək mükafatlandırılmışdır. Ümumilikdə 2008-2014-cü illərdə mükafatlandırılan müəllimlərin sayı 700-ə, məktəblərin sayı 350-yə çatmışdır. Ötən tədris ili ərzində təhsil işçilərinin əməyinin qiymətləndirilməsi yönümündə də sistemli iş aparılmış, ölkə rəhbərinin sərəncamlarına əsasən təhsilin inkişafında xüsusi xidmətlərinə görə 159 nəfər dövlət təltiflərinə layiq görülmüşdür. Onların 69 nəfərinə "Əməkdar müəllim" adı, 71 nəfərinə "Tərəqqi" medalı verilmişdir.
Ötən ayın 30-da Prezident İlham Əliyevin sərəncamları ilə təhsil işçilərinin bir qrupuna fəxri adlar verilmiş, bir qrupu "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar qayəsində məhz təhsilin səviyyəsinin yüksəldilməsi, müəllim adının və nüfuzunun qaldırılması məsələləri dayanır. "Hər bir millətin mədəni tərəqqisi məktəblə, məktəbin tərəqqisi isə müəllimlərlə bağlıdır". Bu fikir xalqımızın görkəmli maarifçilər nəslinin böyük nümayəndəsi Nəriman Nərimanova aiddir. Müəllim elə bir gərəkli və xeyirxah missiyanın daşıyıcısıdır ki, onun gördüyü işi heç kəs yerinə yetirə bilmir. Dövlət başçısı ölkənin gələcəyini məhz elmtutumlu sahələrin dinamik inkişafında, güclü insan kapitalının formalaşmasında görür. Ona görə də hər zaman müəllimin əməyini yüksək dəyərləndirir. Deyirlər ki, əsl müəllim özünü daim xalqa, vətənə borclu hiss edir, bilik və bacarığını, qəlbinin hərarətini sabahımız naminə ərməğan edir. Onun adı üca tutulmalı, həmişə qorunmalıdır.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2014.-4 oktyabr.-S.9.