Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclası keçirilib
Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclası keçirilib
Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açdı.
Prezident İlham
Əliyevin giriş nitqi
- Bu gün biz üçüncü rübün və ilin doqquz ayının sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Üçüncü rübdə ölkəmizin inamlı inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Ümumiyyətlə, ilin əvvəlindən bugünə qədər Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Yadımdadır, ilin əvvəlində keçən ilin yekunlarını müzakirə edərkən qeyd etmişdim ki, 2014-cü il də Azərbaycan üçün uğurlu il olacaqdır. Artıq doqquz ayın nəticələri onu göstərir ki, həqiqətən bu il də tarixdə uğurlu il kimi qalacaq. Bu da təbiidir, çünki son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmişdir.
Doqquz ayın iqtisadi göstəriciləri də çox müsbətdir. İqtisadiyyatımız inkişaf edir, artır. Xüsusilə qeyd etməliyəm ki, Avropada iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunur və bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artmışdır. Dünyada mövcud olan vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, bu, çox müsbət göstəricidir. Ən önəmlisi ondan ibarətdir ki, - bunu biz hər dəfə məmnuniyyətlə qeyd edirik, - qeyri-neft sektorumuz 6 faiz artmışdır. Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizim siyasətimizin nəticəsidir. Çünki bizim üçün əsas məsələ qeyri-neft sektorunun inkişafıdır.
Neft-qaz sektorunda işlər uğurla gedir. Mən bu barədə bir qədər sonra öz fikirlərimi bildirəcəyəm. Ancaq qeyri-neft sektorunun inkişafı bizim əsas məqsədimizdir.
Qeyri-neft sənayesi 6 faiz səviyyəsində artmışdır. Bu da çox müsbət göstəricidir. İnflyasiya çox aşağı səviyyədədir - cəmi 1,5 faiz. Əhalinin pul gəlirləri isə 5,4 faiz artmışdır. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və beləliklə bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir.
Əminəm ki, inflyasiya ilin sonuna qədər də aşağı səviyyədə olacaq. Çalışmalıyıq ki, gələn il də bu göstərici aşağı səviyyədə olsun. Bunu xüsusilə qeyd etməliyəm, çünki büdcəmiz artır və bu il də büdcə xərcləri kifayət qədər böyükdür. Maaşlar, pensiyalar qalxır, doqquz ayda da qalxmışdır. Buna baxmayaraq, inflyasiya aşağı səviyyədədir və bu da makroiqtisadi vəziyyətin sabit olmasını göstərir.
İnvestisiyalar böyük həcmdə qoyulur. İlin əvvəlindən 19 milyard dollar sərmayə qoyulmuşdur. Onlardan 11 milyardı daxili sərmayədir. Bu da son illərdə müşahidə olunan mənzərədir. İnvestisiyalar artır və daxili investisiyalar üstünlük təşkil edir. Düzdür, daxili investisiyaların böyük hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ də dövlət xətti ilə infrastruktur layihələrinə, o cümlədən sosial infrastruktur layihələrinin icrasına vəsait ayrılmalıdır. Ancaq Azərbaycana özəl sərmayə də qoyulur. Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır, yerli və xarici investorlar bizim ölkəmizə inanırlar, ölkəmizin gələcəyinə inanırlar. Buna görə Azərbaycana çox böyük həcmdə investisiyalar qoyulur.
Bu gün deyə bilərəm ki, dünyanın əksər ölkələrində xarici investisiyaları cəlb etmək üçün çox böyük işlər aparılır, rəqabət aparılır. Çünki hər bir ölkənin iqtisadi inkişafını investisiyalar müəyyən edir. Bu gün avrozonada müşahidə olunan vəziyyət onu göstərir, ekspertlər, alimlər qeyd edirlər ki, investisiyalar olmasa, bu böhrandan çıxmaq çətin olacaqdır.
Azərbaycanda isə bu sahədə vəziyyət
çox müsbətdir. Doqquz ayda 19 milyard dollar investisiya qoyulub. İlin sonuna
qədər bu rəqəm daha da artacaq və beləliklə,
bizim inkişafımız daha da sürətlə gedəcək.
İnvestisiyalar
müxtəlif sahələrə qoyulur: həm sənayenin, kənd
təsərrüfatının, turizm sektorunun
inkişafına, əlbəttə ki, neft-qaz sənayesinin
inkişafına. Bu da təbiidir. Çünki bizim iqtisadiyyatımız
çoxşaxəli iqtisadiyyatdır. Məhz
buna görə iqtisadi artımımız davam edir. Baxmayaraq ki, hazırda neftin qiyməti də kəskin
şəkildə aşağı düşür. Ancaq ölkəmiz qeyri-neft sektoru hesabına bundan
sonra da inkişaf edəcək və bu, bizim
inkişafımızı dayanıqlı edəcək. Yəni, bizim əsas məqsədimiz neft amilindən
asılılığımızı maksimum dərəcədə
azaltmaq və qeyri-neft sektoru hesabına gələcəkdə
Azərbaycanı inkişaf etdirməkdir.
Bizim kifayət qədər valyuta ehtiyatlarımız var.
İlin əvvəlindən maliyyə resurslarımız 3
milyard 600 milyon dollar artıb. Bütövlükdə
bizim 53 milyard dollardan çox valyuta ehtiyatlarımız var ki,
bu da dünya miqyasında çox böyük göstəricidir.
Adambaşına düşən valyuta
ehtiyatlarımız isə, hesab edirəm ki, dünya
miqyasında ən yüksək səviyyədədir.
Biz əlbəttə ki, neftdən əldə edilmiş
gəlirləri şəffaf saxlamaqla və ölkəmizin
inkişafına, o cümlədən sosial layihələrin
icrasına yönəltməklə dinamik
inkişafımızı təmin edirik. Eyni zamanda,
bizim rezervlərimiz artır və artacaq. Mən
qarşıya belə vəzifə qoymuşam ki, biz
çalışmalıyıq, maliyyə rezervlərimiz ildən-ilə
artsın. Bu da, əlbəttə ki, həm
xarici investorlar üçün əlavə imkanlar yaradır,
inamı artırır, eyni zamanda, dünya maliyyə
bazarlarından yaxşı şərtlərlə kreditlərin
alınması üçün əlavə imkanlar yaradır.
Halbuki buna o qədər də böyük
ehtiyac yoxdur. Sadəcə olaraq, bu, bizə
əlavə inam verir. Mən dəfələrlə
demişəm ki, əvvəlki illərdə bizim əsas vəzifəmiz
iqtisadi müstəqilliyimizi yaratmaq idi. Bunu
da yaratmışıq. Biz iqtisadi cəhətdən
tam müstəqilik, heç kimdən asılı deyilik və
bu bizə imkan verir ki, siyasi sahədə də, o cümlədən
xarici siyasətdə də müstəqil siyasət aparaq.
Bizim əsas istinad nöqtəmiz, güc mənbəyimiz
iqtisadi müstəqilliyimizdir.
Deyə bilərəm ki, Azərbaycanda aparılan
islahatlar və düşünülmüş iqtisadi siyasət
dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən
də yüksək qiymətləndirilir. Davos Dünya
İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə
görə 38-ci yerə layiq görmüşdür. Biz bir pillə də irəliyə getdik və
dünya miqyasında bu göstəriciyə görə 38-ci
yerdə olmaq tarixi nailiyyətdir. Yəni,
bir sözlə, biz dünyanın ən rəqabət qabiliyyətli
40 ölkəsinin sırasındayıq. Bu,
tarixi nailiyyətdir və bizə əlavə inam verir. Biz onsuz da bilirik ki, düz yoldayıq. Azərbaycan inamla inkişaf edir. Ancaq
mötəbər, böyük nüfuzu olan maliyyə-iqtisadi
qurumların qiymətləndirməsi, əlbəttə ki,
çox önəmlidir.
Doqquz ayda
bütün infrastruktur layihələri uğurla icra
edilmişdir və bu proses davam etdirilir. Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla
icra edilmişdir. Yüz mindən çox yeni iş yeri
açılmışdır, onlardan 80 mini daimi iş yerləridir.
Proqramın əvvəlindən, 2004-cü ildən bugünə
qədər 1 milyon 300 min yeni iş yeri
açılmışdır. Bu da imkan
vermişdir ki, işsizlik kəskin şəkildə
aşağı düşsün və bu gün 5 faiz səviyyəsindədir.
Bəzi inkişaf etmiş ölkələrdə
işsizlik 25, 30 faizdir, gənclər arasında isə 50 faizə
çatır. Ancaq Azərbaycanda
işsizliklə bağlı problemlər öz həllini
tapır və burada əlbəttə ki, dövlət
investisiyaları, gözəl sərmayə iqlimi, biznes
mühitinin yaxşılaşdırılması faktorları
öz rolunu oynayır. Eyni zamanda,
regionların sosial-iqtisadi inkişafına dair
üçüncü Dövlət Proqramının icrası
da burada əsas rol oynayır. Çünki
hələ bizim iqtisadiyyatımızda neft faktoru kifayət qədər
böyük yer tutur. Baxmayaraq ki, ümumi
daxili məhsulumuzda qeyri-neft sektoru artıq 55 faizdən
çoxdur, ancaq ixrac potensialımızın böyük əksəriyyəti
neft-qazla bağlıdır. Onu da yaxşı bilirik ki,
neft-qaz sahəsində böyük həcmdə iş yerlərinin
yaradılması mümkün deyil. Ona görə
bizim əsas hədəfimiz qeyri-neft sektoru idi. O sektorda
iş yerlərinin açılması əlbəttə ki,
işsizliyin aşağı düşməsinə xidmət
göstərmişdir.
Sosial proqramlar icra edilir, doqquz ayda maaşlar, pensiyalar, orta
əmək haqqı artmışdır. Sosial layihələr
icra edilir, - məktəblər, xəstəxanalar, olimpiya
kompleksləri, mədəniyyət ocaqları, - bu sahəyə
də böyük diqqət göstərilir və bizim
investisiya portfelimizdə sosial layihələrə xərclənən
vəsait kifayət qədər böyükdür.
Məcburi köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması üçün önəmli
addımlar atılmışdır. Bu il də
böyük vəsait ayrılmışdır ki,
köçkünlər yeni evlərlə təmin olunsunlar.
Bu proses gedir və gələn il də təbii
ki, davam etdiriləcəkdir.
Bir sözlə, ölkəmizin hərtərəfli
inkişafı imkan verir ki, biz gələcək
planlarımızı da müəyyən edək. Bu planlar
ictimaiyyət üçün aydındır, bəllidir.
Azərbaycanın gələcək
inkişafı ilə bağlı
düşünülmüş proqramı, konsepsiyası -
"2020 konsepsiyası" var və əlbəttə ki, bu
layihələrin, infrastruktur layihələrinin icrası imkan
verəcək ki, dinamik inkişaf davam etsin.
Bakı və onun qəsəbələri proqramı icra
edilir. Bu proqram çərçivəsində onlarla məktəb
təmir edilib, tikilib, uşaq bağçalarının
sayı artır və təminat yaxşılaşır.
Bakı qəsəbələrində infrastruktur layihələri
icra edilir. İlk növbədə, su-kanalizasiya layihələri,
ondan sonra kənd yolları tikilir. Yəni
bu da, hesab edirəm ki, çox vaxtında qəbul edilmiş
proqram idi. Həm regionların, həm də Bakı və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafı
dövlət proqramları paralel şəkildə icra edilir və
əminəm bizə imkan verəcək ki, növbəti 2-3 il ərzində ölkə
qarşısında duran əsas infrastruktur layihələri
başa çatacaq. Əlbəttə ki, bu,
bizim gələcək inkişafımıza müsbət təsir
göstərəcək. Ona görə ki,
böyük investisiya layihələri artıq arxada qalır.
Bu, imkan verəcək ki, biz büdcə vəsaitini
yeni istiqamətlərə yönəldək. Biznesin təşviqi, biznes mühitinin
yaxşılaşdırılması, özəl sektorun
inkişafı üçün daha da böyük həcmdə
vəsait nəzərdə tutaq. Çünki
hələ dövlət investisiya xərclərinin təbii
ki, böyük hissəsi infrastruktur layihələrinə
yönəlibdir. Su anbarları, magistral
yollar, digər layihələr, dəmir yolları, o cümlədən
içməli su, kanalizasiya layihələri, Oğuz-Qəbələ-Bakı
su kəməri - bu nəhəng infrastruktur layihələri
böyük vəsait tələb edən layihələrdir.
O cümlədən gəmiqayırma zavodu, yeni beynəlxalq dəniz
ticarət limanı, yəni, bütün bu layihələr
artıq icra edilib, ya da onların icrasına az
qalıbdır. Ona görə biz növbəti
illərdə büdcə xərclərini daha çox
dayanıqlı inkişafı təmin edən layihələrə
yönəltməliyik.
Bax, bizim konseptual yanaşmamız bundan ibarətdir. İnfrastruktur
layihələri icra edilməli idi ki, şərait
yaradılsın. Biznesin inkişafı
üçün aparılan islahatlar müsbət rol
oynamışdır. Sahibkarlığın
inkişafına həm siyasi, həm maliyyə dəstəyi
göstərilmişdir və göstərilir. Beləliklə, ölkənin dinamik inkişafı təmin
edilmişdir və bu gün Azərbaycanın müsbət təcrübəsi
öyrənilir. Bu yaxınlarda IV Bakı Beynəlxalq
Forumunda iştirak edən BMT-nin İnkişaf Proqramının
direktorunun çıxışında da səsləndi ki, Azərbaycanda
yoxsulluğun azaldılmasında əldə edilmiş təcrübə
çox önəmlidir və başqa ölkələr
üçün də örnək ola bilər.
Yoxsulluğun azaldılması bilavasitə bizim
iqtisadi siyasətimizlə və sosial siyasətlə
bağlıdır. Mən bunu dəfələrlə
demişəm, bu bizim siyasətimizdir ki, sadəcə olaraq,
iqtisadi islahatlarla məşğul olmamalıyıq. Biz sosial sahəyə böyük diqqət göstərməliyik.
Çünki köklü iqtisadi islahatlar bir
çox hallarda sosial problemlərə gətirib
çıxarır. Ancaq Azərbaycanda
bunun əksini görürük. Biz
böyük sosial layihələri icra etmişik. Vaxtilə
sovet dövründən qalan əmanətləri kompensasiya
şəklində MDB məkanında ən qısa müddət
ərzində və ən yüksək əmsalla insanlara qaytardıq. Maaşlar, pensiyalar durmadan artır. Bir daha demək istəyirəm ki, yanaşmamız
bundan ibarətdir və bu da ölkə qarşısında
yeni imkanlar açır.
Əfsuslar
olsun ki, bu il də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
heç bir irəliləyiş olmamışdır. Bunun başlıca səbəbi Ermənistan tərəfinin
qeyri-konstruktiv, qeyri-səmimi davranışıdır. Ermənistan çalışır ki, maksimum dərəcədə
bu məsələni uzatsın və status-kvo dəyişməz
olaraq qalsın. Baxmayaraq ki, Minsk qrupunun həmsədr
ölkələrinin dövlət başçıları dəfələrlə
bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir.
Status-kvonun dəyişdirilməsi işğal
edilmiş torpaqların azad edilməsi deməkdir. Ancaq əfsuslar olsun ki, bu bəyanatlar havada qalır,
Ermənistan buna məhəl qoymur. Bu bəyanatları
səsləndirən tərəflər isə ciddi
ölçü götürmürlər və belə olan
halda məsələ öz həllini tapmır. Biz çalışırıq və
çalışacağıq ki, bu məsələ tezliklə
öz həllini tapsın. Bizim prinsipial
mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq birlik tərəfindən
tanınır. Azərbaycanın ərazi
bütövlüyü dünya birliyi tərəfindən
tanınır və Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. Bunun başqa
yolu yoxdur. Bu münaqişənin həlli
üçün BMT Təhlükəsizlik Şurası 4 qətnamə
qəbul etmişdir. Bunlar məsələnin
həlli üçün əsas sənədlərdir. Digər beynəlxalq təşkilatlar da müvafiq qərar
və qətnamələr qəbul etmişlər. Yəni hüquqi cəhətdən bizim mövqeyimiz
kifayət qədər möhkəmdir.
İqtisadi cəhətdən əlbəttə ki, Ermənistanı
Azərbaycanla müqayisə etmək mümkün deyil. Azərbaycan zənginləşən,
güclənən müstəqil bir dövlətdir. Əlbəttə ki, güclər nisbəti bizim
xeyrimizə dəyişir, dəyişəcək. Bizim aramızdakı uçurum daha da dərinləşəcək.
Ermənistanın uğurlu inkişafı
üçün heç bir amil yoxdur. Çünki
ölkə tənəzzülə uğrayıbdır. Nə qədər ki, Ermənistanda kriminal diktatura
rejimi hökm sürür, bu ölkə öz müstəqilliyini
tamamilə bir o qədər də tez itirəcəkdir. İndi də Ermənistanı müstəqil ölkə
adlandırmaq mümkün deyil.
Biz isə inkişaf edirik. Həm iqtisadi cəhətdən,
həm siyasi cəhətdən bizim kifayət qədər
imkanlarımız var. Ordu quruculuğu Azərbaycanda uğurla
gedir və gedəcəkdir. Üçüncü
rübdə təmas xəttində Ermənistan silahlı
qüvvələrinin təxribatına da bizim hərbçilərimiz
layiqli cavab vermişlər. Onlarla
işğalçı məhv edilmişdir. Onlara böyük sarsıdıcı zərbə
vurulmuşdur. Sadəcə olaraq onlar
çalışırdılar ki, Soçi
görüşü ərəfəsində özləri
üçün daha da əlverişli mövqe əldə
etsinlər. Ancaq onların səyləri
iflasa uğradı və nəticə etibarilə erməni əsgərləri
məhv edildi. Bunun da əsas
günahkarı Ermənistanın kriminal rejimidir.
Bir də demək istəyirəm ki, bizim prinsipial
mövqeyimizə heç bir qüvvə təsir edə bilməz. Biz öz ərazi
bütövlüyümüzü bərpa edəcəyik.
Siyasi, diplomatik, iqtisadi, hərbi amillər burada əsas
rol oynayır. Mən dəfələrlə demişəm,
bir də demək istəyirəm ki, demoqrafik amil də az rol oynamır. Ermənistanın
rəsmi statistikasına görə, təkcə bu ilin doqquz
ayında ölkə əhalisi 80 min nəfər
azalıbdır. Yəni 80 min erməni vətəndaşı
ölkədən gedib və qayıtmayıb. Bu meyil ilin sonuna qədər davam edəcək və
beləliklə, Ermənistanda 100 mindən artıq əhali
azalacaqdır. Azərbaycan əhalisi isə
artır və artacaq. Bu da öz növbəsində
gələcəkdə münaqişənin həlli
üçün və ümumiyyətlə, regional mənzərə
üçün əsas rol oynayacaq. Ermənistan vətəndaşlarının
kütləvi şəkildə ölkədən getməsinin
bir neçə səbəbi var: korrupsiya, diktatura rejimi, biznes
imkanlarının məhdud olması, işsizlik, yoxsulluq.
Əlbəttə ki,
təmas xəttində son hadisələrdən
sonra bu kütləvi köç daha da geniş vüsət
almışdır. Əgər Ermənistan bir daha təxribata
əl atsa, yenə də layiqli cavab alacaq və görəcək
ki, bu təxribat yeni köç dalğasına təkan verəcəkdir. Bir sözlə, bir də demək istəyirəm ki,
Azərbaycan ictimaiyyəti də bilsin, biz öz prinsipial
mövqeyimizdən geri çəkilməyəcəyik. Çalışırıq,
çalışacağıq ki, məsələ öz həllini
tapsın və tapacaqdır.
Keçən rübdə ölkəmiz
üçün tarixi hadisə baş vermişdir. "Cənub"
qaz dəhlizinin təməli qoyulmuşdur. Böyük,
təntənəli mərasim keçirilmişdir. Bu layihənin icra edilməsi əlbəttə ki,
tarixi hadisədir. Heç kəs
üçün sirr deyil ki, burada əsas rolu Azərbaycan
oynayıbdır. Bu, bizim təşəbbüsümüz,
bizim resurslarımız idi. Biz qonşu
ölkələrlə, tərəfdaşlarla birgə bu layihəni
icra edəcəyik. Əminəm ki, yaxın
gələcəkdə "Cənub" qaz dəhlizi tikiləcək,
istifadəyə veriləcək və ölkəmizin bundan
sonra onilliklər ərzində inamlı inkişafını təmin
edəcək. Bizim siyasi çəkimiz
artacaq, iqtisadi sahədə yeni imkanlar yaranacaq. Kəmərin tikintisi zamanı minlərlə, on minlərlə
Azərbaycan vətəndaşı işlə təmin ediləcək,
yüzlərlə Azərbaycan şirkəti podratçı
kimi iştirak edəcək. Yəni bu,
ölkəmizə böyük gəlir və siyasi dividend gətirən
bir layihədir, tarixi layihədir. Biz fəxr
edirik ki, Azərbaycan bu tarixi layihənin
icraçısıdır, lider dövlətdir. Bu hadisə doğrudan da, tarixdə qalacaq. Keçən əsrin sonlarında "Əsrin
kontraktı" imzalanmışdı. O, XX əsrin
kontraktı idi. Bu layihə isə XXI əsrin
layihəsidir. Əminəm ki, biz bu layihəni
də uğurla icra edəcəyik.
Bu ilin doqquz ayının əsas istiqamətlərini qeyd
etdim. Əlbəttə ki, bu aylar ərzində çox
önəmli hadisələr baş vermişdir. Onlar haqqında burada danışsam, saatlarla vaxt
lazım olacaq. Sadəcə olaraq qeyd etməliyəm
ki, doqquz ayın yekunları müsbətdir. İlin
sonuna qədər iş davam etdiriləcək və bu ili də biz uğurla başa vuracağıq.
Maliyyə
naziri Samir ŞƏRİFOV çıxış edərək
dedi:
- Möhtərəm
cənab Prezident.
Hörmətli müşavirə
iştirakçıları.
Azərbaycan Respublikasının Prezidenti, möhtərəm
cənab İlham Əliyevin Azərbaycan dövlətinin hərtərəfli
inkişafına, xalqın rifahının yüksəldilməsinə
yönəlmiş sosial-iqtisadi siyasəti 2014-cü ilin III
rübündə də öz müsbət nəticələrini
vermişdir.
Belə ki, hesabat dövrü daxil olmaqla cari ilin 9 ayında
ölkə iqtisadiyyatı ötən ilin müvafiq
dövrü ilə müqayisədə real ifadədə qeyd
edildiyi kimi 2,5 faiz, onun qeyri-neft sektoru isə
6,0 faiz artmışdır. Ölkəmizin maliyyə
mövqeyi daha da güclənmiş, məcmu valyuta
ehtiyatlarımız 2014-cü il 1 oktyabr tarixinə 53,0 milyard ABŞ dolları səviyyəsinədək
yüksəlmiş, ötən ilin müvafiq dövrü ilə
müqayisədə 3,6 milyard ABŞ dolları və ya 8,0 faiz
artım əldə edilmişdir. Məcmu valyuta
ehtiyatlarımızın xarici dövlət borcuna nisbəti 8
dəfədən artıq olmuşdur. Eyni zamanda, onu da
qeyd etmək istərdim ki, xarici dövlət borcumuzun ümumi
daxili məhsula nisbəti isə 8,5 faiz səviyyəsində
qərarlaşmışdır.
Ölkəmizin beynəlxalq qiymətləndirmə
reytinqlərində əldə etdiyi yüksək iqtisadi
mövqeləri də qorunub saxlanılmışdır.
Dünyanın
aparıcı üç beynəlxalq reytinq agentliyi tərəfindən
ölkəmizə verilən investisiya səviyyəli kredit
reytinqləri bir daha təsdiqlənmiş, Dünya İqtisadi
Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan
iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də
artaraq, qiymətləndirmə ilə əhatə olunan 144
ölkə arasında 38-ci yerə yüksəlmişdir.
Qeyd olunan reytinqlər Azərbaycan Respublikasının
investisiya baxımından cəlbedici ölkələr
sırasında aparıcı ölkələrdən biri
olduğunu növbəti dəfə nümayiş etdirir.
Bunun bariz
nümunəsi 2014-cü il sentyabrın
20-də Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasını
təmin edəcək "Cənub" qaz dəhlizinin
Bakıda təməlinin qoyulması olmuşdur. Bu layihə Avropanın enerji təhlükəsizliyinin
möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın
qarşıdakı onilliklər ərzində Avropa enerji təchizatında
rolunun daha da artmasına, dövlətimizin texnoloji və
iqtisadi inkişafına, xalqımızın firavan
yaşamaşına əlavə təkan verəcəkdir.
Təməli
qoyulan çoxmilyardlı investisiya-qaz layihəsi 20 il əvvəl
ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu tarixi ənənənin davamı, Sizin, cənab
Prezident, gərgin zəhmətinizin və siyasi məharətinizin
nəticəsi olaraq, Avropanın enerji təminatı ilə
bağlı ilk andan tutduğunuz mövqenin nə dərəcədə
düzgün olduğunu sübut etdi və son illər ərzində
yürütdüyünüz enerji strategiyasına verilən
beynəlxalq dəstəyin miqyasını göstərdi.
Hörmətli
cənab Prezident, 2014-cü ilin 9 ayında dövlət
büdcəsinin mədaxili operativ məlumata əsasən
101,2 faiz yerinə yetirilməklə 14 milyard 71 milyon manat təşkil
etmişdir.
Təsdiq
olunmuş proqnoza Vergilər Nazirliyi 101,8 faiz əməl etməklə
dövlət büdcəsinə 5 milyard 324 milyon manat,
2013-cü ilin eyni dövrünə nisbətən isə 394
milyon manat və yaxud 8 faiz çox mədaxil təmin
etmişdir. Dövlət Gömrük Komitəsi isə 100,1 faiz və yaxud 2013-cü ilin eyni
dövrünə nisbətən 123 milyon manat, yaxud 12,2 faiz
çox mədaxil təmin etmişdir. Qeyri-neft sektorundan
dövlət büdcəsinə daxilolmalar keçən ilin
eyni dövrü ilə müqayisədə 662,0 milyon manat və
yaxud 17,5 faiz çox olmaqla, 4 milyard 454 milyon manat təşkil
etmişdir.
2014-cü ilin 9 ayında büdcə təşkilatlarının
təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq
orqanları tərəfindən qəbul edilmiş öhdəliklər
tam və vaxtında maliyyələşdirilmişdir.
Cari ilin 9
ayında dövlət büdcəsinin xərcləri 12 milyard
694 milyon manat və yaxud 86,0 faiz icra olunmuşdur.
Ötən
dövr ərzində dövlət büdcəsi xərclərinin
24,3 faizi və ya 3 milyard 82 milyon manatı
sosial təyinatlı xərclərin payına düşür
ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə
252,0 milyon manat və ya 8,9 faiz çoxdur.
2014-cü ilin 9 ayında dövlət büdcəsinin əsaslı
vəsait qoyuluşu xərcləri 4 milyard 172 milyon manat təşkil
etmişdir.
Həmin
vəsaitdən sosial-mədəni və məişət təyinatlı
obyektlərin tikintisi və yenidən qurulması
üçün 1 milyard 401 milyon manat, enerji, su və qaz təchizatı,
nəqliyyat, kommunal, meliorasiya və digər
infrastrukturların tikintisi və yenidən qurulması
üçün 2 milyard 184 milyon manat, Naxçıvan Muxtar
Respublikasında həyata keçirilən investisiya layihələrinin
maliyyələşdirilməsi üçün 44,0 milyon
manat, müdafiə təyinatlı və digər layihələrin
maliyyələşdirilməsi üçün 545,0 milyon
manat vəsait yönəldilmişdir.
"Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədlərinə cari
ilin dövlət büdcəsindən 1 milyard 292 milyon manat vəsait
sərf edilmişdir.
Hesabat
dövründə əhaliyə tibbi xidmətin keyfiyyətinin
artırılması, məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması, ölkənin
turizm və idman potensialının genişləndirilməsi,
xalqımızın nadir incilərindən olan
xalçaçılığın təşviqi, milli mədəniyyətin
öyrənilməsi və digər sahələr üzrə
dövlət büdcəsinin əsaslı vəsait
qoyuluşu hesabına maliyyələşdirilən bir sıra
layihələr istifadəyə verilmişdir, o cümlədən
Bakı Sağlamlıq Mərkəzi, Respublika İdman Tibb,
Diaqnostika və Reabilitasiya İnstitutu, Milli Konservatoriyanın
yeni inzibati-tədris kompleksi, yeni Xalça Muzeyi, Azərbaycan
Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanası və
"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin
yeni binaları, Ağdam rayonunda 632 məcburi
köçkün ailəsi üçün
salınmış yeni qəsəbə, Milli Gimnastika
Arenası, Göygöl Olimpiya İdman Kompleksi.
Nəqliyyat
sahəsində ölkəmizin tranzit potensialının
gücləndirilməsi baxımından müstəsna əhəmiyyətə
malik olacaq, Qafqaz və Orta Asiya məkanında ən iri hesab
olunan Heydər Əliyev adına Beynəlxalq
Hava Limanı və Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı Kompleksinin bərə terminalı istismara
verilmişdir.
Naxçıvan
Muxtar Respublikasında "Arpaçay-1" və
"Arpaçay-2" Su Elektrik stansiyaları,
Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati
binasının tikintisi başa
çatdırılmışdır.
Şəhər,
rayon və qəsəbələrdə abadlıq və
quruculuq işlərinin davam etdirilməsi, "2014-2016-cı
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nın icrası, kəndlərarası
yolların tikintisi və digər zəruri tədbirlərin
maliyyələşdirilməsi üçün 2014-cü ilin
9 ayında dövlət büdcəsinin müvafiq xərc
bölmələrindən 257,0 milyon manat, o cümlədən
kəndlərarası yolların inşasının
başlanması üçün ilkin olaraq Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan 29,0 milyon manat vəsait
ayrılmışdır.
Ölkə
regionlarının qazlaşdırılması proqramı
çərçivəsində hesabat dövründə 60,0 milyon manat ayrılmış,
bütövlükdə isə proqramın icrası
üçün yönəldilmiş vəsaitin həcmi 620,0
milyon manata çatdırılmışdır.
Naxçıvan
Muxtar Respublikasının, ölkənin rayon və şəhərlərinin
əhalisinin içməli su ilə təmin edilməsi
üçün ilin əvvəlindən 256,0
milyon manat vəsait sərf edilmişdir.
Ölkə iqtisadiyyatının şaxələnməsinə,
qeyri-neft sektorunun inkişafına yönələn dövlət
dəstəyi tədbirləri hesabat dövründə də
davam etdirilmiş, dövlət büdcəsindən bu məqsədə
müvafiq vəsaitlər ayrılmışdır.
Kənd əməkçilərinə, fermerlərə
və sahibkarlara göstərilən qayğının təzahürü
olaraq kənd təsərrüfatı məhsullarının
istehsalçılarına əkin sahələrinin becərilməsində
istifadə olunan mineral gübrələrin satışı
zamanı tətbiq olunan və dövlət büdcəsindən
maliyyələşən güzəşt 50 faizdən 70 faizədək
artırılmışdır.
"Aqrolizinq"
Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən
cari ildə verilmiş 32,0 milyon manat vəsaitlə
yanaşı, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat
Fondundan kənd təsərrüfatı məhsulları
istehsalçılarına taxılyığan kombaynların
alınması, xaricdən damazlıq heyvanların idxalı və
Süni Mayalanma Mərkəzinin müasir tələblərə
uyğun yenidən qurulması üçün 30,0 milyon manat
vəsait ayrılmışdır.
"2008-2015-ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı"nın icrası üçün cari ildə
105,0 milyon manat vəsait sərf edilmişdir ki, bu da əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 3 faiz və
yaxud 3,0 milyon manat çox deməkdir.
Sahibkarlara
güzəştli kreditlərin verilməsi üçün
dövlət büdcəsindən cari ildə
Sahibkarlığa Kömək Milli Fonduna 150,0
milyon manat vəsait ayrılmışdır və bununla da
dövlət büdcəsindən Fonda ayrılmış vəsaitin
ümumi həcmi 830,0 milyon manata
çatdırılmışdır.
Cənab
Prezident, tapşırığınıza uyğun olaraq kənd
təsərrüfatı məhsullarının
istehsalçılarının əmlak mənafelərinin daha
etibarlı qorunmasına şərait yaradılması məqsədilə
"Kənd təsərrüfatında sığortanın
dövlət dəstəyi vasitəsilə
stimullaşdırılması haqqında" Azərbaycan
Respublikası qanununun layihəsi hazırlanmışdır.
Bununla yanaşı, təbii fəlakətlər nəticəsində
ölkə vətəndaşlarının əmlakına və
dövlətə dəyə biləcək ziyandan
sığortalanma mexanizmlərinin dünya təcrübəsi
təhlil olunmaqla yaradılması üzrə də
hazırlıq işləri davam edir.
Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin "Asan xidmət" mərkəzlərinin
maddi-texniki təminatının
yaxşılaşdırılması, Agentliyin regional mərkəzlərinin
yaradılması və işçi heyətlə komplektləşdirilməsi,
səyyar "asan xidmətlər"in əhatə dairəsinin
genişləndirilməsi üçün dövlət
büdcəsindən üst-üstə 22,0 milyon manat vəsait
ayrılmışdır.
Möhtərəm
cənab Prezident, 2015-ci il və sonrakı
üç il üçün dövlət və icmal
büdcələrinin proqnoz göstəricilərinin tərtibi
üzrə hazırlıq prosesi qanunvericiliklə müəyyən
edilmiş müddətdə başa
çatdırılmış, müvafiq büdcə layihəsi
və büdcə zərfinə daxil olan digər sənədlər
ali diqqətinizə təqdim olunmuşdur.
Layihə
dünyadakı və regiondakı iqtisadi inkişaf meyillərinə,
o cümlədən xammal bazarındakı vəziyyətə
nəzər salmaqla, artan regional geosiyasi gərginliyin qonşu
dövlətlərə, dolayısı ilə ölkəmizə
və onun sosial iqtisadi inkişafına ehtimal olunan riskləri
və mənfi təsirləri qiymətləndirilməklə,
bu çağırışlarla bağlı büdcədə
adekvat həcmdə ehtiyatlar yaradılmaqla tərtib
edilmişdir. Bu zaman tapşırığınıza
uyğun olaraq büdcə layihəsində sosial məsələlərin,
aztəminatlı əhali təbəqəsinə dövlət
dəstəyinin ənənəvi olaraq prioritetliyi
saxlanılmaqla dövlətimizin müdafiə qüdrətinin
bundan sonra da möhkəmləndirilməsi, Bakı şəhərində
ilk Avropa Oyunlarının keçirilməsi və icrasına
başlanılmış dövlət proqramlarının davam
etdirilməsi üçün maliyyə təminatının
yaradılmasına üstünlük verilmişdir.
Möhtərəm
cənab Prezident, çıxışımın sonun
da icazə
verin Sizi əmin edim ki, bugünkü müşavirədə
verəcəyiniz tapşırıqlar da nəzərə
alınmaqla, 2014-cü büdcə ilinin layiqincə başa
çatdırılması və müəyyən etdiyiniz
inkişaf hədəflərinə nail olunması
üçün Maliyyə Nazirliyinin kollektivi səylərini
daha da artıracaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.
* * *
Ekologiya və
təbii sərvətlər naziri Hüseynqulu BAĞIROV
çıxış edərək dedi:
-Möhtərəm
cənab Prezident!
Sizin rəhbərliyiniz altında həyata
keçirilmiş ardıcıl tədbirlər sayəsində
ekoloji durumun yaxşılaşdırılması istiqamətində
tarixi əhəmiyyət daşıyan nailiyyətlər əldə
olunmuşdur.
Bilavasitə Sizin tapşırıq və tövsiyələrinizlə
biomüxtəlifliyin mühafizəsi, meşələrin
inkişafı, yaşıllıqların
artırılması, geoloji kəşfiyyat, içməli
suyun ekoloji keyfiyyətinin artırılması,
tullantıların və çirkab suların idarə
olunması, neftlə çirklənmiş ərazilərin
reabilitasiyası və s. sahələrdə inqilabi dəyişikliklər
baş vermişdir.
Hörmətli
cənab Prezident! İcazə verin, nazirlik tərəfindən
ətraf mühitin sağlamlaşdırılması istiqamətində
görülmüş və hazırda həyata keçirilən
işlər barədə məlumat verim.
Meşələrin mühafizəsi, bərpası, yeni
meşəliklərin salınması sahəsindəki göstəricilər
durmadan yaxşılaşır. Həyata keçirilmiş tədbirlər
nəticəsində meşə ilə örtülü ərazilərin
sahəsi 1 milyon hektarı keçmiş və ümumi
ölkə ərazisinin 11,4 faizindən
11,8 faizinədək artmışdır. Son 10 il
ərzində 103 min hektar sahədə meşə-bərpa
işləri aparılmış və yeni meşələr
salınmış, 80 milyon ağac yetişdirilmişdir.
Təkcə
2014-cü ilin 9 ayı ərzində meşə fondu
torpaqlarında 1 144 hektar sahədə yeni meşələr
salınmış və meşə səpini işləri
aparılmış, 2 milyon 242 min ağac əkilmişdir.
Sizin tapşırığınıza əsasən
paytaxtda və respublikamızın bölgələrində
yaşıllaşdırma işləri geniş vüsət
almış, son 10 ildə meşə fonduna daxil olmayan ərazilərdə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər
təşkilatlar tərəfindən 20 milyondan artıq müxtəlif
növ ağac və kol əkilmişdir.
Qeyd etmək
istəyirəm ki, son 4-5 il ərzində arid sahələr və
aşağı keyfiyyətli torpaqlarla əhatə olunmuş
Bakı və Abşeron yarımadasının
yaşıllaşdırılması ilə bağlı tarixdə
görünməmiş nəhəng, müasir metodlara əsaslanan
yaşıllaşdırma layihələri həyata
keçirilmiş, 3405 hektar ərazidə 3,5 milyon ağac əkilmiş,
ərazi 10 min kilometrdən çox uzunluğunda müasir
damcılı suvarma sistemləri ilə təmin olunmuşdur.
8160
kubmetr həcmində 10 yeraltı dəmir-beton su anbarı, 200
min kubmetr həcmində 7 torpaq su anbarı, 18 nasosxana, 40-dək
müxtəlif tikililər inşa edilmiş, 10 kilometrlərlə
elektrik xətləri çəkilmiş, onlarla transformator
quraşdırılmış, alternativ su mənbələri
yaratmaq üçün 42 kilometr iritutumlu su xətləri
çəkilmiş, minlərlə kubmetr gübrə
daşınmış və ərazilərə verilmişdir.
Bu layihələr
çərçivəsində müxtəlif bölgələrdə
1700 hektar sahədə 1,1 milyondan artıq əsasən
xaricdən gətirilmiş daha məhsuldar və davamlı
zeytun tingləri əkilmişdir. Məlumat
üçün diqqətinizə çatdırmaq istəyirəm
ki, Azərbaycanda tarixən yaradılmış zeytun
bağlarından hazırda 900 hektara qədəri qorunub
saxlanılmışdır. Sizin göstərişinizlə
son 2 il yarımda əkilmiş zeytun
ağaclarının hesabına onların sahəsi 3 dəfə
artaraq 2 600 hektara çatmışdır.
Qeyd etmək lazımdır ki, damcılı suvarma sistemlərinin
qurulması və müvafiq qulluq nəticəsində, sərt
şəraitə baxmayaraq, arid sahələr və yüksək
minerallaşmış torpaqlarda salınmış
yaşıllıqlarda yüksək bitiş faizi (95-98 %) təmin
olunmuşdur. 2012-ci ildə salınmış bağlar
artıq məhsul verməyə başlamışdır ki,
onlardan indi toxum kimi istifadə olunur, lakin növbəti illərdə
əmtəə xarakterli məhsul gözlənilir.
Gələcəkdə
yarana biləcək su qıtlığı probleminin effektiv həlli
üçün yeni yanaşma və texnologiyaların tətbiqi
ilə bağlı verdiyiniz tapşırığa əsasən
tükənməyən mənbə olan Xəzər dənizinin
suyunun duzsuzlaşdırılması üçün
infrastruktur imkanları 20 min kubmetr olan, ilkin mərhələdə
pilot olaraq sutkada 1000 kubmetr gücündə avadanlıq
quraşdırılmış zavod və müasir tinglikdən
ibarət kompleks inşa edilmişdir. Faktiki
olaraq bu zavod Xəzər sahilində ən müasir və iri
duzsuzlaşdırma müəssisəsidir.
Bu gün zavodda istehsal olunan su ətraf ərazidə
salınmış yaşıllıqların
suvarılmasında istifadə edilir. Hazırda Ələt-Astara
magistral avtomobil yolunun ətrafının
yaşıllaşdırılması işləri davam edir.
Əkinlərin əksəriyyəti zeytunluq olan
bu ərazilərdə suvarmaya yararlı suyun məhdud
olması dəniz suyunun duzsuzlaşdırılma həcminin
artırılması zərurətini yaratmışdır.
Bunun üçün əlavə tikinti-quraşdırma
işləri aparmadan duzsuzlaşdırma kompleksinin
gücünü qısa zamanda 4 dəfə artırmaq
mümkündür və buna ehtiyac var.
Bundan
başqa, Şirvan kanalının nisbətən az duzlu suyunun Xəzər dənizinə
axıdılmaqdansa, duzsuzlaşdıraraq suvarmada istifadə
edilməsi daha məqsədəuyğun olardı.
Bioloji müxtəlifliyin qorunub saxlanılması fəaliyyətimizin
əsas istiqamətlərindən biridir. Həyata keçirilmiş
tədbirlər nəticəsində xüsusi mühafizə
olunan təbiət ərazilərinin ümumi sahəsi
2003-cü ildən etibarən təxminən 2 dəfə
artırılaraq ölkə ərazisinin 10,3
faizinə çatdırılmışdır.
Qızılağac
Dənizkənarı Milli Parkının və
"Zaqatala-Balakən Biosfer Rezervatının"
formalaşdırılması istiqamətində iş gedir və
bu prosesin yekunlaşması ilə xüsusi mühafizə
olunan ərazilərin sahəsi ölkə ərazisinin təxminən
13 faizini təşkil edəcəkdir ki, bu da dünyada qəbul
olunmuş orta səviyyədən (11-12 %) artıqdır.
Bu gün əsas diqqət
xüsusi mühafizə olunan təbiət ərazilərinin
beynəlxalq standartlara uyğun infrastrukturunun
yaradılmasına yönəldilmişdir. Qısa zaman ərzində Şahdağ Milli
Parkının nümunəvi infrastrukturu qurulmuş, Şirvan
və Hirkan Milli Parklarında ekoturizm şəhərcikləri
yaradılmışdır. Göygöl və
bir sıra digər milli parklarda ekoturizm mərkəzlərinin
yaradılması işləri yekun mərhələyə
çatmışdır.
2014-cü
ilin ilk 9 ayı ərzində vəhşi təbiətin
mühafizəsi istiqamətində aparılan işlər
davam etdirilmiş və Heydər Əliyev Fondunun dəstəyi
ilə həyata keçirilən layihə çərçivəsində
bu günədək 150 başadək ceyran öz tarixi
areallarına köçürülmüşdür.
Alim və mütəxəssislərin iştirakı ilə
ölkə ərazisində nadir və nəsli kəsilmək
təhlükəsi qarşısında olan bitki və heyvan
növləri haqqında toplanmış məlumatlar əsasında
Azərbaycanın Qırmızı Kitabının 2 cilddən
ibarət 2-ci nəşri çap olunmuşdur.
Xəzərin bioresurslarının bərpası istiqamətində
də işlər aparılır. Hazırda müasir
Xıllı nərə balıqartırma zavodunda süni
yetişdirilmiş 5000-dən artıq müxtəlif yaş
qrupuna mənsub nərə cinsli balıqdan ibarət bərpa-törədici
fond yaradılmışdır. 2013-cü
ildə Azərbaycanda ilk dəfə olaraq burada süni
yetişdirilmiş ana balığı öldürmədən
cərrahi əməliyyat vasitəsilə alınmış
kürüdən balıq körpələri
yetişdirilmişdir. Bununla da dənizdəki
ana balıq qıtlığından asılılıq getdikcə
azalır.
2014-cü ilin 9 ayı ərzində su bioloji
resurslarının artırılması sahəsində 419
milyon ədəd balıq körpəsi yetişdirilərək
su hövzələrinə buraxılmışdır. Bunlardan 6,2
milyon ədədi - nərə cinsli, 172 mini isə qiymətli
qızıl balıq körpələri olmuşdur.
Möhtərəm
cənab Prezident! Sizin ekoloji məsələlərə
göstərdiyiniz diqqət nazirlik əməkdaşlarının
əzmkarlığının və həyata keçirilən
tədbirlərin effektivliyinin artmasına səbəb
olmuşdur. Ətraf mühitin mühafizəsi üzrə
Dövlət Fonduna daxilolmalar son 10 ildə 14 dəfə
artaraq 2013-cü ildə 3 milyon 232 min manata
çatmışdır. 2014-cü ildə bu rəqəm
1 milyon 150 min manat da artmışdır.
Sizin
Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2014-cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında ekoloji vəziyyətin
yaxşılaşdırılması üzrə
tapşırıqlarınızın icrasını təmin
etmək məqsədi ilə Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən atmosfer havasını çirkləndirən
müəssisələrdə ciddi araşdırmalar
aparılmış, belə müəssisələrin
siyahısı hazırlanaraq aidiyyəti üzrə təqdim
olunmuşdur. Atmosferə zərərli maddələr atan 21
istehsalat sahəsinin fəaliyyəti dayandırılmış,
köhnə texnologiyalı 32 müəssisənin fəaliyyəti
məhdudlaşdırılmışdır. Atmosfer
havasını normadan artıq çirkləndirən 17 mənbə
ləğv edilmişdir. Bu sahədə tədbirlər
davam etdirilir.
2014-cü
ilin birinci rübündə sosial-iqtisadi inkişafın
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasda ağacların kəsilməsinə
qarşı daha ciddi tədbir görülməsi ilə
bağlı tapşırığınızdan sonra bu sahədə
qanunvericilik bazasının təkmilləşdirilməsi və
məsuliyyətin sərtləşdirilməsi
üçün tədbirlər görülmüş,
"Yaşıllıqların mühafizəsi
haqqında" Qanun qəbul olunmuş, İnzibati Xətalar Məcəlləsinə
və Cinayət Məcəlləsinə dəyişikliklər
edilir.
Nəzarət tədbirlərinin gücləndirilməsi
nəticəsində mənfi halların və bununla
bağlı şikayətlərin sayı
azalmışdır. Qeyd etmək lazımdır ki, ictimaiyyətin,
qeyri-hökumət təşkilatlarının, xüsusilə
də IDEA İctimai Birliyinin bu mübarizəyə
qoşulması yaşıllıqların mühafizəsi tədbirlərinin
effektivliyinin artmasına səbəb olmuşdur.
Son dövrlərdə iqlim dəyişmələrinin təsirindən
yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin
gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq
sisteminin təkmilləşdirilməsi üçün
hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi,
modernləşdirmə işləri aparılır.
Təkcə
2014-cü ildə Azərbaycanda istehsal olunan 9 avtomat
meteostansiya quraşdırılaraq işə
salınmış və hazırda respublika ərazisində fəaliyyət
göstərən 29 avtomat meteostansiyaların hamısı
günəş panelləri hesabına alternativ enerji ilə təchiz
olunmuşdur. Hazırda hətta Tufandağda 4100
metr yüksəklikdə quraşdırılmış
stansiyadan avtomatik məlumatlar alınır.
Hörmətli
cənab Prezident! Sizin göstərişləriniz
əsasında bütün bəşəriyyətin diqqət
mərkəzində olan qlobal iqlim dəyişmələrinin
qarşısının alınması istiqamətində
görülən ardıcıl tədbirlər sayəsində
ölkədə real irəliləyişlər əldə
olunmuşdur. SSRİ-dən ayrılanda və
Kioto protokoluna qoşulanda Azərbaycan atmosferə ildə 71
milyon ton istilik effekti yaradan qaz tullantıları atırdı.
O dövrdə iqtisadiyyatın tənəzzülü nəticəsində
tullantıların həcmi 34 milyon tona
düşmüşdü. Hazırda Azərbaycan
iqtisadiyyatı 4 dəfə böyümüş, lakin
tullantılar hələ də baza ilinə nisbətdə 70
faiz səviyyəsində qalmışdır.
Buna ətraf mühitlə bağlı tədbirlərdən
başqa, davamlı inkişaf prinsiplərinə böyük
önəm verilməsi, ekoloji təmiz sənayenin və bərpa
olunan enerji sektorunun inkişafı, enerji effektivliyinin
artırılması hesabına, ən əsası isə Azərbaycanın
öz resursları hesabına nail olunmasıdır.
Məhz
bunun nəticəsi kimi, son zamanlar beynəlxalq ekoloji ictimaiyyət,
mətbuat orqanları və sosial şəbəkələr tərəfindən
Azərbaycanda təkcə iqlim dəyişmələrinin
qarşısının alınması deyil, ümumilikdə ətraf
mühitlə bağlı problemlərin həllində əldə
olunmuş nailiyyətlər yüksək qiymətləndirilir,
Azərbaycanın bu sahədə liderliyi ələ
aldığı qeyd edilir. İqlim dəyişmələri
üzrə dünyada tanınmış QHT olan İqlim Fəaliyyət
Şəbəkəsi (Climate Action Network) Azərbaycanın bu
sahədəki ambisiyalarını belə dəyərləndirib:
"Bu neft-qaz hasil edən ölkə (Azərbaycan) bundan sonra
da təbii ehtiyatlarının hesabına yaşaya biləcəyinə
baxmayaraq, ölkənin rəhbərliyi sözdə deyil, əməldə
az karbon tullantılı istehsalatın inkişafına
üstünlük verir...".
Cənab
Prezident! Təşəbbüsünüzlə
həyata keçirilən, qısa zamanda geniş əraziləri
əhatə etmiş və effektiv nəticələr verən
"Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının
yaxşılaşdırılması proqramı" üzrə
fəaliyyət davam etdirilir. 2007-ci ildə
qurulmuş ilk modul tipli sutəmizləyici qurğular artıq
7 ildir ki, uğurla istismar olunur.
Onu da qeyd etmək istərdim ki, bu müddət ərzində
qazanılmış təcrübə nəzərə
alınaraq, yerli şəraitə tam
uyğunlaşdırılmış texnoloji sxem əsasında
sutəmizləyici qurğuların ölkədə
istehsalı təşkil edilmiş və 2014-cü ildə 50
kənddə məhz Azərbaycanda istehsal olunmuş modul tipli
sutəmizləyici qurğuların quraşdırılması
üzrə işlər tamamlanır.
Təcrübə göstərdi ki, yaşayış məntəqələrinin
qısa müddətə təmiz su ilə təmin edilməsi
kimi müasir yanaşma uğurlu olmuş və ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanmışdır. Proqramla hələ
əhatə olunmamış digər yaşayış məntəqələrində
də sutəmizləyici qurğuların
quraşdırılması barədə icra hakimiyyətləri
və yerli idarəetmə orqanları, əsasən də əhalidən
çoxsaylı müraciətlər daxil olur.
Tapşırığınıza
əsasən bu işin davamı kimi içməli suyun keyfiyyəti
aşağı olan və müvafiq icra hakimiyyəti tərəfindən
təklif olunmuş 535 min nəfərdən artıq əhalisi
olan daha 400 kəndin siyahısı aidiyyəti üzrə təqdim
edilmişdir.
Hazırda 38 yaşayış məntəqəsində
sutəmizləyici qurğuların quraşdırılması
işləri aparılır. Bununla da regionlarda 310
yaşayış məntəqəsinin modul tipli təmizləyici
qurğuların quraşdırılması hesabına keyfiyyətli
içməli su ilə təmin edilmiş əhalisinin
sayı 500 mini keçmişdir.
Çıxışımı
yekunlaşdıraraq Sizi əmin etmək istərdim ki, Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin kollektivi Sizin əzm
və iradə ilə həyata keçirdiyiniz müasir
dövlət quruculuğu istiqamətində fəaliyyətinizə
bundan sonra da tam dəstək olacaqdır və bu istiqamətdə
Sizin bütün tapşırıqlarınızı layiqincə
yerinə yetirəcəkdir.
Diqqətinizə görə minnətdaram.
Gənclər
və idman naziri Azad RƏHİMOV çıxış edərək
dedi:
-Möhtərəm
cənab Prezident!
Hörmətli
müşavirə iştirakçıları!
Ulu
öndər Heydər Əliyevin misilsiz tarixi xidmətləri və qətiyyəti
sayəsində ölkəmizdə formalaşmış ictimai-siyasi
sabitlik və dinamik inkişaf bütün sahələrdə
olduğu kimi gənclərlə iş və idman sahələrində
də ildən-ilə nailiyyətlərimizin artmasına səbəb
olmuşdur.
Hesabat dövründə gənclərin vətəndaşlıq
tərbiyəsi və cəmiyyətdə iştirakı,
intellektual və yaradıcı gənclərin inkişafı
üçün şəraitin yaradılması, gənclərin
təşəbbüslərinin dəstəklənməsi, gənclər
siyasəti infrastrukturunun təkmilləşdirilməsi, beynəlxalq
əməkdaşlığın inkişaf etdirilməsi,
regionda yaşayan gənclərin fəallığının
artırılması məsələlərinə xüsusi
diqqət ayrılmışdır.
Gənclər,
bədən tərbiyəsi və idman siyasətini tənzimləyən
hüquqi bazanın təkmilləşdirilməsi məqsədi
ilə "2014-2024-cü illərdə Azərbaycan gənclərinin
İnkişaf Strategiyası", "Azərbaycan
Respublikasında bədən tərbiyəsi və idmanın
inkişafı üzrə 2014-2020-ci illər üçün
Milli Strategiya"nın layihələri
hazırlanmışdır.
Hazırda ölkəmizdə gənclər əhalinin təxminən
30 faizini təşkil edir. Onların inkişafı, xüsusilə
regionlarda yaşayan gənclərin məlumatlandırılması
və sosial xidmətlərin göstərilməsi məqsədilə
Sizin tapşırığınız əsasında
ölkədə "Gənclər evləri" şəbəkəsi
yaradılır. 2014-cü ildə nazirliyin
sifarişi ilə 4 gənclər mərkəzi
yaradılmışdır. Naxçıvan, Xəzər,
Suraxanı və Sabunçu gənclər evi də daxil
olmaqla, qısa müddət ərzində ölkədə artıq
31, ilin sonunadək daha ən azı 3, 2015-ci ilin sonunadək isə
təkcə "Dövlət Proqramı" çərçivəsində
7 belə müəssisə inşa ediləcəkdir.
İntellektual və yaradıcı gənclərin
inkişafı üçün stimulların yaradılması
vacib prioritetlərdəndir. Müstəqil Azərbaycan tarixində
ilk dəfə olaraq yüksək nailiyyətlər əldə
etmiş 6 nəfər gənc hər biri 10 min manat olmaqla
"Gənclər üçün Prezident
Mükafatı" ilə təltif edilmişdir.
Bu ilin may
ayında "Dünya elmində yeni
çağırışlar: Gənc alimlərin birgə
yanaşmaları" adlı Gənc Alimlərin Beynəlxalq
Bakı Forumu keçirilmişdir. Dünyanın
96 ölkəsindən 400-dək iştirakçı elmin
müxtəlif sahələri üzrə müzakirələrə
qatılmışdır.
Hesabat dövründə respublikanın bütün rayon
və şəhərlərindən seçilmiş 1900 nəfər
nümayəndənin iştirakı ilə Azərbaycan Gənclərinin
VII Forumu keçirilmişdir. Ali toplantı tərəfindən Sizin rəhbərliyiniz altında aparılan
işlər yüksək dəyərləndirilmiş və
növbəti dövr üçün vəzifələr
müəyyənləşdirmişdir.
Son on il ərzində
ölkədə gənclərin qeyri-hökumət təşkilatlarının
sayı 6 dəfəyədək artaraq 51-dən 300-ə
çatmışdır. Onlara dövlət tərəfindən
göstərilən dəstəyin həcmi bu müddətdə
dəfələrlə artmışdır. Gənclər təşkilatlarının layihələrinin
qismən maliyyələşdirilməsi ilə bağlı
2014-cü ildə təkcə nazirlik tərəfindən
keçirilən müsabiqədə ümumi məbləği
2 milyon manatdan artıq olan və 115 min avro olan 110 layihə dəstəklənmişdir.
Qeyri-hökumət təşkilatları ilə iş sahəsində
yeni elektron xidmətlər yaradılıb, xüsusi saytda tam məlumat
bazası yerləşdirilmişdir.
Sizin
şəxsi təşəbbüsünüzlə
yaradılmış Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondu uğurlu fəaliyyət göstərərək,
hesabat dövrü ərzində 827 layihəni dəstəkləmişdir,
bunlardan 13-ü beynəlxalq layihə
olmuşdur. Ümumilikdə isə Gənclər
Fondu tərəfindən 2012-ci ildən başlayaraq 1457 layihə
dəstəklənmişdir. Fond ölkənin hər bir
şəhər və rayonunda gənclərin müxtəlif
sahələrə olan maraqlarını əks etdirən layihələrin həyata
keçirilməsinə nail olmuşdur.
2014-cü
ildə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri
ilə birgə 21 ölkədə "Mən Azərbaycan
haqqında nə bilirəm?" mövzusunda esse müsabiqələri
keçirilmiş, 174 qalibin ölkəmizə səfəri təmin
edilmişdir. Bütövlükdə isə 2011-2014-cü illərdə
bu müsabiqə 47 ölkədə keçirilmiş, 3 minədək
esse təqdim edilmiş, 437 nəfər müsabiqə qalibi Azərbaycana
səfər etmişdir.
2014-cü
ilin yay aylarında Bakı və rayonlarda 1700 nəfərin
iştirakı ilə "Azərbaycan doğma
diyarımdır" adlı vətənpərvərlik
yay-istirahət düşərgələri təşkil
edilmişdir.
Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması
daim diqqət mərkəzindədir. 2014-cü il sentyabrın 30-da Moskvada 500 gəncin
iştirakı ilə Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının (RAGT) "RAGT: dialoq və fəaliyyət"
adlı V Konfransı keçirilmişdir.
Tərəfimizdən 42 xarici ölkə və beynəlxalq
təşkilatla ikitərəfli əməkdaşlıq
müqaviləsi icra edilir. Azərbaycanın gənclər
təşkilatları 30-dan artıq beynəlxalq qurumun
tamhüquqlu üzvüdür və 5 beynəlxalq platformanın
yaradılması təşəbbüsü ilə
çıxış etmişdir.
Dövlət
gənclər siyasətinin həyata keçirilməsində
Azərbaycanın 20 il ərzində əldə
etdiyi nailiyyətlər və inkişaf səviyyəsi beynəlxalq
qurumlar tərəfindən də qeyd edilir. Məhz
bu səbəbdən BMT-nin İnkişaf Proqramı, UNESCO,
Avropa Şurası və BMT Baş Katibinin Gənclər
üzrə xüsusi elçisinin ofisinin birgə qərarı
ilə Gənclər Siyasəti üzrə I Qlobal Forum
Bakıda keçiriləcəkdir. 2014-cü il
oktyabrın 28-30-da
keçiriləcək Forumda BMT-yə üzv
ölkələrdən 700 nümayəndə və ekspertin
iştirakı nəzərdə tutulub.
Hörmətli
cənab Prezident! Hesabat dövründə ölkəmizdə
120 respublika, 32 beynəlxalq səviyyəli
yarış keçirilmiş, 130 beynəlxalq yarışda
ölkə yığma komandalarının iştirakı təmin
olunmuş, dünya, Avropa çempionatı və birinciliklərində,
kubok yarışlarında 108 qızıl, 162
gümüş, 283 bürünc olmaqla ümumilikdə 553
medal qazanılmışdır. Bu isə ötən
ilin müvafiq dövrü ilə müqayisədə 72 medal
çoxdur.
Əlamətdar
haldır ki, 2014-cü il iyulun 14-28 tarixlərində Çin
Xalq Respublikasının Nanjinq şəhərində
keçirilmiş Yeniyetmələrin II Olimpiya Oyunlarında
idmançılarımız 5 qızıl, 6 gümüş
və 1 bürünc medalla 204 ölkə arasında 10-cu yeri
tutaraq tarixi qələbəyə imza atmışlar. Bu nəticə ilə komandamız Avropa ölkələri
arasında 6-cı, MDB ölkələri arasında 3-cü,
İslam ölkələri arasında isə 1-ci yerdə
olmuşdur.
2014-cü il
ölkəmizdə idman hadisələri ilə zəngin
olmuşdur. Belə ki, Bakı şəhərində Azərbaycanın
beynəlxalq aləmdə təbliği baxımından
mühüm əhəmiyyət kəsb edən və 100-dən
çox ölkənin nümayəndələrinin
iştirakı ilə Dünya İdman Mətbuatı
Assosiasiyasının (AIPS) 77-ci konqresi, 38 ölkədən
700-ə yaxın idmançının iştirakı ilə atletika
üzrə Avropa Təsnifat Turniri, 33 ölkənin 500-dən
çox gimnast və rəsmi nümayəndə heyətinin
iştirakı ilə bədii gimnastika üzrə 30-cu Avropa
çempionatı və digər beynəlxalq tədbirlər
keçirilmişdir.
Ötən dövr ərzində
Avropa Oyunlarına hazırlıq işləri davam
etdirilmişdir. Avropa Olimpiya Komitəsi tərəfindən
Avropa Oyunlarına hazırlıq işlərinə nəzarət
məqsədi ilə təsis edilmiş Koordinasiya
Komissiyasının Bakı şəhərində 2 iclası
keçirilmiş, təqdim olunan hesabatlarda yüksək səviyyədə
hazırlıq qeyd edilmişdir. Təşkilat
Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti,
ölkənin birinci xanımı Mehriban Əliyevanın
iştirakı ilə Avropanın bir sıra böyük şəhərlərində
və paytaxtlarında Avropa Oyunlarının təqdimatları
uğurla keçirilmişdir.
Hazırda
"Bakı-2015" Avropa Oyunları üzrə Əməliyyat
Komitəsində 940 nəfər çalışır ki,
onların 63 faizini yerli mütəxəssislər və gənclərimiz
təşkil edir. Əməliyyat Komitəsi tərəfindən
təsis edilmiş Məzunlar Akademiyasını bitirmiş 200
gənc Əməliyyat Komitəsində işlə təmin
edilmişlər. Ümumilikdə Komitədə
dünyanın 39 ölkəsindən mütəxəssislər
çalışırlar.
Aparılan
danışıqlar nəticəsində Avropanın 19, o
cümlədən Fransa, İtaliya, Almaniya, Türkiyə və
Avstriya, Avropadan kənarda isə 47 ölkədə
Oyunların yayımlanmasına dair razılıq əldə
edilmişdir. Bu iş davam etdirilir, ölkələrin sayı
daha da artacaqdır.
Bu il noyabrın 20-22-də Bakı şəhərində
Avropa Olimpiya Komitəsinin növbəti Baş Assambleyası
keçiriləcək, bu Assambleyada növbəti Avropa
Oyunlarını qəbul edən şəhərin adı elan
ediləcəkdir.
Cari ilin
aprel-iyun aylarında Azərbaycan ərazisindəki
bütün ali təhsil müəssisələri və
kolleclərdə 150.000 tələbə arasında Avropa
Oyunlarının Bakıda keçirilməsi haqqında məlumatlılıq,
könüllülüyə münasibət, idman növlərinə
azarkeşliklə bağlı keçirilmiş sorğu
göstərmişdir ki, gənclərimiz Avropa
Oyunlarının Bakıda keçiriləcəyini məmnunluqla
qarşılayır və tədbirlərdə
könüllü kimi iştirak
etməyə hazırdırlar. Hazırda Gənclər və
İdman Nazirliyi və Gənclər Fondu Təşkilat Komitəsi
ilə birlikdə könüllülərin seçilməsinə
start verilmişdir.
Cənab
Prezident, Siz hər zaman qeyd etdiyiniz kimi, Olimpiya
Oyunlarının hazırlığı üçün
ölkələrə 7 il vaxt verilir, Avropa Oyunlarının
hazırlığına isə bizə ayrılan vaxt cəmi 2 il yarım olmuşdur. Avropa Oyunlarında 20 idman növü üzrə
yarışlar keçiriləcəkdir, onlardan 16-sı
olimpiya idman növüdür. Əlamətdar
haldır ki, 11 idman növü üzrə yarışlarda
qalib gələn idmançılara Rio-de-Janeyro şəhərində
keçiriləcək növbəti Olimpiya oyunlarında
iştirak lisenziyaları veriləcəkdir. İdmançıların ümumi sayı 6000-dən
çox olacaqdır ki, bu rəqəm son qış olimpiya
oyunları iştirakçılarının sayından 2 dəfədən
çoxdur. Oyunların başlanmasına
247 gün qalmasına baxmayaraq, Təşkilat Komitəsi tərəfindən
bir çox işlər görülmüş və yekun mərhələyə
qədəm qoyulmuşdur.
Cənab
Prezident, Sizi əmin edirik ki, Sizin rəhbərliyiniz və dəstəyinizlə
Oyunlar yüksək səviyyədə keçiriləcək,
bu yarışlar dünya və Avropa idman tarixinə
böyük bir töhfə olacaqdır.
Möhtərəm
cənab Prezident! Hesabat
dövründə Sizin iştirakınızla sayca 41-ci olan
Göygöl Olimpiya İdman Kompleksinin, Bakıda Milli Gimnastika
Arenasının, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya
İnstitutunun açılış mərasimləri
keçirilmişdir. Eyni zamanda, Daşkəsən
rayonunda Gənclərin Təlim və İstirahət Mərkəzi
açılışa hazırlanmışdır.
Hazırda 9 Olimpiya və idman kompleksinin tikintisi və tikintiyə hazırlıq işləri aparılır, Lənkəran Olimpiya İdman Kompleksinin yenidən qurulması, Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyi, 16 idman zalı və qurğusunun tikinti işləri davam etdirilir.
I Avropa Oyunları ilə əlaqədar çimərlik voleybolu, çimərlik futbolu, 3x3 basketbol, su polosu idman növləri üzrə yarışların keçiriləcəyi Avropa Oyunları Parkının, Su İdmanı Sarayının, 68000 tamaşaçı tutumu olan Futbol stadionunun, BMX-Velosipedi veloparkının tikintisi, Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması, Heydər Əliyev adına İdman Konsert Kompleksinin, Bakı İdman Sarayının əsaslı təmiri və digər obyektlərdə müvəqqəti qurğuların tikintisi davam etdirilir.
Möhtərəm cənab Prezident! Ölkəmizdə gənclərə, idmançılara Sizin daim göstərdiyiniz diqqət və qayğı, bu sahəyə olan xüsusi münasibətiniz hər bir gənci, idmançı və məşqçini, hamımızı daha böyük əzm və səylə Azərbaycana, ölkə gəncliyinə və idmana xidmət etməyə ruhlandırır. Sizi əmin etmək istərdim ki, Gənclər və İdman Nazirliyi gənclərlə iş və idman sahələrində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini bundan sonra da məsuliyyətlə yerinə yetirəcəkdir.
Diqqətinizə görə çox sağ
olun.
Azərbaycan.-2014.- 9 oktyabr.- S.1,3.