Alternativsiz siyasi kurs

 

Azərbaycan xalqı 2013-cü il 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevi növbəti beş il müddətinə ölkə başçısı seçməklə siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə etdi

 

On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi.

İlham ƏLİYEV

 

2013-cü ilin 9 oktyabr seçkiləri nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunun davamlılığını şərtləndirən amillərin sosial sifarişə əsaslandığını tam sübuta yetirdi. Azərbaycan xalqı 9 oktyabr prezident seçkilərində daxili inamına söykənərək cənab İlham Əliyevi növbəti beş il müddətinə ölkə başçısı seçməklə siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə etdi. Bu tarixi seçim həm də belə bir həqiqətin cəmiyyətdə dərkidir ki, Azərbaycanın dövlət müstəqilliyinin ən bariz təcəssümü Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir.

Ötən prezident seçkilərində xalqın böyük etimadını qazanaraq növbəti beş il müddətində dövlət başçısı seçilən cənab İlham Əliyevin son 11 illik fəaliyyəti Azərbaycanı davamlı uğurlara aparan mövcud siyasi strategiyanın varisliyinin təmin olunmasında yeni mərhələnin başlanğıcı kimi də dəyərləndirilə bilər. 9 oktyabr seçkilərində ölkə vətəndaşları növbəti dəfə Heydər Əliyev siyasi kursunun təntənəsinə, bu kursun  Azərbaycana gətirdiyi böyük uğurlara səs vermişlər. Cəmiyyətdəki mütləq çoxluğun siyasi iradəsinə əsaslanan bu seçim, eyni zamanda, Azərbaycanda davamlı inkişaf və tərəqqiyə, mənəvi-intellektual yüksəlişə zəmin yaratmış siyasi kursun alternativsizliyinin əyani təzahürünə çevrilmişdir.

Prezident seçkilərinin nəticələri bir tərəfdən ölkəmizdə gedən ictimai-siyasi, iqtisadi proseslərin məntiqi, digər tərəfdən Heydər Əliyev siyasi kursunun varisliyinin təmini zərurətini birmənalı qəbul edən cəmiyyətin sosial sifarişini, istəyini əks etdirmişdir. Cənab İlham Əliyev bu seçkilərdə vətəndaşlarımız qarşısına Heydər Əliyevin idarəçilik sistemində formalaşan, ona rəhbərlik missiyasını məharətlə davam etdirməyə qadir olan alternativsiz lider, eyni zamanda, dövlətin tərəqqisinə böyük töhfələr vermiş nüfuzlu siyasi lider kimi çıxmışdı. Cənab İlham Əliyevin şəxsində Azərbaycan xalqı bir daha sülhə, sabitliyə, tərəqqiyə səs vermiş, ulu öndərin əsasını qoyduğu milli dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirmişdir.

Ümummilli liderin dövlətçilik kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ötən 11 ildə özüyeni bir idarəçilik məktəbinin banisinə çevrilmişdir. Ölkə başçısının fəaliyyəti onun Heydər Əliyev ideyalarının, sadəcə, davamçısı deyil, eyni zamanda, bu ideyaları yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun həyata keçirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqləyir. Ölkə rəhbərinin məqsədyönlü fəaliyyəti nəticəsində, ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmışdır. Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə müəyyənləşdirilən balanslaşdırılmış xarici siyasət kursunun davamlılığının təmin olunması nəticəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə inkişaf etdirilmişdir.

Prezident İlham Əliyevin ötən 11 ildə yürütdüyü siyasət deməyə əsas verir ki, respublikamız öz inkişafının modelini müəyyənləşdirərək davamlı iqtisadi inkişafademokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük vermişdir. Dövlət başçısının bəyan etdiyi kimi, ölkəmizin sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir. Dövlət başçısı bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin üzvi vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir.

Dövlət başçısı 2013-cü il oktyabrın 19-da keçirilmiş andiçmə mərasimində prezident seçkilərinin Azərbaycanın demokratik inkişafına yeni təkan verəcəyini vurğulamışdır: "Prezident seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir. On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi".

Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan Qərbdə yalnız zəngin neftqaz ehtiyatları ilə deyil, həm də demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini bir sıra konkret addımları ilə tam sübuta yetirmişdir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir.

2011-ci ildə respublikamızın sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. Bu möhtəşəm hadisə, ilk növbədə, rəsmi Bakının son dərəcə sabituğurlu, eyni zamanda sivil birgəyaşayış normalarına əsaslanan tarazlı xarici siyasət yürütdüyünü bir daha təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə bilər.

Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. Aşkar görünür ki, Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında son illər respublikada keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Respublikamızda müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirmişdir.

Bunun əsas səbəblərindən biri də xalqımızın tolerantlıq düşüncəsinin yüksək inkişaf səviyyəsidir. Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq qalır. Dövlət başçısı İlham Əliyevin tolerantlıq və  milli münasibətlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının 11 il müddətində bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı həm də sivilizasiyalararası dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir.

Ötən 11 il, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, "Ümid", "Abşeron" kimi perspektivli yataqların kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılması, TANAP layihəsinin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.

Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. Təkcə bir faktı demək kifayətdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə 575 milyon dollar kredit vermişdir. Respublikamızın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını da xüsusi vurğulamaq lazımdır. Hələ 2012-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanmış tarixi razılaşma ilə 2025-ci ilədək Azərbaycandan nəql olunan qazın əsas hissəsinin qardaş ölkənin ərazisi ilə Avropa ölkələrinə ixracı nəzərdə tutulmuşdur. 2012-ci il iyun ayının 26-da İstanbulda Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi ilə bağlı imzalanmış iki saziş bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan Prezidentinin fəaliyyətinin təhlili göstərir ki, ötən illərdə konturları hələ böyük strateq Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir. Əminik ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu bu hədəflərə çox qısa zamanda qovuşacaqdır.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 9 oktyabr.- S.6.