Azərbaycanın birinci
xanımının dəstəyi ilə Pakistanda
Qurban bayramı münasibətilə
bir sıra tədbirlər keçirilib
Pakistanın
Xayber Paxtunxva əyalətinin qaçqınların məskunlaşdıqları
Lakki Marvat və Dera İsmail Xan bölgələrində, həmçinin
daşqın və seldən zərər çəkmiş Pəncab
əyalətinin bir sıra şəhərlərində Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın dəstəyi ilə Qurban bayramı
münasibətilə bir sıra tədbirlər keçirilib.
Xatırladırıq
ki, Pakistan ordusunun qanunsuz silahlı birləşmələrə
qarşı apardığı hərbi əməliyyatlar nəticəsində
bu bölgədən olan məcburi köçkünlərin
ümumi sayı bir milyonu keçib və onların
böyük bir hissəsi Xayber Paxtunxva əyalətinin məhz
Dera İsmail Xan və Lakki Marvat bölgələrində
yaradılan müvəqqəti qaçqın düşərgələrində
yerləşdirilib.
Lakki
Marvat bölgəsində təşkil olunan mərasimdə
çıxış edən Pakistanın tanınmış siyasətçisi,
senator Səlim Seyfulla Xan müqəddəs Qurban bayramı
günlərində çətin maddi və mənəvi
durumda olan məcburi köçkünlərin dərdinə
şərik olduğuna görə Azərbaycanın birinci
xanımı Mehriban Əliyevaya minnətdarlığını
bildirib. Azərbaycana 2012-ci ildə səfər etdiyini bildirən
Səlim Seyfulla Xan azərbaycanlıların ürəyində
Pakistan xalqına dərin sevginin olduğunu, ölkələrimiz
arasında sıx dostluq və qardaşlıq əlaqələrinin
inkişaf etdiyini bildirib.
Həmin
əyalətin Dera İsmail Xan bölgəsindəki mərasimdə
ali qonaq qismində iştirak edən Pakistan Milli Assambleyası
sədrinin sabiq müavini, Pakistan-Azərbaycan parlamentlərarası
dostluq qrupunun üzvü Feysəl Kərim Kundi də bölgə
əhalisinə və məcburi köçkünlərə
göstərdiyi diqqətə görə Mehriban Əliyevaya
minnətdarlıq edib. O, Heydər Əliyev Fondunun bu bölgədə
inşa etdirdiyi “Heydər Əliyev su təchizatı sistemi” və
məcburi köçkünlər üçün həyata
keçirdiyi digər layihələr barədə məlumat
verib. Feysəl Kərim Kundi bütün bunları Pakistan və
Azərbaycan arasında qardaşlıq münasibətlərinin
təzahürü kimi qiymətləndirib. O, oktyabrın 2-3-də
Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumda
iştirakından aldığı təəssüratları
tədbir iştirakçıları ilə
bölüşüb.
Tədbirlərdə
Pəncab əyalətinin sel və daşqınlardan zərər
çəkən Multan və Okarada bölgələrindən
olan tanınmış ictimai-siyasi xadimlər və
ziyalılar iştirak ediblər.
Azərbaycanın
Pakistandakı səfiri Daşqın Şikarov Mehriban
Əliyevanın adından tədbir
iştirakçılarını Qurban bayramı münasibətilə
təbrik edib, onlara xoş arzularını
çatdırıb. Səfir Heydər Əliyev Fondunun Azərbaycanda
və xarici ölkələrdə həyata keçirdiyi
uğurlu layihələr barədə də məlumat verib.
Pakistan
əyalətlərində keçirilən tədbirlər
zamanı iri və xırdabuynuzlu heyvanlar kəsilərək
imkansız insanlara paylanılıb.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi
müxbiri
İslamabad
Azərbaycan.-2014.- 9 oktyabr.- S.6.