Azərbaycanın mədəniyyət və turizm naziri Daşkənddəki

 Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub

 

Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının Səmərqənd şəhərində keçirilən 99-cu sessiyasında iştirak edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistandakı səfirimiz Hüseyn Quliyevlə birlikdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) olub.

Əbülfəs QarayevHüseyn Quliyev ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə çiçək dəstələri qoyub.

Sonra onlar mərkəzdəki Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi və Azərbaycan-Özbəkistan Dostluq Muzeyində Azərbaycan dili, rəsm, əl işləri dərnəkləri ilə tanış olub, kitabxanaya baxıblar.

AMM-nin direktoru Samir Abbasov mərkəzdəki Azərbaycan dili kursu və dərnəklər haqqında ətraflı məlumat verib, qurumun keçirdiyi tədbirlərdən söhbət açıb.

Mərkəzin nəzdində “Azərbaycan qızları” uşaq rəqs ansamblının bədii rəhbəri, Azərbaycanın Əməkdar Artisti Kövkəb Əliyeva ansambl haqqında məlumat verib. O, bildirib ki, 1997-ci ildə ulu öndər Heydər Əliyev Özbəkistanda səfərdə olarkən ansamblın çıxışları xoşuna gəlib və kollektivi Bakıya dəvət edib. Ansambl 15 gün Azərbaycanda konsert proqramları ilə çıxış ediblər.

Əbülfəs Qarayev ansamblın yeni rəqslərinə baxıb, onlara uğurlar arzulayıb və kollektivi Azərbaycana qastrol səfərinə dəvət edib.

 

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

Azərbaycan.-2014.- 9 oktyabr.- S.7.