Heydər Əliyev Fondunun
vitse-prezidenti
Leyla Əliyeva Talassemiya Mərkəzində olub
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və IV Bakı
Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rusiyada
uşaqlara yardım praktiki cərrahiyə tibbi mərkəzinin
direktoru akademik Andrey Pritıko Talassemiya Mərkəzində
olublar.
AzərTAc
xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva və akademik Andrey Pritıko Talassemiya Mərkəzində
yaradılan şəraitlə tanış oldular. Səhiyyə
naziri Oqtay Şirəliyev məlumat verdi ki, Heydər Əliyev
Fondunun təşəbbüsü ilə yaradılan Mərkəzin
fəaliyyəti irsi qan xəstəliyi olan talassemiyadan əziyyət
çəkən xəstə uşaqlar, eləcə də
onların valideynləri üçün böyük əhəmiyyət
daşıyır. Çünki bu xəstələrin həyatı
ilk növbədə onlara hər ay qan
köçürülməsindən və hər gün dəmirqovucu
preparatlar verilməsindən asılıdır.
Azərbaycanda
2011-2015-ci illər üçün talassemiya və hemofiliya xəstəlikləri
ilə bağlı Dövlət proqramı həyata
keçirilir. Heydər Əliyev Fondu hələ 2005-ci ildə
“Talassemiyasız həyat naminə” layihəsinin
başlandığını elan edib. Mərkəzdə bu
ilin may ayında Azərbaycanda ilk dəfə olaraq üç
pasiyent üzərində sümük iliyinin
transplantasiyası əməliyyatı aparılıb və bu əməliyyatlar
uğurla keçib. Hazırda daha dörd xəstənin əməliyyat
olunması planlaşdırılır.
Leyla
Əliyeva və Andrey Pritıko Mərkəzdə müalicə
alan xəstələrlə görüşdülər.
Andrey
Pritıko Mərkəzdə yaradılan şəraiti yüksək
qiymətləndirdi və bu tibb ocağının
mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
Mərkəzdə
müalicə olunan uşaqlara Heydər Əliyev Fondu tərəfində
hədiyyələr təqdim edildi.
Azərbaycan.-2014.- 9 oktyabr.- S. 6.