Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın “Varian Medikal Sistems” şirkəti arasında əməkdaşlıq sazişi imzalandı

 

 

Oktyabrın 8-də Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyalar layihələşdirən və istehsal edən “Varian Medikal Sistems” şirkəti arasında əməkdaşlıq sazişi imzalandı.

AzərTAc xəbər verir ki, sazişi Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və “Varian Medikal Sistems” şirkətinin vitse-prezidenti Fritz Derrer imzaladılar. Bununla da Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və məsləhət mərkəzi statusu verildi.

İmzalanma mərasimində bildirildi ki, beynəlxalq tədris və məsləhət mərkəzi statusu ancaq ən müasir texnologiyalara, yüksək ixtisaslı kadrlara, xəstələrin müayinə və müalicəsində böyük təcrübəsi olan klinikalara verilir. Belə mərkəzlər Avropanın 5 ölkəsində mövcuddur və bağlanan sazişlə yeni bir mərkəz Bakı şəhərində Milli Onkologiya Mərkəzində fəaliyyət göstərəcəkdir.

Tədbirdə, həmçinin ölkəmizdə onkologiya sahəsində dövlət başçısının rəhbərliyi altında mühüm nailiyyətlər əldə olunduğu, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verildi.

 

Azərbaycan.-2014.- 9 oktyabr.- S. 9.