Parisdə Azərbaycan Parlamentinin ilk sədri Əlimərdan bəy

Topçubaşov haqqında sənədli film nümayiş etdirilib

 

Oktyabrın 6-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın dövlət xadimi, milli müstəqilliyimizin fədakar mübarizi Əlimərdan bəy Topçubaşovun həyatı və siyasi fəaliyyəti ilə bağlı qısametrajlı sənədli film nümayiş etdirilib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək “Parisdən məktublar” adlı filmin 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətin ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun əziz xatirəsinə həsr olunduğunu, ötən il Azərbaycan xalqının gələcəyi uğrunda mübarizə aparan siyasi xadimin anadan olmasının 150 illiyinin təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıb.

Əlimərdan bəy Topçubaşovun 1863–cü il mayın 4-də Tiflisdə anadan olduğunu xatırladan səfir, onun qısa bir vaxtda siyasətə gəldiyini, xarici işlər naziri vəzifəsindən sonra Xalq Cümhuriyyətin parlamentinin sədri seçildiyini, Parisdə keçirilən sülh konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyini xüsusi vurğulayıb.

Səfir Fransada mühacir həyatı yaşayan Ə. Topçubaşovun J.Klemanso, L.Corc, V.Vilson, F.Nitti və o dövrün digər tanınmış siyasətçiləri və dövlət başçıları ilə keçirdiyi görüşlərdən danışıb.

Əlimərdan bəy Topçubaşovun bir çox beynəlxalq konfranslarda fəal iştirak etdiyini, dostlarına yazışdığı məktublarda, eləcə də Azərbaycanın işğalı ilə bağlı müxtəlif mətbu orqanlarında dərc olunan məqalələrində xalqımızın yeganə çıxış yolunu müstəqillikdə gördüyünü diqqətə çatdırıb.

Elçin Əmirbəyov Azərbaycanı müstəqil görmək istəyən Ə.Topçubaşovun arzusunun 1991-ci ildə reallaşdığını, ölkəmizin müstəqilliyinin bərpa olunduğunu xüsusi vurğulayıb.

Sonda səfir uzun illər Fransada diplomat kimi fəaliyyət göstərən və azərbaycanlı mühacirlərin tapılıb üzə çıxmasında xüsusi əməyi olan filmin məsləhətçisi Ramiz Abutalıbova, rejissor Tahir Əliyevə və ssenarin müəllifi tanınmış publisist İntiqam Qasımzadəyə belə dəyərli sənət əsərini ərsəyə gətirdiklərinə görə minnətdarlığını bildirib.

Tədbirdə R. Abutalıbov yaradıcı kollektiv adından iştirakçıları salamlayıb, Ə. Topçubaşovun oğlu Ələkbər bəylə özünün və Aleksandr Nikolskinin yaxından dostluq etdiyini xatırladıb.

Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda Ələkbər bəy Topçubaşovun tələbəsi olan Aleksandr Nikolski çıxışında müəllimi barədə xatirələrini bölüşüb. Sonradan yalnız müəllimi deyil, eyni zamanda dostu olan Ələkbər bəyin ona atası Əlimərdan bəy Topçubaşovdan bəhs etdiyini bildirdi.

Film iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Paris

Azərbaycan.-2014.- 9 oktyabr.- S. 10.