Ölkənin sosial-iqtisadi
inkişafına yönəldilən
bütün tədbirlər
xalqın rifahına xidmət edir
Prezident İlham
ƏLİYEV: Artıq doqquz ayın nəticələri
onu göstərir ki,
həqiqətən bu
il də tarixdə uğurlu
il kimi qalacaq
Azərbaycanın sosial-iqtisadi inkişafı dinamik şəkildə davam edir. Cari ilin ötən doqquz ayının göstəriciləri bunu bir daha təsdiqləyir. İlin əvvəlindən ümumi daxili məhsul 2,5 faiz artıb. Dövlətin önəm verdiyi qeyri-neft sektorunda 6 faiz artım müşahidə olunub. İnflyasiya cəmi 1,5 faiz təşkil edib. Əhalinin pul gəlirləri 5,4 faiz artıb.
Nailiyyətlər çoxdur və təqdirəlayiq haldır ki, onlar Avropada maliyyə böhranının davam etdiyi bir dövrdə qazanılır. Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bütün bunlar barədə ətraflı bəhs edilmişdir.
Əsas nailiyyətlərdən biri ölkədə müsbət sərmayə iqliminin olmasıdır. Bu o deməkdir ki, istər yerli, istərsə də xarici investorlar öz işlərinin uğur gətirəcəyinə, ölkənin daha firavan gələcəyinə inanırlar. 9 ay ərzində 19 milyard manat investisiya qoyulub, ilin sonuna qədər şübhəsiz ki, onun həcmi daha da artacaq.
Bütün bunların nəticəsində infrastruktur layihələri müvəffəqiyyətlə yerinə yetirilir. Regionların sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramları uğurla icra edilir.
İqtisadi sahədə qazanılan nailiyyətlər əhalinin sosial vəziyyətində özünü aydın göstərir. Bu, öz yerində. Bundan əlavə, ölkənin dünyadakı nüfuzu da artır. Prezident İlham Əliyevin sözügedən iclasda dediyi kimi: "Biz iqtisadi cəhətdən tam müstəqilik, heç kimdən asılı deyilik və bu bizə imkan verir ki, siyasi sahədə də, o cümlədən xarici siyasətdə də müstəqil siyasət aparaq. Bizim əsas istinad nöqtəmiz, güc mənbəyimiz iqtisadi müstəqilliyimizdir".
Təsadüfi deyil ki, Azərbaycan Davos İqtisadi Forumu tərəfindən 38-ci yerə layiq görülüb. Başqa sözlə, Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli 40 ölkəsindən biridir.
Ölkədə 9 ay ərzində 100 mindən çox yeni iş yerinin açılması (onların 80 mini daimi iş yeridir), bu gün işsizliyin 5 faiz səviyyəsində olması qazanılan nailiyyətləri şərhsiz təsdiqləyən faktlardır.
Paytaxtdan başlayaraq ölkənin bütün regionlarını əhatə edən müxtəlif infrastruktur layihələri əhalinin rahatlığına və firavanlığına, güzəranının daha da yaxşılaşmasına xidmət edir.
Sosial layihələr xüsusi önəm daşıyır. Məktəblərin, xəstəxanaların, olimpiya komplekslərinin, mədəniyyət ocaqlarının tikintisinə böyük diqqət yetirilir. Bu sırada məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması da xüsusi yer tutur. Onların yeni evlərlə təmin olunmasını reallaşdırmaq üçün bu il də xeyli vəsait ayrılıb.
Bakıda, onun ətraf kənd və qəsəbələrində geniş işlər aparılır. Onlarca məktəb tikilib və təmir edilib, uşaq bağçalarının sayı artıb.
Yeri gəlmişkən onu da qeyd edək ki, iclasda dövlət başçısı ümumiyyətlə uşaq bağçaları ilə bağlı ətraflı danışıb. Məsələyə hərtərəfli yanaşılmış, bu problemin müvəffəqiyyətli həllinin vacib olduğu göstərilmişdir: "Sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisini xüsusilə qeyd etmək istəyirəm. Bu sahədə son illərdə böyük irəliləyiş olub. Biz bir neçə il bundan əvvəl bu məsələ ilə ciddi məşğul olmağa başlayanda məlumat verildi ki, uşaq bağçaları ilə təminat Azərbaycanda cəmi 17 faizdir... Bir sözlə, bu, çox ciddi problem idi, bu gün də hələ ki, ciddi problem olaraq qalır. Ancaq, deyə bilərəm ki, son iki-üç il ərzində uşaq bağçaları ilə təminat 17 faizdən 42 faizə çatmışdır".
Ölkədə digər sosial məsələlər uğurlu həllini tapdıqca sözügedən problem də öz kəskinliyi ilə gündəmə gəlir. Belə ki, yeni emal müəssisələri, tikiş fabrikləri və s. açıldıqca qadınlar işlə daha çox təmin olunurlar. Bir çox ailələrdə hər iki valideyn işləyir. Bu isə məktəbəqədər yaşlı uşaqlar üçün tərbiyə müəssisələrinin sayının artırılmasını tələb edir. Buna görə də dövlət başçısı uşaq bağçaları ilə təminatın 100 faiz olmasının vacibliyini qeyd edərək məsələnin həlli yollarını da göstərmişdir: "Bakıda, bölgələrdə onlarla yeni bağça tikilir və bu proses davam etdirilməlidir. Vaxtilə bu bağçalar elə tikilmişdi ki, onların əraziləri kifayət qədər böyükdür. Ona görə orada yeni korpus da tikilə bilər. Yeni sahələr də ayrılmalıdır. Bu məsələlərlə bağlı müvafiq göstərişlər verilib".
İcra edilən hər layihənin ölkənin həyatında özünəməxsus yeri və əhəmiyyəti var. Məsələn, Taxtakörpü və açılışı nəzərdə tutulan Şəmkirçay su anbarları on min hektarlarla yeni torpaq sahəsinin dövriyyəyə daxil olmasına imkan verəcək.
Yaradılan yeni emal müəssisələri həm daxili tələbatı ödəməyə, həm də ölkənin ixrac potensialını artırmağa xidmət edir. Keçən ay Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin birinci hissəsi - Bərə terminalı istifadəyə verilmişdir. Ticarət limanı yaxın iki il ərzində tam istifadəyə verilməlidir. O, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı olacaq.
Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi başa çatır. "Ağ Şəhər" də nəinki Cənubi Qafqazda, dünya miqyasında böyük layihələrdən biridir. Bu, ən gözəl şəhərsalma nümunələrindən biri olacaq. "Ağ Şəhər"in konturları artıq görünməkdədir.
"Sənaye ili" elan olunmuş cari ildə də ölkədə bir sıra yeni zavodlar, fabriklər, digər istehsalat sahələri istifadəyə verilib. Sənaye klasterlərinin yaradılması prosesi gələcəkdə də davam etdiriləcək.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasındakı həm giriş, həm yekun nitqində XXI əsrin layihəsi adlandırılmış "Cənub" qaz dəhlizi layihəsinə geniş yer vermişdir. "Cənub" qaz dəhlizinin təməlinin qoyulmasını tarixi hadisə adlandırmışdır.
Yaxın gələcəkdə işə düşəcək bu dəhliz Azərbaycanın bundan sonra onilliklər ərzində inamlı inkişafını təmin edəcək. Bu layihə ölkəmiz üçün həm yeni iqtisadi imkanlar açacaq, həm də beynəlxalq aləmdə onun çəkisini artıracaq. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Transanadolu və Transadriatik kəmərlərinin tikintisi zamanı minlərlə insan işlə təmin olunacaq.
Prezident İlham Əliyev bu barədə belə demişdir: "Bu, növbəti onilliklər ərzində, ən azı yüz il ərzində Azərbaycana böyük xeyir gətirəcək bir layihədir. Bəlkə də bu gün o faydanın tam həcmi hələ ki, bizim üçün o qədər də aydın deyil. Çünki biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlayanda da əlbəttə, buna bir layihə kimi baxırdıq. Amma görün bu layihə nə qədər böyük dəyişikliklərə gətirib çıxarmışdır. Bizim beynəlxalq əməkdaşlığımız genişləndi, maliyyə imkanlarımız artdı".
Görülən bütün işlər, reallaşdırılan hər bir layihə Azərbaycanın qüdrətinin və nüfuzunun artmasına, ilk növbədə isə ölkə əhalisinin güzəranının daha da yaxşılaşmasına öz töhfəsini verir. Buna görə də dövlət həcmindən, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq onların hər birinin icrasını önəmli sayır və diqqətdə saxlayır.
Azərbaycanda bu ilin sonunadək, eləcə də növbəti illərdə bir çox belə layihələr icra ediləcək.
Flora SADIQLI,
Azərbaycan.-2014.- 10 oktyabr.- S.1.