Allahın rübaisi

 

Aida İmanquliyeva-75

 

(Aida İMANQULİYEVAYA)

 

Bəlkə lap dünyaya gəldiyim gündən

Mən bütün ruhumla şeirə məftunam.

Bütün gözəlliklər şeirdir mənə,

Məni şeirə vurğun doğmuşdur anam.

 

Şeirlər içində ən çox sevdiyim

Rübai olmuşdur, indiodur.

Hətta Aidaya baxdığım zaman

Gözümün önündə rübai durur.

 

Məncə, Aida da bir rübaidir,

Yazanı Allahdır bu rübainin.

Candan vurulardı, görsəydi onu

Rübai allahı Xəyyam da, yəqin.

 

Aida ilahi bir rübaidir,

Gözləri, qaşları iki beyt kimi.

Füzuli şeirinin iki şah beyti -

Gözəllik heykəli, könül hakimi.

 

Məcnun ilə Leyli evlənsəydilər,

Uşaqları, yəqin, ona bənzərdi.

Bir qız doğulsaydı nikahlarından,

O əsmər nazənin ona bənzərdi.

 

Aida baxarsa axar bir suya,

O su dəyişilib gülab olacaq.

Aidanın əksi düşsə güzgüyə,

Güzgünün qucağı güllə dolacaq.

 

O, Həvva olsaydı, cənnətdə İblis

Adəmə yüz kərə səcdə edərdi.

Züleyxa olsaydı, bütün cavanlar

Yusifə dönərdi, Misrə gedərdi.

 

Mən ona səadət diləkçisiyəm,

Ensin ayağına elmin meracı.

Diləyim budur ki, ölməyim, görüm

Mən onun başında doktorluq tacı.

 

Əkrəm CƏFƏR

1980

 

Azərbaycan.-2014.- 10 oktyabr.- S. 3.