Görkəmli alim Aida İmanquliyevanın 75 illik yubileyinə

 həsr olunmuş sərgi on beş gün davam edəcək

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli alim, professor Aida İmanquliyevanın anadan olmasının 75 illik yubileyinə həsr olunmuş geniş ədəbiyyat sərgisi təşkil olunub.

Kitabxanadan AzərTAc-a bildirilib ki, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli xalqımızın böyük zəka və fövqəlistedad sahiblərindən biri olan tanınmış ədəbiyyatşünas, şərqşünas, tərcüməçi, tənqidçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyatından, zəngin elmi-pedaqoji və təşkilatçılıq fəaliyyətindən geniş söhbət açıb. O, alimin Azərbaycan şərqşünaslıq elminin və elmi məktəbinin formalaşmasında və inkişafında müstəsna rolunun, xüsusilə ərəbşünaslığın, ərəb ədəbiyyatının geniş tədqiqatlara cəlb edilərək fundamental ümumiləşdirilmələr aparılmasında əvəzsiz xidmətlərinin olduğunu və fəaliyyət epoxasının maraqlı məqamlarını diqqətə çatdırıb.

Qeyd edib ki, professor Aida İmanquliyeva çox az adama nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən bir alim olub. O, 20 ildən artıq bir müddət ərzində BDU-nun şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirələr oxuyub, xüsusi kurslar aparıb, dissertasiya və diplom işlərinə rəhbərlik edib.

Aida İmanquliyevanın əsərləri dünyanın bir çox ölkələrində nəşr olunur və yüksək qiymətləndirilir, adı nüfuzlu elmi məclislərdə, simpozium və konfranslarda hörmətlə çəkilir.

Daha sonra çıxış edənlər vurğulayıblar ki, professor Aida İmanquliyevanın alim qələmi ilə uğrunda mübarizə apardığı ideya və amallar nə qədər ki, öz aktuallığını itirməyib, onun əsərlərinə müraciət ediləcək və gələcək nəsillər onu daim minnətdarlıqla xatırlayacaqlar. Çünki Aida İmanquliyeva Şərq və Qərb münasibətlərində çoxtərəfli dialoq və əməkdaşlığın olmasını son dərəcə vacib sayıb, mədəniyyətlərin yalnız və yalnız qarşılıqlı hörmət, dialoq və inteqrasiya yolu ilə inkişafı və təkmilləşməsini, eləcə də bəşəriyyətin xoşbəxt gələcəyinin yalnız sülhdə, mədəniyyətlərarası dialoqda, elmi-ədəbi və mədəni inteqrasiya şəraitində mümkün olduğunu dönə-dönə qələmə alıb.

Sərgidə alimin “Cübran Xəlil Cübran”(1975; 2002), “Qələmlər birliyi və Mixail Nuaymə” (2002), “Yeni ərəb ədəbiyyatı korifeyləri” (2003), “Şərq və Qərb: Ortaq mənəvi dəyərləri” (2004) kimi, eləcə də Səlahəddin Xəlilovun alimin həyat və yaradıcılığına həsr etdiyi “Şərq ruhunun Qərb həyatı” (2009), Şərəf Cəlillinin “Daşda çiçək açan Dilbər”, eyni zamanda “Dünya deyilən sənmişsən”, “Romantiçeskaya poeziya v kontekste Vostoçno-Zapadnoy problematiki” (2009), həmçinin AMEA MEK-də “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası ilə 2009-cu ildə tərtib edilmiş “Aida Nəsir qızı İmanquliyeva: Biblioqrafiya” və digər 100-dək kitab , 40-dan çox məqalə, virtual görüntülər, video filmlər və fotomateriallar oxuculara nümayiş etdirilib.

Sərgi 15 gün müddətində davam edəcək.

 

Azərbaycan.-2014.- 10 oktyabr.- S. 3.