Akademik Ramiz Mehdiyevin Moskvada nəşr
olunan "Dağlıq Qarabağ:
məxəzlərdən oxunmuş tarix" kitabının müzakirəsi keçirilib
Oktyabrın
9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunan
"Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix" kitabının müzakirəsi
keçirilib.
AzərTAc
xəbər verir ki, tədbirdə muzeyin direktoru, Milli Məclisin
deputatı, akademik Rafael Hüseynov aktual mövzuya həsr
olunan kitabın əhəmiyyətindən danışıb.
Bildirib ki, kitabın ən böyük məziyyəti onun rus
dilində yazılması və Moskvada nəşr
olunmasıdır.
R.Hüseynov
qeyd edib ki, akademik Ramiz Mehdiyevin yeni əsərində Azərbaycanın
Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin kökləri dərindən
araşdırılır. Müəllif çox sayda ilkin mənbələr
və elmi ədəbiyyat əsasında Dağlıq
Qarabağın tarixin ən qədim dövrlərindən Azərbaycanın
ayrılmaz tərkib hissəsi olması barədə tarixi həqiqəti
rusdilli oxuculara təqdim edir. Rus dilinin dünyada geniş
yayılması kitabın daha çox oxucuya
çatdırılacağını şərtləndirir və
əsərin əhəmiyyətini daha da artırır.
R.Hüseynov
vurğulayıb ki, akademik Ramiz Mehdiyevin qələmindən
çıxan, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı yazılan ən sanballı əsərlərdən
olan "Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix" kitabı təkcə bir alimin deyil,
bütövlükdə Azərbaycan xalqının
mövqeyini əks etdirir. Kitab alimin elmi-nəzəri və fəlsəfi
ümumiləşdirmələri baxımından da Azərbaycan
elminin böyük nailiyyətidir.
“Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyi idarə heyətinin
üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev
bildirib ki, akademik Ramiz Mehdiyevin yeni kitabı dövlətçiliyimizin
möhkəmlənməsi, erməni
saxtakarlığının ifşa edilməsi yolu ilə Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması işinə böyük töhfədir.
Əsərdə zəngin tarixi faktlar əsasında
mühüm elmi-nəzəri ümumiləşdirmələr
aparılmaqla yanaşı, Dağlıq Qarabağ
münaqişəsinin həllinə maneə yaratmaq
üçün məqsədyönlü şəkildə
törədilən süni əngəllərə də
münasibət bildirilir. Akademik Ramiz Mehdiyevin yeni kitabı
tarixşünaslığımızda, eləcə də Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında böyük əhəmiyyət
kəsb edən əsərdir.
Milli
Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə
müdiri, filologiya elmləri doktoru Şəfəq Əlibəyli,
tarix elmləri doktorları Abbas Seyidov, Kamil İbrahimov
monoqrafiyanın tarixi əhəmiyyətindən,
qarşıya qoyulmuş problemin tədqiqat-araşdırma
istiqamətlərindən danışıblar. Kitabın məziyyətlərindən
bəhs edən alimlər bildiriblər ki, Ramiz Mehdiyevin yeni əsəri
çox yüksək elmi-nəzəri səviyyədə,
tarixi faktlar, zəngin mənbələr əsasında
yazılıb. Monoqrafiya tarix elmimizin böyük nailiyyətidir.
Burada qədim mənbələr, arxeoloji, antropoloji faktlar əsasında
sübut olunur ki, ermənilər Qarabağ ərazisinə, o
cümlədən Cənubi Qafqaza gəlmədirlər, onlar
bu yerlərə çar Rusiyası tərəfindən
köçürülüblər. Moskvada nəşr olunan
kitab rusdilli oxucular üçün, eləcə də
münaqişənin kökləri ilə maraqlanan tarixçi
alimlər üçün əhəmiyyətli mənbədir.
Tədbirdə
kitabın müxtəlif dillərə tərcümə
olunaraq dünya ictimaiyyətinə çatdırılması
təklif edilib.
Azərbaycan.-2014.- 10 oktyabr.- S. 2.