Azərbaycan ilə Qazaxıstan arasında
mədəniyyət və
turizm sahəsində əlaqələr
müzakirə olunub
Oktyabrın
9-da mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Qazaxıstan Respublikası Xarici İşlər nazirinin
birinci müavini Rapil Coşıbayevin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
AzərTAc
xəbər verir ki, görüşdə Ə.Qarayev Azərbaycan
ilə Qazaxıstan arasındakı mədəniyyət və
turizm sahəsindəki mövcud əməkdaşlıq əlaqələrindən
söz açıb.
Ölkələrimiz
arasında dostluq əlaqələrinin tarixi və ənənəvi
köklərə malik olduğunu diqqətə
çatdıran mədəniyyət və turizm naziri
vurğulayıb ki, bu səbəbdən də hər iki qardaş
ölkə bütün beynəlxalq tədbirlərdə birgə
rəylə çıxış edir.
Azərbaycanın
turizm vasitəsilə öz mədəni irsini
tanıtdığını, təbliğ etdiyini söyləyən
Əbülfəs Qarayev qeyd edib ki, Qazaxıstanın turizm
şirkətlərinin ölkəmizdə keçirilən
beynəlxalq sərgilərdə aktiv iştirakı
müştərək əlaqələrə zəmin yara bilər.
Bu sahədə əməkdaşlıq haqqında sənədlər
imzalanmalıdır. Lazım gələrsə beynəlxalq tədbirlərdə
birgə stendlərlə də çıxış etmək
olar.
Nazir
qonaqları gələn il ölkəmizdə keçiriləcək
Üçüncü Beynəlxalq Mədəniyyətlərarası
Dialoq Forumunda iştiraka dəvət edib.
Rapil
Coşıbayev səmimi qəbula görə təşəkkürünü
bildirərək, 2017-ci ildə Qazaxıstanın Astana şəhərində
keçiriləcək Beynəlxalq EKSPO sərgisinə
hazırlaşdıqlarını və ölkəsində mədəniyyət
və turizm sahəsindəki yeniliklər barədə məlumat
verib.
Azərbaycanın
regionda mühüm bir dövlət olduğunu bildirən qonaq
ölkəmizin sərgidə iştirakını önəmli
hesab etdiyini dilə gətirib.
Nazir
müavini bildirib ki, Qazaxıstanın Azərbaycanla hərtərəfli
əlaqələri mövcuddur və turizm sahəsində də
əməkdaşlıq daha da genişlənir. Bu səbəbdən
də istərdik ki, sərgidə Azərbaycanın həm mədəniyyəti,
həm də turizm imkanları geniş sərgilənsin.
Qazaxıstan
Respublikası Xarici İşlər nazirinin birinci müavini
beynəlxalq sərgidə dünyanın 100-dən artıq
ölkəsinin iştirak edəcəyini nəzərə
çatdırıb.
Sonda
Qazaxıstanın “Astana EKSPO -2017” milli şirkəti ilə Azərbaycan
Turizm Assosiasiyası arasında birgə əməkdaşlığa
dair memorandum imzalanıb.
Azərbaycan.-2014.- 10 oktyabr.- S. 2.