Mədəni irs Azərbaycan
dövlətinin prioritetləri arasında xüsusi
yer tutur
Azərbaycanın
Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi
çərçivəsində oktyabrın 14-də “Avropa irs
günlərinin qeyd edilməsi: Bakı-2014” tədbiri
keçirilib.
Tədbir
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinin və Avropa Şurasının demokratik idarəçilik
direktorluğunun nümayəndələrinin iştirakı ilə
baş tutub.
Mərasim
iştirakçıları əvvəlcə “İcmalar irsi
formalaşdırır: Azərbaycan simaları” mövzusunda
hazırlanmış fotosərgi ilə tanış olublar.
Açılış
mərasimində çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev ölkəmizin
Avropanın bütün beynəlxalq layihələrində, tədbirlərində
fəal iştirakından söz açıb.
Bildirilib
ki, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə
sədrliyi çərçivəsində nəzərdə
tutulan silsilə tədbirlər sırasında məhz mədəniyyət
və turizm tədbirlərinin keçirilməsi sevindirici
haldır. Müvafiq sahədə ilk tədbirin “Mədəniyyət
və rəqəmsallaşmanın mübadiləsi üzrə
birinci platforma – Bakı konfransı” olduğunu diqqətə
çatdıran nazir ölkəmizin özünü Avropa ailəsinin
ən yaxın üzvü kimi tanıtdıra bildiyini qeyd edib.
Ə.Qarayev
deyib: “Mədəni irs Azərbaycan dövlətinin prioritetləri
arasında xüsusi yer tutur. Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı
ilə “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyası təsdiq olunub. Bu konsepsiyada mədəni
irsin qorunması əsas istiqamətlərdən biri kimi əksini
tapıb. Fəxr edirik ki, mədəni irsə
marağımız nəinki ölkə daxilində, eyni
zamanda bütün qitələrdə də öz əksini
tapıb. Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın rəhbərliyi altında Heydər Əliyev
Fondu tərəfindən dünyanın bir çox ölkələrində
mədəniyyət obyektlərinin bərpası, yenidən
qurulması istiqamətində layihələr həyata
keçirilir. Qloballaşan dünyada Azərbaycan bütün
mədəniyyətlərə doğru açıq sima,
açıq niyyət arzusu ilə gedir”.
Belə
möhtəşəm tədbirin Azərbaycanda təşkilinin
əhəmiyyətini vurğulayan mədəniyyət və
turizm naziri təşkilatçılara dərin təşəkkürünü
bildirib.
Tədbirdə
“Avropa irs günləri layihəsi və onun Azərbaycanda qeyd
olunması”na dair film nümayiş olunub.
Sonra
Avropa Şurasının demokratik idarəçilik
direktorluğunun rəhbəri Klaudia Luçianinin
videomüraciəti nümayiş etdirilib.
Avropa
Şurasının Bakı ofisinin rəhbəri Draqana
Filipoviç, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin
rəhbəri Malena Mard, Avropa Komissiyasının
“Yaradıcı Avropa proqramının” rəhbəri Monika
Urian de Souza və “Avropa irs günləri” layihəsinin meneceri
Madelena Qrosman tədbirin əhəmiyyətindən və təmsil
etdikləri ölkədə müvafiq sahə üzrə təcrübələrindən
söz açıblar.
Bildirilib
ki, layihənin əsas məqsədi yerli və əcnəbi
ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst
girişini təmin etmək, tarix və mədəniyyət
abidələrinin qorunması məsələlərinə
geniş ictimaiyyətin diqqətinin cəlb olunması və
milli mədəni irsin təbliğidir.
Tədbir işini sessiyalarla davam etdirib.
Azərbaycan.-2014.-
15 oktyabr.- S.6.