Sumqayıt Cənubi Qafqazın iri sənaye

 mərkəzlərindən biri kimi inkişaf edir

 

 

İnkişaf etmiş dövlətlərin tarixi təcrübəsi  sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, məşğulluq ənənələrinin saxlanması vacib şərtlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması da məhz bu reallığa əsaslanmışdır.

Tərəqqisinin dinamik mərhələsini yaşayan Azərbaycan bu gün beynəlxalq hüququn kifayət qədər nüfuzlu, qüdrətli, müstəqil subyektlərindən biri kimi çıxış edir. Bunu şərtləndirən əsas səbəblərdən biri Azərbaycanın tarix üçün kifayət qədər qısa sayıla biləcək zaman kəsiyində böyük uğurlarla müşayiət olunan inkişaf yolu keçməsidir. Bu inkişafın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin siyası kursunun layiqli davamçısı Prezident İlham Əliyevin zamanın çağırışlarına adekvat olan yeni çalarlarla cavabı bu prosesi daha da qüvvətləndirib. Nəticə etibarilə ölkəmiz imza atdığı möhtəşəm nailiyyətlərlə, xüsusən də qazandığı sosial-iqtisadi müvəffəqiyyətlərlə regionda lider mövqeyə yüksəlməyi bacarıb.

Bu gün Azərbaycanda əhalinin maddi rifah halı davamlı şəkildə yüksəlir, bütün şəhər və kəndlərin siması gündən-günə gözəlləşir, ümumi tərəqqini bariz şəkildə özündə əks etdirir. Bunu təkcə ölkəmizin deyil, Cənubi Qafqazın ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərinin timsalında aydın görmək mümkündür.  

Ölkəmizin iqtisadi tərəqqisində rolunu davamlı şəkildə artıran, əhəmiyyətli proseslərdə özünəməxsus rol oynayan şəhərlərdən biri də Sumqayıtdır. Respublika iqtisadiyyatında xüsusi çəkiyə malik olan bu şəhər Azərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirir. Xarüqələr diyarına çevrilən və gözəl, əzəmətli görkəmini yenidən bərpa edən, həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində dünyanın ən gözəl şəhərləri sırasında yer alan  Sumqayıt  eyni zamanda sürətli inkişafın əsas ünvanlarından biridir.

Azərbaycanın əsas sənaye mərkəzi olan Sumqayıtın qısa zaman kəsiyində həm də geniş  quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu şəhərə də Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir. Müxtəlif sferalar, o cümlədən regionların inkişafına  dair dövlət başçısı tərəfindən təsdiq edilən müvafiq proqramlar Sumqayıtın tərəqqisinin kompleks xarakter daşımasına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsalemal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da əhalinin həyat tərzinin daha da yaxşılaşmasına töhfələr verib və verməkdədir. Qeyd edilənlər öz növbəsində belə bir mühüm məqamın təsdiqi kimi çıxış edir ki,  ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam xalqın sosial rifahının daha da yaxşılaşdırılması fonunda Azərbaycanın qüdrətli bir ölkəyə çevrilməsinə  nail olmaqdır.

Son bir neçə ildə şəhərdə həyata keçirilən yenidənqurma və abadlıq işləri nəticəsində Sumqayıtın görkəmi büsbütün dəyişmişdir. Salınan parklar, küçələrin təmir edilməsi, iaşə obyektlərinin, yaşayış binalarının fasadlarının dəyişdirilməsi və digər quruculuq işləri şəhərə yeni həyat gətirib.

Sənaye mərkəzi olan Sumqayıtda əhalinin istirahəti üçün lazımi şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Ötən əsrin ortalarında salınan Nəsimi adına mədəniyyət və istirahət parkı  sumqayıtlıların ən çox sevdiyi gəzinti yeridir desək, səhv etmərik. Ərazisi böyük olan bu istirahət parkı baxımsız vəziyyətdə idi. Nəsimi parkının və sahilboyu ərazinin ən müasir tələblər səviyyəsində yenidən qurulması üçün dövlət başçısının tövsiyə və tapşırıqları əsasında respublikanın tanınmış memarlarının iştirakı ilə möhtəşəm layihələr hazırlanıb. Hazırda parkın bir hissəsi təmir edilərək əhalinin istifadəsinə verilib. Burada işıqlandırma sistemləri yenilənib, yaşıllıq zolaqları salınıb. Hazırda İ.Nəsiminin heykəli dəyişdirilərək daha münasib yerdə ucaldılıb. Parkın girəcəyindən başlayaraq səkilər, gediş-gəliş zolaqları sökülərək  yenimüasir tələblərə cavab verən döşəmə materialları ilə əvəzlənib. İlin bütün fəsillərində burada gəzişən insanlarla rastlaşırsan. Onlar yaradılan şəraitdən böyük razılıq edirlər.

Parkın digər hissəsində təmir işləri davam etdirilməkdədir. Buradakı məşhur  körpü (ona sumqayıtlılar "sevgililər körpüsü" deyirlər) yeni layihə əsasında təmir edilmişdir. Həmçinin 280 yerlik Yaşıl Teatr binası tikilərək istifadəyə verilmişdir.

Parkın ərazisində yeni fəvvarələr də istifadəyə verilib. Dörd bir tərəfdən xüsusi işıq seli ilə müşayiət olunan fəvvarələr  ətrafına toplaşanlara xoş aura bəxş edir.

 100 hektar əraziyə malik olan bu istirahət guşəsi görülən işlər nəticəsində bölgənin ən gözəl və unikal istirahət yerlərindən birinə çevriləcəkdir. Xəzər dənizinin Sumqayıta qovuşan sahillərində də təmir işlərinə başlanılıb. Burada gələcək layihələrin həyata keçirilməsi üçün ərazidə bərkitmə işləri görülür. Yaxın zamanlarda  nəzərdə tutulan layihələrin icrasına başlanacaqdır.

Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərin keçmişitarixi ilə bağlı bütün abidələrin qorunmasına, parkların istirahət mərkəzlərinə, gəzinti və maraqlı tədbirlərin təşkil edildiyi məkana çevrilməsinə xüsusi qayğı göstərir. Əhali də təmir edilən parklardan, istirahət guşələrindən, nümunəvi məhəllələrdən məmnunluq və razılıq edirlər.

Həyata keçirilən  yenidənqurma və abadlıq işləri şəhərin ümumi memarlığına da yeni çalarlar əlavə edib. Bu sırada yenidənqurma və təmir işlərindən sonra  "Göyərçin" abidəsini misal göstərmək olar. Nəsimi adına mədəniyyət və istirahət parkının mərkəzində yerləşən bu abidə bir müddət əvvəl baxımsızlıq ucbatından  görkəmini itirmişdi. Ölkə rəhbəri cənab İlham Əliyev Sumqayıta səfəri zamanı həmin abidəni ziyarət etmiş və yenidən qurulması üçün tapşırıqlar vermişdi.

Artıq "Göyərçin" abidəsi yenidən qurulmuş, onun ətrafında abadlıq işləri görülmüşdür. Ətrafa tamet döşənmiş, işıqlandırma sistemləri yenilənmiş, abidənin dövrəsinə müasir oturacaqlar düzülmüşdür. 

Şəhər sakini Əli Məmmədov şəhərdə aparılan abadlıq və quruculuq işləri ilə bağlı razılığını bildirdi:

- Sumqayıt böyük sənaye şəhəri olsa da, yaşına görə gəncdir. Bünövrəsi 1939-ci ildə sənaye şəhəri kimi qoyulub. İkinci Dünya müharibəsi illərində dayandırılan tikinti alman faşizmi üzərində qələbədən sonra davam etdirilib. 1949-cu ildə ona şəhər statusu verilib. Uzun illər Sumqayıt gənclər və sülh şəhəri kimi tərənnüm edilib. Maraqlısı odur ki, məşhur rəssam Pikassonun göyərçinlə bağlı müxtəlif əsərlərinə "Sülh göyərçini" adı verilib. Daha doğrusu, Sumqayıtın şəhər statusu aldığı 1949-cu ildə Pikassonun da göyərçini sülh rəmzi kimi qəbul edilib. Sülh şəhərində ucaldılan "Göyərçin" abidəsinin də Pikassonun göyərçini ilə belə maraqlı bağlılığı var. Son illər şəhər icra hakimiyyəti Sumqayıtın keçmişitarixi ilə bağlı bütün abidə və parklara xüsusi diqqət yetirir, onların şəhər sakinlərinin istirahət mərkəzlərinə, maraqlı tədbirlərin təşkil edildiyi məkana çevrilməsi üçün lazım olan işləri görür.

Sumqayıtda Şəhidlər xiyabanı ərazisində də tikinti-quruculuq işləri aparılmaqdadır. Həmin ərazidə Xocalı soyqırımı qurbanlarına ucaldılacaq xatirə kompleksində artıq son tamamlama işləri aparılır. Xiyabanın ətrafında həyata keçirilən yenidənqurma  işləri də sona çatmaq üzrədir. Yaxın günlərdə həmin abidə-kompleks də istifadəyə veriləcəkdir.

Şəhər əhalisinin sevimli məkanlarından biri də Heydər Əliyev parkıdır. Heydər Əliyev parkının bir hissəsində təmir artıq yekunlaşıb. Parkın girəcəyində piramida formalı estakadalar quraşdırılıb və orada ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillər yerləşdirilib. Girişə gözəllik verən ikinci bir yenilik 8 metr hündürlükdə ucaldılan saat qülləsidir. Milli ornamentlərlə bəzədilən parkda istirahət meydançası və fəvvarələr quraşdırılıb, yaşıllıq zolaqları salınıb, attraksionlar uşaqların ixtiyarına verilib. Müasir işıqlandırma sistemi bu parkı digərlərindən fərqləndirən cəhətlərdəndir. Yeni dizaynda oturacaqlar, tamet döşəmələr burada işin zövqlə aparılmasından xəbər verir.

Parkda inşa edilən Heydər Əliyev Mərkəzi sumqayıtlıların ziyarətgahına çevrilib. Vaxtaşırı məktəblərin, idmançıların, ictimaiyyətin nümayəndələri mərkəzə gəlir, ümummilli liderin həyat və yaradıcılığını əks etdirən sənədlərlə tanış olurlar. Burada həmçinin xarici ölkələrdən gələn turistləri də görmək mümkündür.

Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayev deyir:

- Respublikamızda həyata keçirilən dövlət siyasəti əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşması istiqamətində mühüm nailiyyətlərin əldə olunması ilə müşayiət edilir. Bu uğurlar Azərbaycanın sosial-iqtisadi həyatında özünəməxsus çəkiyə malik olan Sumqayıtın simasında da aydın müşahidə olunur. Cənubi Qafqazın ikinci böyük sənaye  şəhərinə çevrilən Sumqayıt həm də sürətli inkişafın əsas ünvanlarından biridir. Respublikanın sənaye mərkəzinə çevrilən bu şəhərin az bir  zamanda misilsiz yüksəlişinin  başlıca səbəbi Prezident İlham Əliyevin xüsusi diqqət və qayğı göstərməsidir. Digər tərəfdən müxtəlif sferalar, o cümlədən regionların inkişafına dair dövlət başçısı tərəfindən təsdiq edilən müvafiq proqramlar da Sumqayıtın tərəqqisinin kompleks xarakter daşımasına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsalemal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da əhalinin layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verib və verməkdədir. Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam ilk növbədə xalqın sosial rifahının daha da yaxşılaşdırılması zəminində Azərbaycanın qüdrətli bir ölkəyə çevrilməsinə nail olmaqdır. Bu məqam Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin qayəsini təşkil edir.

Hazırda Heydər Əliyev parkının bir hissəsində aparılan təmir işləri sona çatmaq üzrədir. Parkda tikilən Gənclər mərkəzi öz memarlıq üslubu ilə Sumqayıta bir yenilik gətirəcəkdir. Burada son tamamlama işləri aparılır.

Şəhər sakinlərinin arzuları nəzərə alınaraq mikrorayonların abadlaşdırılması üzrə xüsusi proqram təsdiq edilib. Şəhərin bir neçə mikrorayonunda nümunəvi məhəllələr  yaradılıb. Əhalinin sıxlıq təşkil etdiyi yaşayış massivlərində - 2, 9, 10, 12, 13, 17 və 18-ci mikrorayonlarda, 34-cü məhəllədə, Şirvan qəsəbəsində artıq müvafiq infrastruktura malik nümunəvi məhəllələr  sakinlərin ixtiyarına verilib. Bu məhəllələrdə bir vaxt tikilən qarajlar sökülərək, necə gəldi sakinlər tərəfindən qanunsuz şəkildə zəbt edilən torpaq sahələri təmizlənərək əhalinin istirahəti üçün lazım olan qurğularla əvəzlənmişdir. Həmin məhəllələrdə idman meydançaları, xeyir-şər evləri, istirahət üçün çardaqlar, uşaqlar üçün guşələr, xalça-palazın yuyulub qurudulması üçün ətrafı bağlı yerlər yaradılmışdır. Nümunəvi məhəllələrdə yeni ağaclar əkilmiş, əraziyə asfalt döşənmiş, oturacaqlar düzülmüşdür. Növbəti nümunəvi mikrorayonların salınması da xüsusi proqram üzrə həyata keçirilir.

Sumqayıtın inkişafı proqram əsasında sürətlə aparılır. Şəhərdə onlarla binanın fasadı dəyişdirilmiş, kommunikasiya xətləri yenilənmişdir. Hazırda mikrorayon və məhəllələrdə 14 binanın fasadı yenilənməklə yanaşı onların ətrafında yaşıllaşdırma işləri aparılır. Xüsusi şüşələrlə bəzədiləcək bu yaşayış binaları təmirdən sonra daha gözəl görünəcəklər.

Şəhər sakini Qafar Rəhimov da görülən işlərdən ürəkdolusu danışır:

- Sumqayıt  yarandığı ilk gündən minlərlə gəncin həyat ünvanına çevrilib. Əvvəlki illərdə elə bil şəhərdə bir süstlük hökm sürürdü. Son illər Sumqayıtda bayramları, əlamətdar günləri, tarixi şəxsiyyətlərin anma mərasimlərini təntənə ilə qeyd etmək artıq ənənəyə çevrilmişdir. İnsanlar isti yay axşamlarında, payızda, qışda da eyni həvəslə buralarda dincəlməyi sevirlər. Hazırda Sumqayıtın bir çox park və bağlarında abadlıq işləri geniş vüsət alıb. Bütün bunlar şəhər əhalisinə göstərilən qayğı kimi dəyərləndirilməlidir.

Ölkə başçısının  təşəbbüsü ilə Sumqayıtda bu gün bəlkə də bütün postsovet məkanında yeganə struktur göstəricilərinə əsaslanan sənaye parkı yaradılıb. Sumqayıt Texnologiyalar Parkı artıq təkcə respublikanın yox, Avropanın önəm verdiyi sənaye terminalına çevrilib. Kimya Sənaye Parkı, açılan yeni müəssisələr təkcə əhalinin sosial vəziyyətini yaxşılaşdırmır, həm də yeni yerləri kimi məşğulluğu genişləndirir.

XX əsrin rəmzi sənaye şəhərinə çevrilən Sumqayıt bu gün inkişafının yüksək mərhələsini yaşayır. İki il öncə şəhəri tərk edib yenidən Sumqayıta qayıdan hər kəs heyrətini gizlədə bilmir. Bu gün şəhərin elə bir küçəsi, elə mikrorayon və məhəlləsi yoxdur ki, orada yeniliklərə imza atılmasın, hansısa layihələr həyata keçirilməsin.

Həmid Quliyev, şəhər sakini:

- Respublikamızı dünya miqyasında fərqləndirən əsas xüsusiyyətlərdən biri yüksək tolerantlıq, dini dözümlülük mühitinin mövcudluğudur. Ölkə başçısının Sumqayıta səfəri zamanı şəhər dindarları Cümə məscidinin yenidən qurulması üçün Prezident İlham Əliyevə müraciət etdilər. Azərbaycan Prezidentinin tapşırığına əsasən Sumqayıt Cümə məscidində başlanan təmir işləri artıq sona çatıb.  Ümumiyyətlə, məsciddə görülən işlər birbaşa ölkə başçısının tövsiyələri əsasında aparılıb. Məscidin 34 metrlik minarəsindən hər gün səslənən azan on minlərlə insanı Allahın adıyla ibadətə çağırır.  Sumqayıtlı dindarlar onlara yaradılan belə şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildirirlər.

Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir: "Sənaye klasterlərinin yaradılması prosesi gələcəkdə də davam etdirilməlidir. Mən texnoparklar barədə dəfələrlə danışmışam, təkrar etmək istəmirəm. Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır. Onu da nəzərə almalıyıq ki, hazırda Azərbaycan dövlətinin kifayət qədər vəsaiti var və dövlət investisiyalarını da bizim üçün strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb etməliyik".

Bu gün şəhərdə həyata keçirilən layihələr gələcəyə hesablanan hədəflərdir. Hələ şəhərdə görüləcək işlər çoxdur. 65 yaşını yenicə qeyd edən Sumqayıt bir mahnıda deyildiyi kimi, xarüqələr yaradır. Bəli, bir qədər zaman keçəcək, ölkə başçısının diqqət və qayğısı nəticəsində Sumqayıt şöhrətini daha da artıracaqdır.

 

Akif ƏLİYEV,

Azərbaycan.-2014.- 10 oktyabr.- S. 6.