Azərbaycan Prezidenti İlham Əliyev Minskdə MDB
Dövlət
Başçıları Şurasının iclasında
iştirak edib
Oktyabrın
10-da Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət
Başçıları Şurasının növbəti
iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Sarayında qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər.
Sonra Prezident Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusa gələn digər dövlət başçılarını da qarşılayıb.
Prezidentlər birgə foto çəkdiriblər.
Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.
İclasın iştirakçılarını salamlayan Belarus Prezidenti bu tədbirdə MDB məkanında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərinin müzakirə ediləcəyini deyib. Birlik daxilində ticari-iqtisadi əlaqələrin yeni impuls aldığını bildirən Aleksandr Lukaşenko vurğulayıb ki, ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə sıx əməkdaşlıq və dialoq yaradılıb.
Dövlət başçısı iclasda çıxış edib.
Azərbaycan Prezidenti İlham
Əliyevin çıxışı
- Hörmətli Aleksandr Qriqoryeviç!
Hörmətli həmkarlar!
Əvvələn, MDB Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilməsi üçün yaradılmış gözəl şəraitə görə Aleksandr Qriqoryeviç Lukaşenkoya təşəkkür etmək istərdim. Aleksandr Qriqoryeviçin qeyd etdiyi kimi, iş belə gətirib ki, bu iclas dalbadal ikinci il Minskdə keçirilir.
Fürsətdən istifadə edib, Aleksandr Qriqoryeviçi və bütün Belarus xalqını mənim əvvəlki dəfə burada olmağımdan keçən dövr ərzində Belarusun qazandığı nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Bu bir il ərzində ölkənizin neçə fəal inkişaf etməsi göz qabağındadır. Minsk gözəl, təmiz, müasir şəhərdir. Buna görə biz Sizin dostlarınız kimi, uğurlarınıza sevinirik və əlbəttə, dost Belarus xalqına ən xoş arzularımızı bildiririk.
Bu fikrə mən də şərikəm ki, MDB-nin potensialı tükənməyib. Bu, əməkdaşlıq, qarşılıqlı fəaliyyət, regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirəsi məkanıdır. Əlbəttə, uzun illər boyu ünsiyyət saxlayan və mühüm məsələləri birlikdə həll edən həmkarlar kimi, bizi narahat edən bütün məsələləri bu cür açıq, səmimi şəraitdə müzakirə etməliyik.
Azərbaycan özünün MDB-də iştirakına böyük əhəmiyyət verir. Hesab edirik ki, bizim təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birimizin problemlərimizi daha yaxşı anlamaq, habelə digər mühüm məsələləri həll etmək işində çox uğurlar qazanılıb. Biz həm də MDB-nin üzvü olan ölkələrin əksəriyyəti ilə ikitərəfli formatda çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Hesab edirəm ki, ikitərəfli əlaqələr bizim təşkilat çərçivəsində münasibətləri daha da möhkəmləndirir və biz bundan sonra da ikitərəfli əməkdaşlıq potensialını artırmağa çalışacağıq.
İqtisadi sahədə, investisiyalar sahəsində yaxşı təcrübəmiz var və bu gün biz, əlbəttə, narahatlıq doğuran məsələlərə, regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də diqqət yetiririk. Əlbəttə, sərhədlərimizin yaxınlığında baş verən hadisələr bizi narahat edir. Yaxın Şərqdə, Avropanın bir hissəsində vəziyyət əlbəttə, adekvat qiymət verilməsini tələb edir. Yəqin ki, hər bir ölkə öz əməli fəaliyyəti ilə etimad tədbirlərinin, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə çalışmalıdır.
Biz Azərbaycanda regional və beynəlxalq məsələlərdə öz rolumuzu belə təsəvvür edirik. Hesab edirik ki, ölkəmizin yürütdüyü siyasət risklərin azaldılmasına, vəziyyətin sabitləşdirilməsinə yönəlib. Əlbəttə, siyasi iradə kimi, iqtisadi potensial da burada mühüm rol oynayır. Azərbaycanın MDB məkanında, habelə regional və ikitərəfli əlaqələr çərçivəsində irəli sürdüyü təşəbbüslər təhlükəsizliyin, sabitliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu fəal əməkdaşlığı nəqliyyat sahəsində də müşahidə edirik. Bu yaxınlarda Xəzəryanı ölkələrin dövlət başçılarının Sammiti çərçivəsində biz Xəzəryanı dövlətlər arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik.
Zənnimcə, MDB məkanında çox yaxşı imkanlar
var. Onların bir hissəsi artıq reallaşıb. Nəqliyyat infrastrukturuna
yatırılan investisiyalar
ölkələrimizi uzunmüddətli
perspektivlə bir-birinə
bağlayır və əməkdaşlıq, habelə
əlavə mənfəət
əldə edilməsi
üçün yeni imkanlar yaradır. Əlbəttə, Azərbaycan enerji
ehtiyatları istehsal edən ölkə kimi öz tərəfdaşları
ilə bu sahədə əməkdaşlıqda
maraqlıdır.
Hesab edirəm
ki, Azərbaycanın irəli sürdüyü
təşəbbüslər və onun təşəbbüsü
ilə başlanmış
layihələr regionun
enerji təhlükəsizliyinin
möhkəmləndirilməsi işinə xidmət edir. Bu sahədə investisiya layihələri,
qüvvələrin bu
istiqamətdə daha artıq əlaqələndirilməsi
üçün yaxşı
imkanlar var. Ona görə ki, enerji təhlükəsizliyi
məsələləri hər
bir ölkənin milli təhlükəsizliyi
məsələləri ilə
birbaşa bağlıdır.
Əlbəttə, kifayət qədər
enerji ehtiyatları olan ölkələrin üzərinə öz tərəfdaşlarının və qonşularının
enerji təhlükəsizliyinin
təmin edilməsi məsələsində daha
böyük məsuliyyət
düşür.
Biz humanitar əməkdaşlığa
böyük əhəmiyyət
veririk. Fikrimcə, bu, hər halda bizim təşkilatın
həyat fəaliyyətinin
əsasıdır. Bir neçə
gün bundan əvvəl Bakıda ənənəvi IV Beynəlxalq
Humanitar Forumu keçirildi. Həmin Forumda
bizim ölkələrin
nümayəndələri ilə
yanaşı, 60-dan çox
ölkənin təmsilçiləri
iştirak edirdi.
Dinlərarası dialoq, sivilizasiyaların
dialoqu, multikulturalizm ilə bağlı humanitar əməkdaşlıq
məsələləri çox
aktualdır.
Zənnimcə, ölkələrimizin müsbət
təcrübəsi göstərir
ki, multikultural cəmiyyət inkişafın
yeganə yoludur. Dünya ölkələrinin
mütləq əksəriyyəti
çoxkonfessiyalı, çoxlu
millətlərin nümayəndələrinin
yaşadığı ölkələrdir.
Monoetnik ölkələr istisnadır.
Odur ki, humanitar əməkdaşlıq,
müxtəlif konfessiyaların
və etnik qrupların nümayəndələri
arasında qarşılıqlı
anlaşma hər bir ölkə, hər bir ölkənin
milli həmrəyliyi,
habelə bizim əməkdaşlığımız üçün vacibdir.
Çünki bizim təşkilat
çərçivəsində tarixləri, mədəniyyətləri,
dinləri müxtəlif
olan ölkələr
təmsil olunub və bizi ümumi
maraqlar, ümumi əməkdaşlıq birləşdirir.
Digər
tərəfdən, MDB-nin
bir təşkilat kimi topladığı müsbət təcrübə
bütövlükdə mədəniyyətlərarası,
sivilizasiyalararası dialoqla
bağlı problemlərin
həlli üçün
də faydalı ola bilər.
Başqa sözlə,
demək istərdim ki, biz bundan sonra da MDB-nin işində fəal iştirakımızı
davam etdirəcəyik.
Gözəl şərait üçün
Aleksandr Qriqoryeviçə
bir daha təşəkkür etmək
və ümidvar olduğumu bildirmək istərdim ki, həll edəcəyimiz bugünkü məsələlər
sıralarımızın daha
sıx birləşməsinə
gətirib çıxaracaq. Sağ olun.
* * *
Tədbirdə dövlət başçıları
1941-1945-ci illərdə Böyük
Vətən müharibəsində
Qələbənin 70 illiyinin
birgə qeyd olunması istiqamətində
işlərin davam etdirildiyini, MDB çərçivəsində
əməkdaşlığın və dostluq əlaqələrinin gücləndirilməsinin
və bundan sonra daha da
inkişaf etdirilməsinin
tərəfdarı olduqlarını
deyiblər. Bildirilib ki, çoxtərəfli
əməkdaşlığın genişləndirilməsi prioritet
istiqamətlərdəndir və
iclasda müzakirə olunan məsələlər
Birlik ölkələri
arasında əlaqələrin
möhkəmlənməsinə təkan verəcək.
Dövlət başçıları iclasda
elm, təhsil, turizm, təhlükəsizlik sahələrində
qarşılıqlı əlaqələrin
gücləndirilməsi, Ukraynada
vəziyyət və digər məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.
* * *
Sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. İclasda bildirilib ki, dövlət başçıları 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciət qəbul ediblər. Diqqətə çatdırılıb ki, iclas iştirakçıları MDB ölkələrinin elmi təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi, 2016-cı ilin Birlik çərçivəsində "Təhsil ili" elan olunması, qanunsuz miqrasiya, insan alveri ilə mübarizə sahələrində əməkdaşlıq məsələlərinə dair razılığa gəliblər.
İclasda 2015-ci ildə MDB-yə sədrliyin Qazaxıstana keçməsi və MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn il Astanada keçirilməsi qərara alınıb.
Sonra sənədlər imzalanıb.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun adından MDB dövlət başçılarının şərəfinə verilən işçi səhər yeməyində iştirak edib.
* * *
Bununla da MDB Dövlət Başçıları Şurasının iclası işini yekunlaşdırıb.
* * *
Azərbaycan Prezidenti İlham Əliyevin Minskə səfəri həmin gün başa çatıb.
AzərTAc
Azərbaycan.-2014.-
11 oktyabr.- S.1-2.