Azərbaycan ilə Vyetnam
arasında əlaqələrin hüquqi
sahədə
inkişaf etdirilməsi müzakirə olunub
Azərbaycanda
səfərdə olan Vyetnam Milli Assambleyasının hüquq
komitəsinin üzvləri ilə oktyabrın 10-da Ədliyyə
Nazirliyində görüş keçirilib.
Ədliyyə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, görüşdə Azərbaycan və Vyetnam arasında
mövcud dostluq əlaqələrinin səviyyəsindən məmnunluq
ifadə edilib. Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama
səfərinin ikitərəfli münasibətlərin inkişafına
güclü təkan verdiyi xüsusi vurğulanaraq bu əlaqələrin
daha da genişləndirilməsi üçün yaxşı
perspektivlərin olduğu bildirilib.
Nazir
müavini Toğrul Musayev dövlətimizin
başçısının rəhbərliyi ilə ölkəmizdə
aparılan köklü məhkəmə-hüquq
islahatları, o cümlədən ədliyyə sisteminin
inkişafı, qanunyaradıcı fəaliyyətdə
nazirliyin funksiyaları barədə qonaqlara məlumat verib. O,
hüquqi sahədə əməkdaşlığın və
təcrübə mübadiləsinin əhəmiyyətini qeyd
edib.
Ölkələrimiz
arasında tarixi köklərə bağlı əlaqələrin
genişləndirilməsinə böyük önəm verdiklərini
bildirən qonaqlar vyetnamlı yüksək ixtisaslı mütəxəssislərin
hazırlanmasında Azərbaycanın töhfəsini
xüsusi vurğulayıblar. Vaxtilə Bakıda ali hüquq təhsili
alan Vyetnam Milli Assambleyasının komitə sədri Fan Trunq
Li səfər zamanı Azərbaycanın hərtərəfli
dinamik tərəqqisindən, əldə etdiyi nailiyyətlərdən
heyran qaldığını bildirib, xalqımızın
yüksək və səmimi qonaqpərvərliyinin dəyişməz
olduğunu diqqətə çatdırıb.
Söhbət
zamanı ədliyyə fəaliyyəti ilə bağlı
faydalı fikir mübadiləsi aparılıb, maraq doğuran
suallara aydınlıq gətirilib.
Sonra
qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə
tanış olublar.
Azərbaycan.-2014.- 11 oktyabr.- S.3.