Milli Məclisdə MDB Parlament
Assambleyası komissiyasının iclası
keçirilib
Oktyabrın
10-da Milli Məclisdə MDB Parlament Assambleyasının mədəniyyət,
informasiya, turizm və idman üzrə daimi komissiyasının
iclası keçirilib.
AzərTAc
xəbər verir ki, iclasda Azərbaycan, Rusiya, Belarus,
Qazaxıstan, Qırğızıstan, Moldova və
Tacikistanın qurumda təmsil olunan deputatları, həmçinin
MDB-yə üzv dövlətlərdən dəvət olunan
şəxslər iştirak ediblər.
İclası
komissiyanın sədri, Rusiya Federasiyası Federal Məclisinin
Federasiya Şurası komitəsinin üzvü Yevgeni Tarlo
açaraq son dövrlərdə Azərbaycanın iqtisadi,
sosial, mədəniyyət, turizm və idman sahələrində
əldə etdiyi uğurlardan danışıb. O, sürətlə
inkişaf edən ölkəmizlə əməkdaşlığın
faydalı olduğunu vurğulayıb.
Milli
Məclis Sədrinin müavini Valeh Ələsgərov Azərbaycanın
müstəqillik dövründə əldə etdiyi nailiyyətlərdən
danışıb. V.Ələsgərov ölkəmizin artan
iqtisadi inkişaf tempi, İKT, qanunvericilik sahələrindəki
uğurları barədə məlumat verib. Bildirilib ki,
artıq dünyada tolerant ölkə kimi tanınan Azərbaycan
son dövrlərdə bir çox beynəlxalq tədbirlərə
ev sahibliyi edir. Bu gün Azərbaycanda müxtəlif
xalqların və dinlərin nümayəndələri
sülh, dostluq şəraitində yaşayırlar.
V.Ələsgərov
MDB PA-nın mədəniyyət, informasiya, turizm və idman
üzrə daimi komissiyasının işinə uğurlar diləyib,
müzakirələrin məhsuldar keçəcəyinə əminliyini
ifadə edib.
İclasda
Azərbaycan hökumətinin müvafiq sahələrdəki fəaliyyəti
barədə məruzələr dinlənilib. Bildirilib ki, Azərbaycanda
idmanla bağlı bir sıra dövlət proqramları,
qanunlar qəbul olunub. Bölgələrdə 41 olimpiya idman
kompleksi tikilib istifadəyə verilib. Ötən il
idmançılarımızın beynəlxalq
yarışlarda əldə etdikləri medalların sayı
780-i keçib. Bakı gələn il birinci Avropa
Oyunlarına, 2016-cı ildə şahmat üzrə dünya
kuboku yarışlarına, 2017-ci ildə isə İslam Həmrəyliyi
Oyunlarına ev sahibliyi edəcək.
Tədbirdə, həmçinin Azərbaycanda turizmin inkişaf etdirilməsi istiqamətində əldə olunmuş nailiyyətlərdən, MDB məkanında bu sahədə həyata keçirilən əməkdaşlıqdan, Bakı Turizm Filmləri Festivalının nəticələrindən danışılıb. Bildirilib ki, 2013-cü ildə ölkəmizə 2,5 milyon xarici vətəndaş gəlib. Onların 40 faizi MDB ölkələrindən gələn turistlərdir. Diqqətə çatdırılıb ki, qarşıdakı 10 ildə Azərbaycanda turizmin inkişafı üçün nazirlik tərəfindən yeni konsepsiya hazırlanır.
Sonra iclasda təşkilati məsələlərə baxılıb.
Yevgeni Tarlo yenidən MDB PA-nın mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının sədri, Milli Məclisin deputatı Elmira Axundova komissiya sədrinin müavini seçiliblər.
Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. İclasda “Elektron hökumət haqqında”, “Elektron sənədlərlə transsərhəd informasiya mübadiləsi haqqında”, “Xüsusi rabitə göndərişləri ilə əlaqədar dövlətlərarası mübadilə haqqında”, “Könüllülük (volontyorluq) haqqında”, “Turizm fəaliyyəti haqqında”, “Vicdan azadlığı, dini etiqad və dini təşkilatlar (birliklər) haqqında”, “İnternetin tənzimlənməsinin əsasları haqqında” model qanunların layihələri barədə məruzələr dinlənilib.
Komissiya üzvləri həmin layihələrə dair rəylərini, irad və təkliflərini bildiriblər. Sənədlərə baxılaraq təkmilləşdirilməsi üçün milli parlamentlərə göndərilməsi qərara alınıb.
Komissiyada MDB-yə üzv dövlətlərin mədəni irsinin qorunmasına dair Konvensiyanın layihəsinin hazırlanması, MDB məkanında məktəblilərin idman turnirlərinin və festivallarının keçirilməsində MDB PA-nın iştirakı, qurumun təltifləri və digər məsələlərə də baxılıb.
İclasda mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyanın növbəti iclasının 2015-ci ilin yaz aylarında Belarusda keçirilməsi qərara alınıb. Sonra həmin iclasın gündəliyi təsdiqlənib.
Bununla da
MDB PA-nın mədəniyyət, informasiya,
turizm və idman
üzrə daimi komissiyasının
Bakıda keçirilən iclası başa
çatıb.
Azərbaycan.-2014.- 11 oktyabr.- S.3.