Azərbaycan Qırğızıstan ilə
hüquqi sahədə əlaqələri
genişləndirir
Oktyabrın
10-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət
Əsgərov ölkəmizdə səfərdə olan
Qırğız Respublikası Ali Məhkəməsinin
Konstitusiya Palatasının nümayəndə heyəti ilə
görüşüb.
Görüşdə Ziyafət
Əsgərov Azərbaycan və Qırğızıstan
arasında əlaqələrin sürətlə inkişaf
etdiyini bildirib. Qeyd edib ki, istər dövlət
başçıları, istərsə də parlament nümayəndələri
arasında ayrı-ayrı vaxtlarda baş tutan ikitərəfli
görüşlər ölkələrimiz arasındakı əməkdaşlığın
inkişafı üçün yeni imkanlar açır.
Azərbaycan
və Qırğızıstan parlamentlərində dostluq
qruplarının fəaliyyət göstərdiyini
xatırladan Z.Əsgərov iki ölkə arasında parlamentlərarası
əlaqələrin də genişləndiyini diqqətə
çatdırıb. Milli Məclis Sədrinin birinci müavini
Azərbaycanın hüquq sahəsində əldə etdiyi
nailiyyətlər barədə qonağa məlumat verib.
Bildirib ki, bu gün ölkəmizdə müxtəlif məhkəmə
instansiyaları fəaliyyət göstərir.
Azərbaycanın
Avropa İttifaqı ilə yaxından əməkdaşlıq
etdiyini deyən Z.Əsgərov ölkəmizdə hüquq sahəsinin
Avropa standartlarına uyğunlaşdırıldığını
bildirib. Onun sözlərinə
görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
ilə Qırğız Respublikası Ali Məhkəməsinin
Konstitusiya Palatası arasında əməkdaşlıq
haqqında imzalanmış memorandum ölkələrimiz
arasında bu sahədə əməkdaşlığa yeni
töhfə verəcək.
Səfərin
iki ölkə arasında hüquq sahəsində əlaqələrin
genişlənməsinə xidmət etdiyini deyən
Qırğız Respublikası Ali Məhkəməsinin
Konstitusiya Palatasının sədri Mukambet Kasımaliyev
imzalanmış memorandumun bu istiqamətdə əməkdaşlıq
üçün hüquqi baza yaratdığını
bildirib. Qonaq ölkəsinin hüquq sistemi barəsində də
ətraflı məlumat verib.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
də müzakirə olunub.
Elgün MƏNSİMOV,
Azərbaycan.-2014.- 11 oktyabr.- S.3.