Demoqrafik göstəricilər güclü amildir

 

Prezident İlham ƏLİYEV: "Azərbaycan əhalisi isə artır və artacaq. Bu da öz növbəsində gələcəkdə münaqişənin həlli üçün və ümumiyyətlə, regional mənzərəüçün əsas rol oynayacaq"

 

Demoqrafiya hər hansı bir ölkənin, yaxud ayrı-ayrı yaşayış məntəqələrinin əhalisinin, orada doğulanların, ölənlərin və s.yalnız sayının ifadəsi deyil. Demoqrafiya istənilən ərazidə yaşayan insanların həyat tərzinin, maddi, sosial, mənəvi durumunun göstəricisidir. Demoqrafiyanı aid olduğu ölkənin sosial-iqtisadi inkişafının güzgüsü də adlandırırlar.

Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə bir daha əminliyini bildirərək bu məsələdə siyasi, diplomatik, iqtisadi, hərbi amillərlə yanaşı, demoqrafik amilinrolunu vurğulamışdır.

Azərbaycanda demoqrafik vəziyyət ürəkaçandır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 75,4 min nəfər, yaxud 0,8 faiz artıb. Bu il sentyabr ayının 1-i vəziyyətinə əhalinin sayı 9 milyon 552 min 500 nəfərə çatıb. Əhalimizin 53,2 faizi şəhərlərdə yaşayır, 46,8 faizi kənd sakinləridir.

Azərbaycanda əhali əsasən təbii artımla, yəni yeni doğulanların və qismən ölkəyə daimi yaşamağa gələnlərin hesabına çoxalır. Xatırladaq ki, son illərdə Azərbaycana daimi yaşamağa gələnlər ölkədən həmişəlik köçüb gedənlərdən bir neçə dəfə çoxdur. Bu il də vəziyyət həmin tendensiya ilə davam edir. Belə ki, yanvar-avqust aylarında Azərbaycana 1299 nəfər köçüb gəlmiş, 575 nəfər isə digər ölkələrə yaşamağa getmişdir. Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının qeydə aldığı bu rəqəmlər təsdiq edir ki, gələnlərin sayı gedənlərin sayını iki dəfədən çox üstələyir. 

Ermənistanda isə bu sahədə də vəziyyət acınacaqlıdır. Ermənistanın rəsmi statistikasına görə, təkcə bu ilin doqquz ayında ölkə əhalisi 80 min nəfər azalıb. Bu o deməkdir, hər ay ölkəni yüzlərlə, minlərlə vətəndaş tərk edir və geriyə dönmür. Proses belə davam etsə, bu il ölkəsindən biryolluq getmiş ermənilərin sayı 100 minə çatacaq.

Təbii ki, Ermənistan vətəndaşları ev-eşiklərini xoşluqla tərk etmirlər. Onları bu addımı atmağa vadar edən  səbəblər var. Bunlar işsizlik, yoxsulluq, diktatura rejimi, korrupsiya və digər amillərdir. Ölkə vətəndaşları vəziyyətdən çıxış yolu tapa bilmir, dolanışıq dözülməz olduğuna, maddi və mənəvi rahatlığın yoxluğuna görə ölkədən baş götürüb gedirlər.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasında təmas xəttindəki son hadisələrdən sonra Ermənistan vətəndaşlarının öz ölkəsindən kütləvi köçünün daha geniş vüsət alacağını xatırlatmışdır.

İnsanlar o yerdə məskən salmaq, yaşamaq, işləmək istəyirlər ki, orada bunun üçün şərait, imkan var. Azərbaycandakı sosial-iqtisadi yüksəliş, paytaxtla yanaşı, bütün regionların inkişafına yönəldilən təsirli və ardıcıl tədbirlər məhz həmin imkan və şəraiti yaratmışdır. Odur ki, ölkəyə daimi yaşamağa gələnlər çoxdur.

Azərbaycanda doğumun da səviyyəsi yüksəkdir. Anadan olan körpələrin say əmsalı hazırda hər 1000 nəfərə hesabı ilə 17,8 təşkil edir. İlin 8 ayında ölkədə 112 min uşaq dünyaya göz açıb.

Gənc ailələr, adətən, xoşbəxt olanda, gələcəyə inananda ev-eşik qurmaq istəyir, həvəslə oğul-uşaq böyüdürlər. İndi Azərbaycanda cavan ailələrin əksəriyyətində bir qayda olaraq iki, bir sıra hallarda isə daha çox uşaq böyüyür.

Yeri gəlmişkən, ailə quranlar da çoxdur. 8 ayda ölkədə rəsmi orqanlar tərəfindən 53,4 min nikah qeydə alınıb.

Son dövrlərdə ölkəmizdə ölüm halları ildən-ilə ya azalır, ya da eyni səviyyədə qalır. Bu göstərici də ölkədəki sosial vəziyyətin aynasıdır. Bu, dövlətin yaşlı vətəndaşlara qayğısının, onlara tibbi xidmətin ildən-ilə daha da yaxşılaşmasının, pensiyaların artmasının və digər bu kimi tədbirlərin nəticəsidir.

Nazirlər Kabinetinin iclasında dövlət başçısı Azərbaycanda əhalinin daha da artacağına inamını ifadə etmiş, bunun çox müsbət hal olduğunu demişdir: "Azərbaycan əhalisi isə artır və artacaq. Bu da öz növbəsində gələcəkdə münaqişənin həlli üçün və ümumiyyətlə, regional mənzərə üçün əsas rol oynayacaq".

Azərbaycanda əhalinin sayı artır. Bəli, bu, güclü amildir. Deməli, ölkənin vətəndaşlarının, torpağın müdafiəçilərinin sayı artır. O torpaq ki, onu müdafiə edən, onun uğrunda ölümə gedən, orada yaşayan, böyüyən, artan var - ora Vətəndir. Prezident İlham Əliyevin dediyi kimi: "Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Siyasi, diplomatik, iqtisadi, hərbi amillər burada əsas rol oynayır. Mən dəfələrlə demişəm, bir də demək istəyirəm ki, demoqrafik amilaz rol oynamır".

 

Flora SADIQLI

 

Azərbaycan. - 2014.- 12 oktyabr.- S. 1.