“Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı tarixşünaslığımızın böyük qələbəsidir

10 Oktyabr 2014

Oktyabrın 10-da “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının təqdimatı və müzakirəsi keçirildi.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov iştirakçılara kitab haqqında geniş məlumat verdi. Bildirdi ki, əsərdə Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılıb.

Diqqətə çatdırıldı ki, akademik Ramiz Mehdiyevin əsərində çoxsaylı mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki faktlara istinad edilərək Dağlıq Qarabağın ən qədim dövrlərdən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olması sübuta yetirilir. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşmələr aparılmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda məqsədyönlü surətdə törədilən süni maneələrə də münasibət bildirilir.

“Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabını tarixşünaslığımızın böyük qələbəsi adlandıran B.Səfərov dedi ki, əsərin ən yüksək cəhətlərindən biri də ermənilərin Qafqaza gəlmə xalq olmalarının sübuta yetirilməsidir.

Sonra Moskvada nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının mahiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin müdiri Elçin Əhmədov qeyd etdi ki, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabında tarixi sənədlər əsasında münaqişənin qədim dövrdən zəmanəmizə qədər yaranma səbəblərini əks etdirən, habelə Dağlıq Qarabağın həmin ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını sübut edən müxtəlif tarixi mənbələr öz əksini tapıb.

Müəllif kitabın ilk fəsillərində erməni (hay) etnosunun Kiçik Asiya ərazisinə və sonralar Cənubi Qafqaza gəlmə olmasını elmi cəhətdən əsaslandırır.

E.Əhmədov dedi: Akademik Ramiz Mehdiyev düzgün olaraq belə bir əsaslı elmi nəticəyə gəlir ki, ermənilər böyük dövlətlərin Cənubi Qafqazda möhkəmlənmək uğrunda apardıqları rəqabət mübarizəsinin gedişində çar Rusiyası tərəfindən Qacarlar İranına və Osmanlı imperiyasına qarşı gələcək müharibələrdə istifadə edilmək üçün bir alət olaraq Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan torpaqlarına köçürülmüşlər. Akademik ermənilərin Şimali Azərbaycana 1828-ci ildən etibarən gətirilməsini sübut etməklə kifayətlənmir. Tarixin daha dərin qatlarına enir, “tarixin atası” Herodota, onlarla qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis dillərindəki və digər dillərdəki ilk məxəzlərə, elmi ədəbiyyata istinad edərək ermənilərin Asiya qitəsinin də yerli əhalisi olmadığını, onların Kiçik Asiyaya kimmerlərin təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiklərini açıqlayır”.

Əsərdə tarixi sənədlər əsasında təkzibedilməz faktların ortaya çıxarıldığını, Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahının verildiyini deyən Qarabağ Araşdırmalar Mərkəzinin müdiri vurğuladı ki, kitabda ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdlərinin əsassız və qeyri-qanuni olması sübuta yetirilir.

Elçin Əhmədov diqqətə çatdırdı ki, akademik Ramiz Mehdiyevin bu sanballı elmi əsərində Ermənistanın düşdüyü acınacaqlı vəziyyətin ilkin səbəbləri göstərilir. Müəllif bildirir ki, BMT-nin və Ermənistan Səhiyyə Nazirliyinin statistikasına görə, 2013-cü ildə bu respublikada uşaq doğumunu səciyyələndirən kəmiyyət göstəriciləri 1988-ci ilin müvafiq göstəricisi ilə müqayisədə iki dəfədən çox azalıb. 1988-ci ildə əhalisinin sayı 3,4 milyon olan Ermənistanda 87 min uşaq doğulduğu halda, 2013-cü ildə cəmi 41.906 uşaq doğulub. Bu göstəriciyə əsasən Ermənistanda əhalinin azalma miqyası haqqında da nəticə çıxarmaq olar.

Bununla yanaşı, əsərdə Ermənistanın diasporun iştirakı ilə Dağlıq Qarabağ ətrafında münaqişəni necə qızışdırması, “böyük Ermənistan” ideyasını ön plana çəkməsi və siyasi iflasa uğraması müfəssəl araşdırılır.

Natiq bildirdi ki, kitabın ayrı-ayrı fəsilləri münaqişənin hüquqi bazasına həsr edilib. Bu fəsillərdə Dağlıq Qarabağ ərazilərinin ayrılmasının əsassız və qeyri-qanuni olması sübut edilir. Həmçinin ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar prosesi də nəzərdən keçirilir.

Əsərdə Dağlıq Qarabağın tarixinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırıldığını diqqətə çatdıran E.Əhmədov qeyd etdi ki, akademik Ramiz Mehdiyevin bu kitabı, eyni zamanda, alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələri baxımından da Azərbaycan elminin böyük nailiyyətidir.

Milli Məclisin deputatları Elman Məmmədov, Flora Qasımova, Rövşən Rzayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov monoqrafiyanın tarixi əhəmiyyətindən, elmi dəyərindən, qarşıya qoyulmuş problemin tədqiqat-araşdırma istiqamətlərindən danışaraq, əsərin tarix elmində xüsusi yer tutacağını qeyd etdilər.

Bildirildi ki, akademik Ramiz Mehdiyevin bu kitabı tarixşünaslığımızda, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb edən fundamental əsərdir. Kitabın məziyyətlərindən danışan natiqlər vurğuladılar ki, monoqrafiya çox yüksək elmi-nəzəri səviyyədə, tarixi faktlar, zəngin mənbələr əsasında yazılıb. Əsər tarix elmimizin böyük nailiyyətidir.

Qeyd olundu ki, kitabın rus dilində çap olunması oxucu auditoriyasının genişlənməsi ilə əsərin elmi əhəmiyyətini daha da artırır. Əsərin rus dilində nəşrinin önəmi ondan ibarətdir ki, milyonlarla rusdilli oxucuya təqdim edilən bu kitab Dağlıq Qarabağ münaqişəsinin taleyinin həllində mühüm rol oynayan bir ölkənin paytaxtında işıq üzü görüb.

Təqdimat mərasimində “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müxtəlif dillərə tərcümə edilməsinin əhəmiyyəti xüsusi vurğulandı.

 

Azərbaycan.-2014.- 11 oktyabr.- S.5.